“Təlimdə uşaqların öyrənməyə
marağını artıran
müasir yanaşmalar
vacib amildir”
Uşaqlarda bacarıqların formalaşmasında
1-6 yaşlar arasındakı
dövr təməl xarakteri daşıdığı
üçün xüsusi
bilik və diqqət tələb edir. Pedaqogika və psixologiya elmlərinə əsaslanaraq
düzgün təşkil
olunmuş öyrənmə
prosesi uşaqların
hərtərəfli, harmonik
inkişafı üçün
vacibdir. Öyrənmə
prosesində istifadə
olunan iş üsulları elmi cəhətdən düzgün
seçilməli və
didaktik prinsiplər əsasında tətbiq olunmalıdır. Tədqiqatların
nəticələri təsdiq
edir ki, öyrənmə
prosesinə uşaqyönümlü
yanaşma uşağın
hərtərəfli inkişafı,
şəxsiyyət kimi
formalaşması üçün
xüsusi əhəmiyyət
daşıyır. Çünki
fərdin özünü
və ətrafı dərk etməsi ona təqdim olunan mühit və şəraitin uşağın ehtiyacına
uyğun qurulmasından
asılıdır. Tərbiyəçi-müəllim
təhsilalanını tanımırsa,
onun ehtiyaclarını
müəyyən edə
və ona lazımi mühiti, şəraiti yarada bilməyəcək. Məktəbəqədər
təhsil səviyyəsində
öyrənmə prosesində
uşağın həvəsli
və aktiv iştirakını təşkil
etmə strategiyasının
düzgünqurulması yollarını
müəyyənləşdirmək, iş üsullarının
təlim prosesinə, uşaq inkişafına təsirini təhlil etmək, effektiv öyrənmə prosesinin
praktiki tətbiq imkanlarını araşdırmaq
önəmlidir.
Metodist Səbinə Rəhimovanın
fikrincə, uşaqların
yaş xüsusiyyətləri
və inkişaf dinamikası nəzərə
alınmaqla, interaktiv təlim üsullarının
tətbiqi imkanları
elmi əsaslarla təhlil olunur. Təlimin keyfiyyətini və uşaqlarda öyrənməyə marağı
artıran müasir yanaşmaların tətbiqi
vacib amildir: “Müasir təlim mühitində uşaqların
öyrənmə prosesinə
aktiv cəlb olunması, onların yaradıcı və tənqidi düşünmə
bacarıqlarının inkişaf
etdirilməsi əsas məqsədlərdən biridir.
Bununla belə, bir çox təhsil müəssisələrində
ənənəvi tədris
metodlarına üstünlük
verilir, bu da uşaqların passiv iştirakına, motivasiya əskikliyinə və məhdud inkişaf imkanlarına səbəb olur. Təlimdə istifadə olunan iş üsullarının
düzgün seçilməsi
və tətbiqi tədrisin keyfiyyətinə
bilavasitə təsir göstərir. Bu mövzu
təlimin səmərəliliyinin
artırılması və
uşaqların öyrənmə
prosesində fəallığının
təmin olunması baxımından vacibdir. Müxtəlif iş üsullarının məqsədyönlü
və yaradıcı şəkildə təşkili
uşaqların öyrənməyə
olan marağını
artırır, onların
tənqidi düşünmə,
ünsiyyət və əməkdaşlıq bacarıqlarını
gücləndirir. Xüsusilə
uşaqların çox
sevdiyi oyundan istifadə təlimin effektivliyini artırır və hərtərəfli
inkişafı stimullaşdırır.
Təlim üsullarının
imkanlarını dəyərləndirib,
uşaqların fərdi
xüsusiyyətləri, ehtiyacları
və maraqları əsasında təlim məqsədinə uyğun
seçilmiş iş
üsulları öyrənməni
hər uşaq üçün əlçatan
edir”.
Onun sözlərinə görə,
müasir dövrdə
3-6 yaş arası uşaqları öyrənmə
prosesinə cəlb etmək bir sıra səbəblərə
görə daha çətin ola bilər.
Bu yaş dövrü
psixoloji, sosial və texnoloji dəyişikliklərin təsiri
altında formalaşır
və təlim-tərbiyə
yanaşmalarının da uyğunlaşdırılmasını
tələb edir. Bu səbəbləri araşdırdıqda
uşaqların həvəslə
öyrənmə prosesində
iştirakını təşkil
etmək üçün
müxtəlif təlim
üsullarının harda
necə işə yarayacağını müəyyən
edə bilirsən: “Müasir uşaqlar tez-tez vizual və texnoloji stimullara məruz qalır, bu da onların diqqətini uzun müddət cəmləməsini çətinləşdirir.
Planşet, telefon və televizor kimi cihazlar erkən
yaşda uşaqların
passiv öyrənmə
vərdişlərini formalaşdırır,
bu da aktiv və iştirakçı
təlimə mane ola bilər.
Uşaqlar çoxlu məlumatla qarşılaşır,
lakin bu məlumatların emalı
və mənimsənilməsi
üçün kifayət
qədər zaman və
strukturlaşdırılmış mühit olmaya bilər. Virtual ünsiyyət
real sosial əlaqələrin
yerini aldıqda, uşaqların komanda işi və empati kimi bacarıqları
zəifləyə bilər.
Hər bir uşağın inkişaf
tempi və maraqları
fərqlidir. Bu yaşda
aparıcı fəaliyyət
oyun olsa da, hər uşağın oyuna yanaşması və öyrənmə tərzi fərqli ola bilər. Müasir nəslin öyrənmə
prosesinə cəlb edilməsi üçün
daha yaradıcı, fərdi yanaşmalar, texnologiyanın balanslı
istifadəsi və sosial-emosional inkişafı
dəstəkləyən metodlar
tələb olunur:
“1-3 yaşlı uşaqlarla
iş zamanı oyun iş üsulundan
istifadə edilə bilər - süjetli-rollu oyunlar, hərəkətli,
didaktik oyunlar. Oyun iş üsulu
bütün yaş dövrləri üçün
effektivdir. 3-6 yaşlı
uşaqlarla iş zamanı geniş imkanları olan əqli hücum, tap-tapmaca, nağıletmə,
müzakirə, şaxələndirmə
(klaster), problemli vəziyyət, oyunlar, suallar, söz assosiasiyası kimi təlim üsullarından
istifadə edildikdə
müsbət nəticələr
əldə etmək mümkündür”.
Metodist qeyd edib ki, erkən
yaş dövründə
(1-3 yaş) sökülüb-yığılan
və hərəkətli
oyuncaqlarla oyun ünsiyyətin qurulması,
böyüklərin rəhbərliyi
altında birgə fəaliyyət, özünəxidmət
əməyi və məişət əşyaları
ilə fəaliyyət;
musiqinin, nağılın,
şeirin, şəkillərin
məzmununun qavranılması
məqsədilə təşkil
edilən fəaliyyət
növləri ən effektiv sayılır. Bu dövrdə uşaqlarla müstəqil fəaliyyətin
müxtəlif növlərinin
təşkili zamanı
oyun onların gümrah davranışını,
emosional əhvali-ruhiyyəsini
təmin edir. İkinci ilin əvvəlində oyuncaqlarla
oyun və əyləncələr təşkil
etmək vacibdir. Oyun üsulunda fəaliyyətlər zamanı
oyuncaqlarla oyunların
təşkili uşağın
sensor və hərəki
fəaliyyətini inkişaf
etdirir, sevimli oyuncaqların hesabına əhatəsi genişləndirilir,
oyun prosesində uşaqların lüğəti
hərəkət və
fəaliyyət bildirən
sözlər hesabına
zənginləşir: “Oyun
vasitəsilə uşaqlar
fikirlərini və başa düşdüklərini
ifadə edirlər. Onlar problemlərin həlli, sosial oyunlar və ünsiyyət zamanı bacarıqlarını tətbiq
edirlər. Oyun təcrübələri uşaqların
kommunikativ, idraki, motor
bacarıqlarının olmasından
xəbər verir. Öz bacarıqlarından
xəbərdar olan və oyunlarda axtarışı sevən
uşaqlar hər hansı problemin həllini tapmaqda daha yaxşı nəticə göstərirlər.
Bu istiqamətdə oyun
fəaliyyətinin formalaşdırılması,
fərdi oyunlardan birgə oyuna keçidin təmin olunması, emosional reaksiya üçün şəraitin təşkil
edilməsi, oyunda iştirak etmək arzusunun yaradılması, müxtəlif oyun növlərinin mənimsənilməsinə
yardım edilməsi, müxtəlif oyun növlərində oyuncaqların
və digər əşyaların istifadə
üsullarının öyrədilməsi
vacibdir. 3-5 yaşlı
uşaqlarda oyunda ətraf aləmin dərk edilməsi üçün uşağın
şəxsi təcrübəsinin
oyuna köçürülməsi
imkanı, oyun məqsədlərinin qoyulması,
oyun qaydalarını razılaşdırmaq və
ona riayət etmək bacarıqlarının
formalaşması uşağa
məqsədyönlü mübarizə
imkanlarının verilməsi;
uşaq tərəfindən
oyun rollarının yerinə yetirilməsi, müstəqil şəkildə
qaydaların müəyyən
olunması və riayət edilməsi önəmlidir. Hərəkət
vəziyyətlərinin, insanların
oyun və real qarşılıqlı fəaliyyət
vəziyyətlərinin müqayisəsi;
mövqelərin dəyişməsi
ilə böyüklərin
və uşaqların
birgə oyununun təşkili, oyun fəaliyyətinin mənimsənilməsi,
uşağın xoş
əhvalının və
özünü reallaşdırmasının
dəstəklənməsi onun
hərtərəfli inkişafına
zəmin yaradır. Öz rolunu adlandırmaq, oyunçuların
yerini, hadisələri
sözlə ifadə etmək. Oyunda süjetin şərti hissəsinin “elə bil, sanki, guya
ki” fəndindən istifadə
edərək oynanılması.
Əldə olan materiallardan istifadə edərək kostyumlar geyinmək, onlara detallar fikirləşmək.
Oyun obrazının ifadəli çatdırılmasına
çalışmaq. Səhnələşdirilmiş
tamaşalarda sərbəst
şəkildə və
ya müəllimin köməyi ilə oyun səhnəsini təyin etmək, oyun şəraitini yaratmaq, öz hərəkətlərini digər
“artistlər”in hərəkətləri
ilə tutuşdurmaq uşaqlarda yaradıcı
təfəkkürü, müşahidə
etmə, diqqət etmə bacarıqlarını
inkişaf etdirir. Rejissor oyunlarında uşaqlar müxtəlif personajlar adından danışır və hərəkət edir, oyuncaqların hərəkətini
ifadələr ilə
uyğunlaşdırır. Oyun obrazına görə danışmaq,
mahnı oxumaq, şeir demək kimi fəaliyyətlər təşkil edirlər. İmitasiya-oyunlarında oyun
obrazlarını ifadəli
təsvir edir, onlara xas olan
hərəkətləri imitasiya
edir, mimika və jestlərdə müxtəlif emosional vəziyyətləri çatdırırlar.
Məktəbəqədər yaşın sonunda uşaq təxəyyülündəki
oyun süjetini yaradıcı cəhətdən
inkişaf etdirməlidir,
sözlə ifadə etməlidir. Məsələn:
“Biz aya necə səyahət edə bilərik?” Yaradıcı
oyun növü olaraq süjetli-rollu oyunlar - hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı
tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı
olmaq və mövcud vəziyyətə
baxmaq imkanı verir. Oyun prosesində
uşaqlar rola girir, mövcud vəziyyəti görürlər.
Tərbiyəçi-müəllim ilə birgə fəaliyyət göstərir,
tanış süjetə
yeni epizodlar qoşur, böyüklərın köməyi
ilə öz oyunu üçün oyuncaqlar seçirlər. Tərbiyəçi müəllim
suallar soruşmaq yolu ilə oyunu
inkişaf etdirməyi
bacarır. Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların
yaradıcı fəaliyyət
göstərməsi imkanlarını
genişləndirir”.
Sevinc QARAYEVA
525-ci qəzet .-
2025.- 29 oktyabr (¹ 197).- S.15.