"Təki Vətən
Yaşasın" - Baş leytenantın son nəğməsi
44 günlük Vətən müharibəsi - haqq
savaşımız Azərbaycan tarixinin ən şanlı səhifələrindən
birinə çevrildi. Azərbaycanın, eləcə də
dünya hərb tarixinin yaddaşına qızıl hərflərlə
yazılan bu qələbə xalqımızın nə qədər
yenilməz və qəhrəman ruhlu olduğunu bir daha
sübut etdi.
Bu şərəfli Zəfərin memarlarından biri də
şəhid Əmrah Hüseynli idi - adı dillərdə
dastana dönən, igidliyi ilə millətin başını
göylərə ucaldan, gələcək nəsillərə
torpaq, Vətən, millət sevgisinin nə demək
olduğunu göstərən bir əsgər, bir qəhrəman,
bir əfsanə.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına
əsasən Əmrah Hüseynli ölümündən sonra
"3-cü dərəcli Rəşadət" ordeni, eləcə
də "İgidliyə görə", "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif
olunaraq, Azərbaycan xalqının qürur mənbəyinə
çevrildi.
Əmrah Namiq oğlu Hüseynli 12 oktyabr 1994-cü ildə
Cəlilabad rayonunda dünyaya gəlmişdi. Vətən
sevgisi və hərbi xidmətə olan istəyi onu daha gənc
yaşlarında - 2010-cu ildə Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Liseydə
təhsili dövründə idmanda qazandığı
uğurlar, səyi və intizamı ilə həm
yaşıdlarının, həm də müəllimlərinin
hörmətini qazanmışdı.
Hərbi liseyi yüksək nəticələrlə
bitirən Əmrah 2013-2017-ci illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini
davam etdirdi. "Taktiki kəşfiyyat qoşunları
komandiri" ixtisası üzrə məzun oldu. Daha sonra
Xüsusi Təyinatlı Qüvvələrin "Təməl
komanda" kurslarını müvəffəqiyyətlə
bitirərək, elit hərbi birliyin sıralarında xidmət
etməyə başladı.
2020-ci il sentyabrın 27-də başlanan İkinci
Qarabağ müharibəsi zamanı Əmrah Hüseynli
artıq Azərbaycan Ordusunun baş leytenantı idi. O, "Təki
Vətən yaşasın!" şüarı ilə
döyüşə atıldı. Cəbrayıl, Füzuli və
Murovdağ istiqamətlərində gedən ağır
döyüşlərdə düşmənə
sarsıdıcı zərbələr endirdi, müharibənin
ən qaynar nöqtələrində öz hünərini
göstərdi.
7 oktyabr tarixində Xocavənd uğrunda gedən
döyüşlər zamanı yaxınlığında mərmi
partlaması nəticəsində ağır yaralanmasına
baxmayaraq, sadəcə 4 gün hospitalda qaldı və sonra -
yaralı halda silahdaşlarının yanına döndü.
Döyüş yoldaşlarını tək qoymadı,
mübarizəyə qaldığı yerdən davam etdi.
26 oktyabrda Xocalı rayonunun Çanaqçı kəndi
uğrunda gedən döyüşlərdə Əmrah
Hüseynli qəhrəmancasına şəhid oldu.
Əmrah Hüseynli təkcə bir ailənin, bir
rayonun yox, bütün Azərbaycan xalqının qürur mənbəyidir.
O, şəhadəti ilə bizlərə əbədi bir dərs
verdi: Vətən torpağı namusdur, qorunmalı, sevilməli
və uğrunda canını əsirgəməməlidir.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.14.