Ziyalı ilə
ziyanlının "en" qədər fərqi
İnsana fitrətən verilən xüsusiyyətlərdən
biri də fərqlənmək hissidir. Körpəlikdə bunu
ağlamaqla, şıltaqlıq etməklə, bir az
böyüyəndə şuluqluq salmaqla, yaxud dərslərində
daha çalışqan olmaqla edirlər. İllər
keçdikcə üsullar dəyişir, hissin özü isə
dəyişmir və hər kəs bunu öz bilik səviyyəsinə,
tərbiyəsinə, dünyagörüşünə
uyğun edir. Bunun üçün ən radikal üsula əl
atanların da altşüurda hərəkətverici qüvvəsi
yenə həmin fərqlənmək istəyi olur. Məsələn,
danimarkalı filosof Sören Kierkegaard günahı müsbət
bir şey kimi qələmə verir, çünki o, insanı
Allahın hüzuruna gətirir. Filosof belə hesab edir ki,
"Allah qarşısında mütəəssir olan
özü olmaq istəyəndə və ya olmaq istəməyəndə
günah işlədir". Bunu yəqin ki, hər işdə
bir xeyir axtarmağa da bənzətmək olar.
Bir şey də həqiqətdir ki, insan
ağıllandıqca, müdrikləşdikcə, yalnız
özünü, eqosunu deyil, mənsub olduğu cəmiyyəti,
xalqı da düşünməyə başlayır, onu da fərqləndirməyə,
başqa xalqlar arasındakı yerini, identikliyini göstərməyə,
təsdiqləməyə çalışır.
Çünki bilir ki, xalqı onun varlığının,
böyüklüyünün təməlidir. Əmindir ki, rəzil
tayfada, alçaq keyfiyyətləri özünə hakim bilən
xalq arasında böyük şəxsiyyət yetişə
bilməz. Bu səbəbdən, belə şəxsiyyətlər,
Məhəmməd Hadi demiş, imzalar içində ilk
növbədə xalqının imzasını görməyə
və göstərməyə çalışır.
Hər nə qədər sosial şəbəkələr
zahiri parıltıya köklənsə də, diqqətli təhlil
fərdlərin iç üzünü görməyə imkan
verir. Burada fərqlənmək istəyi özünü daha
qabarıq göstərir, çünki meydan çox,
iştirakçı da minlərlə, milyonlarladır.
Radikallıq sınanmış üsul olduğuna və
yüz faizli nəticə verdiyinə görə, ona əl
atanların sayı da artıb. Millətin dahi şairini,
yazıçısını yerlə-yeksan etmək, "bu
xalqın heç vaxt filosofu olmayıb, ola da bilməz"
(olsa, mütləq həmin şəxsə məruzə etməliymişlər!)
iddiaları, "qadından mütəfəkkir olmaz",
"bu millətin düşünən başı yoxdur" əminliyi
və daha neçə alçaldıcı "qənaət"
dərin düşüncənin, təhlilin yox, məhz fərqlənmək,
tanınmaq şakərinin təzahürüdür!
Bunlar bir ziyanlı fərdin cılız istəkləri,
nüfuz qazanmaq xülyasıdır. Cəmiyyətin həqiqi
ziyalısı isə yüksək ideyaları önə
çıxardan, baş verən mənfi halları, bunlara
imkan verən kəsləri tənqid edən və bununla millətin
halına yanan, onun gələcəyini düşünən
şəxsdir. Məsələn, Hind mütəfəkkiri
Rabindranat Taqor ömrünün ahıl vaxtında
qayğılanırdı ki, bir vaxtlar sevinirdim ki, Britaniya mədəniyyəti
gəlib bizim mədəniyyəti daha da zənginləşdirəcək,
ancaq "Britaniya təhsil idarələrinin rəsmi
kanalları ilə bizim uşaqların başına ingilis ədəbiyyatı
deyil, onun tör-töküntüsü yeridildi, bu da onlarda
öz mədəniyyətlərinə olan məhəbbəti
məhv elədi". Alman romantik şairi Fridrix Hölderlin
xalqının düşüncə səviyyəsindən
narazılıqla haray çəkirdi ki, "Hər şey iyrəncdir,
ətrafda hər şey pisdir, murdardır". O, dəhşətlə
öz cəmiyyətində insanlığın
öldüyünü deyirdi: "Almanlardan rəzil xalq yoxdur!
Siz onların arasında sənətkar taparsınız, insan
yox, mütəfəkkir taparsınız, insan yox, keşiş
taparsınız, insan yox, ağa və qul, cavan və qoca
taparsınız, amma insan yox". Hegel də
reallığın boğucu olduğunu, insanların get-gedə
mənən rəzilləşdiyini görüb bildirirdi ki,
"alman həyatı indiki vəziyyətində qala bilməz,
çünki hər şey bütün qüvvəsini,
bütün ləyaqətini itirib, nə isə mənfi bir
hadisəyə çevrilib". Xalqın mövcud səviyyəsindən
narahat olan, hər şeyi məhv edib yeni bir Super-İnsan
arzusunda olan alman məşhurlarından biri də "Mənə
mənim əsl insanlarım hələ çatmır" -
deyən Fridrix Nitsşe idi. Azərbaycanda bu missiyanı - milləti
oyadıb öz böyüklüyünə fokuslamağa
çalışan böyük şəxsiyyətlərdən
biri Mirzə Cəlil idi. Nəsli inkişafa deyil, deqradasiyaya
aparan xurafatı, savadsızlığı, millətin
adını cılızlaşdıran məmurları
amansızca tənqid edən mütəfəkkir belə bir
çağırış edir: "Ey mənim yüz il sonra
dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa
"Molla Nəsrəddin"in saralmış və
cırılmış vərəqləri əlinə
keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi
fikirləşmə". Burada açar məqam mütəfəkkirlərin
diqqəti millətin potensialına, daha yüksək
addımlara qadir olduğuna yönəltməkləridir. Atalar
sözü var, "oha" var, dağdan endirər,
"oha" var, dağa qaldırar". Adətən millətin
böyüklüyünü dərk edən, onun gələcəyinə
inanan şəxslər mənfi halları tənqid edir, onu
alçaltmır, keçmişinə, gələcəyinə
inamı sarsıtmır. Məhz öz kökünə
inanmaqla (!), ziyalısına inanmaqla cəmi bir əsr ərzində
"rəzil alman xalqı" özünü "ari
xalq" kimi təsdiq edə bildi. Bu prosesdə ziyanlı təşəbbüs
günahı və günahkarı fərqləndirmədən
ümumi bir nifrət yaratmaq cəhdidir. Öz eqosuna aşiq
şəxslər kimi isə alçaltmaqla özünü
ucaltmaq yolunu tutur. Sanki kiçik bir budaq çinarı
ağırlıqda, qocalıqda, kökünün üzərində
sabit qalmaqda, o gövdənin üstündə həşəratlar
gəzdiyinə, hətta bəzi yerlərində göbələyin
yaranmasına görə günahlandırır və ondan
ayrı həyatın necə gözəl olduğunu tərənnüm
edir. Ziyanlıdan fərqli olaraq, ziyalı diqqəti,
qayğını məhz həmin çinara yönəldir.
Milləti yox eləmək, kiminsə xammalına
çevirmək istəyirsənsə, onun düşüncə
sahiblərini, ziyalılarını gözdən sal, məhv
elə və bunun üçün bəhanəni bəhanəyə
cala. Çünki onların məhvi bütövlükdə
təməldə duran keyfiyyətləri sarsıdır. Burada
ön plana dil çıxır. Haydegger deyirdi ki, dil
varlığın evidir və şairlər, mütəfəkkirlər
onun qoruyucuları və qurucularıdır. Söhbət
yalnız gözəl cümlə qurmaqdan deyil, millətin
ruhunu əks etdirməkdən, yaşatmaqdan gedir. Nizami Gəncəvinin
şah əsərləri farscadır, ancaq məhz onun ruhundan
çıxış edənlər, dahi şairin türk
olduğunu sübut etmək mümkündür. Çingiz
Aytmatov rus dilində yazıb, ancaq onun manqurtu ilə
tanış olan anlayır ki, bu dilin altında məhz
qırğız xalqı üçün həyat qədər
əhəmiyyətli ismarış var. Səlahəddin Xəlilov
yazır: "Dilin gözəlliyi onun səslənmə
xüsusiyyətləri və bədii ifadə imkanları ilə
müəyyən olunduğu kimi, dilin tutumu da onun ifadə edə
bildiyi fikrin dərinliyi və dəqiqliyi ilə müəyyən
olunur". Deməli, dil yalnız gözəlliyi ilə deyil,
daşıdığı məna yükü ilə dəyərli
olanda, "varlığın evinə" çevrilir. Sufi
mütəfəkkir Əbu Yəzid Bistaminin sözlərinə
görə, "suyun rəngi qabının rəngidir, qara
qabda o, qara, qırmızı qabda qırmızı
görünər". Millətinin ruhunu, dəyərini
anlamağa çalışan şəxs də qabın rəngini
deyil, suyu görməyi bacarmalıdır.
Kimdir ziyalı?! Qurani Kərimdə deyildiyinə və
geologiyanın da təsdiqlədiyinə görə, dağlar
Yerin sabitliyini qoruyan vacib bir elementdir: "Yer onları silkələməsin
deyə, orada möhkəm dağlar yaratdıq (Qurani Kərim
21/31). Bax, ziyalı cəmiyyət üçün həmin
dağların missiyasını daşıyır. Bir tərəfdən,
o, milli dəyərləri təhrifdən qoruyur,
tanıdır və bununla da milli ruhun sanki canlı mücəssəməsinə,
mayakına çevrilir. Digər tərəfdən də, həm
xalq məhz onun zirvəsindən dünyaya baxır, həm də
onun vasitəsilə dünya bu xalqı tanıyır. Deməli,
ziyalının inkarı millətin inkarına bərabərdir.
Kütləni əyləndirmək üçün başqa
peşə sahibləri var, ziyalı isə
düşündürmək, hər şəxsin diqqətini
öz mahiyyətinə, kökünə yönəltmək
üçündür. Adından da bəlli olur: ziyalı
düşüncələrə işıq salandır, ancaq
maraqlıdır ki, suda batan onu xilas edəni batırmağa
çalışdığı kimi, ziyalının
düşməni də həmin o xilas etmək istədiyi
qaranlıq kütlədir. Bunun ən gözəl nümunəsi
Maksim Qorkinin Dankosudur: ürəyini insanlar üçün məşəl
edib onları qaranlıq meşədən çıxardandan
sonra kütlə həmin o ürəyi tapdalayıb
keçir.
Kütlənin mütləq qaranlığı onun cəhalətində,
yaxud kimi isə idola çevirməyində deyil, onun fərdlərinin
öz kimliyini itirib, öz ağlından xəbərsiz olub,
başqasının ağlı ilə oturub
durmağındadır. Elə ki, insan oxuduğunu,
gördüyünü təhlil etmir, anlamağa
çalışmır və şüurunu
başqasının ideyaları üçün "kirayə
verir", tədricən kütlənin - qaranlığın
içində əriyir, yox olur. Şopenhauer deyir ki,
"mühakimə azadlığı hər adamda olmur,
qalanlarını isə avtoritet və nümunə idarə
edir". Əslində, cəhalət düşüncə
kimi ağır bir işdən azad olmaq deməkdir və bundan
"azad olan" şəxslər özlərini həqiqətən
də məsuliyyətdən kənar, başqasının
azadlığına ziyan vuracaq qədər sərbəst hiss
edirlər. Onlara kütlənin bir hissəsi olduğunu
sübut etmək çox çətindir. Belə şəxslər
həmin qaranlıqda oturub istədiyi şəxsə dil uzada
bilir və bu "söz azadlığından" həzz
alırlar.
Kütlə qatı qaranlıqdır və onun
gücü elə bundadır. Bir ağıl onu öz
marağı istiqamətinə yönəldir, onun
gücündən istifadə edir və kütlə
üçün qəhrəmana çevrilir. Ancaq burda təhlükəli
bir məqam var: daha güclü bir idarəedici ağıl gələn
kimi, kor kütlə öz "qəhrəmanına"
qarşı çevrilib bir anda onu məhv edə bilir. Məhz
bunu bildiyinə görə, ziyalı kütləni idarə
etmək, onun qəhrəmanına çevrilmək yox, onu seyrəltmək,
korlara "göz" vermək istəyir. Bəli, kütlə
ziyalını görmür, görə bilmir, amma ziyalı
onu çox gözəl görür.
Deyilənə görə, Antik dövr
filosoflarından biri insanlara hikmət anlatmaq istəyir və
meydanda moizə deməyə başlayır. İnsanlar
yanından etinasız ötüb keçirlər. Filosof
düşünür və başlayır quş kimi cəh-cəh
vurmağa. Ətrafdakılar yavaş-yavaş toplanıb
maraqla ona tamaşa edir, dinləyir. Biri dözmür, ondan niyə
belə etdiyini soruşur. "Nə edim? Ağıllı
söz dinləmək istəmədiniz, mən də cəh-cəh
vurdum".
Kimdir ziyalıya hücum edən, onu inkar edən?
Kimdir kütləni ziyalıya qarşı çevirən?
Fizik Stiven Hokinq deyir: "Biliyin əsas düşməni
cahillik deyil, biliyin illüziyasıdır". Bəli, məhz
biliyin illüziyasını yaradanlar, "cəh-cəh"
vuranlardır ki, öz psevdo-ziyalı obrazı ilə ətrafına
kütlə yığıb, onları idarə edir, ən
ağır ziyanı vurur. Öz gerçək simasını
gizlətmək üçün isə, həqiqi ziyalını
silməyə çalışır. Maraqlıdır ki, əslində
şou əhlini "ziyalı" kimi qələmə verib cəmiyyətə
səfsətə çatdıranlar Şopenhauerin "insanlar
daha ağıllını deyil, daha ucadan danışanı
dinləməyə meyillidir" hikmətini çox gözəl
bilirlər. Bilmirəm, təəssüf edim, yoxsa
şükür oxuyum ki, ziyalı ziyanlı ilə eyni meydanda
deyil və eyni üsuldan iştirak etmir. Əslində, dar
meydanda azlıqda qalan ziyalı arxasında kor kütlə
duran ziyanlıya uduzmağa məhkumdur. Yalnız daha
böyük zaman dilimində ziyalının xidməti də,
fədakarlığı da bəlli olur.
Bu xalqın filosofunun, ziyalısının
olmadığını car çəkən və bunun
mümkünsüzlüyünü sübut eləmək
üçün dəridən-qabıqdan çıxan şəxs
özü də bilmədən özünü təhqir edir,
özünün heç olduğunu qəbul edir. Belə
şəxs anlamır ki, xalqın düşünən təbəqəsini,
hətta bəzən daha da irəli gedib, ümumiyyətlə
xalqı aşağılamaqla özünün məhz həmin
kor kütlə təbəqəsinə aid olduğunu təsdiqləyir.
Onun inkarı ilə neçə əsrlik tarix, yaddaş
silinmir, düşüncə sahibləri ondan inciyib qələmini
yerə qoymur. O, sadəcə özünün bu ziyalı təbəqədən
xəbərsiz olduğunu etiraf edir. Ən təəssüfedici
hal isə odur ki, əslini, kökünü qəbul edib
çinar olmaqdansa, başqa millətin alaq otu olmağa
razı olanlar, yenə də bu xalqın bir nümayəndəsi
olmaqda davam edirlər. Axı, çinarın qurumuş
budağı, hətta saralmış bir yarpağı da yenə
həmin çinarın adı ilə tanınır.
Könül BÜNYADZADƏ
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.12.