Şəhidlik: əbədi yaşamağın ülvi
düsturu
CANI BAHASINA
ƏBƏDİYAŞARLIQ QAZANANLAR SIRASINDA DƏYANƏT
BEYDULLAYEV DƏ VAR
Şahanə
MÜŞFİQ
Hər xalqın
yaddaşında “şəhid”
anlayışı müqəddəs
bir zirvəyə çevrilir. Çünki
şəhidlik insan ömrünün ən ülvi, ən saf məqamıdır - torpağa deyil, əbədiyyətə qovuşmaq
anıdır. Azərbaycan
üçün bu anlayış xüsusilə
dəyərlidir. Çünki
bu torpaq yüzlərlə nər oğulların qanı ilə azadlığına,
kimliyinə, qüruruna
qovuşub.
Ötən əsrin
90-cı illəri Azərbaycanın
tarixində həm faciə, həm də dirçəliş
dövrü idi. Xalq azadlıqla bərabər, ağrıya
da, savaşın ən sərt üzünə də sinə gərdi. Qarabağda başlayan müharibə hər bir ailənin qapısını döydü,
hər evdə bir oğul, bir ata vətənin
müdafiəsi üçün
yola salındı. Kimi qayıtdı, kimi isə torpağa
- əbədiyyətə qovuşdu.
Amma onların hamısı bir ideyanın daşıyıcısı
idilər - Vətəni
canı, qanı bahasına qorumaq ideyası.
Daxili Qoşunların
sıravi hərbi qulluqçusu Beydullayev Dəyanət Qiyas oğlu da həmin
o fədakar oğullardan
biri idi. O, öz həyatı ilə sübut etdi ki, Vətən
üçün yaşamağın
ən ali forması onun uğrunda ölməyi bacarmaqdır. Dəyanət
kimi oğullar müharibəni seçmirdilər,
onlar sadəcə vətəni qoruyurdular. Və bu qoruma
instinkti, bu sevgi, bu sədaqət
bir millətin diriliyinin, ruhunun təminatıdır.
Dəyanət Qiyas oğlu Beydullayev 1974-cü il iyulun 3-də Göyçay
rayonunun Cəyirli kəndində anadan olub. Doğma Cəyirli kəndində səkkiz illik orta məktəbi başa vurduqdan sonra təhsilini Göyçay şəhər
5 saylı orta məktəbdə davam etdirib.
Ta uşaqlığından
ticarətçi olmaq
arzusu ilə yaşayan Dəyanət özünün sakit təbiəti, dərslərinə
olan diqqəti, yüksək əxlaqi keyfiyyətləri ilə müəllimlərinin, onu
tanıyan hər kəsin sevimlisi idi. Hələ uşaq yaşlarına baxmayaraq, özündən
böyüklərin hörmətini
qazanan bu gənc oğlanın Vətəninə olan sevgisi də hər kəsə, xüsusən, yaşıdlarına
bir nümunə idi.
O, 1991-ci ildə 58 saylı texniki-peşə
məktəbində “ticarət
kursu”nu müvəffəqiyyətlə
bitirərək öz
arzularına doğru daha bir qətiyyətli
addım atmışdı.
Lakin elə həmin illərdə başlanan Qarabağ müharibəsi Vətənin
qeyrətli oğulları
kimi Dəyanəti də dərindən sarsıtmışdı. Hər
gün işğal olunan torpaqlarımızın,
oradan məcburi köçkün düşən
yurddaşlarımızın ürəkdağlayan xəbərləri
Dəyanəti öz isti evində oturmağa imkan vermir və o, “Vətən çağırır,
getməliyik” - deyərək
hərbi çağırış
məntəqəsinə gedib
könüllü şəkildə
Vətən borcunu yerinə yetirməyə yollanır.
Dəyanətin qısa, amma şərəfli ömür
yolu 7 sentyabr 1992-ci ildə Füzuli rayonunun Dilağarda kəndində şəhidlik
zirvəsi ilə sona yetir. Bu
döyüşlər onun
və digər silah yoldaşlarının
son döyüşü
olur. Nə acı taledir ki, məhz həmin
gün Dəyanətin
atası Qiyas kişi oğluna sovqat aparıbmış. Amma o sovqat Dəyanətin
qisməti olmur. Onun silah dostları
ataya bu xəbəri verə bilmirlər və “oğlun yaralanıb, hospitala göndərilib” -
deyə təsəlli
edirlər. Beləcə,
başlanır dərdli
atanın Dəyanət
axtarışları. Amma
nə yazıq ki, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid
olan Vətən oğlunun mübarək nəşi yalnız noyabrın 25-də tapılaraq
ailəsinə təhvil
verilir. Beləcə, D.Beydullayev doğulub, boya-başa çatdığı
dogma yurdunda - Göyçayın Cəyirli
kəndində torpağın
qoynunda əbədi ünvanına köçür.
Şəhidlik - ölümü məğlub
edən həyat
Şəhid olmaq sadəcə savaş meydanında ölmək deyil. Şəhid olmaq həyatını bir amal uğrunda fəda edib onu mənalandırmaqdır.
Çünki ölüm
bir son deyil,
şəhid üçün
yeni başlanğıcdır.
Onlar susqun dodaqları ilə, minlərlə qəlbdə
yaşayan səsləri
ilə bizə “yaşa” deyirlər.
Hər şəhidin hekayəsi bir dərsdir. Onların həyatı bizə öyrədir ki, Vətənə sevgi boş sözlərlə deyil, əməllə sübut olunur. Dəyanətin atdığı
addım da məhz bu idi. Onun
seçimi sadə idi, amma əzəmətli
“Vətən varsa, mən varam; Vətən yoxdursa, mən kiməm?” şüarının əbədi
nümunəsinə çevrildi.
Bu sual onun içində
bir and, bir and içində də bir əbədiyyət doğurdu. O, Vətənin
çağırışına öz həyatı ilə cavab verdi, silaha sarıldı,
döyüş yoluna
çıxdı. Gənc
yaşına, heç
müharibə görməyən
körpə ömrünə
rəğmən, onun
qəlbində qorxu yox, inam vardı.
O bilirdi ki, bu döyüşlər onun
ömrünü yarıda
kəssə də, unudulmayacaq, çünki torpağın özü şəhidlərin ruhu ilə yaşayır.
Qarabağ - həm ağrı,
həm qürur
Qarabağ təkcə bir
coğrafiya deyil, xalqın ruhudur. Hər daşında, hər bulağında bir şəhidin nəfəsi, bir ananın duası, bir döyüşçünün
izi var. O dövrdə
- 1990-cı illərdə - Azərbaycan hələ müstəqilliyini təzəcə
qazanmışdı. Dövlətin
sütunları bərkiməmişdi,
amma xalqın iradəsi dağ kimi möhkəm idi. Məhz bu iradə sayəsində
minlərlə oğul,
o cümlədən Dəyanət
kimi qəhrəmanlar öz canlarını torpağa sipər etdilər.
Onların mübarizəsi hərbi
savaşdan daha çox, mənəvi savaşı idi. Qarabağ uğrunda döyüşmək Azərbaycanın
kimliyini, tarixini, mədəniyyətini, bütünlüyünü
qorumaq demək idi. O döyüşlərdə
kəsilən hər nəfəs gələcəyin
azad nəfəsi üçün verilmiş
qurban idi. Bu gün azad Şuşa,
Laçın, Kəlbəcər
onların ruhunun nurunda parlayır.
Bir şəhidin adı min ürəkdə yaşayır
Bəzən bir insan ölür, adını bir küçə daşıyır. Bəzən
isə bir insan ölür, minlərlə qəlbin içində yaşayır.
Dəyanət kimi şəhidlər minlərlə,
milyonlarla qəlbdə
əbədi yaşayan
qəhrəmanlarımızdır. Onların adı yaddaşımızda, dilimizdə,
dualarımızda yaşayır.
Çünki şəhidin
adı daşda yox, bir xalqın
vicdanında əbədiləşir.
Hər dəfə bir şəhidin adını
çəkiləndə bir
millət ayağa qalxır. Hər dəfə onların ruhuna “Allah rəhmət eləsin” deyiləndə,
Vətən bir az daha müqəddəsləşir.
Çünki şəhid
qanı ilə yuyulmuş torpaq artıq sadəcə torpaq deyil, Vətəndir,
yurddur, yaddaşdır.
Dəyanət... Nədir bu adın mənası? Dəyanət inam, sədaqət, etibar deməkdir. Onun adı elə taleyinə yazılmışdı
sanki. O, Vətənə
olan sədaqətini sözlə yox, əməli ilə göstərdi. Savaş meydanında göstərilən
cəsarət anlıq
olsa da, onun izi əsrlər boyu qalır.
O, düşmən qarşısında
geri çəkilmədi.
Çünki Azərbaycan
oğlu üçün
düşmən qarşısından
geri çəkilmək
ölümdən də
betərdir. O, ölümdən
qorxmadı, çünki
ölümün o tərəfini
- əbədiyyəti görürdü.
Hər güllə, hər partlayış, hər səngər onun qəlbində bir dua kimi
səslənirdi: “Allahım,
Vətənimi qoru!” Məncə, Allah məhz
o şəhidlərin - Dəyanət
kimi Vətənin ən dar günündə
müdafiəsinə qalxan
Birinci Qarabağ müharibəsi şəhidlərimizin
bu duasını eşitdi. Eşitdi ki, 30
il sonra Azərbaycan tarixində, dünyanın
son bir əsrlik dönəmində görülməmiş
qələbə yaşandı
- bir xalq öz qolunun gücü ilə işğal altında olan torpaqlarını xilas etdi. Qarabağımıza
yenidən azadlıq qayıtdı.
Biz bu gün azad
nəfəs alırıqsa,
bu, o şəhidlərin
sayəsindədir. Onlar
həyatlarını bizim
sabahımız üçün
verdilər. Bizim borcumuz isə onların adını unutmamaq, unutdurmamaqdır. Şəhidin məzarı
qarşısında dayananda,
baş əymək təkcə mərasim deyil - bir vədədir.
O vədəni qorumaq vətənə sadiq olmaq, torpağı sevmək, ədalətə
və doğruluğa
xidmət etmək deməkdir.
“Şəhidlər ölməz!”
deyirik. Bu, nə təsəllidir, nə mif, nə də
poetik obraz. Bu, həqiqətin özüdür!
Bəli, şəhidlər
ölməz! Onlar öz savaşları ilə bir xalqın
ruhuna çevrilirlər.
Dəyanət də o
ruhun bir parçasıdır. Onun
ruhu bu gün
də hər bir gəncin qəlbində yaşayır,
hər bir azad nəfəsdə hiss olunur. O ruhun gücü idi Qarabağın işğalından
yaşca kiçik olan övladlarımızı
2020-ci ilin sentyabrında
cəbhəyə səsləyən,
cəmi 44 gündə
xalqımıza misilsiz
qələbəni yaşadan.
Bir şəhidin bizə mirası
Şəhidlərdən miras qalan təkcə azad torpaq deyil.
Onlar bizə vətəndaşlıq dərsi
də qoyub getdilər. Bu dərs bizə öyrədir ki, Vətəni sevmək təkcə sözlə deyil, əməllə, davranışla, vicdanla olur. Dəyanət kimi gənclərin ruhu bizə hər gün xatırladır: “Sən azadsansa, kimsə bunun üçün can verib”.
Bu gün müstəqil, güclü Azərbaycan Ordusu var. Amma bu ordunun təməli məhz o illərdə - Birinci Qarabağ müharibəsində qoyulub.
O şəhidlərin ruhu
bu ordunun sütunlarına hopub. Hər bir əsgər,
hər bir zabit, hər bir gənc bu
ruhu daşıyır.
Dəyanətlərin ruhu bu gün də
Qarabağ dağlarının
küləyində, Cıdır
düzündə, Xankəndidə,
Xocalı torpağında
dolaşır. Onların
qanı bu torpağı müqəddəsləşdirib,
onların şəhadəti
bu milləti birləşdirib.
Bəzən “şəhid olmaq
istəmək” ifadəsi
çox sadə səslənir. Amma bu, insanın öz mənliyini, öz “mən”ini aşmaq deməkdir. Şəhidlik
qorxunun yox, imanın zirvəsidir. Dəyanət də o zirvəyə inamla qalxdı. Onun şəhadəti ulu xalqın
bu gün, sabah və gələcək
min illiklər boyunca övladlarına qürurla
danışacağı qəhrəmanlıq
dastanının bir parçasıdır. Hər
şəhidin taleyində
bir dərs, bir xəbərdarlıq
var: “Azadlıq bədəlsiz
olmur”. Bu gün azadlıqla nəfəs alan hər kəs
bu bədəlin dəyərini yaxşı
bilir. Dəyanət kimi oğullar bu bədəl üçün canlarını
qoydular ki, biz azad yaşayaq.
Şəhidlər üçün “qayıdış”
anlayışı fərqlidir.
Onlar torpağa qayıdırlar, amma yox olmurlar. Onlar
torpaqla birləşir,
onun canına çevrilirlər. Dəyanət
də o dönüşü
etdi. Bəlkə də bu gün
hansısa çəmənin
yaşıllığında, bir dağın sükutunda, bir quşun qanadında onun titrək nəfəsi var.
Hər dəfə şəhidlərin
xatirəsinə ucaldılan
abidə, əkilən
ağac, oxunan dua - bu torpağın
canlı yaddaşıdır.
Biz onların ruhu ilə bir millət
kimi bütövləşirik.
Dəyanətin ömrü
illərlə deyil, ruhun gücü ilə ölçülür.
O, getdi ki, biz qalaq. O, susdu ki, biz danışaq.
O, şəhid oldu ki,
Vətən yaşasın.
Bu gün gənc nəsil üçün ən böyük nümunə məhz Dəyanət kimi şəhidlərdir. Onların
həyatı bizə öyrədir ki, Vətən
sevgisi bir hiss deyil, bir məsuliyyətdir.
Sədaqət isə bir dəfəlik and deyil, ömürlük borcdur.
Şəhidlər bizə göstərdilər
ki, millət olmaq yalnız eyni torpaqda yaşamaqla yox, eyni dəyərləri
paylaşmaqla mümkündür.
O dəyərlərin başında
isə Vətənə
məhəbbət gəlir.
Dəyanətin ömrü
qısa idi, amma mənası min illərə bəs edəcək qədər dərin idi. O, yaşadığı kimi
də ad qoydu öz ömrünə
- dəyanətli.
Onun adı, onun ruhu, onun əməlləri
bu millətin vicdanında bir işıq kimi yanacaq. Və biz hər dəfə azad torpağa ayaq basanda, qəlbdən
deyəcəyik:
“Ruhun şad olsun, şəhid qardaş! Vətən azaddır və biz bunu sənə borcluyuq”.
525-ci qəzet 2025.- 28 oktyabr (¹ 196).- S.14.