Azərbaycan: Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlət

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edən mühüm hadisədir. Səfər zəngin gündəliyə malik olmaqla təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətə malikdir.

Prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Kasım-Jomart Tokayev münasibətləri qiymətləndirərkən deyib ki, Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir: “Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.

İki ölkənin siyasi münasibətləri ən yüksək səviyyədədir, eyni zamanda tərəflər bir sıra vacib sahələrdə, o cümlədən nəqliyyat, logistika, enerji və s. əməkdaşlıq edirlər. Bu baxımdan Orta Dəhliz iki ölkənin əlaqələrində mühüm yer tutur. Səfər zamanı prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Təqdimatda vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib.

Səfər zamanı Prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub. Liderlər Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı, Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarını və Şurasının ikinci iclasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarını imzalayıblar. Eyni zamanda, müvafiq dövlət qurumlarının rəhbərləri bir sıra digər sənədləri imzalayıblar.

Mətbuata bəyanatlarla çıxış zamanı Tokayev İlham Əliyevi tarixi miqyasda görkəmli dövlət xadimi adlandırıb: “Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb”.

Danışıqlar zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu il artım 2 faiz təşkil edib. Tokayev bəyan edib ki, xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik: “Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək”.

Prezident İlham Əliyev bəyanatında Zəngəzur dəhlizinə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq: “Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Dövlət başçısı Vaşinqton sammitinin nəticələrindən biri olan TRIPP layihəsinə də toxunub. Prezident bildirib ki, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir: “Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq”.

Politoloq Zaur Məmmədov “525”ə deyib ki, 2025-ci il ərzində Azərbaycan və Qazaxıstan liderləri bir neçə dəfə görüşüblər. İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, həm Türk Dövlətləri Təşkilatı (TDT), həm də Yüksək Dövlətlərarası Şura çərçivəsində müzakirələr, münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Onun sözlərinə görə, ən yadda qalan hadisələrdən biri 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən TDT sammiti idi: “Sammitdə iki lider türk dünyasının inteqrasiyası, regional təhlükəsizlik, nəqliyyat və enerji dəhlizlərinin genişləndirilməsi istiqamətində vahid mövqe sərgilədilər”.

Politoloq əlavə edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər təkcə diplomatik çərçivədə deyil, həm də praktiki strateji müttəfiqlik mərhələsinə yüksəlib. Bu müttəfiqliyin əsas sütunlarından biri nəqliyyat və logistikadır: “Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən Transxəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) iki ölkəni Şərqlə Qərbi birləşdirən əsas körpüyə çevirib. İkincisi enerji əməkdaşlığı – Qazaxıstanın neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə dünya bazarlarına çıxışı artıq reallığa çevrilib. Bu, Azərbaycanın enerji tranzit mərkəzi kimi rolunu möhkəmləndirir. İqtisadi diversifikasiyaya gəlincə, Qazaxıstanın xammal potensialı və Azərbaycanın sənaye-innovasiya infrastrukturu bir-birini tamamlayır”.

TDT platformasından söz açan Z.Məmmədov deyib ki, Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin liderliyi ilə TDT daxilində vahid ideoloji konsepsiya – “Türk dünyasının birlikdə yüksəlişi” formalaşmaqdadır: “Lakin bu, ideoloji təbliğat deyil, praktik əsaslar üzərində dayanır: ortaq iqtisadi məkan, enerji təhlükəsizliyi, texnologiya mübadiləsi və hərbi təhlükəsizliklə bağlı planları əhatə edir. Azərbaycan və Qazaxıstanın enerji strategiyaları bir-birini tamamlayır. Qazaxıstanın zəngin neft ehtiyatları və Azərbaycanın inkişaf etmiş ixrac infrastrukturu sayəsində iki ölkə Xəzər dənizini iqtisadi körpüyə çeviriblər. Eyni zamanda, yaşıl enerji – külək və günəş potensialının birgə inkişafı da əməkdaşlığın yeni istiqamətinə çevrilir. Beləliklə, Azərbaycan və Qazaxıstan arasında münasibətlər artıq təkcə qardaşlıq” prinsipi üzərində deyil, ortaq maraqlar və uzunmüddətli strateji planlama əsasında formalaşır. Güc birlikdədir. TDT üzv dövlətlərin birləşməsi mütləqdir. Siyasi suverenlik, regional təhlükəsizlik bunu tələb edir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatına diqqət çəkib. Bildirib ki, təqdimat zamanı Orta dəhlizin strateji əhəmiyyəti xüsusi vurğulanıb və 2030-cu ilədək Çindən Azərbaycana daşımaların həcminin 3 dəfə artmasının proqnozlaşdırıldığı bildirilib.

“Birgə layihə Orta dəhlizinin regional imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhfə verirlər. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır. Son illər Orta dəhlizin əhəmiyyətinin daha da artması müşahidə olunur. Bir tərəfdən İrana qarşı sanksiyalar artır, digər tərəfdən isə Yaxın Şərqdəki hələ də sönməyən gərginlik cənub üzərindən yüklərin daşınmasında çətinlik yaradıb. Həm də Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğundan Avropa İttifaqının Orta Dəhlizə marağı artıb. Yalnız 2024-cü ildə Orta Dəhliz vasitəsi ilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4.8 milyon tona çatıb. Beləliklə, Orta Dəhliz vasitəsi ilə Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən, eləcə də qardaş Türkiyə vasitəsilə yüklərin Şərqdən Qərbə, yəni Asiyadan Avropaya daşınması artır”, - deputat deyib.

O, əlavə edib ki, Azərbaycan Orta dəhlizin genişlənməsinə töhfə verən ölkələrdəndir. Həm infrastrukturun genişləndirilməsi, həm Ələt limanının istifadəyə verilməsi, həm də elektron xidmətlərdən geniş istifadə edilməsi Azərbaycan üzərindən yüklərin daşınmasına marağın artmasına səbəb olub: “Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr və bu istiqamətdə gözləntilər də Orta Dəhlizin regionda əhəmiyyətini artıracaq. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya olunacaq və bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yükün Qazaxıstan və Azərbaycan vasitəsilə daşınmasına imkan yaradacaq”.

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 23 oktyabr (¹193).- S.5.