Türk Dövlətləri
Təşkilatı: Yeni qlobal güc mərkəzinə
doğru
Oktyabrın 7-də Qəbələdə keçirilən
Türk Dövlətləri Təşkilatının (TDT)
Dövlət Başçıları Şurasının XII
Zirvə Görüşü qardaş ölkələrin
birliyini, qarşılıqlı əməkdaşlıq və
strateji həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
çıxışı Türk dünyasının
geosiyasi, iqtisadi və mədəni potensialının dərin
təhlilinə, eyni zamanda bu birliyin gələcək
inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı.
Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı
artıq sadəcə əməkdaşlıq platforması
deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır.
Təşkilatın beynəlxalq nüfuzunun
artması, regional sülh və təhlükəsizliyin təmin
olunmasında fəal rolu, ortaq dəyərlər və tarixi
köklər əsasında inteqrasiya proseslərinin güclənməsi
türk dünyasının müasir beynəlxalq sistemdə
strateji mövqeyini möhkəmləndirir. Azərbaycanın
bu prosesdə aparıcı rolu, iqtisadi, siyasi və təhlükəsizlik
sahələrində təşəbbüskar mövqeyi TDT-nin
inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev
çıxışında vurğuladı ki, sülh və
təhlükəsizlik hər bir ölkənin inkişafı
üçün əsas şərtdir. Bu prinsip TDT-nin təməl
sənədi olan Naxçıvan Sazişində də öz əksini
tapmışdır. Hazırkı mürəkkəb geosiyasi
şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi
kimi çıxış etməsi zəruridir. Azərbaycanın
son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi
bütövlüyünün tam bərpası regionda ədalətli
sülhün və sabitliyin bərqərar olunmasında
mühüm mərhələdir.
2023-cü ildə antiterror tədbirlərinin uğurla
başa çatması və 2025-ci ildə Vaşinqtonda Azərbaycanla
Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi
Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr
yalnız Azərbaycanın milli iradəsinin təntənəsi
deyil, həm də Türk Dövlətləri Təşkilatının
sülh və təhlükəsizlik prinsiplərinə
sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq
münasibətlər sistemində hərbi güc müstəqilliyin
və ərazi bütövlüyünün əsas təminatçısı
kimi çıxış edir. Azərbaycan bu sahədə
xüsusilə Türkiyə ilə dərin əməkdaşlıq
əlaqələri qurmuşdur. Son bir ildə 25-dən
çox ikitərəfli və çoxmillətli hərbi təlimin
keçirilməsi türk dövlətləri arasında
qarşılıqlı etimad və strateji həmrəyliyin
nümunəsidir. Prezident cənab İlham Əliyevin
2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin
birgə hərbi təlimlərinin keçirilməsi barədə
təklifi bu əməkdaşlığı institusional səviyyəyə
qaldırmağa yönəlmiş strateji addımdır. Bu təşəbbüs,
həmçinin, regionda sülh və sabitliyin qorunması
baxımından önəmli rol oynayacaq.
Türk dünyasının coğrafi yerləşməsi
və təbii resurs potensialı qlobal iqtisadi sistemdə yeni
imkanlar açır. Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində
yerləşərək mühüm tranzit mərkəzinə
çevrilmişdir. 2022-ci ildən bəri Orta Dəhliz
üzrə yükdaşımaların 90 faiz artması bu
potensialın real nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir
yolu, Ələt Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq
hava limanı və güclü dəniz donanması Azərbaycanın
logistika sahəsində strateji üstünlüyünü
artırmışdır. Vaşinqton Zirvəsinin mühüm
nəticələrindən biri olan Zəngəzur dəhlizinin
açılması isə Türk dövlətləri
arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə
xidmət edir.
Azərbaycan enerji təhlükəsizliyinin təminində
etibarlı tərəfdaş kimi tanınır. Hazırda 14
ölkəyə təbii qaz ixrac edən ölkəmiz bu sahədə
regional lider mövqeyinə malikdir. Bununla yanaşı,
Prezident cənab İlham Əliyev
çıxışında bərpaolunan enerji mənbələrinə
böyük sərmayələrin
yatırıldığını vurğulamışdır.
2030-cu ilə qədər ölkənin enerji
istehsalının 40 faizi məhz bu mənbələr
hesabına təmin ediləcək. Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa
istiqamətində yaşıl enerji dəhlizinin
yaradılması ideyası yalnız iqtisadi deyil, həm də
ekoloji dayanıqlıq baxımından strateji əhəmiyyət
daşıyır. Bu təşəbbüs Türk
dünyasının qlobal enerji bazarında yeni mövqeyini
formalaşdıracaq.
Prezidentin çıxışında ortaq dil, tarix və
mədəniyyət amillərinin türk birliyinin əsas
sütunları olduğu xüsusi vurğulandı. 1926-cı
ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultay bu
baxımdan tarixi hadisə kimi xatırlanır. Gələn il
bu Qurultayın 100 illiyinin TDT çərçivəsində
təntənəli şəkildə qeyd edilməsi təklifi
türk xalqlarının mədəni birliyinin daha da möhkəmlənməsinə
xidmət edəcəkdir.
Azərbaycanın azad edilmiş ərazilərində
qardaş ölkələrin dəstəyi ilə inşa
olunan məktəblər, yaradıcılıq mərkəzləri
və məscidlər türk həmrəyliyinin rəmzi kimi dəyərləndirilir.
Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlərdə
görülən bu işlər təkcə humanitar dəstək
deyil, həm də ümumtürk birliyinin mənəvi simvolu
kimi çıxış edir. Qəbələdə
keçirilmiş XII Zirvə Görüşü Türk
Dövlətləri Təşkilatının gələcək
istiqamətlərini müəyyən edən strateji mərhələ
kimi tarixə düşdü. Prezident cənab İlham
Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi,
enerji, müdafiə və mədəni inteqrasiya sahələrində
birliyin dərinləşməsi üçün yol xəritəsi
rolunu oynadı.
Türk dövlətlərinin birliyi artıq regional
deyil, qlobal miqyaslı strateji güc mərkəzi kimi
formalaşmaqdadır. Bu birliyin əsasında ortaq dəyərlər,
qarşılıqlı etimad, dayanıqlı inkişaf və
sülhə sadiqlik dayanır. Azərbaycanın təşəbbüskar
və məsuliyyətli mövqeyi, həm regional təhlükəsizliyin
təminində, həm də iqtisadi və enerji sahəsində
əməkdaşlığın genişləndirilməsində
əsas hərəkətverici qüvvə olaraq qalır.
Türk dünyasının gələcəyi birliyin
möhkəmlənməsindən, ortaq məqsədlərin
reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən
keçir. Qəbələ Zirvəsi bu istiqamətdə
mühüm dönüş nöqtəsi kimi Türk Dövlətləri
Təşkilatının tarixində öz layiqli yerini
tutmuşdur.
Hümbət Hüseynov
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.8.