Hacı Zeynalabdin
Tağıyevin xatirəsi anılıb
Sentyabrın 1-də məşhur xeyriyyəçi,
ictimai xadim Hacı Zeynalabdin Tağıyevin vəfatının
101-ci ildönümü ilə əlaqədar Bakının Mərdəkan
qəsəbəsində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim
iştirakçıları əvvəlcə Axund Abuturab
türbəsində yerləşən Hacı Zeynalabdin
Tağıyevin və qızı Sara xanımın məzarları
önünə gül dəstələri düzüblər.
H.Z.Tağıyevin böyük qızı Sara
xanımın nəticəsi İnessa Kərimova AZƏRTAC-a
müsahibəsində qeyd edib ki, bu nəslə mənsub
olduğu üçün fəxr edir. “Mənim rəhmətlik
nənəm, Sofiyə Abdullayeva Hacı Zeynalabdin
Tağıyevin nəvəsidir. Sofiyə xanım anım tədbirini
1992-ci ildən təşkil edir. H.Z.Tağıyev tarixə təkcə
neft sənayeçisi, iş adamı və sahibkar kimi deyil, həm
də böyük xeyriyyəçi kimi düşüb. Onun
xidmətlərini sadalamaqla qurtarmaq mümkün deyil.
H.Z.Tağıyev gənc nəsil üçün gözəl
nümunədir”,- deyə o əlavə edib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Qərbi Azərbaycan
Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyə
Əhmədova ölkəmiz müstəqillik əldə
etdikdən sonra hər il Hacı Zeynalabdin Tağıyevin
anım tədbirinin keçirildiyini vurğulayıb. O,
H.Z.Tağıyevin gördüyü böyük işlərdən
danışıb.
Bildirilib ki, H.Z.Tağıyev yalnız böyük sərvət
sahibi kimi deyil, daha çox özünün maarifçilik,
xeyriyyəçilik fəaliyyəti ilə xalqın
yaddaşında qalıb. Elə buna görə hələ
sağlığında Hacı “el atası” adını
alıb. O, dəfələrlə Bakı dumasının
üzvü seçilib, şəhərin mühüm problemlərinin
həllində, qərarların müzakirə və qəbul
olunmasında iştirak edib. H.Z.Tağıyev nəinki faydalı
təkliflərin təşəbbüskarı kimi onlara səs
verir, həm də öz vəsaiti ilə belə təkliflərin
həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü
və birbaşa iştirakı ilə Bakıda ilk teatr
binası tikildi, at-dəmir yolu (konka) işə
salındı, şəhərin mərkəzində bir sıra
dükan və kontorların yerləşdiyi Ticarət evi -
Tağıyev pasajı fəaliyyətə başladı.
H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi
layihəsinin hazırlanıb həyata keçirilməsində
yaxından iştirak edib. Onun böyük xidmətlərindən
biri də millətinin övladlarının oxuması
üçün göstərdiyi səylər olub. Məhz
bunun nəticəsi olaraq Hacı Zeynalabdin Tağıyev 1901-ci
ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk
qızlar məktəbi tikdirir. Bu, bütün Qafqazda yeganə
qızlar məktəbi idi.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti, professor Fuad Məmmədov mədəniyyət
ikiqanadlı quşa bənzədib. Professorun sözlərinə
görə, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın
maariflənməsi üçün əlindən gələni
edib, xüsusilə qadınların təhsil alması istiqamətində
böyük işlər görüb.
“Qobustan” jurnalının baş redaktoru,
yazıçı-dramaturq Pərvin Nurəliyeva
H.Z.Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik
fəaliyyətindən danışıb, onun xatirəsinin
ürəklərdə əbədi yaşayacağını
diqqətə çatdırıb.
Sonda Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxunub,
onun əziz xatirəsi bir daha ehtiramla yad edilib.
525-ci qəzet .- 2025.- 2 sentyabr (¹156).- S.9.