Zəngilan: Qədim tarixdən müasir inkişafa doğru
Azərbaycanın cənub-qərb bölgəsində
yerləşən Zəngilan
rayonu tarix boyu mühüm strateji və mədəni əhəmiyyətə
malik olmuş, özünəməxsus
coğrafiyası, təbiəti
və xalqının fədakarlığı ilə
seçilmişdir. 20 oktyabr
2020-ci ildə Zəngilan
şəhərinin işğaldan
azad edilməsi bu qədim diyarın
tarixi salnaməsində
yeni bir mərhələnin
başlanğıcı olmuşdur.
Prezident cənab
İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı
ilə həmin gün “Zəngilan şəhəri günü”
kimi təsis edilmişdir. Bu qərar Zəngilanın azad olunmasının dövlətçilik
tariximizdəki əhəmiyyətini
təsdiq edən mühüm hadisədir.
XIX əsrin əvvəllərində
Qafqazın Rusiya tərəfindən işğalından
sonra aparılan inzibati bölgü nəticəsində Zəngilan,
Zəngəzur qəzasının
tərkibində Gəncə
quberniyasına daxil edilmişdi. Tarixən türk torpaqları olan bu bölgə
1920-ci il bolşevik işğalından
sonra zorla Ermənistana birləşdirilmiş,
lakin Zəngilan, Qubadlı və Laçın hissələri
Azərbaycanın tərkibində
qalmışdı.
Zəngilanın
təbiəti və relyefi bu ərazini həm iqtisadi, həm də
strateji baxımdan mühüm mərkəzə
çevirmişdir. Rayon ərazisindən Araz,
Oxçuçay, Həkəri və Bəsitçay kimi
mühüm çaylar keçir. Ərazidə tikinti
daşı, qara mərmər, qızıl yataqları və əhəng
kimi faydalı qazıntılar mövcuddur. Rayonun
iqtisadiyyatı tarixən kənd təsərrüfatı
yönümlü olmuş, burada 29 kolxoz-sovxoz, 4 kooperativ və
3 kəndli-fermer təsərrüfatı fəaliyyət
göstərmişdir. Zəngilan həm də dəmir yolu xətləri
üzərində yerləşdiyi üçün
mühüm nəqliyyat qovşağı rolunu
oynamışdır.
1993-cü
ilin payızında Füzuli və Cəbrayıl
rayonlarının işğalından sonra Zəngilan 67
gün mühasirədə qaldı. Rayonun qəhrəman
sakinləri son nəfəsinə qədər vuruşaraq, 235
şəhid və itkin verməklə Azərbaycanın
müxtəlif bölgələrinə
sığınmışdılar. Bu faciəvi hadisə Azərbaycan
tarixində xalqın əzmkarlığının, milli birliyinin
simvoluna çevrildi. İşğal dövründə erməni
vandalizmi nəticəsində Zəngilanın yüzlərlə
tarixi-dini abidəsi dağıdılmışdır. XVII əsrə
aid İmam Hüseyn məscidi, XIV əsr Məmmədbəyli
türbəsi, Bartaz Qız qalası və Şərifan abidələri
kimi nadir memarlıq nümunələri məhv edilmişdir.
Lakin bu abidələrin hər biri Azərbaycan mədəniyyətinin
əvəzsiz hissəsi olaraq dövlət səviyyəsində
bərpa edilir.
2020-ci il
27 sentyabrında başlayan Vətən müharibəsinin
24-cü günündə – 20 oktyabrda Müzəffər Ali
Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin
işğaldan azad olunduğunu elan etdi. Bu tarixi hadisə nəticəsində
rayonun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran
sərhədi 132 kilometr uzunluğunda tam bərpa olundu.
Zəngilanın
azad edilməsində xüsusi şücaət göstərmiş
6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına
görə” medalı ilə təltif edildi. Bu, Azərbaycanın
ərazi bütövlüyü uğrunda döyüşən
qəhrəman övladlarına verilən ən ali dövlət
təltiflərindən biridir.
Zəngilan
azad olunduqdan dərhal sonra Prezident cənab İlham Əliyevin
rəhbərliyi ilə “Böyük Qayıdış”
proqramı çərçivəsində bərpa və
quruculuq işlərinə başlanıldı. Azərbaycanın
ilk “Ağıllı kənd” layihəsi məhz burada –
Ağalı kəndində həyata keçirildi. Müasir
enerji texnologiyalarına əsaslanan bu kənd dünyanın ən
qabaqcıl ekoloji yaşayış məkanlarından biridir.
Günəş panelləri, hidravlik turbinlər, bioloji su təmizləmə
sistemi və yüksək sürətli GPON internet şəbəkəsi
burada dayanıqlı inkişaf modelinin təməlini qoyur.
Zəngilan
həm də “yaşıl enerji” konsepsiyasının tətbiq
olunduğu bölgələrdəndir. Burada 2024-cü ildə
açılmış “Zəngilan” və “Şayıflı”
Su Elektrik Stansiyaları ekoloji baxımdan təmiz enerji təmin
edir. Bu addımlar Qarabağ və Şərqi Zəngəzurun
“yaşıl zona” elan edilməsinin praktiki təzahürüdür.
Zəngilan
rayonu mühüm nəqliyyat qovşağı kimi
formalaşmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir
yolu və Zəngilan-Horadiz avtomobil yolu regionun nəqliyyat əlaqələrini
bərpa etməklə yanaşı, Zəngəzur dəhlizinin
tərkib hissəsinə çevrilir. 2022-ci ildə istifadəyə
verilmiş Zəngilan Beynəlxalq Hava Limanı isə həm
iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə
malikdir. Zəngilanda kənd təsərrüfatı sahəsində
“Dost Aqropark” kimi iri layihələr icra olunur. Türkiyə ilə
birgə yaradılmış bu aqropark 100 milyon dollarlıq sərmayə
ilə 500 nəfəri işlə təmin edir, regionun iqtisadi
potensialını artırır və “Made in Qarabağ”
brendinin formalaşmasına xidmət edir. Heydər Əliyev
Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər
məscidi bu gün həm dini mərkəz, həm də mədəni
irsimizin simvoludur. XIX əsrə aid bu məscidin bərpası
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
milli-mənəvi dəyərlərin bərpasına verilən
önəmin bariz nümunəsidir.
Turizm sahəsində
də Zəngilanın potensialı genişlənir. 2024-cü
ildə açılan “Ağalı” hoteli və süni
göl sahilində yaradılmış ekoturizm obyektləri
bölgəni cəlbedici turizm istiqamətinə çevirir.
Bu gün Zəngilan təkcə bir rayon deyil, həm də Azərbaycan
xalqının qələbə rəmzidir. İşğaldan
azad edilmiş bu torpaqlarda dövlətimizin həyata
keçirdiyi bərpa və quruculuq işləri, sosial-iqtisadi
inkişaf layihələri və müasir şəhərsalma
siyasəti Azərbaycan dövlətçiliyinin qüdrətini
nümayiş etdirir.
Zəngilanın yenidən dirçəlişi və bu torpaqlarda həyata keçirilən bütün bərpa-quruculuq işləri birbaşa Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin nəticəsidir. Cənab Prezidentin Zəngilana mütəmadi səfərləri, şəxsən təməlqoyma mərasimlərində iştirakı və bölgənin sosial-iqtisadi inkişafına xüsusi diqqəti bu qədim diyarın taleyində yeni bir səhifə açmışdır. Dövlət başçısının Zəngilanı “Böyük Qayıdış”ın rəmzinə çevirməsi, xalqımıza qayğı və diqqətinin təzahürü olaraq tarixə qızıl hərflərlə yazılmışdır. Zəngilanın bugünkü inkişafı xalqın Prezidentinə olan dərin etimad və minnətdarlığının təbii ifadəsidir.
Zəngilanın hər bir daşı, hər bir abidəsi tariximizin canlı yaddaşıdır. 20 oktyabr – Zəngilan şəhəri günü yalnız bir qələbənin deyil, həm də xalqın yenidən dirçəlişinin təntənəsidir. Bu torpaqların inkişafı, əhalinin qayıdışı və gələcək nəsillərin firavanlığı naminə görülən işlər Azərbaycanın gələcək yüzilliyinə uzanan qürur salnaməsidir.
Cavid Abaszadə
525-ci qəzet 2025.- 18 oktyabr
(¹190).- S.10.