Vətən müharibəsinin yeganə qadın şəhidi
VƏTƏN MÜHARİBƏSİ
ŞƏHİDİ ARƏSTƏ BAXIŞOVANIN ANASI
MƏKTUBƏ XANIM BAXIŞOVA: "MƏN DƏ, UŞAQLAR DA
ARƏSTƏNİ SONUNCU DƏFƏ MÜHARİBƏDƏN
İKİ AY ƏVVƏL GÖRMÜŞDÜK"
Vətən sevgisinin nə
adı olur,
nə sərhədi. Bu sevgi millətlərə,
irqlərə, yaş
həddinə, fərdlər
arasındakı fərqə
bölünmür. Vətən
varsa, onu sevən, qoruyan, dar günündə harayına gələn, düşünmədən canını
belə, fəda edən vətənpərvərlər
var. Amma bəzən Vətən
sevgisi səssiz olur. Əslində o sevginin təmtəraqlı
sözlərə ehtiyacı
yoxdur, çünki vətənpərvərlik duyğusu
bir uşağın gördüyü bayraqdan,
dinlədiyi himndən,
anasından eşitdiyi:
"Vətən sağ
olsun" nidasından
yoğrulur. Bizim torpaq belə sevgidən yaranıb. Hər qarışı bir yaddaş olan Qarabağ da, Araz da, Göyçə də tarixin əmanətidir bizlərə.
Və bəzən tarixin elə bir anını yaşayırıq ki, bir millətin bütöv ruhu o anın içində cəmlənir.
Biri irəli çıxır,
biri səngərə
doğru qaçır,
biri dua edərək Tanrıya əl açır. Amma hamının dilində Vətən adlı kəlmə şüara çevrilir. Vətənpərvərlik
nəsildən-nəslə ötürülən miras
deyil, xalqın geninə vurulmuş bir möhürdür, içindəki torpaq, yurd, Vətən adlı gizli səsdir. O səs zilə qalxarsa, deməli, Vətənə
sahib çıxmaq gərəkdir.
Məhz beş il əvvəl həmin səs dünyanın hər bucağına yayıldı, çünki
torpağın öz övladlarının köməyinə
ehtiyacı vardı. Onlar isə düşünmədən haraya
gəldilər. Vətəni
qorumaq kimi bir amal, bir
məslək uğrunda
44 günlük dastan yazdılar.
Hər ilin bu 44 günü hamımız üçün
həssas və Zəfər qarışıq
unudulmaz günlərdir.
Bu günlərdə mütəmadi
olaraq, şəhidlərimizin
xatirəsini anmaq can borcumuzdur. Bu gün haqqında danışmaq istədiyimiz daha bir şəhidimiz isə fərqlidir. Fərqlidir ona görə ki, Vətən
müharibəsinin ilk və
yeganə şəhid
qızı, ailəsindən
xəbərsiz könüllü
od-alovun içinə
atılan iki övlad anasıdır, iki qardaşın tək bacısı, anasının bircəcik qızıdır. Qəlbindəki
Vətən sevgisilə
böyüyən, döyüş
meydanında qadın cəsarətinin, Azərbaycan
övladının simvoluna
çevrilən Tanrının
yaratdığı zərif
və incə varlıq... Bu şənbə
onun haqqında danışmaq istədik. Şəhid anası ilə görüşüb
söhbətləşmək heç də asan olmasa da, bu gün yenə
daha bir qapını döydük.
Müsahibimiz iki gün əvvəl anım günü olan, Silahlı Qüvvələrin
çavuşu, "Vətən
uğrunda" medalı
və Beynəlxalq Qırmızı Xaç
Komitəsinin qərarı
ilə ingiltərəli
tibb bacısının
şərəfinə təsis
edilən "Florens Naytingel" medalı ilə təltif olunan Arəstə Baxışovanın anası
Məktubə xanım
Baxışovadır.
- Arəstə pedaqoji təhsil alıb, özü də ingilis dili ixtisası
üzrə, amma seçimi tam fərqli bir sahə oldu...
- Biz xeyli müddət Ukraynada yaşamışıq.
Həyat yoldaşım
Fövqəladə Hallar
Nazirliyinin Mühafizə
İdarəsinin rəisi
idi. Çernobıl faciəsi baş verəndə yoldaşım
xilasetmə işlərində
iştirak edərkən
şüa almışdı.
Çox yerlərdə
müalicə olunsa
da, köməyi olmadı.
Hadisədən bir müddət sonra Azərbaycana qayıtdıq.
Arəstə gözünü
açandan atasının
hərbi formasını
geyinməyi sevərdi
və həmişə
deyərdi ki, böyüyəndə
hərbçi olacağam.
Mən isə onu həmişə həkim kimi görmək arzusunda olduğumdan etiraz edərdim. Gülüb deyərdi, ay ana, həkim olacağam, amma hərbi həkim. Həyat elə gətirdi ki, Arəstənin
dörd yaşı olanda atası dünyasını dəyişdi.
Övladlarımın arasında
iki yaş fərq vardı və sonbeşik oğlumun iki yaşı olanda mən üç uşaqla tək qaldım. Uşaqlar böyüdü, lakin mən onların təhsilində daha maraqlı idim, xüsusən də Arəstənin. Həmişə
o fikirdə olmuşam
ki, qız uşağına
təhsil vermək daha vacibdir. Arəstə istəməsə
də, Dövlət Pedaqoji Kollecinə daxil oldu, təhsilini
bitirdi, lakin hərbi sahəyə olan həvəsi ondan uzaqlaşmadı. Nəhayətdə Silahlı
Qüvvələrin Mərkəzi
Hərbi Hospitalında
tibb bacısı təcrübəsi topladı.
Bir ildən sonra isə Beyləqan rayonundakı "N" saylı
hərbi hissədə
operator kimi xidmətə
başladı. Müharibədən
bir il iki ay əvvəl. Yəni qısa müddətli də olsa, arzusunu
gerçəkləşdirdi.
- Atalarını itirəndə
uşaqlar bunu dərk edəcək yaşda deyildilər, amma zamanla onlara
bunu deməli idiniz...
- Biz Ukraynadan Vətənə qayıtsaq da, yoldaşım
ara-sıra ora müalicə üçün
gedirdi. Hər dəfə də əlində böyük çemodanla qayıdardı.
Ən üstdə Arəstənin hədiyyələri
olardı - pal-paltar, uşaq üçün müxtəlif bəzəklər.
Arəstə onun gəlişini səbirsizliklə
gözləyirdi. Onu itirəndən sonra atam nə vaxt
gələcək deyə,
aramsız suallar başladı. Daha sonra atamı istəyirəm deyə, axan göz yaşları.
Bu hal bir neçə il davam etdi. Arəstənin doqquz yaşı olanda mən uşaqları Kərimin məzarı üstünə
gətirdim və dedim ki, atanızın yeri buradadır. O zaman çiyinlərimdən bir
ağır yükün
qalxdığını hiss etdim.
- İki qardaşın bir bacısı kimi yəqin ki, ərköyünlüyü də
olub...
- Arəstə qız uşağı kimi böyümədi, çünki
onun xarakteri bir başqa idi. Çox dəcəl, cəsarətli,
heç nədən qorxmayan bir uşaq
idi. Qardaşlarını
incidən hər kəsin qarşısında
durardı. Uşaqlıqdan
qürurlu idi, heç kəsdən söz götürməzdi.
İndi fikir verirəm
ki, qızı Zəhra
da qoçaqlıqda anasına
bənzəyir. Arəstənin
on iki yaşı olanda mən uşaqları evdə tək qoyub kənddəki torpaq sahəmizdə işləməyə
gedərdim. Qardaşlarının
yeməyi, paltarlarının
təmizliyi, onlara qulluq Arəstənin öhdəsində idi və bunu bacarırdı
da. Evi dolandırmaq, qazanc gətirmək mənim üzərimdə
olduğundan, o, kiçik
yaşlarından mənə
əl tutmağa başladı. Bir dəfə
belə bir hadisə oldu. Arəstənin yeddi yaşı vardı və böyük qardaşı xəstələnib,
mən də kənddə torpaq əkib becərirəm. Görüb ki, qardaşının
hərarəti qalxıb,
ona zoğallı çay verib, lakin qızdırma düşməyib. Təcili
yardıma zəng çalıb ki, tez gəlin, qardaşımın
halı yaxşı deyil. Çağırışa
gələn yaşlı
bir həkim olub. Dərmanı şprisə çəkəndə
görüb ki, həkimin
əlləri əsir.
Deyib ki, verin mən çəkim, həkim razılaşıb.
Sonra Arəstəyə deyib
ki, madam dərmanı çəkdin,
iynəni də özün vur. Yerini göstərəndən
sonra Arəstə qorxmadan iynəni qardaşına vurub. Bu söhbəti həmin həkim hara gedərdisə,
danışardı. Yəni
bu qızda nədənsə ehtiyat edərək çəkinmək
kimi xarakter yox idi. İşdən
qəti qorxmazdı.
Bir pomidor sahəmiz vardı, o, mənimlə gələr, torpağı
təmizləyər, əkər,
tərəvəz yığar
və bütün işləri ürəklə
görərdi. Ona görə
ki, Arəstənin böyük
ürəyi vardı.
İndi həmin sahə
mənim üçün
ürəyimi boşaldacaq
bir yerə çevrilib. Ancaq orada ürəkdən hönkürüb ağlaya
bilirəm ki, bu da məni xeyli sakitləşdirir.
- Deməli, Arəstəyə
məhəbbətiniz də
fərqli olub...
- Mən bu fikri
dəfələrlə demişəm,
təəssüf ki, oğul
anaları bəzən
məndən inciyir. Qız övladı anaya daha yaxın
olur. Qızınla hər dərdini-sərini
bölüşə bilirsən,
hansı ki, bunu oğulla etmək olmur. Qız olan evdə bərəkət, hüzur
olur. Çox xırdalıqlara getmək
istəmirəm, qızı
olan ana xoşbəxtdir.
Biz ana-bala bir-birimizlə
nəfəs alırdıq.
Hər işimdə Arəstə mənim sağ əlim idi. Ataların bir məsəli var - oğul kimi qız. Arəstə məhz elə biri idi. Mən
bilmirdim onun içində nələr
vardı, nələr
bilirdi, 2020-ci ilin iyul ayının əvvəli idi, on beş günlük məzuniyyət götürmüşdü
ki, uşaqları ilə
vaxt keçirsin. Həmin vaxtda bir gün çox
aramla soruşdu ki,
ana, mənə nəsə
olsa, nə edərsən? Fəryaddan
başqa bu suala nə cavab
verə bilərdim.
Aradan bir qədər keçdi yenə dedi ki, mən atamın yaşına çatan deyiləm. Ağlayaraq dedim ki, ağzından yel alsın, bu nə fikirlərdir gəlir ağlına.
Sonra yenə nə düşündüsə, dedi
ki, onsuz da torpağın
üzü soyuqdur, bir az ağlayıb
unudacaqsan. O, şəhid
olandan sonra Arəstənin hər sözünü xatırlayıb
özlüyümdə xırdalayardım.
Düz iki il gözümün yaşı
qurumadı. Heç nə ilə ovuna bilmədim. Bilirdim ki, Arəstənin məndə iki əmanəti var, onlar üçün ayaqda qalmağa borcluyam. Ovuna bilmirdim. Mən yuxulara çox inanıram və bir gecə
yuxumda gördüm
ki, Arəstə məni
arxadan qucaqladı, üzünü görmədim.
Dedi ki, ay ana, sən niyə bu qədər
ağlayıb üzülürsən,
axı mən hər addımında sənin yanındayam. Həmin yuxudan sonra sanki özümə
gəlməyə çalışdım.
Balamın həyatda naxışı gətirmədi.
Taleyi uğursuz oldu, uşaqlarından doymadı, onlarla bağlı arzuları yarımçıq qaldı
və sonda ömrü çox qısa oldu. Mən əsla üsyan etmirəm, bir ona yanıram
ki, əcəl Arəstəni
vaxtsız yaxaladı,
onu övladlarına bağışlamadı.
- Hərbçilərin xarakterində
ciddilik və sərtlik olur, yəni bu, onların
xidməti işindən
irəli gəlir. Amma
Arəstə bir qadın, bir ana idi, onda bu,
özünü çox
büruzə verməzdi...
- Sərtlik deməzdim, amma ciddilik çox
idi. Uşaqlarının
təhsilinə qarşı
çox ciddi və tələbkar idi. Həmişə onlara deyirdi ki, həyatda öz ayaqlarınız üzərində
dayanmağı bacarın.
Nənəniz yaşlıdır,
mən də qocalacağam, yaxşı
oxuyub təhsil alın ki, sabah heç kəsin əlinə baxmayasınız.
Mən də, uşaqlar da Arəstəni
sonuncu dəfə müharibədən iki ay
əvvəl gəldiyi
on beş günlük
məzuniyyətdə gördük.
Mərdana bahalı velosiped aldı, Zəhraya bir cüt sırğa. Dedi ki, bəlkə sonra almağa imkan olmadı. Arəstənin arzusu Mərdanın İngiltərənin
Oksford Universitetində
təhsil alması idi. Ataların bir məsəli var - niyyətin hara, mənzilin
ora. Düzdür, Arəstə olanları görmədi, lakin bu gün dövlətimizin
qayğısı ilə
Mərdan Bakı Oksford məktəbinin sonuncu, Zəhra isə doqquzuncu sinfində oxuyur. Mərdanın anasının
arzuladığı ali
təhsil ocağında
oxuyacağına inamım
böyükdür. Mən
onlara nə qədər diqqət ayırıb qayğı göstərsəm də,
ana sevgisini, ana hərarətini
əvəz edə bilmirəm. Çox ağır bir yükdür, ömür vəfa etsin ki, bu uşaqların analarının arzusunu yaşatdığını görə
bilim.
- Bir səhər isə qəfil müharibə xəbərilə açıldı...
- O zaman pandemiya dövrü idi, dərslər onlayn keçirilirdi. Mən də uşaqları götürüb
rayona gəlmişdim.
Həmin günü səhər bazarlıq etməyə çıxdım
uşaqlarla. Bir də
gördüm bazarda hamı bir-birinə dəydi, xəbər yayıldı ki, müharibə
başlayıb. Əl-ayağım
süstləşdi, evə
necə gəldim bilmədim. Arəstəyə
zəng çaldım,
cavab olmadı. İkinci dəfə yenə cavab gəlmədi. Üçüncü
dəfə axır
ki, səsini eşitdim.
Bircə onu dedim ki, bala, müharibə başlayıb,
özünü qoru. Çox aramla cavab verdi ki, mən hospitaldayam, döyüş bölgəsində
deyiləm ki, özümü
qoruyum, narahat olma. Həm də bu müharibə
bir gün olmalı idi, illərlə verdiyimiz itkilərin, Xocalı fəryadının, qaçqın
və məcburi köçkünlərin, günahsız
körpələrin intiqamı
mütləq alınmalı
idi. Sən özündən və uşaqlardan muğayat ol. Gözün üstlərində olsun. Bilirəm ki, onların qayğısına yaxşı
qalırsan. Onu Allaha əmanət edib, sağollaşdıq və həmin andan narahat günlərim
başlandı.
- Amma əlaqə saxlamaq imkanınız olurdu...
- Həmişə yox. Mən Arəstənin cəbhəyə könüllü
yazıldığını şəhid olduğu gün bilmişəm. Ara-sıra danışanda sözüm ancaq bu olurdu ki, balalarına
görə özünü
qoru. Hər dəfəsində də hospitaldayam, yaralılar çox olduğundan bizə telefonla danışmağa icazə
vermirlər deyirdi. O, məni inandırmağa çalışsa da, əlim
ürəyimdə səksəkə
içində günləri
keçirirdim. İçimdə
təlatüm var idi, amma bunu heç
kəsə bildirmirdim.
Arəstə şəhid
olmazdan üç gün əvvəl isə ardıcıl yuxular gördüm. Xeyli vaxt idi
yoldaşımı yuxumda
görmürdüm. Oktyabrın
iyirmisi Kərim yuxuma gəldi. Əynində hərbi
forma vardı, hərbi
marş səsi gəlirdi. Yoldaşım üzümə belə baxmadan irəlidə qaçırdı, əsgərlər
də onun arxasınca. Yuxudan ayılıb Allaha yalvarmağa başladım.
İkinci gecə isə gördüm ki, Arəstə ilə mənim kənddə qaldığım ev yarıldı, dərin quyu açıldı və mən düşdüm ora. Nə qədər qışqırdımsa, harayıma
heç kəs gəlmədi və quyudan çıxa bilmədim. Bu iki yuxunun təsirindən çox həyəcanlandım.
Namaz qılıram, dualar edirəm, nəzir paylayıram, bilmirəm nə edim. Artıq oktyabrın iyirmi üçü idi. Axşam tərəfi Arəstə Mərdanla danışıb, həmişəki
kimi tapşırıqlarını
verib. Dərslərinə
fikir ver, bacına nəzarət elə, nənənin sözünə qulaq asın. Şəhid olmazdan bir saat
əvvəl...
- Və...
- Saat ona yaxın
böyük oğlum zəng çaldı ki,
ana, bacı yaralanıb,
gəl gedirik. Pandemiya olduğundan nəqliyyat yox idi, ancaq qatarla
gedib-gəlmək mümkün
idi. Qatar isə Xaçmazdan gecə saatlarında keçirdi. Vaxta var idi deyə,
həyətdən iki
çolpa kəsib təmizlədim ki, orada bişirib suyunu Arəstəyə içirdərəm.
Mən bu xəyallarda idim, bilmirdim ki, fələk evimi yıxıb. Səhər çatdım
Bakıya. Xaçmaz,
Şabran, Binəqədi
hərbi komissarlıqları
maşın ayırmışdılar.
Mən və iki oğlum yollandıq cəbhə bölgəsinə. Gəlib
çatdıq Cəbrayılla
Füzuli arasındakı
böyük hərbi səhra hospitalına. Ömrümün sonuna qədər gördüyüm
o mənzərəni unutmaram.
Uzun bir yer idi, mənə
dedilər ki, sağa-sola
baxma. Gördüklərindən
yan keçmək mümkün deyildi. Yuxarı tərəfdə
üstünə ağ
çəkilmiş bir
cənazə vardı.
Diqqətlə baxanda kənara sallanan uzun saçlar gördüm və qızımı tanıdım.
Hiss etdim ki, yerə çökürəm. Bir onu
eşitdim ki, qardaşları
məni tutub dedilər ki, ana, sən Mərdan və Zəhraya görə ayaqda qalmalısan. Sonra komandiri ağlaya-ağlaya
mənə yaxınlaşıb
dedi ki, nə qədər israr etsək də, Arəstə yaralı əsgərlərimizə döyüş
meydanında yardım
etməkdən çəkinmədi
və Qubadlı döyüşləri zamanı
şəhid oldu. Güllə alnından dəymişdi. Mənə
onun yaralı olduğunu dediklərindən
bütün yolu Allaha yalvararaq gəlmişdim ki, həyat
bir dəfə mənə itki yaşadıb, övlad acısına isə tab gətirə bilmərəm.
İçəridə yaşlı
bir kişi vardı, mənə yaxınlaşıb dedi
ki, iki oğlumun parçalanmış əzalarını
tapa bilmirəm. Sənin
övladın əlindədir,
bəs mən nə edim? Kişinin
sözləri mənə
bir qədər toxtaqlıq verdi. Hələ də tapılmayan şəhidlərimiz
var ki, anaları illərdir
onları gözləyir.
Arəstənin əynindəki
köynəyin cibindən
bir kağız parçası çıxdı.
Bilirsiniz orada nə yazılmışdı?
Uşaqlar hansı saatda dərsə gedəcək, onların dərs cədvəli və neçədə evə qayıdacaqlar. Od-alovun içində də, o, övladlarına
nəzarət edib.
- Ən böyük ağrı bu xəbəri övladlarına
bildirmək idi...
- Oktyabrın iyirmi dördü şəhid balamı götürüb
Bakıya qayıtdıq,
birbaşa Heydər məscidinə aparıb orada qoyduq. Evə
qayıdanda həyət
adamla dolu idi. Yolboyu Mərdan
dəfələrlə mənə
zəng çalıb
ağlaya-ağlaya qışqırırdı
ki, nənə, düzünü
de, anama nə olub? Ona nə deyəcəyimi bilmirdim. Tək onu deyə
bildim ki, çatım
hər şeyi biləcəksən. Mən
evə girəndə Mərdan məndən heç nə soruşmadı, susqunluğundan
anladım ki, hadisədən
xəbərdardır. Sonradan
dedi ki, evdə əşyaların üstünə
örtük salanda, mən həqiqəti bildim. Zəhra isə mənə yaxınlaşıb tək
bunu dedi - nənə, yetimlik mənim alnımamı yazılıb? Bir möcüzə
də dəfn zamanı baş verdi. Anasının şəklini sinəsinə
basan Mərdan son ana qədər bir çaşqınlıq içində
idi. Dedi ki, bəlkə dəfn olunan heç mənim anam deyil, əminsiniz ki, odur? Bu anda sanki
bir meh əsdi və Arəstənin saçından bir tel kəfənindən çıxdı. Bu, Mərdanın
ehtimalına bir işarə idi. Əbədi ayrılıq
anında belə, Arəstə oğlunun şübhəsinə son qoya
bildi.
- İki həftədən sonra isə qələbə xəbəri
bütün qapıları
döydü...
- O xəbəri eşidəndə
sevinc ilə ağrı qarışıq
bir hiss yaşadım...
Hönkür-hönkür ağladım...
Bu həm sevinc, həm də bir şəhid anasının göz yaşları idi. Tanrı möhlət versəydi, tək Arəstə deyil, bütün şəhidlər
bu qələbəni görərdilər. Həmin
anda şahidi olduğum hərbi səhra hospitalı göründü gözlərimə.
Nədənsə mənə
elə gəldi ki, gördüyüm o dəhşət
saçan məkan belə, şəhidlərimizin
ruhu ilə işıqlandı. Arəstə
həmişə deyərdi
ki, ana, bizim elə oğlanlarımız var ki, icazə
verilərsə, bircə
saata İrəvana qədər gedərlər.
Mən ona sevindim ki, yerə baxan gözlərimiz qalxdı, aşağı
əyilən başımız
dikəldi, alnımızdan
illərin ləkəsi
silindi. Çoxu bizə istehza ilə deyirdi ki, bir ovuca sığmayan
məxluqlarla niyə bacarmırsınız. Bu sözü
dəfələrlə eşitmişəm.
Bizim ağrımız
nə qədər acı olsa da, şəhidlər Qarabağ
adlı bir yükü övladlarının
çiyinləri üzərindən
götürdü. Bütün
dünya şahid oldu ki, ədalət həmişə haqq yolu ilə yürüyənlərindir.
Bu gün illərlə
yurduna həsrət qalanlar yavaş-yavaş elinə dönür. Bir duam da odur ki, bütün yurd yerlərində yanmayan ocaq qalmasın.
SÖZARDI:
Ananın duasına
biz də öz duamızı qataq. Torpaq ana nəfəsi kimi isti, Vətən
övlad sevgisi kimi saf qalsın.
Heç bir ana göz yaşlarını
içinə axıtmasın,
heç kimsə oğul, ata, qardaş yolunun intizarını çəkməsin.
Hər qapıdan uşaq gülüşünün
sədası eşidilsin.
Şəhid ruhları
boylanan Vətən səmasından bir daha savaş alovu saçmasın.
Tamilla M-ZADƏ
525-ci qəzet .-
2025.- 25 oktyabr (№195).- S.12-13.