Qəhrəman "Nigeriyalı"
- İzzət Həmidov
"Azərbaycan Bayrağı"
ordenli Vətən müharibəsi şəhidi
İzzət Həmidovun
anası Vəfa İzzətli: "İzzətimin
tək bir yanlışını, nöqsanını
tapa bilmədim ki, özümə toxdaqlıq verim"
"Torpaq insanı
udanda qəbir olur, insan torpağı
udanda - Şəhid!.. İnsan bütün
yerlərini qəbrə
uduzur, Vətən bütün yerlərini Şəhidə... Bir də,
bu dünyada hamı öz əcəliylə ölür,
Şəhid hamının
əcəliylə"... Yaxınlarda
rastlaşdığım bu
sətirlərin müəllifi
şair Şəhriyar
Del Geranidir.
Acılarımızın
yaşandığı aydır
oktyabr... Beş il əvvəl xoş xəbərlərlə bərabər,
şəhid ağrısını
bizə daha çox yaşatdı bu ay...
Onlar elə
bir nəsil idilər ki, torpaq uğrunda yaşamağın
nə demək olduğunu sözlə deyil, əməllərilə
anlatdılar. Kiçik
yaşlarından sinələrində
böyüyən Vətən
sevgisi beş il əvvəl bir payız günü alova çevrildi. Həmin alov bir xalqın illərlə susan ümidini oyatdı. Onlar müharibəni qorxu ilə deyil, inamla qarşıladılar,
çünki vətənpərvərlik
onlara qanla, ruhla, yaddaşla gəlmişdi. Hər birinin arxasında bir ailə, bir yurd, bir
xatirə və bir də milyonların
duası vardı. Müharibədə isə
tək bir ad uğrunda birləşdilər
- Azərbaycan! Onların
ayaq səsləri torpağın yaddaşında
daşlaşaraq qalacaq.
Çünki bu Vətən onların nəfəsi və şəhadəti ilə bütövləşdi.
44 günün gəncləri
ölümün üzünə
gülümsəməyi bacardılar.
Onlar üçün
qorxu yox, Vətən vardı, rahatlıq yox, borc vardı. Əllərində silah, dillərində dua ilə
getdilər savaşa.
Biri özü ilə
sevgisini, biri nişan üzüyünü,
biri doğulmamış
körpəsinin xəyalını,
biri arxada qalan anasının baxışını apardı
cəbhəyə. Və
onlar bu torpağı cana gətirən addımları
ilə, dastana çevrilən qəhrəmanlıqları
ilə Vətən sevgisini tarixə yazdılar. Qarşıda hər addımın şəhadət olduğunu
bilsələr də,
hər birinin qəlbində qələbə
inamı, zəfəri
görmək ümidi
vardı və əslində bu, onların haqqı idi...
Bugünkü şəhid qəhrəmanımızın
döyüş yolu cəmi on iki gün çəkib. İyirmi yaşlı gənc heç nə düşünmədən
bütün arzu və xəyallarını
bir tək Vətən adına qurban verib. Müsahibimiz
"Azərbaycan Bayrağı"
ordeni, "Füzulinin
azad olunmasına görə", "Vətən
uğrunda" medalları
ilə təltif olunan, cəbhədə
"Nigeriyalı" təxəllüsü
ilə tanınan İzzət Həmidovun anası Vəfa xanım İzzətlidir.
- İzzətin adını soyadınıza
çevirdiniz...
- İzzət ilk övladım
idi, ondan sonra daha iki
qardaşı olsa da, ona olan məhəbbətim
tam fərqli idi və bunu hamı
bilirdi. İki gün əvvəl onun şəhadətinin beş ili oldu
və bu illər ərzində bircə an belə İzzəti anmadığım,
adını çəkmədiyim
günüm olmayıb.
Onun adı bu gün həm
mənim, həm qardaşlarının rəsmi
soyadıdır. Bir millətin
qəhrəmanını yaşatmaq
onun haqqıdır.
- Şəhidimizə olan fərqli ana məhəbbətinin yəqin
ki, səbəbi var...
- Başlanğıcda ailənin ilki kimi olsa da, zamanla
İzzətin fərqli
bir oğul olduğunu gördükcə
ona istəyim, bağlılığım artırırdı.
Onun mənə diqqəti, qayğısı,
sevgisi o qədər fərqli idi ki, bunu kiçik yaşlarından hiss edirdim.
İzzət məni heç zaman kədərli
görmək istəməyib.
Çətin vaxtlarımda
öz yaşı çərçivəsində mənə yardımçı
olmağa çalışıb.
Mən onun əsl kişi, qeyrətli biri kimi böyüdüyünü
görürdüm. İzzətə
biganəlik hissi yad idi. Onları tək böyütdüyümün
fərqinə vardığından
hər zaman mənə
dayaq olmağa çalışırdı. Deyərdim
ki, İzzət vaxtından
tez böyüdü.
O, sanki ailəyə arxa, dayaq olmağa
çalışmaqla demək
istəyirdi ki, ana, sən
tək deyilsən. İzzət təkcə oğlum deyildi, o, mənim dostum, sirdaşım, güvənə
biləcəyim varlıq,
əminliklə arxalandığım
bir dayaq idi. Son nəfəsimə qədər onun varlığını yaşatmaqla
nəfəs alacağam.
- Çətin də olsa, şəhidimizin
iyirmi illik ömür kitabını
vərəqləyək...
- Ortancıl oğlum
Elvindən bir, sonbeşiyimiz Nurlandan yeddi yaş böyük idi İzzət və həmişə də onlardan seçilirdi. Ən əvvəl zəhmətkeş olmağı
ilə. İndiyə qədər İzzətimin
tək bir yanlışını, nöqsanını
tapa bilmədim ki, özümə
toxtaqlıq verim. Kiçik yaşlarından
onu rəqsə qoydum. Yaxşı rəqs edirdi, televiziyalara dəvət alırdı, "Yaxşıların
yaxşısı" nominasiyasının
qalibi də olmuşdu. Amma yaşı
artdıqca baxışları
dəyişdi və səkkizinci sinifdə oxuyarkən dedi ki, ana, demirəm rəqqaslıq pis sənətdir, lakin kişiyə yaraşdırmıram. Bununla
da rəqsdən ayrıldı.
Futbola yaman həvəsli idi və AZAL futbol klubuna gəldi, kubok qazandı. İzzət hara gedibsə,
üzümü həmişə
ağ edib. Onu komandaya qəbul etdilər, rəsmi olaraq maaş da alacaqdı. Lakin İzzətin
böyrəyində kista
vardı və həkimin dediyinə əsasən, futbol onun üçün təhlükəli idi. Top
böyrəyinə dəyərsə,
partlaya bilər. O
zaman onu itirmək qorxusu məni elə bürüdü
ki, ağlayaraq, yalvararaq
İzzəti futboldan uzaqlaşdırdım. Hardan
bilərdim ki, İzzətin
taleyini Tanrı çoxdan yazıb.
- Anaya olan məhəbbəti sonda onu sevdiyi sahədən
ayıra bilib...
- İzzət mənim
göz yaşlarımı
heç zaman görmək
istəməyib, amma beş
ildir bu yaş qurumaq bilmir. On birinci sinfi bitirəndən sonra dedi ki, aşpazlığa getmək
istəyirəm, pitsa,
lahmacun ustası olacağam. Yəni bu uşaq dayanmaq
bilmirdi, fikri ancaq bir işlə
məşğul olmaq,
evə maddi yardım göstərmək
idi. Şəhid Cəbrayıl Dövlətzadə
ilə birlikdə işləməyə başladı.
Tez-tez iş yerinə gedərdim və həmişə haqqında tərif eşidərdim. İzzət
gördüyü işi
mükəmməl öyrənərək
davam edərdi. İşi tez qavrayardı və eyni zamanda cəld
idi. Onu üzən tək bir səbəb
vardı - böyrəyinə
görə hərbi xidmətə yararsız idi və buna görə təqaüd alırdı.
- Bununla belə, o, müharibəyə
getdi...
- Hər şey Elvinin hərbi xidmətə getməyindən
sonra başladı. İzzətlə onun andiçməsinə getdik.
Oradan gələndən
sonra İzzət özünə yer tapa bilmirdi. Axırda qarşıma keçib dedi: "Ana, hərbi forma
geyinmək mənim ən böyük arzumdur. Çox istəyirəm hərbi xidmətə getmək. Nə olar, məni
anla. Səni tək qoymuram ki, Nurlan yanındadır".
Bu dəfə nə göz yaşlarım, nə yalvarışım,
nə qohum-əqrəbanın
sözü İzzətə
təsir etmədi. Təqaüdündən imtina
etdi. Bir il hərbi komissarlığa ayaq döydü, onlarla mübahisə etdi və nəhayət,
2019-cu ilin oktyabr ayında onun üçün çağırıış
vərəqəsi gəldi.
O anda İzzətin sevincini görmək lazım idi. Haramı düzündə
hərbi xidmətinə
başladı.
- Deməli, müharibə
başlayanda İzzət
də, qardaşı
da hərbi xidmətdə
idilər...
- Bəli... İzzəti
mən cəmi iki dəfə gördüm - bir andiçmədə, bir də 2020-ci il fevralın
28-də onun doğum günündə. Həmin
ərəfədə pandemiya
olduğundan məzuniyyətə
belə gələ bilmədi. Elvin hərbi xidmətdən sonra polis orqanlarında işləmək
arzusunda olduğundan çox çalışdı
ki, əsgərlikdə manqa
komandiri seçilsin.
Amma bu, ona deyil, İzzətə nəsib oldu. Hərbi xidmətə getdiyindən qısa bir ara sonra
zəng vurdu ki, ana, məni manqa komandiri seçdilər. Yəni Tanrı İzzətə sanki yaxşı olanı nəsib edirdi. Və bir gün
səhərimizi müharibə
xəbəri ilə açdıq. Hisslərim
o qədər qarışdı
ki, bilmədim dünyanın
hansı bucağındayam.
Uşaqların hələ
heç birindən xəbərim yox idi və az
keçməmiş İzzətdən
zəng gəldi. Dedi
ki, bizi Füzuliyə
göndərdilər. Əslində
isə o, tamam başqa məqsədlə
zəng vurmuşdu. Ağzımı açmağa
macal vermədən dedi: "Ana, birdən xəstəliyimlə bağlı
harasa müraciət edərsən ki, məni arxa cəbhəyə çəksinlər, bunu qəti etmə. Səni nə qədər sevdiyimi bilirsən. Əgər belə bir addım
atarsansa, səni heç zaman bağışlamaram".
İmkan olandan olana zəng vururdu ki, bir-birimizin səsini eşidək. O odun-alovun içində məni də düşünürdü. Ancaq
deyirdi ki, özünə
yaxşı bax ki, burada səndən nigaran qalmayım. İki balası müharibədə olan ananın özünə yaxşı baxmaqmı yadına düşürdü.
Əlim ürəyimdə,
səksəkə içində
idim. İzzət şəhid olandan sonra Elvini ön
cəbhəyə göndərmədilər,
amma hərbi xidməti
bitsə də, yeddi aydan sonra
qayıtdı. Azacıq
təsəllim Elvinin
salamat qayıtmağı oldu.
- 9 oktyabr 2020-ci il...
- Ondan iki gün əvvəl danışmışdım İzzətlə.
Sözü ancaq bu idi ki, ana, narahat olma. Yeməyimiz
də var, dincəlməyə
yerimiz də. Düşməni də qova-qova gedirik. Qələbə bizimdir. Gün gələcək
ki, səni İzzətin
anası kimi tanıyacaqlar, sən də mənimlə fəxr edəcəksən.
Neçə ay idi üzünə həsrət
qalmışdım, yalnız
səsini eşidə
bilirdim. Günlərim
göz yaşı və dualarla keçirdi. Biz əsgər
anaları təkcə
öz övladlarımız
üçün deyil,
bütün əsgər
balaları üçün
dua edirdik. Həmin gecə yenə də göz yaşı içində
yuxuya getdim. Gördüm ki, iş yerindəyəm, İzzətlə
sonbeşimiyiz Nurlan birlikdə mənə yaxınlaşırlar. Birdən
İzzət yox olur, Nurlan tək
girir içəri. Hövlnak yuxudan oyandım, ürəyimin çırpıntısını qulaqlarımda eşidirdim.
Xalam qızına dedim ki, İzzətə nəsə olub, zəng et. Əlimizdə olan bütün nömrələrə zəng
vursaq da, heç kimlə əlaqə saxlaya bilmirdik. Gəldim işə, amma elə vurnuxa-vurnuxa qalmışdım. İzzətdən
gələn bütün
zənglərin nömrələrini
yığıram, heç
birindən cavab gəlmir. Sonda bir əsgər yoldaşı zəng çaldı və hiss etdim ki, uşaq boğularaq danışır.
Dedim ki, mütləq İzzətlə danışmalıyam.
Dedi ki, axşam İzzət
sizə zəng edəcək. Həmin axşam isə İzzət zəng etmədi, özü gəldi - üçrəngli
bayrağa bükülmüş
tabutda. Mən onun şəhid olacağını ağlımın
ucundan belə keçirmirdim. Əmin idim ki, onu qalib
əsgər kimi qarşılayıb bağrıma
basacağam. Son danışığımızda
mənə belə bir söz dedi:
"Kaş ki şəhid
olum. Ana, şəhid olmaq heç bilirsən nə deməkdir? Şəhid olsam, mən Vətənin, Elvinlə Nurlan sənin olacaq". Əsgər dostlarına da şəhid
olacağını demişdi.
Necə arzulamışdısa,
elə də oldu.
- İzzət cəmi on iki günlük döyüş
yolu keçə bildi...
- Vur-tut on iki gün... Sonra komandirindən
öyrəndim ki, İzzət
qarşılıqlı atışmada
şəhid olub. Düşmən tərəfdən
gələn minamyotun qəlpəsi boynunun sağ tərəfinin şah damarına dəydiyindən anındaca
şəhid olub. Mən onun ömürlük
şikəst qalmasına
razı idim, təki quruca nəfəsi gələydi.
Əvvəlcə üzünü
görmək istəyim
olsa da, sonda düşündüm ki, qoy
İzzət öz halı, görkəmi ilə yadımda qalsın. Və inanın ki, bir müddətdən sonra yuxuda İzzəti əlil arabasında boynu çiynində olan bir vəziyyətdə
gördüm. Sanki Tanrı
bunu bir işarə kimi mənə göstərdi
ki, qədərimlə barışım.
İzzət özündən
sonra mənə çoxlu yarımçıq
arzular və bir gecəyə ağarmış saçlar
qoyub getdi.
- Amma sizin daha iki oğlunuz
var, yarımçıq arzuları
onlarla tamamlayarsınız...
- Düz iki il işləmədim, göz
yaşlarım qurumaq bilmədi. Dövlətin İzzət üçün
ayırdığı vəsaitin
bircə manatını
belə, evə gətirmədim. İkinci
oğlum Elvinlə
rayon-rayon gəzib şəhid
ailələrində, qocalar
evlərində, uşaqlar
üçün sığınacaqlarda
İzzətin adına
ehsanlar verdim. Qazilərimizə dəstək
oldum, indi də onların yanındayam. Mən İzzətin şəhid
adından nə özüm, nə də qardaşları üçün istifadə
etdim. İki il özümə çox qadağalar qoydum, lakin sonunda övladlarımın
narahatlığı məni
sanki silkələyib ayıltdı. Onların gəncliyini, həyatını,
arzularını əllərindən
almağa İzzət
heç zaman razı olmazdı. Onlara həmişə deyərdim
ki, üçmərtəbəli ev tikdirəcəyəm, üç oğlum və gəlinlərimlə
birlikdə yaşayacağam.
İnanın həmin
evi və İzzəti bəylik geyimində yuxuda gürdüm. Gəldi, gülümsədi və getdi. Həqiqətən şəhidlər ölmür,
varlıqlarını hər
hansısa bir şəkildə hiss etdirir.
Mən bunun dəfələrlə şahidi
olmuşam. Sualda yarımçıq arzulara
toxundunuz. Həmin arzuları bacardığım
qədər Elvin və
Nurlanda yaşadacağam.
Bunu onların əlindən almağa haqqım yoxdur.
- Şəhid analarının əksəriyyəti
övladının şəhid
olduğu yeri ziyarət edir...
- Mən də getdim, lakin ayağımı
yerə basmağa ehtiyat edirdim. Ən xırda daşın üzərində
belə, sanki qan görürdüm, qulağımda atəş,
qışqırıq səsləri
eşitməyə başladım,
O yerləri görmək
çox ağırdır.
Bir dəfə gedib gördüm, daha istəmərəm, çox
ağrılı mənzərələr
qalıb o yerlərdə.
- Yəqin ki, əlinizdə İzzətdən
yadigar bir görüntü var...
- Xeyr... Onunla bircə dəfə görüntülü danışığımız
oldu. O, Haramı düzündə idi, mən Sumqayıtda. Ətrafı ona göstərdim, bircə onu dedi ki, ana, mən oraları yenə görəcəyəmmi?
Üzünə baxanda
gördüm ki, çox
arıqlayıb. İzzət
nə şəkil çəkdirməyi sevirdi,
nə video görüntülər.
Onu şəkil çəkdirib
bizə göndərməyə
məcbur etmişəm.
Və nə yaxşı əlimdə onlar qalıb. Onun dediyi: "Vaxt olacaq sənə
İzzətin anası
deyəcəklər" sözü
öz yerini tapdı. İzzətin çox qısa döyüş yolu haqqında komandiri mənə belə demişdi: "İzzət
düşmənin bütün
koordinatlarını dəqiqliyilə
tuturdu. Təxəllüsü
"Nigeriyalı" idi.
Qaraşın olduğu
üçün onu belə çağırırdıq.
Sonradan gələn könüllülərə təlim
keçirdi. Topçu
kimi hara lazım idisə, birinci İzzət özünü
önə atırdı".
Əslində eşitdiklərimə
təəccüblənmədim, çünki İzzətin
xarakteri bu idi. Bəzən düşünürəm ki, İzzət
ən azından hərbi forma geyinmək, Vətənə xidmət
etmək kimi arzularına çata bildi. Sonradan onu da bildim ki, şəhid olmaq istəyi də var imiş onun. Təsəllimi onda tapıram ki, övladım
Vətən uğrunda
can qoyaraq, adını
qəhrəmanlar sırasına
yaza bilib. Çox qısa ömür yolu şəhidlik zirvəsində
tamamlanıb. Biz şəhid
analarına onların
təltiflərini təqdim
edəndə, general Polad
Həşimovdan sonra İzzət Həmidovun adı səsləndi. Övlad acısı yaşayan bir ana üçün bu zirvənin dəyərini heç nə əvəz edə bilməz. Şəhid oğullar özlərindən
sonra biz analara övlad acısı yaşatsalar da, bu millətə, bu xalqa azad Vətən
torpağını əmanət
edərək tarixə
şərəfli bir salnamə yazmağı bacardılar.
SÖZARDI: Bəzən bir ömür bir anın içində
əriyir... Həmin anın adı Vətəndir. 44 günün
gəncləri məhz
həmin anı seçdilər, çünki
otuz il yol gözləyən torpağın
hər qarışı
bir yurd, hər cığırı
bir yaddaş idi. Onlar həyatlarını
yox, Vətəni seçdilər. Torpağın
sükutunu öz sədaları ilə pozaraq, adlarını daşlara deyil, insanların qəlbinə
həkk etdilər. Şəhidlər ölmür,
səmanın bir parçasına çevrilərək,
hər səhər şəfəqlə birlikdə
Vətəni oyadırlar.
Bəlkə də elə buna görə azadlığın hər
sədasında bir şəhidin səsi eşidilir. Və tarix o səsləri susmağa qoymayacaq...
Tamilla M-ZADƏ
525-ci qəzet. - 2025.- 11 oktyabr (№185).-
S.12-13.