Qəbələ Zirvəsi
TDT-nın mövqeyini daha da gücləndirir
Oktyabrın 7-də Qəbələdə keçirilən
Türk Dövlətləri Təşkilatının (TDT)
Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü təşkilatın gələcək
fəaliyyəti üçün tarixi əhəmiyyət
daşıyır. Bu görüşdə Türk
dünyasının daha da yaxınlaşdığı, həmrəyliyinin
gücləndiyi, müasir çağırışlara,
reallıqlara adekvat olaraq gündəliyini
formalaşdırdığını müşahidə etdik.
TDT bu gün təkcə iqtisadi, humanitar sahələrlə
fəaliyyətini məhdudlaşdırmır, hazırda
dünya üçün həyati əhəmiyyət
daşıyan təhlükəsizlik məsələsini də
önə çıxarır. Azərbaycan Prezidenti İlham
Əliyev Zirvə görüşündəki nitqində məhz
bu məqama toxunaraq, mühüm təklif irəli
sürdü.
Prezident bildirdi ki, bu gün Türk Dövlətləri
Təşkilatı, sadəcə, əməkdaşlıq
platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri
kimi formalaşır: “Təşkilatımızın beynəlxalq
səviyyədə nüfuzunun artması məmnunluq
doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək
milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf
mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin
kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz
arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq
çox önəmli amillərdən biridir. Bu çərçivədə
müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq
mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə
25-dən artıq ikitərəfli və çoxmillətli hərbi
təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə
və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı
nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin birgə hərbi təlimlərinin
keçirilməsini təklif edirəm”.
Dövlət başçısının qeyd etdiyi
kimi, bugünkü dünyada hərbi güc hər bir ölkənin
müstəqilliyinin və ərazi
bütövlüyünün əsas amilidir. Azərbaycan məhz
hərbi gücü sayəsində öz torpaqlarının
30 illik işğalına son qoyub, ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycan lideri bildirib ki, bu tarixi nailiyyət yalnız
ölkəmizin milli iradəsinin və əzmkar mübarizəsinin
təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin,
sülhün və sabitliyin bərqərar olunmasına
mühüm töhfədir. İki ay əvvəl
Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan
arasında sülh sazişinin paraflanması isə Cənubi
Qafqazı sülh məkanına çevirəcək.
Zirvə Görüşündə nəqliyyat,
kommunikasiya əlaqələrinin əhəmiyyətinə də
toxunulub, bunun Dövlətləri Təşkilatı çərçivəsində
strateji əhəmiyyət daşıdığı
vurğulanıb. Dövlət başçısı bildirib
ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərinin fəal iştirakçısıdır,
Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi,
iqtisadi, nəqliyyat və digər sahələrdə
körpü rolunu oynayır. Qeyd olunub ki, 2022-ci ildən bəri
Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz
artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli
dərəcədə azalıb.
Azərbaycan lideri bildirib ki, Vaşinqton Zirvəsinin
mühüm nəticələrindən biri də Zəngəzur
dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi
həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi
çərçivəsində yeni nəqliyyat arteriyası və
ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb
edir.
Zirvə görüşünün əhəmiyyətini,
irəli sürülən təkliflərin
reallaşmasının TDT-nın mövqeyinə necə təsir
göstərəcəyini “525”ə şərh edən Milli Məclisin
deputatı Hikmət Babaoğlu deyib ki, ki, Türk Dövlətləri
Təşkilatının Qəbələdə keçirilən
12-ci Zirvə Görüşündə bir sıra
mühüm qərarlar qəbul edildi və liderlər
çox önəmli təkliflərlə
çıxış etdilər: “Ona görə də səsləndirilən
təkliflər, alınan qərarlar TDT-nın daha qlobal
miqyasda qlobal aktor olması üçün yeni şərtlər
formalaşdırdı. Bunlardan biri Azərbaycan Prezidentinin təklifi
idi. Şübhəsiz ki, bu görüş hər şeydən
öncə sülh və təhlükəsizliyə həsr
olunmuşdur. Doğrudan da bu gün dünyada sülh və təhlükəsizlik
ən arzuedilən vasitədir. Çox təəssüf ki,
dünyanın hər yerində müxtəlif münaqişələr
və müharibələr baş verir. Belə olan halda
sülhün və təhlükəsizliyin birinci təminatçısı
hərbi-siyasi gücdür. Ona görə də Prezident
İlham Əliyev Qəbələ Zirvə
Görüşündəki çıxışında
2026-cı ildə TDT-na üzv olan ölkələrin Azərbaycanda
birgə hərbi təlimlərini keçirilməsi təklifini
irəli sürdü”.
Deputat bildirib ki, digər vasitələr sühün bazasını
formalaşdıran vasitələrdir. Bu iqtisadiyyatın
inteqrasiyasıdır, mədəni-humanitar əlaqələrin
bərpa olunmasıdır ki, bununla bağlı da mühüm
qərarlar verildi, təkliflər səsləndirildi: “Özbəkistan
Prezidenti Əlişir Nəvai və Nizami Gəncəvinin
yubileylərinin birgə keçirilməsini təklif etdi.
Düşünürəm ki, bu da çox vacibdir. Həm
tarixi ortaq mədəni keçmiş, həm dil, həm də
ədəbiyyatda varislik baxımından. Çünki ədəbiyyat
milli düşüncəni və milli kimliyi təyin edən əsas
vasitələrdən biridir. Əlişir Nəvai isə
Nizami Gəncəvinin yazdığı “Xəmsə”yə
uyğun olaraq 300 il sonra “Xəmsə” yazmaqla özünü
bir də türk ədəbiyyatında təsdiq etmiş oldu.
Ona görə də əslində gələcək beynəlxalq
münasibətlər sistemində TDT-nın rolu ilə
bağlı Azərbaycan Prezidenti dəqiq bir ifadə işlətdi.
Dövlət başçısı bildirdi ki, Türk dövlətləri
qobal aktora çevrilməkdədir. Doğrudan da bu həm təhlükəsizliyimiz
üçün, həm də bizə aid olan böyük
coğrafiyada mühüm bir hadisədir. Diqqət etsək,
görəcəyik ki, bu coğrafiya Avrasiyanın ürəyidir,
sərhədi Qırğızıstandan başlayıb Ağ
dənizədək uzanan, Şimali Kipr Türk Cümhuriyyətinədək
çatan bir coğrafiyadan bəhs edirik. Sibir çöllərindən,
Qazaxıstandan başlayıb, Avropanın Dunay çayına
qədər Macarıstanın yerləşdiyi ərazidən
bəhs edirik. Bu coğrafiyanın böyüklüyü və
gücü göz qamaşdırır. Bu, elə
Avrasiyanın ürəyidir və onun sahibləri bizik. Mənə
elə gəlir ki, önümüzdəki tarixi mərhələdə
məhz bu gün müdrik və böyük liderlərin qəbul
etdikləri qərarlar bu coğrafiyada türk
xalqlarının tarixi missiyasını yenidən özünə
qaytarmış olacaq”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli “525”ə deyib ki, artıq
TDT-nın Zirvə görüşlərinin keçirilməsi
ənənəvi hal alıb. Hər il müxtəlif Türk
dövlətlərində Zirvə görüşlərinin
keçirilməsinin şahidi oluruq. Bu görüşlərin
keçirilməsi birmənalı olaraq Türk dünyası
daxilində inteqrasiya proseslərinə müsbət təsir
göstərir.
“Hər dəfə biz müşahidə edirik ki, hər
sammit aktual mövzuya həsr olunur. Qəbələdə
keçirilən sammitin də mövzusu kifayət qədər
aktual məsələyə - regonal sülh və təhlükəsizliyə
həsr olunmuşdur. Düşünürəm ki, Qəbələ
sammiti regional sülh və təhlükəsizliklə
bağlı Türk dövlətlərinin ortaq
yanaşmasının formalaşmasına, onlar arasında
müxtəlif sahələrdə əməkdaşlığın
dərinləşməsinə ciddi töhfə verəcək”,
- ekspert deyib.
Əlavə edib ki, sammit müddətində bir
sıra dövlət başçıları olduqca maraqlı
təkliflərlə çıxış etdilər: “Həmin
təkliflərin reallaşması bütövlükdə təşkilatın
güclənməsinə xidmət edəcək. O cümlədən
də Azərbaycan Prezidenti 2026-cı ildə birgə hərbi
təlimlərin keçirilməsini təklif etdi. Hesab edirəm
ki, bu təklifin reallaşması da TDT-nın daha da güclənməsinə
və geosiyasi mərkəzə çevrilməsinə ciddi təsir
göstərə bilər. Nəzərə almaq
lazımdır ki, artıq Türk dövlətləri
arasında münasibətlərdə hərbi əlaqələrin
qabardılması ondan xəbər verir ki, Türk
dünyası daxilində inteqrasiya prosesləri xeyli dərinləşib.
Artıq bu inteqrasiya prosesləri yeni bir mərhələyə
daxil olub. Bu günə qədər bir sıra türk dövlətləri
ikitərəfli, yaxud üçtərəfli müstəvidə
hərbi təlimlər keçiriblər, ancaq bütün
Türk dövlətlərinin, TDT-na daxil olan ölkələrin
birgə hərbi təlimlər keçirməsi türk
dünyası daxilində yalnız və yalnız hərbi əlaqələrin
dərinləşməsinə xidmət edə bilər”.
Pərvanə
525-ci qəzet .- 2025.- 9 oktyabr (¹ 183).- S.5.