Azərbaycan-Çin: Dinamik və davamlı inkişaf

 

 

Azərbaycanla Çin arasında münasibətlər xüsusilə son illərdə dinamik inkişaf edərək özünün ən yüksək səviyyəsinə çatıb. Hazırda iki ölkə rəsmi olaraq strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Bu gün iki ölkənin əməkdaşlıq sahələri olduqca genişdir və hər iki tərəf malik olduğu imkanlardan istifadə edərək perspektivdə münasibətlərini yeni sahələrdə inkişaf etdirməkdə maraqlıdırlar.

Azərbaycan liderinin Çinə budəfəki səfəri, həmkarı Si Cinpinlə görüşü, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsində ( "ŞƏT plyus") iştirakı münasibətlərin irəli aparılmasında mühüm əhəmiyyət kəsb edir. Yada salaq ki, Prezident İlham Əliyev bu ilin aprelində Çində dövlət səfərində olub. Məhz həmin səfər zamanı liderlər hərtərəfli strateji tərəfdaşlığın yaradılması barədə Birgə Bəyanat imzalayıblar. ÇXR Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib ki, bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir: "İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək".

Bəyanatda qeyd olunub ki, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətlər yüksək həddədir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, "Tayvanın müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Sənəddə vurğulandığı kimi, Azərbaycan və Çin daim bir-birinin ərazi bütövülüyünü dəstəkləyib. Bu mövqe avqustun 31-də Çinin Tiencin şəhərində Prezidenti İlham Əliyevlə ÇXR Sədri Si Cinpinin görüşündə bir daha ifadə olunub. Çin lideri iki ölkə arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini əlavə edib. "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.

Si Cinpin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd edərək, ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini deyib. Eyni zamanda, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini söyləyib.

Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirərərək, Bakının Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini bildirib.

Onu da vurğulayaq ki, Azərbaycanla Çin arasında ticari-iqtisadi əlaqələrdə müsbət dinamika özünü göstərir. 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi bu ölkənin payına düşüb.

Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

İki ölkənin əməkdaşlığında nəqliyyat-logistika məsələsi də əhəmiyyətli yer tutur. Dövlət başçısı görüşdə "Bir kəmər, bir yol" layihəsinin vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artması bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.

Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi də ölkələrin münasibətlərinin inkişafına öz müsbət təsirini göstərməkdədir. 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. Bu ilin ilk 7 ayında isə bu rəqəm 40 minə çatmaqdadır.

Göründüyü kimi, Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir, eyni zamanda, ŞƏT çərçivəsində də böyük perspektivlər var. Çin Sədri ölkəsinin Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini söyləyib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə dövlət başçısının Çinə səfəri və ŞƏT çərçivəsində əlaqələrdən danışarkən deyib ki, bu ilin aprel ayında Çin və Azərbaycan strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalayıb: "Biz bu gün həmin razılaşmanın daha da dərinləşməsinə şahidlik edirik. Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının növbəti dövlət və hökumət başçılarının toplantısında iştirak etmək üçün Çinə səfər edib. Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edən, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə söykənən və hər iki ölkənin maraqlarına xidmət edən münasibətlərdir. Çin bu gün həm coğrafi mövqeyi ilə, həm iqtisadi göstəricilərinə görə dünya siyasətinin tam mərkəzində dayanan ölkələrdən biridir. Çin mənbə ölkədir, yəni istehsal edən ölkədir və onun istehlak bazarlarına çıxması üçün bizim yerləşdiyimiz coğrafiyaya ehtiyacı olan bir dövlətdir. Azərbaycan isə bu fürsətləri qiymətləndirməyi bacaran və onların realizə edilməsi üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən ölkədir. Belə olan halda əlbəttə ki, Çin-Azərbaycan münasibətləri indiki tarixi mərhələdə daha cazibədar görünür".

Deputat vurğulayıb ki, ŞƏT ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır və dünya iqtisadiyyatının nəbzinin atdığı mərkəzlərdən biridir: "Ona görə də Azərbaycan daim Çinlə dostluq, əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Nəticə etibarilə həm də Çinin "Bir kəmər, bir yol" ideyasına dəstək verməklə yaxın tərəfdaşlıq münasibətləri nümayiş etdirir. Bu mənada, Azərbaycan Prezidentinin Çinə səfəri növbəti inkişaf perspektivləri və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm perspektivlər yaradır".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə "525"ə deyib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) budəfəki səfəri iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə daxil olmasına töhfə verəcək. Ekspert əlavə edib ki, dövlət başçısı bu ilin aprel ayında Çinə dövlət səfəri edib, bu səfər müddətində olduqca vacib sənədlər imzalanıb:

"Həmin sənədlər iki ölkə arasında müxtəlif sahələri özündə ehtiva edir. Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanatın imzalanmasını xüsusi qeyd etmək lazımdır. Bu ondan xəbər verir ki, artıq iki ölkə arasında münasibətlər son 30 ildən artıq dövr ərzində özünün ən yüksək səviyyəsinə çatıb. Yənİ Azərbaycan və Çin strateji tərəfdaş ölkələrdir. Siyasi, ticari-iqtisadi, logistik və digər sahələrdə yaxın əlaqələr qurulub. Tərəflər bu əlaqələri dərinləşdirmək niyyətindədirlər".

M.Məmmədli vurğulayıb ki, dövlət başçısının budəfəki səfəri Şanxay Əməkdaşlıq Təşkilatının  sammitinə dəvət əsasında həyata keçirilib. Ekspert hesab edir ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə müsbət təsir göstərəcək: "Azərbaycanın ŞƏT-in sammitlərində, tədbirlərində təmsil olunmasının çox böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ŞƏT dünyanın ən böyük regional təşkilatıdır. Təşkilata üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ÜDM-nin 25 faizini təmin edir. Yəni belə bir regional böyük iqtisadi-siyasi, hərbi potensialı olan təşkilatla əlaqələrin dərinləşdirilməsi birmənalı olaraq ölkəmizin milli maraqlarına cavab verir və bunu nəzərə alaraq da Azərbaycanın xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatı və üzv ölkələrlə münasibətlərə hər zaman xüsusi əhəmiyyət verilib. Azərbaycan son illərdə bu strukturla əlaqələrini dərinləşdirmək istiqamətində mühüm addımlar atıb. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş dövlətdir. Ölkəmizin məqsədi ondan ibarətdir ki, perspektivdə statusunu daha da yüksəltsin. Gələcəkdə ŞƏT-ə üzv olmaq da bizim üçün aktualdır. Eyni zamanda, hesab edirəm ki, ŞƏT və onun aparacı üzvlərinin, - xüsusilə Çini qeyd etmək istəyərdim, - maraqları baxımından da Azərbaycanın xüsusi yeri var. Ölkəmizin coğrafi mövqeyi, malik olduğu resurslar, imkanlar hər halda Çinin maraqlarına, geostrateji, geosiyasi, geoiqtisadi maraqlarına tam cavab verir və bu mənada hesab edirəm ki, Azərbaycanla ŞƏT arasında münasibətlərin gələcəyinə nikbin baxmaq olar".

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.5.