"Huma quşu"nun ümid töhfəsi
Azərbaycanın istedadlı
və vətənpərvər gənclərindən birinin
- Humay Quliyevanın (1985-2021) xatirəsini yaşatmaq, xeyirxah fəaliyyətini davam etdirmək məqsədi ilə ailəsi tərəfindən təsis olunan
"Huma
quşu" Təhsilə Yardım Fondu 2022-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində
istedadlı, lakin kifayət qədər imkanı olmayan gənc oğlan və qızların ölkəmizdə və Azərbaycandan kənarda yüksək keyfiyyətli
təhsilə cəlb
etmək istiqamətində
bir sıra işlər görülüb.
Fondun prezidenti Humayın anası Şəhla Vəzirovadır.
Onun və İdarə heyəti üzvlərinin birgə səyi ilə Fond aşkarlıq, şəffaflıq
və kollegiallıq şəraitində fəaliyyət
göstərir, istedadlı
və bacarıqlı
gənclərə maddi-mənəvi
dəstək olmağa
çalışır. Ölkəmizin
populyar mətbu orqanlarından biri kimi tanınan, Azərbaycan, rus və ingilis dillərində nəşr
olunan "Nərgiz"
jurnalı bu il sentyabr sayında Şəhla xanımla Fondun yaranma tarixi, fəaliyyəti, iş prinsipləri və gələcəklə
bağlı planları
haqda geniş müsahibə dərc edib. Həmin müsahibənin mətnini
"525" in oxucularına təqdim edirik.
- "Huma Quşu"
Fondu hansı məqsədlə
yaradılıb? Hədəfləri,
prioritet istiqamətləri
nədir?
- 2021-ci ilin mart ayında
ailəmizə faciə
üz verdi. Qızımız Humay Quliyevanı uzaq Kolumbiyada itirdik. Humay Beynəlxalq Qırmızı Xaç
Komitəsində çalışırdı.
Bu ölkənin Medellin şəhərində
Komitənin mülki əhalinin müdafiəsi
qrupunun rəhbəri idi. Bilikli, geniş
dünyagörüşə malik, cəsarətli, vətənpərvər,
həm də romantik təbiətli, macərasevər gənc idi. Ali təhsilini Türkiyənin Bilkent (bakalavr) və ABŞ-nin Kolumbiya universitetlərində
(magistr) almışdı.
Ailəmizin ən rəhmdil, ürəyiyumşaq
- bir sözlə, ən humanist üzvü idi. Təbiətindəki bu xüsusiyyətlər də onu Beynəlxalq
Qırmızı Xaç
Komitəsinə gətirmişdi.
Altı dildə sərbəst danışırdı,
mürəkkəb vəziyyətlərdən
baş çıxarırdı,
insanlarla dil tapmaq qabiliyyətinə
malik idi. Humay həmişə ailəmizin
sevinc və nikbinlik qaynağı olmuşdu. Təbii ki, onu itirməyimiz həyatımızda yalnız
böyük bir kədər deyil, həm də sonsuz bir boşluq
yaratdı. Düşündük
ki, belə parlaq ömür yolu, nəcib əməllər,
xeyirxah niyyətlər
yarıda qala bilməz. Humayın sevimli ifadəsi vardı. Deyirdi ki, "Sonda hər şey yaxşı olacaq. Hələ yaxşı deyilsə, deməli, son deyil". Qızımızın inandığı
bu həqiqəti yaşatmaq üçün
Humayın fəaliyyətini
Humaysız davam etdirmək qərarına gəldik. Nəticədə
Xeyriyyə fondu yaratmaq
fikri meydana çıxdı. Humayın
beynəlxalq təşkilatlarda
çalışdığı dövrdə aldığı
əmək haqqı bankların birində saxlanırdı. Onu bütünlüklə
xeyriyyəçilik fəaliyyətinə
yönəltməyi qərara
aldıq. Humayın təhsilə, kitaba, biliklərə sevgisini nəzərə alıb təhsil sahəsini seçdik. Aztəminatlı
ailələrdən olan
istedadlı, bacarıqlı
gənclərin ölkəmizdə
və xaricdə təhsilinə dəstək
verməyi qərara aldıq. Belə diqqət onlarda ümid yaradır, zəhmətlərinin hədər
getmədiyinə, bacarıq
və istedadlarının
adekvat qiymət aldığına inandırır.
Doğrusu, bu işi əvvəl yalnız qızlar üçün görmək
istəyirdik. Sonra düşündük
ki, gender bərabərliyi prinsipinə
əməl edək, gənclər arasında fərq qoymayaq. Əsas meyar keyfiyyətli təhsilə
can atan gənclərin
maddi imkansızlığı,
bir də onların istedadı, bacarığı, zəhmətsevərliyi
olsun.
- Fond indiyə qədər hansı layihələri həyata keçirib? Hansı nəticələrə nail olub?
- Huma Quşu Təhsilə
Yardım Fondu artıq
üç ilə yaxındır ki, fəaliyyət
göstərir. Bu müddət
ərzində doqquz proqram üzərində işləmişik. İlk proqramımız
İkinci Qarabağ müharibəsi iştirakçılarının
informasiya texnologiyaları
(İT) üzrə təhsilinə
dəstək olub. Müasir dövrdə bu sahənin nə qədər vacib olduğunu hamı başa düşür. Müharibə
alovlarından çıxmış
gənclərin İT təhsilini
maliyyələşdirərkən onların yüksək tələbat duyulan ixtisasa yiyələnib az da olsa, maraqlı,
rahat və təminatlı həyat qura bilmələri amilini əsas götürdük. Digər
proqram istedadlı tələbələrin çoxpilləli
təhsilinə dəstək
səciyyəsi daşıyır.
Bu sahədə artıq
müəyyən uğurlar
var. Məsələn, üç
ildən bəri Fondun maddi-mənəvi yardımı ilə Ankaranın Qazi universitetində
tibb təhsili alan Ranal Qurbanov
seçdiyi ixtisas üzrə Türkiyənin
tibb tələbələri
arasında ilk sıralara
yüksəlib. Başqa
bir təqaüdçümüz
Əziz Pənah Almaniyanın Robert Şuman
adına Ali Musiqi Məktəbində qaboy üzrə təhsil alır. Sevindirici haldır ki, tələbə
olmasına baxmayaraq, bu yaxınlarda artıq Bavariya Dövlət Operasının
orkestrinə işə
qəbul edilib. Fondun ayırdığı
təqaüdlə gənc
soydaşımız Ayan Aslanova
Almaniyada fortepiano üzrə
təhsilini davam etdirir. Başqa bir proqramımız isə ADA universitetinin magistraturasında oxumaq istəyən gənclərə
yardım məqsədi
daşıyır. Həmin
gənclərdən Bibixanım
Səmədova iki ildir ki, burada magistratura təhsilini uğurla davam etdirir. Gələcəkdə
elmi araşdırmalarla
məşğul olmaq
niyyətindədir. Qeyd
etdiyim proqramın davamı kimi 2025-ci ildə "Humayın Təhsil ADA-sı" layihəsini həyata keçirməyə başlamışıq.
Artıq üç nəfər gənc qız ölkəmizin bu seçkin ali məktəbində magistratura təhsili alacaqlar. Fond onların hər birinə 5000 manat qrant ayırıb. Həm də diqqətəlayiq haldır
ki, gənc xanımlardan
ikisi hazırda regionlarda, kənd məktəblərində müəllim
kimi çalışır.
"Kiçik qrant"
adlı proqram da uğurla davam etdirilir. Onun əsası 2023-cü ildə
qoyulub. Layihə üzrə ildə iki dəfə - yaz və payız
çağırışları, yaxud müsabiqələri
keçirilir. Qaliblərə
2500 manat qrant ayrılır.
Məbləğ ilk baxımdan
böyük görünməsə
də, bir sıra hallarda tələbələrin qarşılarına
qoyduqları müəyyən
məqsədlərə çatmasına
ciddi dəstək olur. Bu amili nəzərə alaraq indi proqramın adını dəyişib
"Humayın "Xəyaldan
gerçəyə" proqram"ı
qoymuşuq. İldə
iki dəfə müsabiqə elan edirik. Namizədlərin sayı heç də az olmur. Bu il "Azercell"in maddi dəstəyi ilə Humayın "Qızların
STEM-də yüksəlişi"
layihəsini reallaşdırdıq.
Əvvəlcə 5 nəfər
qalibə qrant ayırmağı düşünürdük.
Lakin müsabiqəyə qatılan
bilikli, bacarıqlı,
yüksək intellektual
keyfiyyətlərə malik gənc qızlar o qədər çox oldu ki, təqaüdçülərin
sayını iki dəfə artırmağı
qərara aldıq. Yəni bu proqram
üzrə 5 nəfərə
deyil, 10 nəfərə
2500 manat həcmində qrant
verdik. Odur ki, "Azercell"lə birlikdə
Fond da eyni məbləğdə
- 12500 manat vəsait ayırdı.
Biz həm də
mentorluq proqramı həyata keçiririk. Tələbələrimizə seçdikləri
ixtisas sahələri üzrə yardım göstərmək, lazımi
istiqamət, yaxud məsləhət vermək
məqsədi ilə mütəxəssisləri prosesə
cəlb etmək qərarına gəldik.
Bu məqsədlə sosial
şəbəkələr vasitəsi ilə təcrübəli mütəxəssislərə
üz tutub mentorluq proqramına qoşulmaları üçün
çağırış etdik. İndiyə qədər artıq 50 nəfərə yaxın gəncə maddi dəstək göstərmişik.
Maddi yardım öz yerində, biz onların hamısını həm də yüksək bilikli, təcrübəli
və bacarıqlı
mentorlarla təmin etmək istərdik.
Başqa bir maraqlı proqramımız Humayın
"Cəsarət qrantı"
adlanır. Bu qrant keyfiyyətli təhsil naminə çətinlikləri
dəf edən, məqsədinə çatmaq
üçün cəsarətli
addımlar atan gənclərə təqdim
edilir. Bu proqramın təsis ideyası Humayın 11 il əvvəl
TEDx Bakıdakı "Cəsarətin
vacibliyi" adlı geniş maraq doğuran çıxışından
irəli gəlib. Humayın həyatı da biri-birindən cəsarətli
addımlardan ibarət
olub.
- Təqaüd proqramlarına əsas etibarı ilə kimlər müraciət edir? Hansı səbəblərdən bu
proqramlara müraciət
edirlər?
- Fondun saytında
göstərilir ki, 16-35 yaş
arasında Azərbaycan
vətəndaşları bizə
müraciət edə
bilərlər. Təbii
ki, akademik göstəricilər
yüksək olmalıdır.
Eyni zamanda hər ailə üzvünə 500 manat və
daha az gəlir
düşməlidir. Müraciət
edənlər bakalavr,
magistr və PhD pilləsində oxuyan, yaxud oxumaq istəyən
gənclərdir.
Onların ehtiyacları müxtəlif
olur: verdiyimiz vəsait bəzilərinə
təhsil haqqını,
bəzilərinə yaşayış
xərclərini ödəməyə,
yeni kompüter almağa,
müxtəlif kurslara
qatılmağa, sertifikatlar
üçün imtahanlara
girməyə, xaricdəki
universitetlərə baş
vurmağa, PhD tələbələri
üçün müxtəlif
konfranslarda iştiraka,
məqalə və tezis çapına lazım olur. Məsələn, az müddət öncə tarix üzrə PhD təhsili alan Aişə Nərimanova adlı gəncin ABŞ-da
təşkil olunmuş
qrabar dili (qədim erməni dili) kurslarında iştirak etməsi üçün giriş vizası və təyyarə bileti almasına yardım göstərdik. Digər xərcləri isə dəvət edən tərəf ödədik.
Yaxud ötən
il Harvard universitetinin təqaüdünü
qazanmış Qəndab
Məmmədovaya dəstək
olduq. Məsələ
belədir ki, tələbələrin
həm də işləyərək təcrübə
qazanmalarını əsas
götürən universitet
onlara proqramda nəzərdə tutulduğundan
3500 dollar az məbləğ ayırır
və həmin vəsaiti təmin etməyi öz öhdələrinə buraxır.
Qəndab Məmmədova
birinci il hansı sahədə işləməyə
çətinlik çəkdiyindən
Fond pulu ödədi, bu yolla da onun
yeni şəraitə adaptasiya
olunmasına, təhsilinə
daha çox diqqət yetirməsinə
kömək etdi. O, həm "Kiçik qrant", həm də "Cəsarət qrantı" qazandı. Maraqlısı budur ki, Qəndab ailəsinin ilk ali təhsil alan üzvüdür.
- Təqaüdçülərin
seçimi zamanı hansı meyarlara üstünlük verilir? Təqaüdçülər sırasına
düşmək üçün
sadəcə akademik göstəricilərin yüksək
olması kifayətdirmi?
- Təqaüdçülərin seçimi bir neçə mərhələdən
ibarətdir. İlk olaraq
Fondun elektron ünvanına göndərilən
sənədləri öyrənirik.
Əgər sənədlər
şərtlərə və
tələblərə uyğundursa,
o zaman sayt vasitəsi ilə göndərilən
müraciətləri qiymətləndiririk.
Bu işlə könüllülük
prinsipi əsasında
işləyən altı-yeddi
nəfərlik ekspert qrupu məşğul olur. Ən yüksək
bal toplayan ilk on iki nəfər müsahibəyə dəvət
olunur. Müsahibə onlayn aparılır. Yekun qərar yalnız bu mərhələnin nəticələri
əsasında çıxarılır.
Kiməsə "çətin",
yaxud "asan" sual verilmir, hamıdan eyni suallara cavab istənilir. Müsabiqə
komissiyasının üzvləri
hər bir iştirakçıya layiq
bildiyi bal verir və sonda
onlar tutuşdurularaq obyektiv orta qiymət
müəyyən olunur.
Bizim üçün
akademik göstəricələrlə
bir sırada (bəlkə də onlardan daha artıq!)
namizədlərin malik olduqları
dəyərlər də
vacibdir. Müsahibə
zamanı verilən suallarla həmin dəyərləri aşkara
çıxarmağa çalışırıq.
- Layihələrin icrasında tərəfdaş
seçimini necə həyata keçirirsiniz? Bilmək istərdik: məsələn "Azercell"lə
əməkdaşlığınız necə başladı?
- Fond təhsilə yardım
məqsədi ilə təsis edildiyi üçün tərəfdaş
seçimində ali məktəblərə üstünlük
verilir. Elə ilk təqdimatı da ADA universitetində
keçirdik. Bu həm
də ictimaiyyət qarşısında ilk çıxışımız
idi. Növbəti ildə isə yenə ADA-da "Bir ilin nəticələri" adlı
hesabat tədbiri oldu. Sonrakı dövrdə "Xəzər",
Slavyan, İqtisad, Pedaqoji universitetlərdə
təqdimat mərasimləri
təşkil etdik. Tədbirlərdən məqsəd
tələbələri Fondun
fəaliyyəti ilə
tanış etmək idi. Eyni zamanda
onların Fondun təqaüd proqramlarından
fəal istifadələrinə
kömək məqsədi
daşıyırdı. Qeyd
edim ki, interaktiv şəraitdə keçən
təqdimat və görüşlər nəticəsində
Fondumuza müraciət
edənlərin sayı
xeyli artıb. Oxşar təqdimat mərasimləri Azərbaycandan
kənarda - Budapeşt
və Vyanada da keçirilib. Əvvəla,
hər iki şəhər Humayın
həyatının müəyyən
dövrü ilə bağlı olub. Digər tərəfdən,
həm Budapeşt, həm də Vyana şəhərlərində çoxsaylı
azərbaycanlı tələbələr
təhsil alır. Şübhəsiz, Bakıda
belə bir Fondun fəaliyyət göstərdiyini bilmək
onlar üçün
də maraqlı idi.
"Azercell"lə əməkdaşlığımız adi bir təsadüf
nəticəsində başladı.
Təsadüfən "Azercell"in
"Həyatı daha
dolğun edirik. Qadınlara dəstək proqramı" mövzulu elanı rastıma çıxdı. Elan bizə
çox maraqlı, perspektivli göründü.
Çünki dəqiq
elmləri təşviq
edirdi. Bu sahədə
yaxşı nəticələr
göstərmiş xeyli
sayda gənc qızlar vardı. Fond olaraq "Azercell"ə
müraciət etdik və həmin layihəni qazandıq.
"Azercell"ə bağlı
uğur hekayəmizin qısa məzmunu, yaxud tarixçəsi budur.
- Bu əməkdaşlıq
çərçivəsində dəstəklənən "STEM-də qızlar" proqramı hansı məqsədi daşıyır?
Ümumiyyətlə, STEM sahəsində
qadınların iştirak
və fəaliyyəti
niyə bu dərəcədə aktualdır?
- Humayın "STEM-də
qızların yüksəlişi"
layihəsi gənc xanımlarımızı dəqiq
elmlər, informasiya texnologiyaları ilə bağlı sahələrə
yönəltmək məqsədi
daşıyır. İndiyə
qədər elə alınıb ki, Azərbaycanda
İT sahəsində daha
çox oğlanlar üstün mövqeyə
malikdir. Biz bu disbalansı aradan qaldırmaq üçün
qeyd etdiyim layihə üzərində
işə başladıq.
Yəni qızlarımızın
riyazi təfəkkürünə
və əqli potensialına bələd
olduğumuz üçün
onların haqlı mövqeyini özlərinə
qaytarmaq istəyirik. İnformasiya texnologiyalarının
sürətli inkişafı
şəraitində digər
məsələlərdə olduğu kimi, bu sahədə də gender bərabərliyi
qorunmalıdır.
Halbuki indi hər yerdə
vurğulanır ki, gələcəkdə
insanların həyatında
humanitar keyfiyyətlər
daha yüksək qiymətləndiriləcək. Onların
musiqi, ədəbiyyat,
incəsənət sahələrindəki
bacarıq və qabiliyyətləri ön
plana çıxacaq.
- Təqaüd qazanmış gənclər
haqda nə deyə bilərsiniz? İlkin nəticələr
sizi qane edirmi?
- Təqaüd kollegial
qərar əsasında
verildiyindən təsadüfi
adamların seçilməsi
çətindir. Çünki
bir nəfəri çaşdırmaq olar.
Lakin 6-7 nəfəri yanlış
fikrə salmaq mümkün deyil. Seçim müxtəlif sahələri təmsil edən ekspertlər tərəfindən aparılır.
Onların çoxu Humayın yaxın dost, həmkar və rəfiqələridir. Humayı
yaxşı tanıyırdılar.
Bu işi də təmənnasız görürlər.
Bir sözlə, yaxşıların
yaxşısını seçməyə
çalışırıq və güman edirəm ki, əksər hallarda buna nail oluruq. Təqaüd proqramının
qalibləri yalnız seçdikləri ixtisas üzrə birinci deyillər. Onlar geniş bilik dairəsinə, əhatəli
dünyagörüşünə, mütaliə mədəniyyətinə
və analitik təfəkkürə malikdirlər.
Mürəkkəb məsələlər
barəsində sərbəst
mühakimə yürütməyi,
fikirlərinin arxasında
dayanmağı bacarırlar.
Vətənpərvər keyfiyyətləri,
millət və xalq sevgisi ilə
seçilirlər. Özlərini
gələcəkdə ölkəmizin
həyatına həsr
etmək fikri ilə yaşayırlar.
Ona görə də əminliklə deyə bilərəm ki, bəli, qane edirlər.
- "Huma Quşu"
Fondu yaxın gələcəkdə
hansı layihələri
həyata keçirməyi
planlaşdırır?
- Payızda Fondun
Azərbaycan Tibb Universitetində təqdimatını
keçirməyi düşünürük.
Noyabrın 1-də Humayın
"Xəyaldan gerçəyə"
müsabiqəsinin payız
çağırışını elan edəcəyik. Nəhayət,
noyabrın 16-da, Humayın
ad günü ərəfəsində Bakı
Musiqi Akademiyasının
Şövkət Məmmədova
adına Opera Studiyasında
ölkəmizin tanınmış
incəsənət ustalarının
iştirakı ilə
böyük Xeyriyyə
axşamı keçirməyə
hazırlıq görürük.
Bir il bundan əvvəl
məşhur cazmen
Salman Qəmbərov və
Bakustik Yazz qrupunun iştirakı ilə belə bir Xeyriyyə axşamı Beynəlxalq Muğam Mərkəzində
keçirildi. Qeyd edim ki, sənət adamlarımız bu tədbirlərdə təmənnasız
iştirak edir, nəcib hərəkətləri
ilə təhsilin inkişafına, istedadlı
gənclərin arzularına
çatmasına öz
töhfələrini verirlər.
Onlara dərin minnətdarlığımı bildirməklə bir sırada fürsətdən
istifadə edib sizi və "Nərgiz" jurnalının
çoxsaylı oxucularını
noyabrın 16-da baş
tutacaq Xeyriyyə axşamına dəvət
etmək istərdim.
525-ci qəzet. - 2025.-
11 oktyabr (№185).- S.16-17.