Qadınların savadlılığı:
cəmiyyətin inkişafı
üçün zəruri
şərt
"HƏLƏ
DƏ QADINLARIN VƏ QIZLARIN TƏHSİLİ İLƏ
BAĞLI GÖRÜLMƏLİ BİR ÇOX MÜHÜM
İŞLƏR VAR"
Bir qadının təhsil almasının onun quracağı ailənin gələcəyinə, orada
böyüyəcək uşaqlara və
sonrakı
nəsillərə təsiri çox böyükdür. Müşahidələr göstərir
ki, hər sahədə
güclü olan, inkişaf edən ölkələrdə həm
kişilərin, həm
də qadınların
təhsilə verdiyi önəm yüksəkdir.
Bir az da konkretləşdirsək,
təhsilli anaların
yaşadığı cəmiyyət
savadlı olur. Bu baxımdan qadınların
təhsilli olması çox önəmli və vacib məsələlərdən
biridir.
Elm və təhsil naziri Emin Əmrullayev
deyir ki, hələ də qadınların və qızların təhsili ilə bağlı görülməli
bir çox mühüm işlər
var: "Biz hələ bu
yolun başlanğıcındayıq.
Əhalinin təxminən
yarısı qadınlardır
və bu yarısını kənarda
qoymaq, təhsilin yarısını kənarda
qoymaq deməkdir. Aparılan araşdırmalar
göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də
bilik bacarıqları
daha yüksək olur və onların
övladlarının da savadlı
olma ehtimalı artır".
Nazir qeyd edib ki, dördüncü
sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara
nisbətən daha yüksək olur:
"Lakin sonrakı illərdə
oğlanların nəticələri
yüksəlməyə başlayır.
Bəzi hallarda bu fərq bioloji
amillərlə izah edilsə də, əsas səbəb qızların 9-11-ci siniflərə
çatdıqca müəyyən
məhdudiyyətlərlə, qadağalarla üzləşməsi
ilə bağlıdır.
Son illərdə əsas narahatlıq doğuran məqam oğlanların nəticələridir. Bu gün
qızların nəticələrində
müəyyən irəliləyiş
müşahidə olunur,
lakin oğlanlarda müəyyən geriləmələr
var".
Kənd
yerlərində valideynlər
daha kiçik yaşlardan övladlarına
əkin-biçin, qoyun-quzu
otarmaq, bağ-bostan işləri ilə məşğul olmaq kimi sahələri öyrədərək ailəyə
pul qazanmağa dəstək olmalarını
istəyirlər. Nəticədə
isə həmin gənclər təhsildən
yayınırlar. Təbii
ki, bu faktlar təkcə qızlara deyil, oğlanlara da şamildir. Amma statistikaya baxsaq, təhsildən yayınma faktlarında mənfi mənada üstünlüyün hər
zaman qızlarda olduğuna
şahid ola bilərik.
Bəli, o da etiraf edilməlidir ki, Azərbaycanda
qızların təhsildən
yayınma problemi təkcə rayonlarda deyil, eləcə də Bakı kəndlərində də
qalmaqdadır. Bakı
ətrafı kəndlərdə
yaşayan bir çox ailələr qız övladlarının
təhsil almasına müsbət yanaşmırlar.
Az qala qızların təhsil almasını ayıb bilərək, onları hər mövzuda olduğu kimi, elm öyrənməkdə
də qısıtlayırlar.
XXI əsrdə hələ
də belə ailələrin mövcudluğunu
yalnız dəhşətli
bir hadisə kimi qiymətləndirmək
olar.
Dövlət İmtahan Mərkəzinin
(DİM) Direktorlar Şurasının
sədri Məleykə
Abbaszadə bəzi ucqar rayonlarda qızların təhsilalma
hüququndan məhrum
edildiyini deyir:
"DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil
almaq imkanları təhlil edilir. Aparılan təhlillər
göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların
təhsil alma səviyyəsi bərabərlik
təşkil edir. Ancaq 9-10-cu siniflərdə
bu bərabərlik 50,
11-ci sinifdə isə
80, hətta 90 faizədək
azalır. Bu gün region məktəblərində qızların
təhsildən yayınma
faktları mövcuddur.
Xüsusən də cənub rayonlarında bu faktlara daha
çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd
verən abituriyentlərin
cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir
ki, bu regionlardan
olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır.
Qızların 9 illik buraxılış imtahanından
sonra təhsillərini
yarımçıq qoymasının
əsas səbəbi erkən nigahdır. Təəssüflə qeyd
etmək istəyirəm
ki, hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladlar təhsil almaqdansa, erkən yaşda ailə qursa, yaxşıdır. Bu məqsədlə də onları məktəbdən,
təhsildən uzaqlaşdırıb
ailə qurdururlar".
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri, millət vəkili, professor Hicran Hüseynova qeyd edib ki,
hələ də ölkədə qızların
təhsildən yayındırılaraq
erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Valideynlər anlamalıdır
ki, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın
sağlamlığına, psixologiyasına
və gələcək
həyatına vurulan zərbədir. Gənc qızlar erkən nikaha daxil olarkən,
ən azından ailəsinin, özünün,
eləcə də dünyaya gətirəcəyi
körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir
edə biləcək gücdə olmur: "Qızların erkən yaşda nikaha məcbur edilməsi cəmiyyətlər üçün
dərin kök salmış stereotiplərin
hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları,
onun qızların gələcək həyatına,
şəxsiyyət kimi
yetişməsinə, təhsil
almasına, ailəsinə,
cəmiyyətinə faydalı
və layiqli vətəndaş kimi formalaşmasına mənfi
təsiri haqqında maarifləndirici işlər
aparılır. Dövrümüzün
tanınmış ziyalıları,
maarifçiləri, hüquq
müdafiəçiləri bu qanunsuz və
insanlığa zidd addımın qarşısının
alınması üçün
mübarizə aparır.
Ancaq yenə də erkən nikahlar baş verir. Yenə də valideynlər qız övladlarını
təhsildən yayındırıb,
erkən yaşda ailə qurmağa məcbur edirlər".
Hicran Hüseynova
vurğulayıb ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: "Ancaq əfsus ki, bu gün təhsildən
yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının
erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova hesab edir ki,
qadınların təhsilli
olması erkən yaşda nikahların azalması deməkdir:
"Qızların təhsilə
cəlb edilməsi istiqamətində atılan
addımların, stimullaşdırıcı
tədbirlərin nəticələrini
görmək arzuolunandır.
Amma yenə də qızların təhsildən yayındırılması
sahəsində görüləcək
işlər çoxdur.
Son bir neçə
ildə ali məktəbə daxil olan qızların sayının artması mövcud problemin tamamilə aradan qalxması anlamına gəlib bizi arxayın salmamalıdır.
Əgər qızların
daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə
işləri daha çox aparılmalıdır.
Qızların təhsilə
cəlb olunması üçün xüsusən
də bölgələrdə
maarifləndirmə işlərinin
aparılması daha məqsədəuyğun olar.
Qadının təhsilli
olması və işləməsi özünü
daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir.Təəssüf
ki, bəzi ailələr qızlarını
təhsildən yayındıraraq,
onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən
yayındırılması, qız uşaqlarının
ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir. Qız uşaqlarını təhsildən
yayındırmaq indiki
halda valideyn üçün rahat görünə bilər.
Onlar düşünürlər
ki, qız uşağı
"problem"dir və
ondan xilas olum. Halbuki erkən
evliliklə bu
"problem" bitmir, əksinə,
bundan sonra daha ciddi problemlər
sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının
həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna
daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını
əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər
qız uşaqlarının
təhsildən yayındırılması
problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır".
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə görə, qızların erkən yaşda ərə verilməsinin baiskarı valideynlərdir: "Qız
övladı 15-16 yaşa
çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər
ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı
dərk etmir, dünyagörüşü tam formalaşmayıb. Valideynlər
anlamalıdırlar ki, cəmiyyətdə
müəyyən mövqe
tutmaq üçün
qadının təhsilli
olması vacib şərtlərdəndir. Bu gün
təhsildən yayınan
və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər
qız övladlarının
erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".
Azərbaycan qadını öz
fəaliyyətini maarifçilik
və xeyriyyəçilik
ideyalarının yayılmasından
başlayaraq, mədəni,
dini, milli-mənəvi
dəyər və ənənələri də
nəzərə almaqla
davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin
inkişaf etməsinə
öz töhfələrini
veriblər. Onların
arasında görkəmli
dövlət, elm, mədəniyyət
və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki
yeri və rolunun mühüm göstəricisi onların
müxtəlif dövlət
vəzifələrini tutmaları
və ümumiyyətlə,
aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
Hal-hazırda qadınlarımız
dövlətin yaratdığı
bütün imkanlardan
istifadə edirlər.
Sərbəst təhsil
almaqla, fiziki hazırlıqlarını inkişaf
etdirməklə, peşəkarlıq
səviyyələrini artırmaqla
bərabər, cəmiyyətin
qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına
çevrilirlər.
Sevinc QARAYEVA
525-ci qəzet 2025.- 30 oktyabr (№ 198).- S.15.