Gözəl ziyalı, təəssübkeş vətəndaş,
əsl alim
AMEA-nın müxbir üzvü, professor Ərtegin
Salamzadənin 60 illiyinə
İllər sürətlə ötüb keçir. Bəzən
insana elə gəlir ki, düşündüyü,
yaşadığı hadisə dünən olub. Ancaq diqqət
yetirdikdə, görürsən ki, üstündən illər
ötüb. Lakin yaradıcı insan ömründə illər
boş-boşuna ötüb keçmir. Məncə, bu fikir
alimlərin nümunəsində özünü daha
yaxşı doğruldur. Elmi araşdırmalar, kitablar, məqalələr, konfranslar, məruzələr...
bütün bunlar alim ömrünü bəzəyir,
ötüb keçən illərin dəyərli nailiyyətləri
kimi yaddaşlarda qərarlaşır. İllər
ötdükcə onların sayı çoxalır, müəllifinə
baş ucalığı gətirir. "Mənim illərim mənim
dövlətimdir" - deyənlər yəqin ki,
yanılmırlar. Bütün bu fikirləri əminliklə
AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadəyə
aid etmək olar. Bu günlərdə onun 60 yaşı tamam
olur.
Elmdə bəzən 60 yaşı "ilk yubiley"
adlandırırlar. Bəlkə də bunda bir həqiqət
var. Ancaq mənim yaxşı xatirimdədir: on il əvvəl,
Ərtegin müəllimin 50 yaşı tamam olanda onun
haqqında məqalə yazmışdım. İndi isə biz
onun 60 yaşını qeyd edirik.
Haşiyə: Qoy bunu da deyim, ürəyimdə
qalmasın: o zaman bir onu təbrik edəndə əlbəttə
ki, sevinirdik. Lakin hər bir azərbaycanlı kimi, mənim də
sevincimə özümdən asılı olmayaraq bir damcı
acı qarışırdı - Qarabağ acısı! Bu
gün, Ərtegin Salamzadənin 60 illiyi münasibəti ilə
yazı yazıram və şükürlər olsun ki, indi daha
o acı yoxdur.
Ərtegin Salamzadə 1982-ci ildə o zamankı
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun yeni yaradılmış sənətşünaslıq
bölməsinə daxil olub. Onun həyat tarixçəsi elə
əvvəldən sövqi-təbii ilə birinciliyə
doğru meyllənib, taleyin özü buna şərait
yaradıb: birinci qəbul, birinci buraxılış, birinci
qırmızı diplom, birinci ciddi elmi-tədqiqatçılıq
nümunəsi, birinci dissertasiya müdafiəsi... Bu
siyahını uzatmaq olar, ancaq buna lüzum görmürəm.
Bundan daha vacib olanı bütün bunların milli elmimizin
inkişafına yönəlməsidir, ona xidmət etməsidir.
1987-ci ildə təhsilini başa vuran gənc mütəxəssis
Azərbaycan EA-nın Memarlıq və İncəsənət
İnstitutuna işə qəbul olundu və aradan keçən
az qala qırx il müddətində taleyini bu möhtəşəm
elm məbədinə bağladı. Ərtegin Salamzadənin
elmin böyük pillələrinə qədəm qoyduğu
80-ci illərin ikinci yarısı o zamankı cəmiyyətdə
fırtınadan öncə sakitlik, durğunluq dövrü
idi. Lakin bir çox təəssübkeş ziyalılar kimi, o
zaman çox gənc olan Ərtegin Salamzadə də ictimai həyatda
və elmdə prinsipial dəyişikliklərin
qaçılmaz olduğunu başa düşürdü.
Çalışqanlığı, səmimiliyi, məsuliyyəti,
başlıcası isə elmi prinsipiallığı və
obyektivliyi hər şeydən uca tutması onu çalışdığı
Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi
və kollektivinin nəzərində ucaltmış, cavan
olmasına baxmayaraq, nüfuz sahibi etmişdi. 90-cı illərdə
İnstituta rəhbərlik edən müxbir üzv K.Kərimov,
daha sonra akademik R.Əfəndiyev bu gənc alimin hərtərəfli
istedadını, o cümlədən idarəçilik və
təşkilatçılıq məharətini layiqincə
qiymətləndirdilər. 1995-ci ildə o, İnstitutun elmi
katibi təyin olundu, üstündən bir il keçəndən
sonra, 1996-cı ildə elmi işlər üzrə direktor
müavini vəzifəsinə yüksəldi. Həmin illərdə
o, əvvəlcə dosent, sonra isə professor elmi dərəcələrini
aldı, kadr hazırlığı işində yüksək
nəticələr əldə etdi. 14 ilə yaxın bir
müddətdə İnstitutun direktor müavini vəzifəsində
məsuliyyətlə çalışan Ərtegin Salamzadə
2010-cu ildə AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru təyin edildi. 2014-ci ilin iyununda o,
AMEA-nın müxbir üzvü seçildi.
90-cı illərdə Ərtegin Salamzadə Azərbaycan
sənətşünaslığının inkişaf modelini
qurmağı düşünürdü. Lakin bunun
üçün sənətşünaslığın tarixi
və metodologiyası araşdırılmalı idi.
İzahedici sənətşünaslığın əsas
prioritetlərindən olan bu mühüm problemlə o zamanadək
Azərbaycan alimlərindən heç kəs ciddi şəkildə
məşğul olmamışdı. Halbuki digər sahələrdə,
misal üçün, filologiyada ədəbiyyat nəzəriyyəsi
ilə yanaşı, ədəbiyyatşünaslıq tarixi də
hərtərəfli öyrənilərək nəşr
edilmişdi. Ərtegin müəllim tanınmış
filoloq-alimlərimizdən F.Qasımzadə, M.Quluzadə,
Ə.Mirəhmədov, Y.Qarayev, İ.Həbibbəyli, T.Kərimli
və başqalarının ədəbiyyatşünaslıq
məsələlərinə həsr edilmiş əsərləri
ilə tanış idi. AMEA-nın müxbir üzvü,
professor K.Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığı
tarixi mövzusundakı fundamental araşdırması onun
şüurunda dərin iz buraxmışdı. Ərtegin
Salamzadə özünün doktorluq işini məhz Azərbaycan
sənətşünaslığının tarixinə, nəzəri
və metodoloji məsələlərinin öyrənilməsinə
həsr etdi. Böyük tədqiqatçılıq həvəsi
ilə Ərtegin müəllim bu mürəkkəb, çoxcəhətli
mövzunun tədqiqinə başladı, görkəmli alimlərin
elmi metodlarını müqayisə və təhlil etdi. Nəticədə
miqyaslı, sanballı iş ərsəyə gətirdi, milli
elm tariximizdə ilk dəfə olaraq sənətşünaslığın
tarixi mənzərəsini yaratdı. 2002-ci ildə həmin
mövzuda Moskvada, Dövlət Sənətşünaslıq
İnstitutunda müvəffəqiyyətlə doktorluq
dissertasiyası müdafiə edən gənc alim bu çətin
işin öhdəsindən bacarıqla gəldi. Ərtegin
Salamzadənin doktorluq işinin əsas müddəalarını
əks etdirən monoqrafiyası bundan bir il öncə, 2001-ci
ildə nəşr edilmişdi. "Azərbaycan sənətşünaslığı.
XX əsr" adlanan bu monoqrafiyada milli sənətşünaslıq
məktəbinin keçdiyi uzun yol işıqlandırılmış,
mərhələlərə bölünmüş, həmçinin
təsviri, dekorativ-tətbiqi sənətlərin,
memarlığın bir sıra nəzəri və metodoloji
problemləri əhatəli şəkildə nəzərdən
keçirilmişdir.
Ərtegin Salamzadənin tədqiq etdiyi əsas problem
sahələrdən biri heraldika sənəti ilə
bağlıdır. Türk sənətinin bir hissəsi olan rəmzlər
alimin tədqiqatlarında önəmli yer tutur. Qeyd etmək
maraqlı olardı ki, bu rəmzlər içərisində
şəbəkə sənətinin öz yeri vardır.
Ərtegin Salamzadənin tədqiqatlarında şəbəkə
sənəti geniş təmsil olunub. O, bir çox şəbəkə
ustalarının yaradıcılığını tədqiq
etmişdir. Onlardan biri təcrübəli sənətkar Tofiq
Rəsulovdur. Şəki şəhərində
yaşayıb-yaradan Tofiq Rəsulov çox qiymətli, nəfis,
zəngin kompozisiya quruluşuna malik şəbəkə-vitraj
sənətinin mahir ustadıdır. Onun yaratdığı
şəbəkə nümunələri respublikamızın
hüdudlarından kənarda da məşhurdur. Ərtegin
müəllim onun yaradıcılığını əks
etdirən kitab-albom nəşr etdirmişdir. Sənətkarın
yaradıcılıq özəlliklərinə diqqət
çəkən müəllif onun məşhur "səkkizlik"
kompozisiyasını böyük həvəs və ilhamla
yaratdığını xüsusilə vurğulayır.
Müəllif qeyd edir ki, Azərbaycan tətbiqi sənətlərində
geniş yayılmış bu bədii element Tofiq Rəsulovun
yaradıcılığında yeni bədii ifadə
çalarları kəsb etmişdir.
Ərtegin müəllimin hazırladığı
müasir elmi inkişafin yol xəritəsində türkoloji sənətşünaslıq
öncül mövqe tutur. Bu da təbiidir, çünki burada
sənətşünaslığın əsas prioritet vəzifələri
- milli özünüidentifikasiya, türk dünyası ilə
əməkdaşlıq, informasiya resurslarından daha səmərəli
istifadə etməklə milli mədəniyyətimizin
tanıdılması və təbliği kimi məsələlər
öz əksini tapır. Ərtegin müəllimin təşəbbüsü
və yaxından iştirakı ilə İnstitutda
"Türk sənəti irsi və mədəni tarixi"
şöbəsi yaradıldı. Bununla da Türk sənətinin
sistemi araşdırılması üçün etibarlı
elmi zəmin formalaşdı. Bu gün Ərtegin Salamzadə
İnstituta ümumi rəhbərliklə yanaşı, həm
də ərsəyə gətirdiyi yeni şöbəyə
başçılıq edir.
Ərtegin Salamzadə 40 illik elmi fəaliyyətində
Azərbaycan sənətşünaslığının
inkişafı üçün çox iş
görmüşdür. O, həm də pedaqoji fəaliyyət
göstərir. Ərtegin Salamzadə Memarlıq və
İnşaat Universitetində dərs deyir, gənclərə
sənətin sirlərini öyrədir. Yorulmaz tədqiqatçı-alimin
rəhbərliyi ilə bir çox gənc kadr
yetişdirilmiş, dissertasiya müdafiə etmişdir.
Həmişə olduğu kimi, professor Ərtegin
Salamzadə bu gün də geniş elmi-yaradıcılıq
işi ilə məşğuldur. İnstitutdakı rəhbərlik
fəaliyyəti onun vaxtını çox alsa da, öz sevimli
peşəsi ilə məşğul olmaq üçün o,
həmişə vaxt tapır. 2014-cü ildə Ərtegin
Salamzadənin həmmüəllifliyi ilə AMEA Memarlıq və
İncəsənət İnstitutunun yeni bukleti nəfis şəkildə
çap olundu. İnstitutun 70 illiyi ərəfəsində
işıq üzü görən bukletdə bu elmi qurumun
keçdiyi şərəfli yol, görkəmli alimlərin həyat
və elmi fəaliyyəti, həmçinin bugünkü
inkişaf, gənclər potensialı və beynəlxalq əlaqələr
əhatəli şəkildə
işıqlandırılıb, çoxsaylı tarixi və
müasir fotolar yerləşdirilib. 2025-ci ildə, AMEA-nın
80 illiyi dövlət səviyyəsində qeyd olunduğu bu
günlərdə alim böyük həvəslə yeni tədqiqatlar
üzərində çalışır. Hazırda üzərində
işlədiyi və başa çatmağa az qalmış
"Şəbəkə sənəti" kitabını
Ərtegin müəllim gələn il, birinci Türkoloji
qurultayın 100 illiyi münasibəti ilə nəşr etdirmək
fikrindədir.
Yazının əvvəlindəki fikrə bir daha
qayıtmaq istərdim. Bəli, illər sürətlə
ötüb keçir. Bir neçə il öncə baş
vermiş hadisələr adama sanki dünən olubmuş kimi
görünür. Erkən gənclik illərindən həyatını
AMEA ilə bağlayan, ömrü boyu alimlik ləyaqətini
uca tutan, müasir Azərbaycan sənətşünaslığını
tükənməz ruh yüksəkliyi ilə inkişaf etdirən
Ərtegin Salamzadənin artıq 60 yaşı tamam olur.
İnanmaq çətin olsa da, həyat, illər öz
hökmünü verir. Bu illər mənalı, milli sənətşünaslıq
məktəbini layiqincə təmsil etməklə keçib.
Yubilyarın yorulmaz, çoxcəhətli fəaliyyətin əsl
qiymətini zaman özü verəcək. Bizsə
üzümüzü Ərtegin müəllimə tutub deyirik:
60 yaşınız mübarək! Əminik ki, o, bizləri
öz yeni tədqiqatları, sanballı nəşrləri ilə
hələ çox sevindirəcək, Azərbaycan elminə dəyərli
töhfələrini verəcəkdir.
Sözardı: Mən isə
onu yenə də uzun illərin arxasında qalmış, səliqəli
geyimli, nümunəvi davranışlı, təmkinli gənc
kimi görürəm. Ünsiyyətə meyilli, lakin olduqca səbatlı,
ciddi, yaşına yaraşmayan təmkinlə ətrafdakıların
diqqətini cəlb edən bir gənc kimi. İllər ötəcək,
taleyin qismətilə biz Ərtegin müəllinin 70, 80, 90
yaşını, inşallah, onun öz iştirakı ilə
qeyd edəcəyik. Mənimçün isə o, ləyaqətli
insan, istedadlı alim, gözəl dost olmaqla yanaşı, həm
də zamanın o tayında əbədi dayanmış, gur
sıx saçlarını arxaya daramış 17 yaşlı
gənc kimi qalacaq.
Ad gününüz mübarək, əziz Ərtegin
müəllim!a
Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2025.- 2 sentyabr (¹156).- S.11.