"Sertifikasiya prosesi müəllim nüfuzunu və məktəblərə inamı
artırıb"
2025-ci ildə sertifikasiya imtahanında iştirak edən müəllimlərdən
6628 nəfər 51 və
yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin
maaşlarına 35 faiz
artım əlavə ediləcək. Bundan əlavə, 11 min 316 nəfər
iştirakçı 30-50 bal
aralığında nəticə
göstərib, həmin
müəllimlərin maaşlarına
isə 10 faiz artım əlavə olunacaq. Test və müsahibə mərhələsində
uğur qazanmayan və ya iştirak
etməyən 3129 müəllim
üçün təlimlər
təşkil ediləcək.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli
bildirib ki, sertifikasiya prosesi nəticəsində
həm müəllimin
nüfuzu, həm də məktəblərə
inam artıb: "Sertifikasiya prosesi başlayanda narahatlıqlar
və suallar var idi. Bu gün demək olar ki, təhsilverənlər prosesi
uğurla başa vurublar. Müəllimlərin
böyük hissəsi
sertifikasiyadan keçib.
Onların ciddi bir hissəsi əməkhaqqına 35, digərləri
10 faiz əlavə alır. Bu prosesin nəticəsində həm
müəllimin nüfuzu
artıb, həm də məktəblərə
inam yaranıb. Bu bizi sevindirir. Biz sistemimizdə üzərində
işləyən, daha
yaxşı təhsil
verməyə can atan müəllimlərin yaratdığı
müsbət dinamikanı
görməkdən şadıq".
Nazir müavini əlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsilverənlərin
yenə də şansı var: "2022-ci ildə
sertifikasiyadan keçənlər
2027-ci ildə yenə
bu prosesdən keçəcəklər. Biz kifayət
qədər nikbinik".
Təhsil
eksperti Ramin Nurəliyev deyir ki, gələcəyimizi, övladlarımızı
əmanət etdiyimiz müəllim öz ixtisası üzrə ümumi balın 50 faizini toplaya bilmir, zəif nəticə göstərir.
Gələcək nəslimizə
"2" qiymət alan
müəllim lazım
deyil. Buna görə də həmin müəllimlərin əmək
müqaviləsinə xitam
verilməlidir. Heç
kim övladını
ibtidai sinifdə, necə deyərlər, imtahandan keçə bilməyən müəllimə
etibar etmək istəməz. Hər bir uşaq ibtidai
sinifdə ilkin biliklərə yiyələnir,
bu biliklərin bünövrəsi qoyulur.
İbtidai təhsil kifayət qədər möhkəm olduqda növbəti təhsil mərhələsi də uğurlu olur. İbtidai sinif üzrə biliyi zəif olanlar növbəti təhsil pilləsində də bunun çətinliyini yaşayırlar. Bu proses vətəndaşın
ali məktəblərə
qəbul olmasından başlayaraq gələcək
karyerasına kimi öz təsirini göstərir: "Hazırda
məktəblərdə müxtəlif
yollarla diplom almış bir çox ixtisas sahəsi üzrə işləyən müəllimlər
var. Onlardan bəziləri
əvvəlki illərdə
ixtisasartırma yolu ilə, bəziləri ixtisaslarını dəyişməklə
əmək fəaliyyətinə
davam edirlər. Hazırda kolleci bitirərək məktəblərdə
işləyən müəllimlərin
arasında müvəffəqiyyət
göstəricisi yüksək
olanlar da var. Amma təəssüf
ki, neqativ vəziyyətlə
də qarşılaşırıq.
Müsabiqə şərtlərini
ödəməyən müəllimlərin
əksəriyyətinin ibtidai
sinif müəllimi olması və daha çox yaşlı nəslin nümayəndəsi olması,
yəni 10 ildən yuxarı pedaqoji fəaliyyətinin olması
da bir o qədər acınacaqlıdır. On ildən
yuxarı pedaqoji təcrübəyə malik olan
bir müəllimin öz ixtisası üzrə ümumi sualların 50 faizindən aşağı nəticə
göstərməsi ictimaiyyət
tərəfindən heç
də xoş qarşılanmadı. Düşünürəm
ki, sertifikasiya imtahanı
bu kimi neqativ
vəziyyəti üzə
çıxarmaqla gələcəkdə
məktəblərdə savadlı
kadrların formalaşmasına
töhfə verir".
Ekspert bildirib ki, dünyanın əksər ölkələrində
peşə ixtisası
üzrə təkmilləşdirici
layihələr, sertifikasiya
həyata keçirilir:
"Fikrimcə, bizdə
də keçirilən
sertifikasiya imtahanları
təhsilin inkişafı
istiqamətində yaxın
5-6 ildə özünü
doğruldaraq təsirini
hiss etdirəcək. Bu proses məktəblərdə peşəkar
müəllimlərin işləməsinə
səbəb olacaq. Həmçinin müəllimlərdə
müəyyən qədər
məsuliyyəti də
artıracaq, ciddi rəqabət formalaşdıracaq
və bu da pedaqoji ixtisaslar üzrə universiteti bitirən gənc kadrlara müsbət təsir edəcək".
Təhsil
eksperti Kamran Əsədovun
sözlərinə görə,
ümumi təhsil müəssisələrində çalışan müəllimlərin
attestasiyası axırıncı
dəfə 1994-cü ildə
keçirilib. Ondan sonra təhsil sistemində çalışanların
biliklərinin yoxlanılması
üçün heç
bir addım atılmayıb. Yalnız
2014-cü ildən müəllimlərin
bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsinə başlanıldı. 2017-ci ilə
qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onlardan 45 faizə qədərinin nəticəsi qənaətbəxş
olmadı. Ona görə
də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq iki ildir ki, tətbiq
edilən sertifikasiya prosesi bu istiqamətdə
atılan addımlardır.
O bildirib ki, sertifikasiya prosesinin mahiyyəti müəllimlərin peşəkarlıq
səviyyəsini və
peşə yararlılığını
ölçməkdir: "Sertifikasiya
prosesi ən yaxşı müəllimlərin
müəyyənləşdirilməsinə,
tədrisin keyfiyyətinin
artırılması üçün
minimal səviyyədə bir
standartın tətbiq
edilməsinə imkan verəcək. Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa
da, müəyyən fərqləri
var. Belə ki, sertifikasiyadan
keçən müəllimə
onun bilik və bacarığına
müvafiq olaraq diferensial əməkhaqqı
da tətbiq edilir. Diferensial əməkhaqqı
tətbiq olunandan sonra artıq müəllimə sertifikasiya
imtahanında göstərdiyi
qabiliyyətə uyğun
əməkhaqqı verilir
ki, bu da çox ədalətlidir. Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin
ixtisas və metodiki bilikləri nəzərə alınır,
amma onun peşəkarlığı ilə
bağlı bütün
cəhətlər nəzərə
alınmır. Çünki
diaqnostik qiymətləndirmənin
konkret istiqaməti
var. Amma sertifikasiyanın daha
geniş formatda olması çox yaxşıdır. Sertifikasiya
zamanı müəllim
yalnız test imtahanı
vermir, o, həm də müsahibə mərhələsindən keçir
ki, bu da müəllimin
bilik və bacarıqlarından başqa
pedaqoji bacarıqlarının
da yoxlanılmasına imkan
verir".
Ekspert bəzi müəllimlərin
sertifikatlaşdırma imtahanında
keçid balından aşağı nəticə
göstərdiyini vurğulayıb:
"İndiyə qədər
keçirilən sertifikasiya
imtahanlarında xoş
olmayan hallar da yaşanıb. Bir qisim müəllim imtahana gələrkən şəxsiyyətini
təsdiq edən sənədini gətirmir.
Digər tərəfdən,
müəllim olmalarına
baxmayaraq, imtahana əlavə köməkçi
vasitələr, şparqalka,
konspektlər keçirməyə,
ətrafdan kömək
almağa, köçürməyə
cəhd edirlər. Ən təəssüfedici
hal isə onların göstərdikləri
imtahan nəticələri
ilə bağlıdır.
Müəllimlər arasında,
əsas da ibtidai sinif müəllimləri arasında 4-6 bal toplayanlar var. Bir məqamı
da qeyd edim ki, müsahibə mərhələsində
müəllimlərin 5 istiqamət
üzrə bilikləri
yoxlanılır. Bunlar
pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi,
ünsiyyət, qiymətləndirmə
və təqdimetmə
kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınır.
İstənilən halda,
sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan
hazırda müəllimlərin
peşəkarlıq səviyyəsini
yoxlayır. Təhsilverənlərin
böyük bir hissəsi hazırlıqlardadır.
Bu, qəbuledilməz haldır.
Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin
hazırlığı minimum tələblərə cavab
verməyib. Amma bundan kədərlənmək də
lazım deyil. Reallıq ondan ibarətdir ki, müəllimlər
hazırlıqlara, kurslara
gedərək nə isə öyrənirlər
və öyrəndiklərini
sonradan tədrisə tətbiq edəcəklər.
Bu da müəllim peşəkarlığının
artmasına gətirib
çıxaracaq. Növbəti
illərdə həmin
bu vəziyyətin müsbət nəticələrini
görə biləcəyik.
Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır.
Artıq müəllimlər
sertifikasiya imtahanı
ilə bağlı olduqca məlumatlıdırlar,
ona görə də bu il böyük
çətinlik yaşayacaqlarını
düşünmürəm. Sadəcə olaraq xarici dil müəllimlərinin
sertifikasiya imtahanına
ciddi yanaşmalıyıq.
Çünki bu sahədə müəyyən
boşluqlar olduğunu
görə bilirik".
Təhsil
eksperti Əmrah Həsənli bildirib ki, sertifikasiya prosesinin müəllimlərin motivasiyasına,
işə münasibətinə
və pedaqoji davranışına təsiri
çoxşaxəli və
dərin xarakter daşıyır. Bu proses artıq
sadəcə bir qiymətləndirmə mexanizmi
deyil, eyni zamanda müəllim peşəsinin gələcəkdə
necə formalaşacağına
istiqamət verən mühüm bir dönüş nöqtəsidir.
"Müəllimlər üçün
sertifikasiya özünü
davamlı inkişaf və peşəkar məsuliyyət kontekstində
qiymətləndirmə fürsəti
kimi qəbul olunur. Bu da onların daxili motivasiyasını artırır, çünki
bilirlər ki, bu proses
onların bilik və bacarıqlarını
təkcə yoxlamaqla qalmır, həm də onları yenidən formalaşdırır
və təkmilləşdirir.
Beləcə, müəllimlər
passiv yanaşmadan aktiv öyrənmə və inkişaf istiqamətinə yönəlir,
işə münasibətləri
daha məqsədyönlü
və məsuliyyətli
olur. Bundan əlavə, sertifikasiya müəllimlərin
pedaqoji davranışına da təsir edir. Ənənəvi,
bəzən birtərəfli və formal dərs modeli yerini
daha interaktiv, şagirdmərkəzli və kommunikativ metodlara
verir. Müəllimlər dərslərini planlaşdırarkən
daha çox şagirdlərin fərdi ehtiyaclarını,
onların psixoloji xüsusiyyətlərini nəzərə
almağa çalışır. Bu da pedaqoji keyfiyyətin
yüksəlməsinə səbəb olur. Sertifikasiya müəllimləri
təkcə bilik sahibi olmaqla kifayətlənməməyə,
həm də onların tətbiqini, innovativ metodları dərsin
içində uğurla həyata keçirməyə təşviq
edir".
Ə.Həsənli söyləyib ki, sertifikasiyanın təsiri müəllimlərin
özlərinə olan inamını da artırır:
"Çünki bu prosesdə uğur qazanmaq
üçün ciddi hazırlıq, özünüqiymətləndirmə
və peşəkar standartlara riayət etmək tələb
olunur. Uğurlu nəticə müəllimlərdə öz
peşələrinə hörmət və nüfuz hissini daha
da gücləndirir, bu isə işə münasibətdə
müsbət dönüş yaradır. Eyni zamanda, sertifikasiya
müəllimləri peşəkar cəmiyyətin bir hissəsi
kimi birləşdirir, onların əməkdaşlıq və
təcrübə mübadiləsinə marağını
artırır.
Təbii
ki, sertifikasiya prosesində hələ də bəzi çətinliklər,
xüsusən bərabərsizlik, resurs
çatışmazlığı və psixoloji yük kimi məsələlər
mövcuddur: "Lakin mən inanıram ki, bu mexanizm təkmilləşdikcə,
müəllimlərə yalnız yoxlama deyil, həm də dəstək
və inkişaf üçün şərait
yaradıldıqca, təhsilin keyfiyyəti fundamental şəkildə
yüksələcək. Sertifikasiya müəllim peşəsinin
modernləşməsinə, motivasiyanın
artırılmasına və pedaqoji davranışların
transformasiyasına real təkan verən sistemə çevrilməkdədir".
Sevinc
QARAYEVA
525-ci qəzet 2025.- 31 oktyabr
(№ 199).- S.15.