Berlin arxivindən
Naxçıvana açılan pəncərə
VƏ YA JULİUS VON MİNUTOLİNİN
"NAXÇIVAN-İRAN SƏRHƏDİ" QEYDLƏRİ
Naxçıvan haqqında danışarkən
çox vaxt rus, fars və ya yerli mənbələrə
üz tuturuq. Bu, təbiidir, çünki bölgənin taleyi
əsrlər boyu imperiyaların sərhədində həll
olunub. Ancaq bəzən tarixi öyrənmək
üçün gözlənilməz mənbələrə
müraciət etmək lazım gəlir. Berlinin səssiz
arxivlərinin birində saxlanılan saralmış vərəqlərdən
biri də məhz belə qaynaqlardan biridir. Maraqlıdır,
görəsən, Qafqaz-İran sərhədinin ən həssas
düyünlərindən biri olan Naxçıvan haqqında
XIX əsrin ortalarında Prussiya diplomatik dairələrində
nələr yazılıb? Berlinin "Geheimes Staatsarchiv
Preu?ischer Kulturbesitz" (GStA PK) fondlarından aşkar etdiyimiz
son dərəcə maraqlı bir qovluq 1860-cı ilin
yazında Cənubi Qafqaz-İran xəttinə baxan alman
gözünün birbaşa müşahidələrini təqdim
edir. Bu haqda bir qədər sonra.
"Geheimes Staatsarchiv Preubischer Kulturbesitz" (GStA PK)
nədir və orada nələr saxlanılır?
Bu qurum 1963-cü ildən Prussiya Mədəni İrs
Fondunun tərkibində olan təqribən 800 illik bir
dövrü əhatə edən Prussiyanın irihəcmli Gizli
Dövlət Arxividir. Qurumun adındakı "Geheim"
sözü "gizli" anlamını versə də, buna
tarixi termin olaraq yanaşmaq lazımdır. Təsadüfi deyil
ki, hazırda arxiv gizli qurum deyil və ictimai istifadəyə
açıq bir dövlət arxividir. Adı çəkilən
arxiv Brandenburq-Prussiya dövlətinin mərkəzi idarələrinin
və müəssisələrinin sənədlərinə
cavabdehdir və bu gün həm də SPK-nın öz
qurumlarının arxiv materiallarını qəbul edib qoruyur.
Arxivdə XII əsrdən bu günədək olan
dövrü əhatə edən təxminən 35-38 min rəf
metr həcmində olan sənədlər (fərman və
müqavilələr, iş dəftərləri, protokol və
qeydiyyat kitabları, xəritələr, planlar, müxtəlif
nəsil şəcərələri və kolleksiyalar, hərbi
yazışmalar və s.) saxlanılır.
"Nachitschewan/persische Grenze"
("Naxçıvan/İran sərhədi") qeydlərinin
müəllifi Juliusvon Minutoli kimdir?
Juliusvon Minutoli (tam adı: Julius Rudolph Ottomar Freiherrvon
Minutoli) - XIX əsr Prussiya dövlət xadimi, diplomat,
hüquqşünas-idarəçi, yazıçı və rəssam-rəqqas
(sketcher) idi. 1841-1848-ci illərdə Posen (Poznan) dairəsinin
landratı, 1847-1848-ci illərdə isə Berlinin polis rəhbəri
olub. 1859-cu ildən ömrünün sonunadək Alman
Gömrük İttifaqının (Zollverein) Persiyada
(İranda) minister-rezidenti və baş konsulu kimi xidmət
göstərib. Onun doğum ili mənbələrdə iki
cür verilir: 30 avqust 1804 (Berlin) və ya 1805; vəfatı 5
noyabr 1860 - Şiraz yaxınlığındakı Xanə-Zənian
(Khaneh Zanian) karvansarayında.
Onun atası tanınmış hərbçi-alim və
misirşünas Heinrich (Menu) von Minutoli idi. Julius həm də
istedadlı rəsmçi və kolleksiyaçı kimi
tanınırdı. Minutoli islahatyönlü yazıları və
səyahət əsərləri ilə də məşhurdur.
Onun Avropanın müxtəlif ölkələrində cəza-islahedici
sistemlər haqqında hesabatı (1843), İspaniya, Portuqaliya və
Kanar adaları barədə kitabları (1852-1855) geniş
yayılıb. Persiya missiyası zamanı Cənubi Qafqaz
marşrutu (Tiflis-İrəvan-Culfa-Təbriz) üzrə məlumat
toplayıb. Bu kontekstdə 1860-cı ilin aprelində
Naxçıvan-İran sərhədi barədə arxiv qeydləri
də var.
Maraqlıdır ki, Minutolinin məzarı sonradan
Tehrandakı Xaricilər qəbiristanlığına
köçürülüb, bu gün Almaniya səfirliyinin
bağında onun məzar daşı saxlanılır.
Juliusvon Minutolinin "Nachitschewan / persische Grenze"
("Naxçıvan / İran sərhədi") qeydlərinə
dair düşüncələrimiz
Bu qeydlər sadəcə bir diplomatın şəxsi
təəssüratları deyil, onlar Avropa siyasi dairələrinin
Cənubi Qafqaza baxışını, Arazın sərhəd
xətti kimi necə işlədiyini, Culfa keçidinin beynəlxalq
ticarət yollarında hansı strateji mövqeyə sahib
olduğunu göstərən sənədli sübutlardır.
Juliusvon Minutoli bu qeydləri yazarkən artıq XIX əsrin
ortalarında Avropanın "Şərq siyasəti"
formalaşmaqda idi. Almaniya və digər dövlətlər
Qafqazda baş verən prosesləri yalnız uzaqdan izləmirdilər,
həm də yerində müşahidə aparırdılar.
Onların diqqəti təkcə hərbi-strateji maraqlara yox, həm
də inzibati idarəçilik, sərhəd nəzarəti,
karvan yollarının vəziyyəti və bölgənin
sosial-mədəni mühiti kimi məsələlərə
yönəlmişdi. Bu baxımdan Minutolinin yazdıqları
bizim üçün həm diplomatik tarix mənbəyidir, həm
də Naxçıvanın XIX əsr reallıqlarına
işıq salan bir "Avropa baxışı".
Oxuculara bildirməkdə fayda vardır ki,
sözügedən qeydlər bu gün Azərbaycan elm cameəsinə,
demək olar, məlum deyil və tarixi ədəbiyyatda, təəssüf
ki, tədqiqata cəlb olunmayıb. Hesab edirik ki, bu arxiv
qaynağı tarixçilərimiz üçün
"açılmamış qapı"dır və həmin
qapının arxasında XIX əsrin ortalarında
Naxçıvanın inzibati həyatı, Rusiya-İran sərhəd
rejiminin təfərrüatları və beynəlxalq siyasətdə
bölgənin necə qəbul edildiyi barədə unikal
ipucları gizlənir. Onu da qeyd edək ki, arxivlərin tozlu
qutularında gizlənmiş bu sənədlər təkcə
alimlər üçün deyil, ümumən oxucu
üçün də maraqlıdır. Çünki bu
yazılar vasitəsilə biz Naxçıvanı öz
tariximizin gözü ilə deyil, bir Avropa diplomatının, əcnəbi
müşahidəçinin gözü ilə
görürük. Bu, təkcə elmi araşdırma
üçün yox, həm də ictimai şüur
üçün yeni baxış bucağı yaradır.
"Nachitschewan / persische Grenze"
("Naxçıvan / İran sərhədi") qeydlərinə
dair arxiv mənbəyinin dəqiq şifrəsi haqqında
Haqqında söhbət açdığımız sənədlərin
fond şifrəsi belədir: Fond GStA PK, VI. Hauptabteilung (HA),
Familienarchiveund Nachl?sse. Nachlass Julius Freiherr Menuvon Minutoli (Nl
Minutoli, J. v.), ümumi saxlanma illəri: 1847-1860. Arxiv kataloqunda
Naxçıvanla bağlı başlıq "Nachitschewan /
persische Grenze" VI. HA, NlMinutoli, J. v., Nr. 27 daxilində
ayrıca bənd kimi göstərilir: "Nr. 22". Onu da
qeyd edim ki, kataloqda Nr. 20 əsasən Minutolinin 1860-cı ilin əvvəlindən
ailəsinə məktublarını əhatə edən
yazışmalardır. "Nachitschewan / persische Grenze"
rubrikası Nr. 27-də yer alır.
Minutolinin "Nachitschewan / persische Grenze"
("Naxçıvan / İran sərhədi") qeydlərində
nələr vardır və niyə vacibdir?
Kataloqda "Nachitschewan / persische Grenze"
başlıqlı qeydlərin 1860-cı ilin 6 və 9 aprel
tarixlərinə aid olması Minutolinin Qafqaz-İran sərhədi
boyunca hərəkətdə ikən strateji müşahidələr
apardığını göstərir.
Tarixi baxımdan bu qeydlər Türkmənçay
müqaviləsindən (1828) sonra Araz xəttinin Rusiya-İran
sərhədi kimi oturuşduğu mərhələdə
xarici (Prussiya) müşahidə təqdim edir. Qeyd edək ki, ərazi
kontekstini başa düşmək üçün müqavilə
sonrası sərhədin formalaşmasına dair ədəbiyyat
da bunu təsdiqləyir.
Arxiv materialları Naxçıvan-İran xəttinə
fokuslanır və sənədlər Araz boyunca sərhəd nəzarəti,
keçid məntəqələri və inzibati-hərbi rejimə
dair qeydlərdən ibarətdir.
Minutolinin Prussiya dövlət xidmətini, onun
1859-1860-cı illərdəki İran missiyasını, yəni
rəsmi tapşırıqla bölgədə hərəkətdə
olan şəxs olmasını düşünsək, onun rus və
ya İran mənbələrindən asılı olmayan məlumatlarının
Naxçıvan tarixşünaslığında Avropa qaynaqlı
boşluğu doldura biləcəyi qənaətinə gələ
bilərik.
Bu qeydləri Naxçıvan-İran sərhədi barədə
dərhal hadisə yerindən yazılmış diplomatik
müşahidələr hesab edə bilərik. Tədqiqata demək
olar ki, cəlb edilməyən sözü gedən arxiv
qovluğu Araz xətti, Culfa keçidi, sərhəd nəzarəti
kimi düyün mövzularda yeni detallar üzə
çıxarmaq potensialına malikdir.
Ümid edirik ki, bu qiymətli tapıntımız dəyərli
tarixçilərimizin diqqətini cəlb edəcək və
həmin mənbə təfərrüatlı şəkildə
tədqiq olunacaq.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.13.