Mənim tanıdığım Əlövsət
Bəşirli
Qələm
arxadaşım (yaş fərqimiz çox olsa da, dostuq) Əlövsət
Bəşirlini 20 ildən çoxdur tanıyıram. Bu illər
ərzində tez-tez görüşmüşük.
Çünki bir-birimizi tanıyandan isinişmişik.
Xarakterimizdə oxşarlıq olduğuna görədir, yəqin.
O, gənc
yaşlarından tanıdığım, bilinən və
görünən jurnalist, publisist, araşdırmaçı
Aynur Bəşirlinin və dövlət görəvlisi Səməd
Bəşirlinin atası, jurnalist İradə Vəkilovanın
həyat yoldaşıdır...
Qəribə
adamdır və onun bu qəribəliklərinin bir qismini
yazıda qeyd edəcəyəm.
Ordan
başlayaq ki, Əlövsət müəllim iki dəfə
yubiley keçirir. Niyə? Çünki yaş
kağızında anadan olduğu il 1939-u göstərir, əslində
isə 1938-də anadan olub.
Əlövsət
Bəşirli gözəl publisist, maraqlı
yazıçıdır. Özü də həyat həqiqətlərini
qələmə almağa üstünlük verir. Özü
salyanlı olsa da, təhkiyəsi ümumazərbaycanlıdır.
O, yaxşı həmsöhbət olmaqla yanaşı,
dostcanlıdır, səxavətlidir. Bunu niyə dedim? İndi
həyatda olmayan (Allah hamısına qəni-qəni rəhmət
eləsin) Nahid Hacızadənin, İlyas Tapdığın,
Oqtay Rzanın, Əlibala Hacızadənin ad günlərini
xüsusi qeyd edərdi, hədiyyələrini də verərdi:
"Bu, sənin qonaqlığın, bu da hədiyyən!"
deyərdi.
Hər
yeni il qabağı bizi başına yığar,
bayramımızı qutlayardı. Keçmiş zamanda
danışmağımın səbəbini özünüz
biləcəksiniz.
Mən bu
yazını əvvəllər də yaza bilərdim, sonra da.
Amma indi əsl məqamıdır. Əlövsət Bəşirli
bir müddətdir ki, xəstədir, hərəkətləri
məhdud olduğuna görə çölə
çıxmır. Hərdən zəngləşəndə
gülə-gülə belə deyir: "Hüseynbəyli,
düzdür, Namiqin yanına (Zeytunluqdakı
"Göy-Göl" restoranını işlədəni nəzərdə
tutur) gedə bilmirik, amma onu bura (yəni evə) gətirmək
imkanı var". Təsadüfən yol keçəndə
ona baş çəkdinsə, buraxmaz. "Kişi
qapısına gəlmisən e, hara gedirsən!" Belə
insandır Əlövsət müəllim. Az qala hər
gün zəngləşirik, hal-əhval tuturuq.
Əlövsət
Bəşirlinin həyat dosyesi zəngindir. O, vəzifəyə
pillə-pillə, ierarxiyaya uyğun qalxıb. Qəribədir
ki, orta məktəbə doqquz yaşında gedib, amma oranı
qızıl medalla qurtarıb, ADU-nun jurnalistika fakültəsinə
daxil olub, oranı da fərqlənmə diplomu ilə bitirib.
Rayon qəzetlərində, radioda, televiziyada işləyib. Mədəniyyət
Nazirliyinin nəşri olan "Mədəni maarif" dərgisində,
Cəlilabad rayonunda çıxan "Taxılçı"
(sonralar "Yeni gün") qəzetində baş redaktor
işləyib, rayon Partiya Komitəsinin ikinci katibi, nəhayət
MTN-nin nəşriyyat şöbəsinin müdiri olub.
Polkovnikdir.
"Taxılçı"nın
baş redaktoru olarkən rayonda tənqid etmədiyi məmur
qalmayıb. "Dəryaz" rubrikası altında
rüşvətxorları biçib töküb. Bu cəsarətinə
görə o zamankı SSRİ Jurnalistlər
İttifaqının xüsusi mükafatını alıb. Əlövsət
Bəşirlinin mükafatları bununla bitmir. O, dəfələrlə
fəxri mükafatlara, medallara layiq görülüb. Azərbaycan
Yazıçılar Bilriyi də onu bir neçə dəfə
fəxri diplomlarla təltif edib. Amma əsas mükafatı
övladlarıdır.
Əlövsət
müəllim keçdiyi həyat yolu ilə fəxr edir.
İki hadisəni isə kövrələrək
xatırlayır: Səmədin heç 16 yaşı yox idi,
Türkiyəyə oxumağa getdi, yaş kağızı ilə.
Onunla gedənlərdən həm yaşına görə, həm
də boyuna görə çox balacaydı. İndi,
maşallah, özün görmüsən də... Təyyarə
göyə qalxanda İradəylə (həyat
yoldaşını nəzərdə tutur) kövrəldik. Birdən müdrik
bir adamın nəsihətini xatırladım: "Əlövsət,
şükran ol! Oğluna heç nə olmaz. Allah səni bir
dəfə sınağa çəkib, övladını əlindən
alıb. Burax getsin. Böyük vəzifə adamı
olacaq!" Toxdadım. Və o müdrik kişinin dediyi kimi də
oldu!
Əlövsət
müəllim bu sözləri əsl polkovnik kimi deyir: zabitəli
və hökmlü, əllərini də yumruq kimi
düyünləyir.
İkinci
kövrək məqam anası ilə bağlıdır.
"Partiya komitəsində ikinci katib işləyirdim. Bir dəfə
işdən evə gələndə gördüm anam
ağlayır. Səbəbini soruşdum, dedi ki, iş
yoldaşların gəlmişdilər, səndən çox
razılıq etdilər "Nə yaxşı belə
oğul böyütmüsən, hamımıza əl tutur,
qayğımıza qalır, - dedilər".
O, rayon qəzetində
baş redaktor olanda, Partiya Komitəsində İkinci katib
işləyəndə qonaq-qarası bol olub. Özü də
ən çox Bakıdan gedən qələm adamları. Bunu
indi həyatda olanlar da, olmayanlar da tez-tez etiraf edirlər, ediblər.
Əlövsət
müəllim övladları ilə, dostları ilə həmişə
fəxr edib, onlar haqqında ürək dolusu
danışıb, danışır da. Amma rəhmətlik
anası Zinyətlə daha çox fəxr edir. "Atam
müharibədə qaldı, qara kağızı gəldi.
Anam o zaman çox cavan idi, bir üzü qız, bir
üzü gəlin. Ərləri müharibədə qalan
qadınların əksəriyyəti
yenidən ailə qurdu. Mənim anamdan başqa. "Mənim ərim
budur" deyə məni göstərirdi.
Əlövsət
Bəşirli haqqında çox yazmaq olar. Məncə, ən
yaxşı məqaləni qızı, həmkarım Aynur Bəşirli
yazıb. "Mən atamı necə sevdim" məqaləsində
o, qocaman yazıçımızın portretini dəqiqliklə
cıza bilib. Bir dəfə Xalq yazıçısı Anara
"Atanızdan niyə çox yazırsınız?"
sualına ustadımız belə cavab verib: "Çünki
onu məndən yaxşı tanıyan yoxdur".
Mən
yazıçı-publisist arxadaşımın bir neçə
maraqlı əsərlini xatırlayıram, öz
keçmişilə bağlı yazdığı
"Ömür yolu" xatirə-povestinin isə redaktoru
olmuşam. "Ulduz"un baş redaktoru olanda bir neçə
hekayəsini, o cümlədən də "Zirvədən
zülmətə" povestini
jurnalımızda çap etmişik.
Özü
də yorulmaq bilmədən yazır. Hətta bu xəstə
vaxtında belə yazı-pozudan, mütaliədən
qalmır.
Son illərdə
"Azərbaycan", "Ulduz", "Yada
düşdü" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə,
"Kaspi", "Ədalət" və "525-ci qəzet"də
povest, hekayə, esse, publisistik məqalə və xatirələri
("Adamsız adam", "İblis xisləti",
"İnsan kimi", "Qürub çağı",
"Üfüqdə qaralan dağlar", "İnam",
"Yalqız", "Gecə yarısı döyülən
qapılar", "Kürün sahilləri, ömrün
dolayları") çap olunub. "Qəsd" romanı onun
ən irihəcmli əsəridir.
Mən 86
(87) yaşını keçmiş qocaman
yazıçımıza Tanrıdan şəfa diləyir,
tezliklə sıramıza qayıtmağını
arzulayıram...
Oktyabr,
2025
Elçin
HÜSEYNBƏYLİ
525-ci qəzet
.- 2025.- 25 oktyabr (¹195).- S.19.