Sirli-sehrli
İçərişəhər
Bir gün "Həyatda nəyin mövcud
olmasını istəyərdin?" kimi mistik sualla üzləşsəydim,
böyük ehtimal, cavabım qısaca belə olardı:
İstərdim ki, bəzi küçələrin
qucağı, əlləri olsun - qucaqlamaq üçün...
Və əgər bu arzum hasil olsaydı, çox istərdim
ki, İçərişəhər məni qucaqlasın. Hərçənd
ruhu dərin, daxili aləmi geniş və rəngli,
daş-divarın səsini duya bilən insan doğma
küçələrlə xəyalən də qucaqlaşa
bilər.
Kiçik yaşlarımdan Qız Qalasının ətrafı,
İçərişəhərin hər bir küncü məni
cəlb edirdi. Hələ uşaq ikən o yerlərdən
keçəndə illərdir ruhumun oralarda gəzdiyini, o
küçələrə aid olduğumu hiss edirdim. Bəlkə
də bu duyğular gələcəkdə
yaşayacaqlarımla bağlı Tanrının ilahi mesajı
idi, kim bilir.
Böyüdüm... Həyatın mənim
üçün olduqca rahat, hüzurlu, hər anını
sevgi ilə yaşayacağım yalanlarına inanaraq illər
bir-birini əvəzlədi. Amma sonra anladım ki, həyatı
maraqlı edən mübarizə və çətinliklərdir.
O daşlı, tikanlı yollarda gəzmək, bədənini
incidib ruhunu yormasa, güclü olmağın və
güclü olana qədər apardığın mübarizənin
ləzzətini heç vaxt hiss edə, duya bilmərsən. Və
beləcə İçərişəhər anamtək ən
yaxın dostuma, sirdaşıma çevrildi. Zaman gəldi, ilklərimə
şahidlik etdi İçərişəhər. İlk
sevginin verdiyi saf, təmiz duyğulardan yaranan hiss-həyəcanıma
şahidlik etmişdi, bir insana könül verəndə sənə
sadiq qalacağına inandırmışdı məni o
doğma yerlər. Hər dəfə oradan keçəndə
və ya gəzəndə o əvəzolunmaz anlar
gözümdə canlanaraq, yaşamaq eşqimi bir az da
artırırdı.
Sonra elə an gəlir ki, yaşadıqların bir yuxu
kimi bir göz qırpımında səndən gedir. Əvvəllər
cüt gəzib gözünün parıldadığı yerlər
artıq tək gəzib gözünün dolmağına səbəb
olur. O yerlərdə gəzəndə keçmişim və
bugünümlə o qədər rahat üzləşə
bilirəm ki... Qaysaq bağlamış yaralarım elə dərindən
sızıldayır ki, hələ də
sağalmadığının şahidi oluram. İçərişəhərin
hər bir izi mən orada gəzəndə sanki dil
açıb danışır və hiss etdiklərimə,
duyğularıma şərik olaraq məni anlayır.
Ömrü yalnız yaşadığım bu dönəmlərdə
kimlərsə mənə məhz İçərişəhərdə
birgə gəzməyi təklif edən zaman etirazımı
bildirirəm. Mənim oraya elə bir sirli, emosional
bağlılığım var ki, bunu heç kəs anlaya
bilməz (hətta ən doğmalarım belə).
Özümü bəzən cümə günləri
İçərişəhərdə gerçəkləşməyəcəyindən
əmin olduğum dualarımı gözyaşı içində
"Cümə" məscidində Allahdan yalvararaq istəyəndə,
bəzən də bir skamyada əyləşib öz
marağını itirmiş dünyada xoşbəxt və
heç nədən xəbəri olmayan uşaqların futbol
oynayarkən üzlərində yaranan təbəssümü,
qol vurarkən sevincdən, qürurdan yaranan həyəcanlarını
seyr edib zövq alaraq tapdım. Oranın daimi sakinlərini
tanımasam da, özümə dost, doğma bildim. Dəfələrlə
olub ki, Qız Qalasının yanında əyləşib ətrafı
heyranlıqla müşahidə edən zaman oranın sakinlərindən
biri yanımda əyləşib və sanki ağlımdan
keçənləri duyaraq, ortaq mövzudan söz
açıb. Bir də baxmışam ki, biz bir neçə dəqiqəlik
zamanda o qədər cana yaxın söhbətlər etmişik
ki... Və bu duyğular məndə əvəzolunmaz izlər
buraxıb. Daha sonra bir-birimizin adını belə
soruşmadan sağollaşmış, bir-birimizə həyatda
uğurlar arzulayaraq, şirin söhbəti yekunlaşdırmışıq.
Evə qayıdarkən bunu düşünmüşəm: bəzən
bütün doğmaların sənə "yad" olsa belə,
hansısa bir yad bir neçə dəqiqəlik
"doğma" olur sənə. Elə həmin gün
özümdən biixtiyar şükür etmişəm Allaha,
hələ də eyni dili paylaşa bildiyim, tək gəzəndə
belə yalnız hiss etməyə imkan verməyən
insanların var olduğu üçün. Elə bir an olub ki,
keşməkeşli həyat yolunda
qarşılaşdığım məyus ruh və xəyal
qırıqlığı ilə birgə
sığındığım, ən yaxın dostum,
sirdaşım olan İçərişəhərə
üz tutmuş və gəzərkən məscidlərdən
gələn azan səsi ilə qarşılaşaraq,
bütün bədənimə bir anlıq hüzuru
hopdurmuşam. Oralara hər addımımı atanda
yazıçı ruhumu bir az da həvəsə gətirmiş,
hər daşında, hər ağacında, abidəsində
tarixin, mədəniyyətimizin qoxusunu hiss etmiş, bir
anlıq gözlərimi yumanda sanki keçmişə gedib
qayıtmışam. Elə sevgilər, hisslər var ki, bəzəkli
cümlələr onları tam ifadə edə bilməz. Bunun
üçün mütləq ki, sən eyni hiss-həyəcanı
yaşamalı, hiss etməlisən. Mənim də İçərişəhərə
olan sevgim belədir...
Bir gün İçərişəhər barədə
yazı qələmə alacağım barədə qərar
verərkən oranın on üç illik sakini olmuş
dizayner Vəfa xanım İsazadədən İçərişəhərdə
yaşayan biri kimi, öz xatirələrini bizimlə
paylaşmasını rica etdim. Və
təklifimi məmnuniyyətlə qəbul edən Vəfa
xanım İçərişəhərin daxili
dünyası ilə bağlı bunları söylədi:
- İçərişəhərdə bir çox həyətlər
ümumi olur. Bizim yaşadığımız bina
üçmərtəbəli idi, təxminən yeddi-səkkiz
qonşu vardı. Onlar bir-birilə çox mehriban idilər.
Bizim heç vaxt qapılarımız bağlı olmayıb.
Yayda ümumiyyətlə, qapılar açıq olurdu. Bizə
duz, yumurta və ya yağ lazım olurdusa, bir-birimizdən
rahatlıqla götürə bilirdik. Və yaxud da kiminsə
uşağı məktəbdən gələndə əgər
həmin gün o yemək bişirməmişdisə,
rahatlıqla qonşudan yemək, hətta köynəyinə
ütü çəkilməsini də istəyə bilərdi.
Bir sözlə, biz hər şeyi paylaşırdıq. Yemək
bişirəndə yeməyin qoxusu yayılırdı və
mütləq biz o yeməkdən bir boşqab hər evə
verirdik. Pandemiya dövründə çölə
çıxmaq icazəsi yox idi və biz öz həyətimizin
içində balaca bir samovar çayı dəmləyərək
otururduq. Həmçinin kimin evində nə var idisə - meyvə,
mürəbbə və s. - gedib evindən gətirirdi.
Bir-birimizin xeyir, şərində iştirak edirdik. Ümumiyyətlə,
Qala divarının içərisində yaşayan insanlar
yaxın qonşu olmasalar da, bir ərazidə
yaşayırlarsa, mütləq bir-birlərinə salam verirdilər.
Mütləq deyildi ki, biz bir-birimizə salam vermək
üçün eyni həyətdə yaşayaq. Biz beş
küçə yuxarıda yaşaya bilərdik, amma
hamımız bir-birimizi tanıyırdıq. İçərişəhərin
içərisində yəqin bilirsiniz, tək market var idi.
Əslində iki marketimiz var idi. Biri bizim məhlə
adamlarının öz birinci mərtəbəsində
açdığı market idi. Hər zaman kiçik nələrsə
lazım olduqda, həmin o marketə üz tuturduq. Hətta pul
olmayanda belə, biz "nisyə dəftəri"nə nəyisə
yazdırırdıq. Yəni bu qonşuluqda o qədər
güvən var idi ki, nəsə lazım olduqda hətta
xırda pulun belə olmasa, deyirdilər ki, götür, sonra
verərsən.
Bir az da Novruz bayramından danışım. Novruzda
biz mütləq tonqal qalayırdıq. Qız Qalasından
üzü aşağı düşəndə bir yer var və
biz həmişə tonqalı orada qalayırdıq. Hamı da
oraya yığışırdı. Bir sözlə, hər məhlə
arasında bir tonqal qalamaq əvəzinə, İçərişəhər
sakinləri müəyyən bir yeri seçirdik və
tonqalı orada qalayırdıq. Papaq atanda isə
papağın içərisinə hər şey qoyurdular. Bir
də görürsən, elə yerlər var ki, papaq
atırsan, amma qapını açmırlar. Bizdə isə
qoğal, paxlava, şəkərburadan tutmuş, hər şey
yığırdılar papağın içərisinə.
"Qapı pusmaq", "qapı döydü" kimi
bütün milli adət-ənənələr qorunub
saxlanılır və onlara əməl olunurdu. Yeni ildə isə
"fişəng" atanda bizim üçüncü mərtəbədə
yaşayan qonşunun panoraması açılırdı lap
qabağa və bütün birinci-ikinci mərtəbədə
yaşayan qonşular, uşaqlar qucağımızda saat on iki
olan kimi yığılırdıq həmin qonşunun evinə
ki, indi "atəşfəşanlıq" olacaq, hamı
onu görəcək. İçərişəhərdə qonşular
həqiqətən çox mehriban olurlar.
Mən İçərişəhərdə on
üç il yaşamışam. Bizim bir qonşumuz var idi, təzə
gəlmişdi və kirayədə yaşayırdı. Onun
bir uşağı var idi və eyni zamanda hamilə idi. Siz
inanırsınız, o, hamilə olduğu müddətdə
birinci uşağını qonşular böyütdülər.
Həkimə getmək lazım olanda uşağı bizə
qoyurdu. Mən üç ildir İçərişəhərdən
köçmüşəm, amma buna baxmayaraq, indiyə kimi
qonşularımla əlaqə saxlayır, danışır və
qonaq gedirəm. Bəli, artıq qonaq gedirəm ora...
Xatırlamışkən, Novruz bayramı olan zaman
İçərişəhərdə gözəl konsertlər,
yarmarkalar təşkil edirdilər. "Əli və Nino"
filminin çəkilişi İçərişəhərdə
də olmuşdu. Hər gün səhər mən oğlumu
bağçaya aparanda dekorasiyaların arasından keçib
gedirdik. Baş rolda oynayan türk aktyor Halit Ergenç orada
oteldə qalırdı. Bir gün səhər mən
oğlumu məktəbə aparan zaman otelin
qarşısından Halit Ergenç çıxdı,
oğlum ona baxaraq dedi ki, ana, mən bu aktyoru tanıyıram.
Halit Ergenç bunu eşitdi və cavab verdi ki, bəli, o, mənəm.
Daha sonra yaxınlaşaraq oğlumun başını
sığalladı, salamlaşdı onunla. Və bir sakin kimi həmin
filmin bir hissəsi olmaq çox xoş idi. Dekorasiyaları, həmin
aktyorları canlı görmək adama çox gözəl təəssürat
bağışlayırdı. Ümumiyyətlə,
İçərişəhərdə turistlərin gəzməsi
üçün Qız Qalası, miniatür kitab muzeyi və
hansı ki, orda xırdadan tutmuş böyüyə kimi
çox gözəl kitablar var, Şirvanşahlar kompleksi, eyni
zamanda məscidlərimiz var.
Bizim yaşadığımız evin yanında
İsveç səfirliyi yerləşirdi. O səfirliyin
içərisində böyük bir tut ağacı var idi.
Yeganə səfirlik idi ki, səfirliyin ətrafı
böyük divarlarla yox, sadəcə dəmir zəncirlərlə
əhatələnmişdi. Təbii ki, sən zəncirin o biri
tayına keçəndə səfirliyin ərazisində
sayılmış olurdun. Amma səfirlik əməkdaşları
İçərişəhər sakinlərinə o qədər
güvənirdi ki, icazə verirdi dəmirdən keçməyimizə.
Uşaqlar qalxırdılar ağacın başına, biz isə
evdən böyük süfrələr gətirirdik və
açırdıq süfrəni, uşaqlar ağacı silkələyirdilər.
Daha sonra tutları vedrələrə yığıb,
aparırdıq. Kimi mürəbbə bişirir, kimi isə eləcə
yeyirdi.
İçərişəhərdə sakitçiliyə
çox riayət olunur. Hətta kimsə çox səs-küy
salanda bizim ixtiyarımız var idi ki, çıxıb deyək,
ay bala, sakit ol, qoy yataq. Və bundan heç kəs incimirdi.
Yağış yağanda və sən evdə olmayanda, ipdə
asılı paltarların var idisə, gəlib görürdün
ki, qonşu sənin paltarını həm yığıb, həm
də qatlayıb. Həm də bunu təkcə yaşlı nəsil
yox, gənc qızlar, gəlinlər də edirdi. Bu mədəniyyət
sanki nəsildən-nəsilə ötürülürdü.
Evdə oturub televizora baxırdıq. Bir də
görürdük ki, qapı döyüldü yox,
açıldı, qonşu qəfil sənin evinə girdi. Sən
ona demirdin gözlə, çay gətirim, o özü öz
çayını süzüb gətirirdi. Biz bunu balaca
uşaqlara da öyrədirdik. Əminəm ki, bu səmimiyyət,
ab-hava orada həmişə davam edəcək.
Mən hazırda da İçərişəhər ərazisində
yaşayıram, amma qaladan çöldə. Mənim
yaşadığım blokda səkkiz qonşu var və
bir-birinə görəndə salamlaşmır. Hətta bu
Novruzda mən iki qonşumun qapısına papaq atdım və
onlar qapını açmadılar. Bax, onda xatırladım
ki, İçərişəhərdə ən kasıb
adamın da qapısını döyəndə bir konfet belə
olsa, mütləq papağın içərisinə qoyurdu.
İçərişəhərdə yaşamaq tarixi
daşımaq deməkdir. Yerlərdə nə şüşə
qırıntısı, nə də bir çirkaba rast gəlmək
mümkün idi. Günü bu gün də o təmizliyə
riayət olunur və buna görə də xüsusilə
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğuna təşəkkür edirəm ki, bizim tariximizi
qoruyur və bu tarix nəsildən-nəslə
ötürülür. İçərişəhər mənim
üçün keçmişi gələcəyə
daşımaq və o tarixi anları yaşamağı ifadə
edir. Sanki keçmişdə yaşayırsan və mən hələ
də ora daxil olanda həmin ab-havanın şahidi olur,
özümü öz eviməki kimi hiss edirəm.
Son olaraq bir məqamı da deyim: İçərişəhərdə
itməmək üçün bir sirr var. Sən İçərişəhərdə
gəzirsən və itəndə düşünürsən
ki, buradan necə çıxacağam. Bildiyimiz kimi,
İçərişəhərin bir neçə girişi
var. Əsas ana giriş Qoşa Qaladandır. İçərişəhərdə
bütün enişlər çıxışa aparır.
Əgər itmisinizsə, üzüaşağı gedən
yollara üz tutun. Üzüaşağı yollar sizi mütləq
çıxışa aparacaq...
Aynur Ədil
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.11.