Bir həyat hekayəti
(Əvvəli qəzetimizin 26 avqust tarixli sayında)
Bu həyətin satılıq meyvəsi ilə
bağlı fikirlərin gedib-gedib ümidsizliyə dirənməsi
öz yerində, amma bir vedrə qızıl haqqında bu
sözləri demək adamdan hünər istəyir axı. Kim
gətirib bir vedrə qızılı kasıbın
başına tökərdi? Əlbəttə, heç kim.
Ələlxüsus da indi. İndi hamı öz
hayındaydı. Hələ bir yolla başını girləyirdi.
Toxun acdan xəbəri yox idi. Əslində elə həmişə
belə olmuşdu. 40 qapılı karvansara tikdirən, hər
qapıdan keçənə bir qızıl
bağışlayan, ağıllı adamları özü
ağırlığında qızılla
mükafatlandıran səxavətli varlılar
ömürlük nağılların yaddaşında
qalmışdı. İndi ağıllı, savadlı
adamların çoxu bazarda alver edirdilər, taksi
sürürdülər. Onda
qalmışdı ki, kasıb ola. Bu bir vedrə qızıl
haqqında həmin o cəfəngiyyatı da çox
güman, camaatı kasıb-küsuba əl tutmağın mənasızlığına
inandırmaqla öz xəsisliklərinə haqq qazandırmaq
istəyənlər quraşdırmışdılar. Necə
yəni bir vedrə qızılın ola, amma kasıb qalasan?
Heç bir vedrə lazım deyil, həmin o küpəni
tapıb ortaya qoysaydılar, kasıblığın
daşını birdəfəlik atmazdılarmı? Əlbəttə,
atardılar. Ev-eşiyi düzəldərdilər,
uşaqların əyin-başlarını təzələyərdilər,
gündə löyün-löyün xörək bişirərdilər,
sələmlə borc verərdilər - indi çox adam belə
edir, bu yolla yaşayır. Yaxud mal alıb satardılar. Bir
sözlə, şıllaqları göz çıxardardı.
Hələ gədənin işi. Hanı, qoyurlar ki? O
dalısallaq ifritənin nəfsi it nəfsidir. Onun nəfsi
keçən şeydən xeyir görmək olar? Axmaq
qızı axmaq, kişinin heç qırxı
çıxmamış, bölgü aparırdı: "Xar
tutun tuşundan vızıllığa qədər mənimdir".
Ay sən öləsən!
Bax, elə bu yerdə gəlinin ürəyi
atlandı, beynində ildırım kimi çaxan fikrin
gözlənilməzliyindən az qala bütün bədəni
sirkələndi. Xar tut! Necə olub ki, indiyə qədər
ağlına gəlməyib? Necə olub ki, o küpənin
sorağı ilə xəyalları ilə bu həyətdə
axtarmadığı dəlmə-deşik qalmayıb, amma bu
boyda ağacı görməyib, ona fikir verməyib? Qurban
kişinin ata evinin göbəyi həmin bu xar tutun bitdiyi yer
olub. Yastı-yapalaq bir ev imiş, bunu Qurban kişi özü
demişdi. Söküb indi oturduqları evi başlayanda
köhnə evin göbəyindən bax bu tutu əkmişdilər.
İsti yay günlərində Qurban kişi o tutun kölgəsində
oturub çay içməyi xoşlayırdı. Gəlin indi
o mənzərəni kino lenti kimi gözləri önündən
keçirdi. Bu dəfə çay içə-içə təsbehini
şaqqıldadan qayınatasının harasa məsul bir
nöqtəyə zillənmiş gözlərində ayrı
məna oxudu və tam əmin oldu ki, küp köhnə evin
altında - tut ağacının yanında
basdırılıb. Deməli, qaynı onlardan qabaq duyuq
düşübmüş. Onun ağacın tuşundan
vızıllığa qədər yiyə durmaq istəyinə
başqa nə məna vermək olardı?
Özünün bu qəfil kəşfinin
doğurduğu sevinc və həm də
nigarançılıq ürəyini deşə-deşə gəlin
iki gün gözlədi. Üçüncü gün dözə
bilmədi, həyat-baca tamam boşalandan sonra beli götürüb tuta
yaxınlaşdı və tələsə-tələsə
ağacın dibini qazmağa başladı. Yer yumşaq idi,
asan qazılırdı, amma küp heç şübhəsiz
ki, dərində idi. Gəlin ciddi-cəhdlə qazırdı
və qazdığı çala dərindəşdikcə
ürəyini qəribə bir xof bürüyürdü. Hər
dəfə ayağını belin "qulağına" dirəyib
güc verəndə o xof çoxalırdı. Gəlinə
elə gəlirdi ki, küp indicə görünəcək,
amma uzun müddət həsrətini çəkdiyi xəzinəyə
bu qədər yaxın ola-ola ona sahib ola bilməyəcək,
kimsə gəlib xəzinəni onun əlindən alacaq.
- Nə edirsən, az?
Əri idi. Təndirin yanında dayanıb təəccüb
və heyrətlə ona baxırdı.
Gəlin diksinib beli əlindən buraxdı. O, ərinin
bu naqəfil gəlişinə, bu sualına hazır deyildi.
Lakin nəsə quraşdırıb demək, vəziyyətdən
çıxmaq lazım idi.
- Axşam kişi yuxuma girmişdi - gəlin
ağlına gələnləri dedi. - Dedi ki, tutun dibinə
dua basdırıblar. Ona görə də evin ruzisi
qaçıb. - Bircə anın içindəcə tapıb
quraşdırdığı bu yalanın gözəlliyinə
özü də heyran qaldı. - Qazıram ki, bəlkə,
tapdım.
Əri bu yalana inanmalı idi və inandı da.
Köhnə yaraları təzələndi. Dua-zad məsələsi
yaddan çıxdı. Ciblərini eşəlləyib, əzik
bir siqaret tapdı. Damağına qoyub odladı, sonra
qayğılı-qayğılı, günahkarcasına.
- Kişi Yasinsiz köçdü bu dünyadan, - dedi.
- Ruhu bizi bağışlamayacaq.
Daha sonra böyük oğlunu çağırıb
bərk-bərk tapşırdı ki, günü elə bu
gün babasının ruhuna bir Yasin oxusun.
İndi qayınanası da gedirdi. İyirmi gündənmi,
bir aydanmı sonra - bunu bir Allah bilirdi. Onun da ruhuna Yasin
oxuyacaqdılar. Bu, lazım idi,
Allaha xoş gələn savab işdi. Amma çifayda?
Qayınanası ki, onların gözlədikləri sözləri
deməyəcəkdi, deyə bilməyəcəkdi. Yenə də
üç-dörd qoyunun qıydığı
ağartının, yazqabağı əkilən xiyarın,
pomidorun, turpun, iki-üç ağac armudun, dörd-beş
ağac gilasın gətirdiyi qəpik-quruş. Əlbəttə,
buna da min şükür.
- Gəlməmişdilər ki?
Sütuna bənd edilmiş əlüzyuyanda yuyunan əri
sualı elə verdi ki, elə bil nə cavab eşidəcəyini
əvvəlcədən bilirdi və indidən o cavabın əzabını,
təəccübünü, təlaşı ilə
yaşayırdı.
- Kim?
Gəlin ərinin nə soruşduğunu, söhbətin
nədən getdiyini bilirdi, amma özünü bilərəkdən
qanmaz yerinə qoyurdu. Çünki niyyəti vardı - istəyirdi
ki, qaynının, baldızının adını ərinin
dilindən öz qulaqları ilə eşitsin.
- Kilimçi! Guya bilmirsən kimi deyirəm? - Əri
bu cür məsələlərdə qazdan ayıq idi,
işini ehtiyatla tuturdu. Qardaşını, bacısını
gəlinin ayağına vermirdi:
- Nəsə, bugün görünmədilər.
Sütuna çalınan mismardan didik-didik olmuş,
tiftikləri çıxmış, köhnə bir məhrəba
asılmışdı. Əri məhrəbanı
dartışdırırdı, amma mismardan çıxara
bilmirdi - məhrəba deşilib mismara keçmişdi. Elə
məhrəbanı dartışdıra-dartışdıra:
- Min dəfə demişəm ki, bu zəhrimarı
mismardan asmayın! - dedi. - Mənim dilim qabar olub deməkdən,
amma dəyirman öz bildiyini eləyir.
Bir neçə yerindən süzük-süzük
olmuş məhrəba, axır ki, mismara keçdiyi yerdən
cırıldı. Gəlin başa düşdü ki, əri
hirslidir, işi nə isə düz gətirməyib. Ona
görə də cırtqozluq edir.
Böyük oğlu kəllə otaqdan
çıxıb, beçə xoruzlar kimi eyvana atıldı.
Beyinə düşən kal səslə soruşdu:
- Papa, şam namazını qılaqmı?
Başqa vaxt olsaydı, papası cavabını
yaxşı verərdi. Amma indi ortada
namaz söhbəti vardı. Ən yaxşı halda susmaq
məsləhət idi. Əri boğazına dirənən
sözləri geri qaytarmaq üçün dişlərini
bir-birinə elə sıxdı ki,
xırçıltısını üç
addımlığında dayanmış arvadı da eşitdi:
- Zəvzək olma ə, görmürsən qapıdan
indi girib?! - gəlin dedi. - Gözlə, xüftə ilə
şamı bir yerdə qılarsınız.
Oğlu pərt olsa da, özünü o yerə
qoymadı - necə gəlmişdisə, eləcə də
çəkilib getdi.
Əri uşaqların bayaq eyvana
çıxartdıqları mizin arxasına keçdi. Gəlin
çörək doğradı, qızmaq üçün
pilitənin üstünə qoyduğu tavanı əski ilə
götürüb ərinin qabağına itələdi.
Əri "bismillah" eləyən kimi, o da kətili çəkib
oturdu. Gözünü ərinin nazik, rəngi
qaçmış dodaqlarına dikib baxmağa başladı.
Elə bil, tez-tez açılıb-yumulan o dodaqlar indicə bu
dünyanın nə isə gizli bir sirrini
pıçıldayacaqdı və gəlin də
baxışlarını ona görə
yayındırmırdı ki, birdən o
pıçıltını eşitməz.
- Bir şey çıxara bildinmi?..
Əri başını qaldırıb baxdı və
arvadı onun gözlərinə çökmüş
nigarançılığın, narahatlığın
ağırlığından bir balaca eyməndi.
- Mən çıxara bilmədim. Məni
çıxartdılar. İşdə ixtisara saldılar, məni.
- Necə yəni ixtisara? - söz gəlinə çatmadı.
- İşdən çıxartdılar da.
- Niyə axı?
- İxtisara düşdüm, demirəm? Maaş verməyə
pul yoxdur. Ona görə də bir-bir işçilərin
dalından dəyirlər. Deyirlər, xoş getdiniz..
- Sovsem?
Əri başı ilə təsdiqlədi.
- Sən də ağzına su alıb durdun, hə? Bəs
demədin ki, ailəm, uşaqlarım var? Bəs
soruşmadın ki, çörək pulunu hardan alacağam?
Əri çeynədiyi tikəni udub handan-hana cavab
verdi...
- Fikrin köhnə əyyamlara getməsin. İndi belə
şeyə fikir verən yoxdur. Quliyev dedi ki, day buradan
havayı pul aldığınız bəsdir. İş yox,
güc yox. Gedin, başınıza çarə qılın.
Gəlin qapqara qaralmışdı, sifətinə
çırtma vursaydın, qan damardı. Doluxsunmuş uşaq
kimiydi. Deyirdin, bu saat dodaqlarını büzüb
ağlayacaq.
- Allah baisin başına özü boyda daş
çalsın... Allah kasıba qıymayanın cəzasını
versin. - Gəlin özünə də, ərinə də təsəlli
vermək üçün başqa bir söz tapmadı. - Elə
bilirsən, verməyəcək? Elə verəcək ki...
Eşitdiyi xəbərin ağırlığı
içinə elə çökmüşdü ki, kətildən
zorla qalxdı. Boş tavanı götürüb mətbəxə
keçdi. Bir stəkan çay süzdü, geri
qayıdıb ərinin qabağına qoydu və bir qədər
alçaqdan soruşdu:
- Bəs gədənin işi nə oldu?
- Hə... Qulam kişini gördüm. Bir az söhbət
elədik... Dedi ki, o məktəb indi dəbdədir. Yerindən
duran ora qaçır. Obşim, orda da ara qarışıb, məzhəb
itib. Kim tez tərpənsə, meydan onundur.
Gəlin bu qeyri-müəyyən danışıqdan
bir şey anlamadı:
- Kim tez tərpənsə - yəni kim qabağa
düşsə?
Əri yenə başı ilə təsdiqlədi.
- Onda bizim işimiz xoddu... Gədə şəkil
çəkdirib, hazır qoyub. Qalıb bir-iki arayış,
Allah qoysa, onları da düzəldərik. Gərək sən
Qulam kişidən dəqiq öyrənəydin ki, sənədlərin
qəbulu nə vaxtdır. Sonra gecikib eləyərik.
Əri gördü ki, arvadı onu düz başa
düşməyib. Ona görə də hər şeyi bitdə-bitdə
xırdalamağa məcbur oldu:
- Ay kütbaş, əvvəl bir qan gör nə deyirəm,
sonra üyüdüb tök. Mən o qabağa düşməkdən
demirəm e... Bu qabağa düşməkdən deyirəm! -
baş barmağı ilə şəhadət
barmağını bir-birinə sürtüb gəlinin
gözləri qarşısında oynatdı. - molla Nəcəfqulu
öz yanına şəyirdliyə pulla götürür.
- Nədir, yoxsa o pul istəyir? - gəlinin gözləri
təəccübdən bərəlmişdi:
- Bəs yox?.. İndi pulsuz iş görmürlər.
İki qarış qəbir torpağını da adama pulla
satırlar, az bədbəxt.
Sonra ciblərini eşələyib, əzik bir
"Astra" siqareti çıxartdı. Odlayıb
sözünə davam etdi:
- Yoxsa sən elə bilirdin, Qulam kişinin oğluna
havayı dərs keçib? havayı girib ora? Ay-hay, Qurana,
çörəyə and içdi ki, mini öz əli ilə
sayıb verib.
- Min, nə? Manat?
- Dollar, ay avamın qızı, dollar!
Bu xəbər gəlinə ərinin işdən
çıxarılmasından daha pis təsir elədi. Tamam
dilxor oldu. Bütün günü həsrətlə, intizarla
gözlə, axırda da bu xəbər...
Bədənində yenidən bir süstlük, əzginlik
duydu. Elə bil, içindəki bütün hisslər,
ümidli həyəcanlar, həsrətində olduğu xəbəri
gözləyə-gözləyə yaşadığı
xoş əzablar çəkilib getdi, əvəzində
böyük bir boşluq, havasızlıq yarandı. O
boşluq o qədər sonsuz, o havasızlıq o qədər
vahiməliydi ki, gəlinin ürəyi sancdı.
Bir müddət hər ikisi susdu. Əri
çayını hörtdələyirdi və onun
boğazından çıxan əcaib səslər gəlinin
beynini deşirdi. Bəlkə də, o səslərə son
qoymaq üçün axır ki, dilləndi:
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.14.