"Tank atası"
Şəhid
tankçı Nadir Xəlilovun xatirəsinə
Nadir Ağadadaş oğlu Xəlilov 1984-cü il
noyabr ayının 3-də Astaranın Səncərədi
inzibati dairəsindəki Artupa kəndində anadan olmuşdu.
2008-2019-cu illərdə Artupa kənd tam orta məktəbində
təhsil almışdı.
Ailəliydi Nadir. İndi onun Ağadadaş və Nihad
adlı iki oğlu böyüyür.
Milli Ordunun giziri Nadir Xəlilovun 2003-cü ildə
başlayan həqiqi hərbi xidməti Naxçıvanda sərhəd
qoşunlarında keçib. 2004-cü ildə xidmət
müddəti başa çatıb. Nadirin hərbçi olmaq
qərarı dəyişməyib. 2005-ci ildən MAXe kimi Milli
Ordumuzda xidmətə başlayıb. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin "Gizir
hazırlığı kursu"nda oxuyub. Müxtəlif təlimlərdə
iştirak edib. Z.Tağıyev adına qəsəbədəki
888 saylı hərbi hissədə gizir kimi xidmət edib. Sonra
tankçı olmağa qərar verib.
Nadir Xəlilov 15 illik hərbi xidmət müddətində
müxtəlif fəxri-fərmanlara, 3-cü dərəcəli
"Qüsursuz xidmətə görə" medalına, eləcə
də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi" və "Azərbaycan Silahlı Qüvvələrinin
100 illiyi" yubiley medalı"na layiq görülüb.
Milli Ordunun giziri onlarla texnikanı sıradan
çıxaran tank heyətinin komandiri Nadir Xəlilov
Füzuli uğrunda gedən döyüşlərdə şəhid
olub. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamına əsasən
ölümündən sonra düşmənin canlı
qüvvəsinin və atəş nöqtələrini məhv
etdiyinə görə "Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilib.
Abşeron rayonunda yerləşən N saylı hərbi
hissədə şəhid tankçıların xatirəsi əbədiləşdirilib.
"Şəhidlər ölməzdir" xatirə kompleksi
açılıb. Açılışda azadlıq
savaşında şəhid olan 20 tankçının dəyərli
həyat hekayəsi, igidlikləri xatırlanıb. Onlardan biri
də qəhrəman tankçı Nadir Xəlilovdur.
1-ci tank bölüyünün tank komandiri kimi öz
heyətiylə birlikdə ilk hücuma keçənlərdən
olub cəsurumuz.
Onun haqqında deyilənləri eşitdikcə
heyranlıq duyurdum.
Nadirin atası Ağadadaş Xəlilovun söhbətlərindən:
"Vətən yolunda vuruşmaq hər qeyrətli oğulun,
igidin borcudur. Mənim də oğlumun borcuydu. Müharibə
ağırdı. Amma o mənfur qonşular əl çəkmədilər.
Prezidentimiz neçə ildi sülh yolu ilə
torpaqlarımızı azad etmək istəyir.
Danışıqlar aparır. Ermənilər başa
düşmədilər. Məcbur qaldıq biz.
Torpaqlarımızı onların əlində qoya bilməzdik.
Ona görə də döyüşməliydik. Müharibə
etməliydik. Müharibədə insan ölür. Bizim oğullar
torpağımızı azad etdilər, haqq savaşında
öldülər. Ona görə oğlumla fəxr edirəm.
Sağ olsun. Hamımız, bütün kənd fəxr edir. Azərbaycan
fəxr edir. Prezidentimiz fəxr edir. Biz də prezidentimizlə
fəxr edirik. Nadir hərbini özü seçdi. Əsgərlikdən
gələndən sonra elə "hərbçi olmaq istəyirəm"
deyirdi. Dedim "bu qədər istəyirsənsə, get
ol". Məktəbdə oxuyanda da hərbi oyunlarda iştirak
edərdi, həmişə mükafat alardı. Həvəsi
vardı. Kurs oxudu, təlimlərə getdi. Tankçı
ixtisasını seçdi. Mən özüm də
tankçı olmuşam. Müharibə veteranıyam. Mənim
atam da İkinci Dünya müharibəsinin veteranı olub.
Nadir də vətənpərvər ruhda böyüyüb.
Müharibə başlayanda da döyüşə getməliydi.
Sentyabrın 30-da zəng eləmişdi (Kövrəlir bu məğrur
ata). Dedim özündən muğayat ol. Amma
tankçıydı. Öndə gedirdilər. Vurublar
tanklarımızı".
Qədir Nadirin böyük qardaşıdır:
"Üç bacı, üç qardaş idik. Eyni ailədə
böyüsək də, hər birimizin öz arzuları
vardı. Nadir hərbçi olmağı seçdi. Çox
razı idi işindən. Xoşbəxt idi. Döyüş
yoldaşları onun xidmətindən, peşəkarlığından,
cəsurluğundan o qədər xoş sözlər dedilər
ki, bir daha elə qardaşım olduğu üçün
qürur duydum. 2003-cü ildən əsgər gedib, 15 illik hərbçi
ömrü yaşayıb. Şərəfli, ləyaqətli
bir ömür yaşayıb. Şəhidlik zirvəsinə
çatıb. Hər kəsə belə yaşamaq nəsib olmur".
Həyat yoldaşı Sevda xanımın dedikləri:
"2006-cı ildə tanış olduq, həmin ildə də
ailə qurduq. Sevmişdik bir-birimizi. 14 il birlikdə
yaşadıq. O, sözün əsl mənasında dost idi.
Mükəmməl bir insandı. Yaxşı övlad,
yaxşı qardaş idi. Təkcə öz ata-anasının
yox, mənim anamın da oğlu idi. Qardaşıma
qardaşlıq edirdi. Əsgərlərinə qarşı da
eləydi. Onlara dost, qardaş,
ata kimi qayğı göstərirdi. Övladlarımıza da ən
mükəmməl ata idi. Bilmirəm, onun kimi ata varmı? Belə
bir insanla ailə həyatı qurduğum üçün
özümlə də qürur duyuram. İki gözəl
oğlu böyüyür. Heç peşman deyiləm. Zaman
geri dönsə, şəhid olacağını bilsəm də,
yenə onunla ailə quraram. O, mənim qəhrəmanımdır".
Hərbçi dostlarının sözlərinə
görə, Nadir ən peşəkar tankçılardan biri
olub. Tankın səsindən onun nasazlığını təyin
edə bilirdi. Ona "Tank atası" deyirdilər.
Atası olduğu tankların açdığı
yollarla ərənlərimizin işğalda olan
torpaqlarımızı azad etdiyini bilir yəqin Nadir Xəlilov.
Şuşada dalğalanan bayrağın məğrurluğuna
qoşulub dolanır başımızın üstündə
igidimizin ruhu.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.14.