Hava, su, günəş adam
Dostluq məfhumunu anlayanda bildim ki, mənim ən
yaxın dostum böyük qardaşımdır - bilmədiklərimi
öyrədən, səhvlərimi deyən, çətinlikdə
mərhəmətinə və yardımına
arxalandığım, hər sözünə
inandığım Vaqif Həmid oğlu Osmanlı.
Yazmağı, oxumağı, kitablara marağı, hətta Vətəni
sevməyi ondan öyrəndim.
Deyirlər, dostluq etmək bir istedaddır, əgər
həm də, dostum istedadlıdırsa, onda mən çox
şey qazanmışam.
Vaqif evimizin içində bir ədəbiyyat dərnəyi
rəhbəri kimi hamımızdan (ailədə beş
uşaq idik) bədii kitablar oxumağı və çoxlu
şeir əzbərləməyi tələb edirdi. Hətta məşhur
əsərləri səhnələşdirərdik. Ən
çox mənə güvənər və tənqid edərdi.
Sözün düzü, onun tənqidindən qorxur, bəzən
də küsürdüm. Nəbi Xəzriyə "Zirvə
qardaşı" "poema"sı yazmışdım.
Axı, hamımız "Günəşin
bacısı"nı əzbər bilirdik. İlk oxucum və
ilk tənqidçim "poema"mı bəyənmədiyi
üçün dəftərimi cırdım. İndi
düşünürəm ki, onu yazan da, tənqid edən də,
cırıb atan da haqlı imiş.
... İllər sürətlə keçdi. Sevimli
qardaşım və doğma dostum, ömür vəfa edərsə,
bir ildən sonra yetmişi haqlayacaq. Uşaq ağlıma gəlməzdi
ki, zaman imkan verəcək, mən onun haqqında yazılar
yazıb çap etdirəcəyəm:
"Dünyanı yazmaq dünyanı görmək qədər
lazımmış. Əgər sənin kəlmələrin
duyğularının dadını ifadə etməyi
bacarırsa, söz qüdrətinin buna gücü
çatacaqsa, yazmaq gözəl şeydir,
qardaşım" (Vaqif
Osmanlı "Oxunan dualar" kitabı, "Yaza bilmək səadəti"
ön sözdən).
Mənim onomastika (adlar) lüğətimdə
qardaşım Vaqifin isminin izahı "hava, su, Günəş
adam"dır. Tanıyanlar dərhal düşünəcəklər
ki, ona doğru ad seçmişəm. Bu isimlər
bütün dünyanın varlığını göstərir,
həm də qardaşımın şəxsiyyətini tamam
ifadə edir. Yer planetində (bəlkə də, qalaktikada)
canlılara can verən, təmənnasız hər kəsə,
hər şeyə nəfəs verib qarşılıq istəməyən
bir gözəgörünməz hava var. Çox zaman
ovqatımız da ona köklənər.
Peşəkar dəniz hidrometeoroloqu Vaqif Osmanlı 40
ilə yaxın Neft Daşları hidrometeologiya stansiyasında
sıravi işçi, mühəndis, baş mühəndis,
aparıcı mütəxəssis, rəis olub. Küləklər
şəhəri Bakının Venesiyasına gəmi ilə gedib
gəlib, hava proqnozlarını vaxtından əvvəl
öyrənməyə çalışıb.
Kəndimizdə onun uşaqlıq dostu, gənc kolxoz sədri
mərhum Salam Əhmədov tez-tez zarafatla deyərdi: "Vaqif
müəllim, ot biçənəkdən quruyub
yığılmamış dağətəyi rayonlarda
yağış yağacaq, - demə!"
Xəzər sevgisi ilə qolboyun yaşamaq onun
duyğularının çalarlarını daha da
artırdı. Hər dəfə keçmiş Nargin (indi
Böyük Zirə) adasının - Nobellərin qazanc mənbəyi
kimi gördüyü adanın yanından keçəndə
Müşfiqi andı:
"Azı min dəfə bu əzabı çəkməli
olmuşam. Sərnişin gəmimiz dənizdən
qayıdanda, axşamın şər vədəsində
Böyük Zirənin yanından keçəndə mütləq
gəminin sağ göyərtəsinə çıxıb ətrafı
dinləyərdim. Sanki həmin vaxtlar xeyirlə şərin
mücadilə anlarıydı, bəlkə elə kabus buna
deyirlər? Axşam vaxtı qulağıma qəribə səslər
gəlirdi. Sanki nigaran, nakam ruhlar məni səsləyirdi.
Ruhların səsi necə olur, yaxud ruhun səsi olurmu? Olur,
bunu eşitmək, duymaq, anlamaq, əlbəttə, asan deyil...
Mən hər dəfə oradan keçəndə bir
doğma ruhun səsinə hay vermişəm - Mikayıl
Müşfiqin nakam harayına:
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?"
Hamının kövrələ-kövrələ
oxuduğu "Niyə Müşfiqin məzarı yoxdur" əsəri
(mən buna əsər deyirəm) beləcə yazılıb.
O sular da, əfsus, Müşfiqin yerini demir, susur.
Sənətə və sənətkara qiymət vermək
üçün mütləq filoloq olmaq şərt deyil.
Vaqif coğrafiya ixtisasını seçib. Mükəmməl
mütaliəçidir, dünya ədəbiyyatını, hətta
musiqi və muğam nəzəriyyəsini yaxşı bilir.
Sirlərlə dolu kainat, təbiət onun maraqlarını,
dünyagörüşünü artırır. Əsas da qələmi
sözə baxandı, yaxşı ifadə etməyi
bacarır. Təbiətə "vüqarlı, təmkinli, səxavətli
ana" deyib: "Erməni xislətli qu-qu quşları",
"Qarışqaların həyatı", "Sirli-sehrli təbiət",
"Talış gözəli - dəmirağac",
"Canlıların rekordları", "Xəzər dənizinin
adları", "Canlı termometrlər", "Coğrafi
adlar - dünənimiz, bu günümüz,
sabahımızdır", "Sabah hava necə olacaq" və
başqa elmi məqalələri maraqla oxunur.
Vaqif Osmanlı birinci kitabı çap olunanda 60
yaşı vardı. Zəngin və səliqəli
qovluqlarını arxivindən çıxartmaq
üçün biz - doğmaları onu razı saldıq.
Əslində bu yazılar bir məktəb dərsliyi kimi əhəmiyyətli
mövzuları əhatə edirdi: ata-ana məhəbbəti, Vətən
sevgisi, sənətkarlara rəğbət, təbiətə
qayğı, coğrafiyaya aid maraqlı bilgilər, deyimlər,
şeirlər və s.
Kitabı yubiley hədiyyəsi oldu. O vaxtdan hər il
dalbadal bir kitabı nəşr edildi.
Təqaüdə çıxandan sonra heç boş
vaxt keçirmədi. Günəş adam gənc yazarların
ağsaqqalı - "Vaqif əmi"sidir. Nicat Həşimzadə,
Nemət Mətin, Elvin Rizvangil, Nəcəf Əsgərzadə,
Miri Rəsulzadə və başqaları onun elminə,
ilhamına, tənqidinə, təhlilinə inandılar,
tövsiyələrini dinlədilər, redaktəsinin peşəkarlığından
öyrəndilər. İndiyədək 30-dan çox
kitabın redaktoru olub, qəzet və jurnallarla əməkdaşlıq
edib. İndi "Ədəbi ovqat" dərgisinin baş
redaktorudur. Gənc imzaların tanınması, yaradıcı
gənclərin həvəslənməsi və istedadların
axtarışı üçün əlindən gələni
əsirgəmir.
Parlaq düşüncəsi və zəkası, halal,
şərikli çörəyi ("Şərikli
çörək" filmindəki adaşı kimi) var. Bəşər
adamının ayrı-seçkiliyi və qərəzi yoxdur,
dini və imanı ədalət və insanlıqdır:
Dünya, vurğun könül sənə,
Tamarzıyam, bir gülsənə.
Qayıdacaq bir gün yenə
Yer kimi fırlanan ömrüm.
Bir dostundan eşitdiyim və
qürurlandığım cümləni paylaşmaq istərdim:
"Mən minlərlə insan görmüşəm,
ünsiyyətdə olmuşam, Vaqif müəllim qədər
mənəviyyatlı ikinci adama rast gəlmədim".
Zamanın yumruğu əzsə də məni,
Şax gəzərəm, amma fağır adamam.
Kədər addım-addım gəzsə də məni,
Şikayət etmərəm, ağır adamam.
Günəş kimi torpağın başına dolanan
Vaqif müəllimdən vətənpərvərlik dərsi
alanlar çox olub. Axı, o, ilk gənclik illərindən -
21 yaşından müəllimlik edib. Ana təbiəti,
havanı, suyu, torpağı, Azərbaycan
coğrafiyasını biliyi və dəyərli sözü ilə
tərənnüm edib.
Birinci Vətən savaşı,
torpaqlarımızın beşdən birinin işğal edilməsi
onun yaradıcılığına daha kəskin mövzular gətirdi.
"Oxunan dualar"da (2016) oxuculara tanıtdığı qəhrəman
çətin, uğurlu döyüş yolu keçmiş
Qarabağ qazisi Şakir Hüseynovdur. Bu oçerkin epiqrafı
Öndərimiz Heydər Əliyevin müdrik fikirlərindən
biridir: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli,
ya məhv olmalı, ya da millət
olmadığımızı etiraf etməliyik".
Hələ 2016-cı ildə müəllif
inanırdı ki, "Azərbaycanın işğal
altındakı ərazilərinin düşmən tapdağından
azad olunacağı günün uzaqda olmadığına
şübhə edənlər yanılırlar. Qarabağ
qazisi, ehtiyatda olan zabit, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının mayoru Şakir Seyfəddin oğlu
Hüseynovla yaxından tanış olan gündən mən bu
fikrimdə qətiyəm" ("Vətənin
oğlu").
O zaman atəşkəs idi, ancaq Vətəni qoruyan
igidlər dilimizdən düşmürdü.
İkinci Vətən müharibəsi zamanı vətənpərvərlik
ruhunun ən yüksək səviyyədə olduğu günlərdə
Vaqif müəllim misraları ilə də hay
salmışdı:
Düşmən caynağında Kəlbəcər,
Laçın,
Ağdam, Ağdərənin bəxti ağ deyil.
İgidlər, qələbə yolunu açın,
Yurdsuz ömür sürmək yaşamaq deyil!
Şəhidlərin, qazilərin
ağrısını, acısını ağ vərəqə
sarılmış qələmlərin mürəkkəbiylə
sağaltmaq istəyirdi. "İkinci Qarabağ gündəliyi"ndə
şəhidlərin tabutunu çiyinlərində aparan
Nargül, Səkinə, Füruzə xanımlar, bu
savaşın ilk şəhid qadını Arəstə
xanım, "Həkim və yaralı əsgərin
dialoqu"nu yazan doktor Aynurə Hidayətqızı
haqqında ürəyi yana-yana yazdı. Yazdı ki, bəşər
övladı Azərbaycan qadınının ürəyini
görsün.
Sözü kimi özü də mərd olan şairlərə
böyük ehtiramla yanaşan Vaqif
Osmanlının həm sənəti ilə, həm cəsarəti
ilə Vətənə sevgisini sübut edən qazi sənətkarlara
həssas münasibəti bir neçə kitablıq sözə
çevrilib.
O, əsgər gödəkcəsinə ən gözəl
ballada həsr edən Birinci Vətən müharibəsində
Milli Qvardiyanın döyüşçüsü, fəlsəfi
düşüncəli riyaziyyatçı, poeziya bilicisi
Süleyman Abdulla yaradıcılığını maraqla
araşdıraraq, bir kitablıq təhlil ərsəyə gətirib:
Hər səhər oyanıb işə gedəndə,
Canımda görürəm o qarı, sisi.
Hərbi geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.
Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram, gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.
Elə həmin illərdə 6000-dən çox şəhidi
olmuş Ağdamın qazi şair oğlu Rəfail
Tağızadə ciblərində şeir kitabları, ürəyində
alov ön cəbhədə misra-misra dualara ümid edərək
soyuq səngəri isti Vətən eşqi ilə
qızdırıb. "Sən burda məndən sevgi gözləmə"
kimi bənzərsiz mesajı ilə, kişi qətiyyətinin
ciddiliyi ilə məhəbbətin
bütövlüyünü qoruyur: "Səngər həyatının
özəlliklərini yerli-yataqlı qələmə almaq
üçün şair də döyüşçü
olmalıdır".
Adətən, yazarlar əsərin epiqrafını
hansısa müdrikdən bir sitat gətirirlər.
Döyüşçü Rəfailin epiqrafı özününküdür:
"Öz torpağında səngər qazmaq, özünə
qəbir qazmaq kimidir" (qazi şairə ordu günü təbrikindən).
Rəfail müəllimin Vətən və sevgi
şeirləri, poemaları həm də gözəl
publisistikası haqqında Vaqif Osmanlının
çoxsayı yazıları var.
"Xəzan yarpağı" kitabının təhlili
də araşdırmaçının xüsusi zövqü
ilə qələmə alınıb: "Bütün
insanlığa "Eşq olsun!" söyləyən Bəhruz
Məmmədov da qazi şairdir. Onun bütün şeirlərində
ustad Musa Yaqub ruhuna güvən duyulur. Bəhruz Məmmədov
anlayıb ki, Qafqazın poeziya qartalı "ilahi, mən bu
daşı götürüm, götürməyim"
dilemması ilə üz-üzə qalan şeir sərkərdəsi
dünyanın bu boyda "oyun-moyunu"ndan bezib
dünyanın haqq tərəzisinin gözləri əyilməyən
tərəfinə köçüb. "Musa Yaqubun vəfatına"
şeiri onun ustadına yazdığı elegiyadır".
Bu cümlələri yazarkən müəllif "Xəzan
yarpağı"nın altından, üstündən nə
qədər ipə-sapa düzülmüş misra tapıb
şeirsevərlərə ərmağan edir.
Ana xəstə, qayğıya ehtiyacı olan
balasına daha çox məhəbbət və mərhəmət
bəsləyirsə, qazi şairlər də Vətəni o
cür sevirlər, sevgidən yaranan əməlləri ilə
sevilir, bəyənilirlər.
Söz qalası qurmaq üçün çox
oxumalı, gecələrin yuxusundan imtina etməli, bəzən
yazdığını poza bilməli,
yerinə ondan güclü söz tapıb qoymalısan. Söz
üstə söz qoymaq, daş üstə daş qoyub
möhkəmləndirməkdən daha əziyyətlidir. Bu əziyyətlərdən
qorxmayan Vaqif Osmanlı "Sözün azadı"
kitabını ərsəyə çatdırmaq
üçün yazıçı, elmi tənqidçi Azad Qaradərəlinin
bütün külliyyatının - 400-dən çox hekayə,
16 roman, 3 cild elmi-tənqidi məqalələrin təxminən
üçdən ikisini oxuyub incələyib.
Sözü yaratmaq üçün zəka qədər
zəhmət də lazımdır. Sözün gücünə
güvənən özünün və əqidəsinin təsdiqinə
inanır, bilir ki, söz diridir, dirildəndir.
Mənim 65 illik yaxın və doğma dostum,
böyük qardaşım Vaqif doğru sözünün
işığında yaşayır. Hava kimi kəlmələrə
nəfəs verərək, su kimi şəffaf, duru nəfsi ilə
onu qoruyaraq, Günəş kimi söz səltənətini
isidərək yaşayır.
Yazmaq onun üçün səadətdi - həyatını
gözəl fikirləri ilə rəngbərəng edir. Ürəyindən
keçənlər ordan saf su içir. Şəffaflığın
içində gerçək bir həyat var. Mən gerçək
həyatı da, doğru sözü də və bu gerçəkliyin
sahibi Vaqif qardaşımı da çox sevirəm!
Tamella Həmidqızı
525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.15.