Prezidentin Qazaxıstan səfəri:
Əməkdaşlıq daha da dərinləşəcək
Azərbaycanla Qazaxıstan arasında münasibətlər
dərin tarixi köklərə malikdir. Xalqlarımızı
birləşdirən bir çox ortaq dəyərlər, dil,
din, mədəniyyət, mənəvi bağlar bu gün iki
xalqın və dövlətin dostluq, qardaşlıq
münasibətlərinə öz töhfəsini verir. Azərbaycan-Qazaxıstan
əlaqələrinin yüksək səviyyəyə
çatmasında təbii ki, prezidentlər İlham
Əliyevin və Kasım-Jomart Tokayevin şəxsi münasibətləri
həlledici rol oynayır. Hər iki prezident dövlət səfərləri
və rəsmi səfərlərdən əlavə, müxtəlif
beynəlxalq tədbirlər çərçivəsində də
tez-tez görüşürlər. Azərbaycan və
Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli
müstəvidə, o cümlədən beynəlxalq və
regional təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq edirlər. Azərbaycan liderinin
oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri
bu dostluğun, qardaşlığın növbəti nümunəsidir
və əməkdaşlığın genişləndirilməsində
yeni bir səhifə açacaq.
Prezident İlham Əliyev son üç ildə
qardaş ölkəyə yeddi dəfə, Prezident
Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər
edib. Dövlət başçısı
"Kazinform"a müsahibəsində
bu məqama diqqət çəkərək bildirib ki, Azərbaycan
ilə Qazaxıstan arasında siyasi əlaqələr
hazırda yüksək dərəcədə möhkəmlik
və qarşılıqlı etimad ilə xarakterizə olunur:
"Ötən onilliklər ərzində xalqlarımız
arasında tarixi qardaşlığa, dostluğa və
qarşılıqlı dəstəyə, ortaq türk
kimliyinin möhkəm təməlinə, oxşar mədəni
ənənələrə və mənəvi dəyərlərə
əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın
möhkəmlənməsinə töhfə verən
mühüm amil ən yüksək səviyyədə
aparılan və dövlətlərarası əlaqələrin
bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə
təkan verən fəal və konstruktiv dialoqdur.
Bu, son üç ildə mənim qardaş ölkəyə
yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə
dinamik inkişafı, yeni uğurları müşahidə etmək
mənim üçün xoşdur... Həmin müddət ərzində
Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı
dəfə səfər edib. Bütün bunlar ölkələrimiz
arasında hərtərəfli tərəfdaşlıq və
qarşılıqlı strateji fəaliyyətin
inkişafına müştərək səylərimizi
nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar
bizə gündəlikdə duran aktual məsələləri
operativ şəkildə həll etməyə və əməkdaşlığın
əsas istiqamətləri üzrə
razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə
imkan verir".
Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr
1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında
Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə
Azərbaycanın Qazaxıstanda səfirliyi açılıb
ki, bu da əlaqələrin daha da dərinləşməsinə
və genişlənməsinə şərait yaradıb.
İkitərəfli münasibətlərin
inkişafının göstəricisi kimi 2008-ci ilin
sentyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycanın
Baş konsulluğu təsis edilib. Bu addım iqtisadi, mədəni
və humanitar sahələrdə əməkdaşlığın
region səviyyəsində də güclənməsinə
xidmət edib.
Hər il iki ölkə arasında tərəfdaşlıq
əhəmiyyətli dərəcədə möhkəmlənir
ki, bu da 170-dən çox sənədi - dövlətlərarası
müqavilələri, sazişləri, memorandumları və
protokolları əhatə etməklə geniş hüquqi
bazanı özündə əks etdirir. Xüsusilə bu il 20
illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında
strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri haqqında müqavilə iki ölkə
əlaqələrinin inkişafında mühüm rol
oynayıb. Bu sənəd əməkdaşlığın
müxtəlif sahələrdə etibarlı əsasını
formalaşdıraraq son illərdə münasibətlərin
daha da genişlənməsinə və dərinləşməsinə
şərait yaradıb.
İkitərəfli əlaqələrdən
danışdıqda, bir çox məqamlarla yanaşı, Azərbaycanın
işğaldan azad edilmiş Füzuli şəhərində
Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi
xüsusi vurğulanmalıdır. Bu, azad olunmuş ərazilərdə
aparılan bərpa-quruculuq işlərinə qardaş ölkənin
dəstəyidir. Qeyd edək ki, hazırda mərkəzdə
100-ə yaxın uşaq təhsil alır.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat,
ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat
və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli
tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq
platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı
(TDT) çərçivəsində əməkdaşlıq
böyük potensial və geniş perspektivlərə malikdir.
Ümumiyyətlə, iki ölkənin iqtisadi-ticari əməkdaşlığının
spektri çox genişdir. Qarşılıqlı ticarətdə
artım dinamikası qeydə alınır. 2024-cü ildə
iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi
470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust
aylarında isə ötən ilin müvafiq dövrü ilə
müqayisədə üç dəfə çox olmaqla, 547
milyon dollara çatıb. Bu artım Orta Dəhlizin
potensialından səmərəli istifadə, nəqliyyat və
logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə
bağlıdır. İki ölkənin investisiya əməkdaşlığı
da möhkəmlənir. Azərbaycanın Qazaxıstan
iqtisadiyyatına investisiyası 225 milyon dollara,
Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon
dollara çatıb.
Nəqliyyat-logistika əməkdaşlığı da
əsas istiqamətlərdən birini təşkil edir. Ötən
il Azərbaycan ilə Qazaxıstan arasında tranzit
daşımaları əvvəlki dövrlə müqayisədə
20 faiz artaraq 3,5 milyon tondan çox olub. Hər iki dövlət
Orta Dəhlizin genişlənməsinə töhfə verirlər
və bu dəhliz ölkələr arasında davamlı və
səmərəli əlaqələrin təmin edilməsində
əsas rol oynayır.
Başqa bir əməkdaşlıq sahəsi isə
yaşıl enerji ilə bağlıdır. Prezident müsahibəsində
bildirib ki, yaşıl energetikanın inkişafı ikitərəfli
gündəlikdə mühüm yer tutur: "2024-cü ildə
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin
birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin
təşviqinə yönəlmiş bir sıra strateji
sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər
ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən
təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks
etdirir".
Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü Fatma Yıldırım
"525"ə deyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq
və müttəfiqlik münasibətləri zamanın
sınağından uğurla çıxmış, dərin
köklərə malik və ardıcıl surətdə
inkişaf edən möhkəm bir bazaya əsaslanır:
"Son üç ildə dövlət
başçılarının qarşılıqlı səfərləri
siyasi dialoqun intensivliyini və iki ölkə arasında olan
münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyir.
Bu səfərlər, eyni zamanda, regional və beynəlxalq
miqyasda ölkələrimizin ortaq mövqelərinin
formalaşmasına, aktual məsələlərin çevik və
koordinasiyalı şəkildə həllinə imkan yaradır.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələr
Türk Dövlətləri Təşkilatı çərçivəsində
də daha da güclənib və bu əməkdaşlıq həm
siyasi, həm iqtisadi, həm də mədəni sahələri
əhatə edir. Keçən il Şuşada keçirilən
ilk qeyri-rəsmi Zirvə Görüşü, eləcə də
bu yaxınlarda Qəbələdə baş tutan 12-ci Zirvə
Görüşü bu birliyin real nəticələr verdiyini
bir daha nümayiş etdirdi. Bu zirvələrdə qəbul
olunan mühüm qərarlar Türk dünyasının
iqtisadi, siyasi və müdafiə potensialının
artırılmasına, regional sabitliyin və rifahın təmininə
xidmət edir".
Qazaxıstandan olan politoloq Almas Aubekerov yerli mediaya
bildirib ki, Prezident Əliyevin Qazaxıstana dövlət səfəri
iki ölkə arasında yüksək səviyyəli
qarşılıqlı etimad və strateji birlikdən xəbər
verir. Dövlət səfərinin formatı münasibətlərin
prioritetliyini vurğulayır, liderlər bir-birinə regional
problemlərin birgə həllinə qadir müttəfiqlər
kimi baxdıqlarını nümayiş etdirirlər. Onun
sözlərinə görə, son illərdə geosiyasi və
iqtisadi amillərin birləşməsi sayəsində Qazaxıstan-Azərbaycan
münasibətlərində aydın yüksəliş
müşahidə olunur: "Birincisi, qlobal dəyişikliklər
fonunda hər iki ölkə ümumi milli maraqlara əsaslanan əməkdaşlığı
gücləndirir. Əlaqələr strateji baxış və
qarşılıqlı dəstək üzərində
qurulub. Yüksək səviyyəli görüşlərin
dinamikası təkcə siyasi etimadın səviyyəsini
deyil, həm də tandemin regional sabitlik üçün artan əhəmiyyətini
əks etdirir. Bu əməkdaşlıq Qazaxıstan və Azərbaycanın
mədəni və tarixi birliyi real iqtisadi və geosiyasi layihələrə
çevirmək üçün səy göstərdiyi daha
geniş Türk inteqrasiyası konsepsiyasına uyğun gəlir.
Qazaxıstan-Azərbaycan tandemi türk inteqrasiyasında əsas
rol oynayır, lakin o, praqmatizm və suveren bərabərliyə
əsaslanır. Onların
müttəfiqlik əlaqələri ortaq tarixi və mədəni
təmələ əsaslanır və bütün tərəflərin
xeyrinə olan müasir layihələrin həyata keçirilməsini
özündə ehtiva edir. Bakı və Astana iqtisadi təşəbbüsləri
- nəqliyyat dəhlizlərini əlaqələndirməkdən
tutmuş birgə investisiya fondlarına qədər, türk
birliyini bəyannamələrdən real fəaliyyətə
çevirməyə təşviq edir".
Politoloq bildirib ki, iki ölkə arasında ticarətin
həcmi artır, hədəf onu 1 milyard dollara
çatdırmaqdır: "Bunun üçün
qarşılıqlı ticarətin strukturunu genişləndirmək
lazımdır. Hazırkı ticarət dövriyyəsi
potensial qarşılıqlı əlaqənin yalnız
kiçik bir hissəsini əhatə edir. Beş il ərzində
ticarət 5 dəfə artaraq 500 milyon dolları ötüb və
2025-ci ilin yanvar-avqust aylarında artıq 547 milyon dollara
çatıb, keçən ilki həcmi üç dəfə
artırıb. Logistikanın daha da modernləşdirilməsi
və məhsul çeşidinin şaxələndirilməsi
ilə 1 milyard dollarlıq hədəfə yaxın gələcəkdə
tamamilə nail olmaq mümkündür".
Əməkdaşlığın əsas sahəsi olan
Orta Dəhlizə diqqət çəkən politoloq deyib ki,
Orta Dəhliz və Xəzər nəqliyyat qovşağı
üzrə əməkdaşlıq hər iki ölkə
üçün strateji və faydalıdır:
"Qazaxıstan və Azərbaycan Asiya və Avropanı
effektiv şəkildə birləşdirir, sanksiyalar risklərindən
azad ən səmərəli və təhlükəsiz
marşrut təklif edir. Tərəflər arasında rəqabət
minimaldır. Əksinə, dəhlizin həyata keçirilməsi
sıx əməkdaşlıq tələb edir: bir
keçidin uğuru birbaşa digərinin faydalarını
artırır. Məhz buna görə də Astana və
Bakının yanaşması rəqabətə deyil,
imkanların artırılması, yeni əməkdaşlıq
yollarının tapılması prinsipinə əsaslanır".
Pərvanə
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.5.