Xilaskar həkim
Nurlan Əhliman oğlu Fərəməzov
Astara rayon Səməd Vurğun adına Təngərüd kənd
tam orta məktəbinin seçilən şagirdlərindən
olub.
"Çox savadlıydı. Dəqiq
elmləri gözəl mənimsəyirdi. Gözəl əl
qabiliyyəti vardı. Elə bilirdim mühəndis olacaq.
İstənilən universitetə qəbul olunardı. O, həkim
olmaq istədi. Özü də hərbi həkim. Deyirdi hərbi
həkim olmaq, hərbçilərin
sağlamlığını qorumaq çox şərəflidir.
Hərbi həkim kimi daha çox gərək olaram. İndi hər
an bizə hərbi həkim lazımdır. Əsl şəxsiyyət
idi" - müəllimi Xəqani Mahmudov məzununu belə
xatırlayır.
Nurlan Fərəməzov Astara rayonunun Təngərüd
kəndində 1992-ci il may ayının 1-də anadan olub, bu kənddə
böyüyüb, orta təhsil alıb. 2009-2015-ci illərdə
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində
təhsil alıb, universitetin seçilən tələbələrindən
olub.
Təhsilini başa vurandan sonra hərbi
həkim kimi işə başlayır. Gədəbəy
rayonunda məntəqə tibb xidməti rəisi olur. Daha sonra
Tovuzda xidmətinə davam edir. 6 il hərbi həkim kimi
çalışır. 6 illik hərbi xidmətdən sonra
2020-ci ilin avqustunda səhhətiylə bağlı hərbi
xidmətdən tərxis olunur.
2020-ci ilin sentyabrında İkinci
Qarabağ savaşı başlayır. Yenicə tərxis
olunan Nurlan döyüşə qatılmaya bilərdi. Amma ilk
gündən narahat olur. Ailə üzvlərinin sözlərinə
görə gözlərinə yuxu getmir. "Mən mütləq
döyüşdə olmalıyam" deyir, hərbi
komissarlığa müraciət edir və yenidən cəbhəyə
yollanır. Baş leytenant İlkin Fərəməzov hərbi
həkim kimi xidmətə başlayır.
Atası Əhliman kişinin xatirələri:
"Çox vətənpərvər idi, işinə hədsiz
bağlıydı. Birinci Vətən idi onun
üçün. Tovuz hadisələri olanda məzuniyyətdə
idi. Bütün gecəni yatmadı, səhər sübdən
"gedirəm" dedi. "Axı məzuniyyətdəsən"
sözümə "ata, belə vaxtda mən orda olmalıyam.
Burda istirahət edə bilmərəm" - cavabı belə
oldu. Daha heç nə deyə bilmədik.
Hərbi tibb işçilərinin, həkimlərin
vətən müharibəsindəki qəhrəmanlıqları
danılmazdır. Neçə-neçə həkim, tibb
işçisi könüllü cəbhəyə yollandı.
Onlar da əsgərlərimizlə birlikdə
döyüşdülər, neçə igidimizi həyata
qaytardılar. Vətən müharibəsinin xilaskar həkimi
Nurlan Fərəməzov da gecə-gündüz bilmədi.
Onunla birlikdə Vətən
savaşında olan hərbi həkim Vüqar Ağayev:
"Xidmətə eyni maşında gedirdik. Qəhrəmanca
şəhid olan polkovnik-leytenant Naib Orucov da bizimlə idi. Bir həftə
eyni otaqda qaldıq. Bir həftədə çox
doğmalaşdıq. Həyat dolu gənc idi. Təəssüf
edirəm ki, belə keyfiyyətli həkimi, insanı gec
tanımışam. Hərbi forma veriləndə də ilk o
gedib geyinmişdi. Bir də görürdüm Nurlan yoxdur.
Əsgərlərin yanında olurdu bütün günü.
Bir neçə gündən sonra döyüşlərə
yollandıq. Elə sevinirdi ki, Vətən savaşında
payı olacaq deyə. Püxtələşmiş cavan həkim
idi. Çox çevikdi. heç ölümdən qorxmurdu.
Heç özünü düşünmürdü. Hara gəldi
atılırdı. Hamıya ilkin yardım göstərmək
istəyirdi. O qədər yaralı daşıyırdı ki.
Halbuki xəstəxanada yaralılarla olmalı idi. O isə səngərlərə,
güllə altına gedirdi. Deyirdi, "birdən hansısa
yaralı qalar, birdən kiminsə ilk yardıma ehtiyac
olar". Sonra ayrılmalı olduq. Mən Cəbrayıl, o isə
Füzuli istiqamətindəki döyüşlərə getdi.
Zəng edirdi, məndən hal-əhval tuturdu. Sonra mən
yaralandım. Füzuli hospitalına aparıblar. Özümə
gələndə baxdım ki, bir neçə dəfə zəng
vurub. Sonra ondan xəbər çıxmadı. Bacıma zəng
vurdum, Nurlanı soruşdum, demədi. Çox
ağrılı olsa da, düşündüm ki, şəhid
olub, çünki Nurlan sağ olsa, hökmən zəng edərdi
mənə".
Savaşın ən qaynar nöqtələrində
olub ilk günlərdən ailənin tək oğlu, iki
bacının yeganə qardaşı.
- Dayaq idi, dost idi, müdrik idi. Onunla hər
mövzuda söhbətləşə bilərdin. Səhhətiylə
bağlı tərxis olunandan sonra Almaniyaya getmək,
ixtisasını təkmilləşdirmək istəyirdi.
Öyrənməkdən yorulmurdu. Uşaqlıqdan mütaliəni
sevirdi. Kitab oxumağı, bir də dənizi çox sevirdi.
Çox məsuliyyətli idi. Tovuz döyüşlərində
də iştirak edib. Əsgərlərə
bağlıydı. Hər biri onun üçün qardaş
idi, doğma idi. Ona həmişə elə gəlirdi ki, az
iş görür, yüksəklərə can atırdı...
Şəhidlik imiş... - bunları anlatdı bacısı
Aysel.
Növbəti döyüşlərin
birində yenə də döyüş meydanına, səngərlərə
atılır Nurlan Fərəməzov. Yaralıları
döyüş meydanından çıxarır. Və bu
zaman şəhid olur şəhid olur cəsur, xilaskar hərbi
həkim - oktyabrın 9-da.
"Vətən uğrunda",
"İgidliyə görə", "Füzulinin azad
olunmasına görə", "Cəbrayılın azad
olunmasına görə" medalları ilə təltif olunub
baş leytenant Nurlan Fərəməzov.
Anası Həqiqət xanıma həmişə
"ana, narahat olma mən həkiməm, mənə heç nə
olmaz" söyləyib: "Heç mənə əziyyət
verməzdi. Heç kimə əziyyət verməzdi. Hər zəng
edəndə "Mən çox yaxşıyam, ana. Hər
şey yaxşıdı və daha yaxşı olacaq"
deyirdi. Çox qürurlanırdım oğlumla.
Ağırdı. Çox ağırdı. Həmişə
narahat idim, nəsə içimdə narahatlıq vardı.
İndi nə deyim ki? Tərxis olunmuşdu. Getməyə bilərdi.
Hər sözü Vətən idi. Ən çox vətəni,
torpağı sevirdi. Ona görə "Qala bilmərəm"
dedi. Getdi. Həmişəlik getdi".
Əslində həmişəlik getmədi,
Həqiqət ana. Yenidən dünyamıza gəlmək
üçün getdi. İndi o, səngərdən
çıxardığı, yaralarını
sarıdığı igidlərimizin aldığı hər
nəfəsdə yaşayır. İndi O, azad olunan
torpaqlarımızın hər qarışında
yaşayır. Yaşayacaq. Hər günümüzə,
anımaza qayıdacaq və Azərbaycan adlı yurdu
yaşadacaq nurlanlar. Yoxsa biz məhv olarıq.
Kamalə ABİYEVA
525-ci qəzet. - 2025.-8 oktyabr (№182).- S.13.