Rzaqulu xan Qacar
1779-cu ilin fevralında Kərim xan Zənd
başını yerə qoyan kimi Ağa Məhəmməd xan
Qacar onunla birlikdə olan girov qohumlarını və nökərlərini
də götürüb, Tehrana qaçdı. Bir müddət
şəhərin yaxınlığındakı Vəramin
adlı qəsəbədə qaldı. O, Kərim xanın
yerinə İran taxt-tacına çıxan oğlu
Əbülfət xanla və eyni zamanda Tehrana, Qəzvinə,
Kaşana və İsfahana yenicə hakim təyin olunmuş
Əlimurad xanla gələcək mübarizələrə
hazırlaşmağa başladı. Yaxın adamlarını
və tərəfdaşlarını başına toplayıb,
qoşun düzəltdi. Ağa Məhəmməd xanın
tezliklə daha da güclənəcəyindən və əl-qol
açacağından ehtiyatlanan Əlimurad xan onun üzərinə
yeridi. Hələlik kifayət qədər qoşunu olmasa da,
Ağa Məhəmməd xan böyük riskə getdi,
kiçik qardaşı Cəfərqulu xanı qoşununa
başçı təyin edib, düşmən hücumunun
qarşısını almağa göndərdi. Astrabad ətrafında
Əlimurad xan çoxlu itki verib, kiçik bir dəstəylə
geri döndü...
Ağa Məhəmməd xan artıq Mazandaran
yaxınlığındakı Barfruşda idi və
Laricanı almağa hazırlaşırdı. Bu vaxt laricanlı
Qara Məhəmmədqulu və Ağ Məhəmmədqulu
özlərini bu yerin müstəqil hakimləri elan etdilər
və Əlimurad xanla birləşdilər. Bu, həm də
Ağa Məhəmməd xana qarşı yaradılmış
hərbi blok idi. Ağa Məhəmməd xan düşmənlərini
qabaqlamaq məqsədi ilə dərhal qardaşı Rzaqulu
xanı yanına çağırıb, yubanmadan Laricana
hücum eləməyi və Məhəmmədqulu
qardaşlarını əsir götürüb, onun
hüzuruna gətirməyi əmr elədi. Rzaqulu xan qoşunu
ilə Laricana hücuma keçdi. Lakin döyüş
başlanmamışdan əvvəl həddindən artıq
hiyləgər olan Məhəmmədqulu qardaşları ona
sifariş göndərib, bildirdilər ki, təslim olmağa
hazırdırlar. Amma vacib bir məsələ
üçün Rzaqulu xanla görüşüb, söhbət
eləmək istəyirlər. Bu vacib iş Rzaqulu xanı bərk
maraqlandırdı və razılıq verib, onların
yanına getdi.
Qardaşlar Rzaqulu xanın pişvazına
çıxıb, baş əydilər, lütfkarlıq
göstərdilər, yaltaqlandılar, tərifini göylərə
qaldırdılar. Dedilər ki, nə atalarımız, nə də
biz özümüz heç vaxt düşmənçilik eləməmişik.
İndi nə olub ki, bir-birimizin üzərinə qoşun
yeridirik, ölüb-öldürürük... Sizi bura dəvət
etməkdə də əsas bir məqsədimiz var və onu da
mütləq indi deməliyik. Yoxsa sonra gec olar. Biz də,
başqa vilayətlərin hakimləri də sizin
qardaşınız Ağa Məhəmməd xanın taxt-taca
çıxmasına razı deyilik. Çünki fiziki cəhətdən
naqis bir adam olduğuna görə heç kim onun
hökmranlığını qəbul etmək istəmir. Və
biz də heç vaxt imkan vermərik ki, belə bir adam
padşah olsun. Ağa Məhəmməd xan sizin böyük
qardaşınız olsa da, atanızın yerini tutmağa sizin
ixtiyarınız var. Siz şahlığa hər cəhətdən
layiqsiniz. İran hökmdarı siz ola bilərsiniz,
padşahlıq yalnız sizin boy-buxununuza yaraşır. Əgər
şah olmaq istəsəniz, biz də sizin hökumətinizi
tanıyacağıq, həm hərbi cəhətdən, həm
də maddi və mənəvi cəhətdən
sizə arxa duracağıq. İxtiyarımızda olan
bütün qoşunumuzu sizin sərəncamınıza verməyə
hazırıq. Bizim dostumuz Kurd Əbdal bəy də iki minlik
qoşununu sizin yolunuzda qurban verməkdən çəkinmir.
Məhəmmədqulu qardaşları Rzaqulu xan
Qacarın boş başını elə doldurdular ki, o, bir
anlığa özünü İran səltənətinin taxtında
hiss elədi, onun ləzzətini duydu. Qardaşlar Rzaqulu
xanı bişirib, yolundan elə çıxardılar ki, o,
heç nəyi fikirləşmədən, götür-qoy etmədən
razılaşdı. Onlar öz qoşunlarını Rzaqulu xana
verib, Barfruşa - Ağa Məhəmməd xanın üzərinə
göndərdilər. Və Ağa Məhəmməd xana
aydın oldu ki, Rzaqulu xan ona xəyanət edib. Rzaqulu xan
Ağa Məhəmməd xana sifariş göndərdi ki, bu
gündən o, qardaşına yox, qardaşı ona tabedir, bu
yerlərin padşahı odur. Əgər qan tökülməsini,
özünün ölməsini istəmirsə, təslim
olsun. Fikirləşməyə bir saat vaxtı var. Mühasirəyə
düşmüş Ağa Məhəmməd xanın
qüvvəsi çox az olduğundan müqavimət göstərməyin
lüzumsuz olduğunu görüb, təslim olmaq qərarına
gəldi. Onu həbs edib, Rzaqulu xanın yanına gətirdilər...
Ağa Məhəmməd xan xeyli vaxt kiçik qardaşının
əsiri oldu. Və bu müddətdə qaçıb-qurtulmaq
üçün yollar arayıb-axtardı, ancaq hələlik
heç bir yol tapa bilmədi. Bu vaxt Allah-Təala elə bil
Ağa Məhəmməd xanın səsini eşitdi, onun
hüzuruna xeyirxah bir adam göndərdi. Yaxşı deyirlər
ki, çalış həmişə yaxşılıq elə,
bu gün də olmasa, sabah o, qabağına çıxacaq.
Rzaqulu xanın qoşun başçılarından olan
Hacı xan adlı bir nəfərin həyatını Ağa
Məhəmməd xan vaxtı ilə döyüşlərin
birində xilas eləmişdi. Həmin adam da bu
yaxşılığın əvəzini çıxmaq
üçün ona yenidən həyat verənə kömək
eləmək fikrinə düşdü. Hacı xan imkan
tapıb Ağa Məhəmməd xanla görüşə
bildi. Hər ikisi belə qərara gəldi: Ağa Məhəmməd
xanla Laricandakı qardaşı Cəfərqulu xandan kömək
istəsinlər, çünki qardaşların içərisində
Ağa Məhəmməd xana ondan yaxını yox idi. Hacı
xan Cəfərqulu xana məktub göndərib,
qardaşının başına gələnlərdən onu
agah etdi, kömək istədi. Cəfərqulu xan
qardaşının vəziyyətini artıq yaxşı
bilirdi. Cəfərqulu xanla Rzaqulu xanın arası bərk dəymişdi,
çünki Gilanın hakimliyini ondan istəyəndə
qardaşı onun bu arzusunu yerinə yetirməmişdi. Ona
görə də Cəfərqulu xan Ağa Məhəmməd
xana kömək etməyi üstün tutmuş və Rzaqulu
xana qarşı çıxmağı qərara
almışdı. O, Hacı xana bildirdi ki, Ağa Məhəmməd
xana kömək etməyə həmişə hazırdır.
Amma bəri başdan belə bir şərt də qoyurdu ki, əgər
Ağa Məhəmməd xan hakimiyyətə gəlsə,
Mazandaranın və Gilanın hökmranlığını
ona verəcək. Ağa Məhəmməd xan da cavab məktubunda
demişdi ki, onun şərtləri ilə razıdır. Ancaq
o biri qardaşları Mustafaqulu xanı Astrabada qoşun toplamağa
göndərsin, Abbasqulu bəyi kömək üçün
bu işlərə qatsın. Cəfərqulu xan kiçik
qardaşı Mustafaqulu xanı yanına
çağırtdırdı. Ona hər şeyi
yerli-yataqlı başa saldı, xatırlatdı ki,
atalarından sonra qacarlar tayfasının
başçısı vərəsəlik qanununa görə
böyük qardaşımız Ağa Məhəmməd xan
olmalıdır. Yəqin yaxşı yadına gəlir, əgər
Ağa Məhəmməd xanın ağlı, dərrakəsi
olmasaydı, biz kiçik qardaşlar Kərim xan Zəndin
yanında qalıb çürüyəcəkdik. O öz
ehtiyatlı tədbirləri ilə bizi Kərim xanın cəngindən
qurtarıb, Qəzvinə göndərdi. Ancaq balaca
qardaşımız Rzaqulu xan nankor çıxdı, Ağa Məhəmməd
xanın hamımızın boynumuzda olan haqq-sayını
unudaraq ona düşmən kəsildi. Rzaqulu xanın bu
çirkin xəyanəti olmasaydı, ömründə ona
bata bilməzdi. Bu, çox böyük haqsızlıqdır
ki, böyük qardaşımız dura-dura kiçiyimiz
hakimiyyətdə olsun. Mənim fikrim budur ki, sənin və
Murtuzaqulu xanın köməyi ilə Ağa Məhəmməd
xanı hakimiyyətə gətirək. Abbasqulu bəydən
kömək almaq üçün Astrabada getməlisən. Mən
öz qoşunumla Mazandarana girəcəyəm və Abbasqulu
xanla eyni vaxtda hərəkət eləsək, Rzaqulu xanı məğlub
edib, Mazandaranı ala bilərik.
Mustafaqulu xan Astrabada yollandı, Aşağıbaş
tayfasından Ağa Məhəmməd xan üçün əsgər
yığmağa başladı. Bu tərəfdən də Cəfərqulu
xan öz ərazisində qoşun toplamaqla məşğul
idi. O, xeyli döyüşçü toplayıb,
qardaşı Murtuzaqulu xanı qoşun
başçısı təyin elədi.
Beləliklə, 1776-cı ildən Məhəmmədhəsən
xanın oğlanları iki cəbhəyə
bölündü, qacar qardaşları arasında səltənət
üstündə qanlı döyüşlər
başlandı. Cəfərqulu xan, Mustafaqulu xan və
Murtuzaqulu xan Ağa Məhəmməd xan tərəfə
keçdilər. Əsasən, Aşağıbaş
tayfasından toplanmış döyüşçülər
Mustafaqulu xanın başçılığı ilə qəflətən
hücuma keçib, Bəndpeyi dörd tərəfdən
mühasirəyə aldılar. Rzaqulu xan qaçmaq istəsə
də, buna nail olmadı. Əlacsız qalıb, elə Ağa
Məhəmməd xanın özünə sığınmaq
istədi və ona təslim oldu. Mustafaqulu xanla Murtuzaqulu xan hər
yerdə elan etdilər ki, Ağa Məhəmməd xan
artıq İranın həqiqi padşahıdır.
Rzaqulu xan Ağa Məhəmmədə məktub
yazıb, bağışlanılmasını xahiş elədi.
Yazdı ki, bir qələtdir eləmişəm, cavanam,
başa düşməmişəm. İndi
peşmançılıq çəkirəm. Və Ağa Məhəmməd
xana minnət qoyub, xatırlatdı ki, ətrafdakılar onu
Ağa Məhəmmədi öldürməyə məcbur edirdilər,
o isə heç kəsin sözünə baxmayıb və
qardaşını qətlə yetirməyib.
Ağa Məhəmməd xan Rzaqulu xanın məktubunu
qardaşlarına da oxutdu və onun barəsində hansı cəza
tədbiri görməyi soruşdu. Mustafaqulu xan Rzaqulu xanın
bağışlanmasını xahiş etdi. Çox
götür-qoydan sonra Ağa Məhəmməd xan xəyanətkar
qardaşını bir şərtlə
bağışladı ki, Rzaqulu xan bir daha onun gözünə
görünməsin! Əlavə edib dedi ki, nə vaxtsa onu
görsəm, xəyanəti yadıma düşəcək və
mən də mütləq onu öldürəcəyəm. Ona
çatdırın ki, mən bu gündən Rzaqulu adda
qardaş tanımıram və onu heç adam yerinə də
qoymuram. O da mənim adımı dilinə gətirməsin!
Ağa Məhəmməd xanın əmrini Rzaqulu xana
yetirdilər və dedilər ki, özünə
yazığı gəlirsə, padşahın gözünə
görünməsin, burdan uzaqlaş, get! O, səni
özünə qardaş hesab eləmir!
Rzaqulu xan elə peşman olmuşdu ki,
utandığından özünə yer tapa bilmirdi. Onu bu
işə sövq edənlər əlinə düşsəydi,
qanlarını içərdi. Ancaq orasını da bilirdi ki,
sonrakı peşmançılıq fayda verməz.
Qardaşının da xasiyyətinə yaxşı bələd idi. Bir
söz dedimi, başını kəssələr, yerinə
yetirəcəkdi, bir sözlə,
tüpürdüyünü yalayan deyildi.
Elə bu vaxt Əlimurad xanın oğlu Şeyx Veys
xan Mazandarana hücum etdi. Hər yerdən əli üzülən
Rzaqulu xan qardaşı Murtuzaqulu xanla birlikdə Şeyx Veys
xana itaət edib, ona sığındı. Lakin Şeyx Veys xan
məğlub olandan sonra isə Murtuzaqulu xan Təbrizə,
Rzaqulu xan isə Ağa Məhəmməd xanın qorxusundan əvvəlcə
İsfahana, sonra isə Xorasana getdi, yəni Xorasanın kor
padşahı, Nadir şahın nəvəsi Şahrux Mirzəyə
pənah apardı. Lakin Rzaqulu xanın qardaşına etdiyi xəyanətə
görə, onu burda da adam yerinə qoymadılar, Şahrux
şah isə heç yaxınına da buraxmayıb,
saraydakılara dedi: - Bir kəs ki, öz doğma
qardaşının elədiyi yaxşılıqlar əvəzinə,
ona xəyanət eləyə, mən niyə onu himayə edib,
vəzifə verməliyəm. O, elə bir adamdır ki,
fürsət tapan kimi, sözsüz, mənə də xəyanət
edəcək.
Rzaqulu xanın bu cəhdi də boşa
çıxandan sonra daha üz tutmağa yeri qalmadı. Naəlac
qalıb, Ağa Məhəmməd xana məktub yazdı, yenə
də bağışlanmasını xahiş elədi. Ancaq
qardaşından heç bir xəbər çıxmadı.
Rzaqulu xan uşaqlıqdan həkkaqlığı
öyrənmişdi. Bu sənət xanlara layiq olmasa da, o,
işləyib, dolanmalıydı. Ancaq fikirləşirdi ki,
birdən Məşhəddə kimsə onu tanıyar,
qınayar, həqarətlə baxar. Ona görə də Məşhəddən
uzaqlaşıb, Herat şəhərinə getdi. Bilirdi ki,
burda onu heç kim tanımaz. Həkkaqlıqla məşğul
olmağa başladı, yeddi il burda işlədi. Lakin vətən
onu özünə çəkirdi. Yenə də
qardaşına məktub yazdı. Ağa Məhəmməd
xan gözlənilmədən bu dəfə onu
bağışladı, hətta yol pulu göndərdi ki,
Tehrana gəlib, onun sarayında yaşasın. Rzaqulu xan Tehrana
yola düşdü. Lakin bu illər ərzində o qədər
xəcalət, dərd-qüssə çəkmişdi ki, Məşhəd
yaxınlığında bərk xəstələndi və
Tehrana çata bilmədi. Elə bu dərd-qüssə ilə
də bu dünyadan getdi və Məşhəddə
torpağa tapşırıldı. Qardaşların isə
heç biri onun dəfnində iştirak eləmədi.
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.13.