Qalib xalqın lideri və
yeni geosiyasi reallığın memarı
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Səudiyyə Ərəbistanının
nüfuzlu "Əl-Ərəbiyyə" telekanalına
verdiyi tarixi müsahibə yalnız siyasi hadisə deyil, həm
də beynəlxalq hüququn prinsiplərinə, regional güc
balansına və dövlətçilik müdrikliyinə
söykənən strateji bəyannamədir. Bu
çıxış həm Cənubi Qafqazda, həm də
daha geniş coğrafiyada yeni siyasi reallıqların
açıq şəkildə təsdiqi kimi tarixə
düşdü. Prezident İlham Əliyevin söylədikləri,
əslində, Azərbaycanın qlobal miqyasda söz sahibi
dövlətə çevrildiyini, beynəlxalq hüququn
fundamental prinsiplərini - suverenlik, ərazi
bütövlüyü, sərhədlərin
toxunulmazlığı və xalqların öz müqəddəratını
təyin etmə hüququnu - uğurla müdafiə etdiyini
sübut etdi.
44 günlük Vətən müharibəsi nəticəsində
bərpa edilən tarixi ədalət bu müsahibədə bir
daha dünyaya bəyan olundu. Prezident İlham Əliyev
açıq şəkildə vurğuladı ki, Azərbaycanın
hərbi qələbəsi təkcə döyüş
meydanında əldə edilmiş uğur deyildi. Bu, həm də
beynəlxalq hüququn reallaşdırılması, BMT Nizamnaməsinin
51-ci maddəsinə əsaslanan özünümüdafiə
hüququnun parlaq nümunəsi idi. Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi beynəlxalq
hüququn müvafiq normalarının praktik təsdiqi oldu. Bu
mənada, İlham Əliyevin "biz intiqamı
döyüş meydanında aldıq" ifadəsi sadəcə
emosional bəyanat deyil, həm də beynəlxalq hüququn
legitim güc tətbiqi mexanizminin ifadəsidir.
Müsahibədə Prezidentin sülh quruculuğuna
üstünlük verməsi isə Azərbaycan diplomatiyasının
humanist xarakterini nümayiş etdirdi. Ermənistanın illərlə
təcavüzkar siyasət yürütməsinə baxmayaraq,
Azərbaycan revanşist meyllərə deyil, regionda uzunmüddətli
sabitlik və dayanıqlı əməkdaşlıq
mühitinin yaradılmasına istiqamətlənmiş xətt
seçdi. Bu yanaşma beynəlxalq hüququn "pacta sunt
servanda" - "müqavilələrə əməl edilməlidir"
prinsipinə tam uyğun gəlir. Bakı sülh sazişini təşəbbüs
edərək göstərdi ki, güc tətbiqi mərhələsi
başa çatıb, indi hüquqi sənədlərlə
möhkəmlənmiş sabitlik dövrü başlayır.
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə
əldə olunmuş razılaşmanın əhəmiyyəti
xüsusi olaraq vurğulandı. Prezident İlham Əliyevin
D.Trampı "sülh yaradan lider" kimi xarakterizə etməsi
təkcə şəxsi münasibətlərin ifadəsi
deyildi. Bu, həm də beynəlxalq münasibətlərdə
fərdlərin diplomatik proseslərdə oynadığı
mühüm rolun etirafı idi. Minsk Qrupunun tarixi
missiyasını başa vurması barədə bəyanat isə
hüquqi-siyasi məntiqin zirvəsi idi: münaqişə həll
olunubsa, onun həlli üçün yaradılmış
mexanizmin saxlanması absurddur və hüquqi reallığa
ziddir. Azərbaycan bu absurda son qoyaraq beynəlxalq diplomatiyada
yeni səhifə açdı.
Müsahibədə Yaxın Şərqlə
bağlı söylənilən fikirlər Azərbaycanın
beynəlxalq hüquqa əsaslanan praqmatik siyasətinin
davamı kimi diqqət çəkdi. Azərbaycan Suriyaya
humanitar yardım və qaz tədarükü ilə
yanaşı, dövlətlərin suverenliyi və ərazi
bütövlüyünün dəstəklənməsi
prinsipini də ön plana çıxarır. Bu, BMT Nizamnaməsinin
2-ci maddəsində təsbit olunmuş dövlətlərin bərabərliyi
və daxili işlərinə qarışmama prinsipinə tam
uyğun mövqedir. İlham Əliyevin İsrail və Suriya
arasında "sakit diplomatiya" ilə vasitəçilik təşəbbüsləri
isə Azərbaycanın beynəlxalq hüquqda tanınan
"good offices" - yaxşı niyyətli vasitəçilik
institutunu uğurla tətbiq etməsindən xəbər verir.
Azad edilmiş ərazilərə Böyük
Qayıdış proqramı da beynəlxalq hüququn humanitar
ölçüsünü özündə ehtiva edir. Bir
milyon məcburi köçkünün doğma torpaqlarına
dönməsi BMT-nin Qaçqınların Statusu haqqında
Konvensiyasının və İnsan Hüquqları üzrə
Ümumi Bəyannamənin müvafiq müddəalarının
real həyata keçirilməsidir. Ermənistanın
işğalçılıq siyasətinin ağır nəticələrini
aradan qaldırmaq üçün aparılan bərpa işləri
həm beynəlxalq humanitar hüququn, həm də dövlətin
vətəndaş qarşısında məsuliyyətinin
nümunəsidir.
Prezidentin müsahibəsində Zəngəzur dəhlizinə
dair açıqlamalar isə Azərbaycanın beynəlxalq
iqtisadi hüquqda tranzit azadlığı prinsipini
reallaşdırmaq əzmindən xəbər verir. TRIPP layihəsi
təkcə Azərbaycanın milli maraqlarını təmin
etmir, həm də region dövlətlərinə qarşılıqlı
fayda əsasında inteqrasiya imkanı yaradır. Bu, Vyana
Konvensiyası çərçivəsində
formalaşmış beynəlxalq müqavilə hüququnun
müasir tətbiqi kimi də qiymətləndirilə bilər.
İranla münasibətlərdə İlham
Əliyevin vurğuladığı qarşılıqlı
anlaşma və Araz dəhlizi layihəsi dövlətlərin
qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
modelinin bariz nümunəsidir. Bu yanaşma beynəlxalq
hüquqda "mutual benefit cooperation" prinsipi ilə tam
uzlaşır. Rusiya ilə münasibətlərdə isə
Prezidentin qəti mövqeyi - "faciəvi səhv" və
ona adekvat reaksiya tələbi - dövlətlərin bərabərliyi
prinsipinə söykənir. Azərbaycan aydın şəkildə
göstərir ki, müstəqil dövlətimiz heç bir
formada təzyiq və hörmətsizliyi qəbul etmir.
Müsahibədə məzhəbçilik mövzusuna
toxunulması isə Azərbaycanın beynəlxalq humanitar
hüquqda din azadlığı və multikulturalizm prinsiplərini
praktik şəkildə həyata keçirdiyini göstərdi.
Şiə və sünnilərin eyni məsciddə ibadət
etməsi, müxtəlif dinlərin harmonik birgəyaşayışı
Azərbaycanın İslam dünyasına təqdim etdiyi
"birlik modeli"dir. Bu, həm də UNESCO və BMT-nin mədəniyyətlərarası
dialoq təşəbbüslərinin Azərbaycan təcrübəsində
praktik reallaşmasıdır.
Türk Dövlətləri Təşkilatı ilə
bağlı söylənən fikirlər isə beynəlxalq
regional inteqrasiyanın yeni mərhələsini açır.
Prezident İlham Əliyev türk dövlətlərinin
birliyini gələcəyin qlobal aktoru kimi təqdim etməklə
əslində, dövlətlərin assosiasiya hüququnu və
regional təşkilatlanma azadlığını beynəlxalq
hüquq normaları kontekstində əsaslandırır.
Nəticə etibarilə, "Əl-Ərəbiyyə"yə
müsahibə Azərbaycanın yalnız regional deyil, həm
də qlobal proseslərin aparıcı aktoruna çevrildiyini
təsdiqlədi. Prezident İlham Əliyevin
çıxışı beynəlxalq hüququn prinsipləri
ilə siyasi iradənin qovuşmasının parlaq nümunəsi
oldu. Azərbaycan artıq yalnız öz ərazi
bütövlüyünü təmin etmiş qalib dövlət
deyil - o, beynəlxalq hüququn aliliyini praktik müstəviyə
daşıyan, regionun və dünyanın sabitliyi naminə
strateji yol xəritəsi təqdim edən nüfuzlu
gücdür.
Bu gün Azərbaycan İlham Əliyevin qətiyyətli
liderliyi ilə tarix yazır. Azərbaycanın səsi
artıq qlobal miqyasda əks-səda doğuran haqq səsidir.
Bu səs ədalətin, suverenliyin, milli iradənin səsidir.
Və bu səsin arxasında yalnız bir dövlətin deyil,
bütöv bir xalqın, bütöv bir millətin iradəsi
dayanır. Azərbaycan artıq sadəcə bir region ölkəsi
deyil - o, beynəlxalq hüququn, ədalətin və qlobal
sabitliyin dayaqlarından biridir.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert
525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.7.