Unutmayaq ki, unudarlar
Akademik İmam
Mustafayevin xatirəsinə
Ağ və qara ləkələrlə zəngin olan
böyük tariximizdə son yüz il xüsusi yer tutur. Məhz
bu dövrdə 3 dəfə dövlət quruluşu (1918,
1920, 1991), 3 dəfə əlifba (1929, 1939, 1992), 4 dəfə
xalqın adı (1918, 1937, 1992, 1995) dəyişmiş, Azərbaycan Xalq Cümhuriyyəti
yaradılmış, Rusiyanın Sovet adı altında 70 illik
müstəmləkəçiliyi
mövcud olmuş, müstəqilliyimiz bərpa
edilmiş, Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları nəticəsində Qarabağ müharibəsi
başlamış, "Əsrin müqaviləsi"
imzalanmış, 20 Yanvar və Xocalı faciələri
törədilmiş, işğal edilmiş torpaqlarımız
azad olunmuş, ərazi bütövlüyümüz təmin
edilmiş və digər çoxsaylı tarixi hadisələr
baş vermişdir.
Hərdən elə düşünürəm ki,
yaxın tarix olduğuna və bu dövrdə
yaşadığıma görə baş vermiş
bütün hadisələr haqqında məlumatlıyam, ancaq
eşitdikcə, oxuduqca, öyrəndikcə görürəm
ki, hələ də bələd olmadığımız,
yaxud əksəriyyətimizə qaranlıq olan nə qədər
açılmamış səhifələr, yaxud yetərincə
dəyərləndirmədiyimiz şəxsiyyətlər
vardır.
Belə şəxsiyyətlərdən biri də Sovet
dönəmində ölkəmizin 9-cu rəhbəri olmuş
[Sergey Kirov (1921-1925); Ruhulla Axundov (1925-1926); Levon Mirzoyan
(1926-1929); Nikolay Gikalo (1929-1930); Vladimir Polonski (1930-1933); Ruben
Rubenov (Mkrtçyan) (1933); Mir Cəfər Bağırov
(1933-1953); Mir Teymur Yaqubov (1953-1954)] İmam Mustafayevdir.
1910-cu il fevralın 25-də uzaq Qaxın (Zaqatala qəzasının)
ucqar bir kəndində - Qax-Muğalda kasıb kəndli ailəsində
dünyaya gələn, beş yaşında anasını,
yeddi yaşında atasını itirərək həyatın
çətin sınaqları ilə üzbəüz qalan,
uşaqlıq illəri zəhmət, yoxsulluq və ciddi
maddi-sosial çətinliklərlə müşayiət olunan
İmam elm-təhsil yolunu seçərək istedadı, zəhmətsevərliyi,
inadkarlığı sayəsində uğurla irəliləməyi
bacarmışdır. İlk təhsilini kənd məscidi nəzdindəki
məktəbdə (indiki Qax şəhər 1 nömrəli məktəb)
almış, həyatındakı problemlərlə əlaqədar
yalnız 18 yaşında Zaqatala Kənd Təsərrüfatı
Texnikumunu bitirə bilmiş, sonra Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti)
daxil olmuş, 1932-ci ildə təhsilini başa vuraraq həmin
institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında
aspirant (doktorant) olmuşdur.
1938-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı
Akademiyasında "Çətin cücərən
toxumların cücərdilməsinin tezləşdirilməsi
üsulları" mövzusunda dissertasiya müdafiə edərək
kənd təsərrüfatı üzrə namizədlik (fəlsəfə
doktoru), sonra isə Leninqradda (indiki Sankt-Peterburq) "Azərbaycanın
buğdaları və onların seleksiya və formaəmələgəlmə
prosesində rolu" mövzusunda doktorluq dissertasiyası
müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcələrini
almışdır. 1950-ci ildə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçilmişdir.
İmam Mustafayev 1934-1940-cı illərdə Balakən
Rayon Torpaq Şöbəsində aqronomiya məntəqəsinin
müdiri, Tərtər rayon kəndli-gənclər məktəbində
müdir və müəllim, vaxtilə təhsil
aldığı institutda dekan,
kafedra müdiri, elm və tədris işləri üzrə
direktor müavini vəzifələrində işləmişdir.
O, 1940-1943-cü illərdə Azərbaycan SSR Xalq Dövlət
Nəzarəti komissarının müavini (1941-ci ildə rəhbər
işçilər sırasında Cənubi Azərbaycana
göndərilmiş, onun təşəbbüsü ilə
aparılan traktorlar və digər kənd təsərrüfatı
texnikası əsasında orada ilk aqrotexnika stansiyaları
yaradılmışdı), 1943-1947-ci illərdə Azərbaycan
SSR Xalq Torpaq komissarının birinci müavini, 1947-1950-ci illərdə
Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan
Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin birinci
katibi (1952-1953), Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin katibi (1950-1952; 1953-1954), 1954-1959-cu illərdə
isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
Birinci katibi (ölkə başçısı) vəzifələrində
çalışmışdır.
Bəs hadisələr necə cərəyan
etmişdi? Niyə bu qədər insanın arasından məhz
İmam Mustafayev seçilmişdi? Bəzi hallarda olduğu
kimi, burada da təsadüflər, "şahlıq quşunun
birdən-birə gəlib onun başına qonması",
"bəxtin gətirməsi", yoxsa "qismət" rol
oynamışdı? Araşdırarkən məlum olur ki, bir
çox parametrlər dövrün, özü də məhz həmin
dövrün tələblərinə çox uyğun gəlir.
Məsələn, "kəndin vurğunu", ölkəni
müharibədən sonra düşdüyü ağır vəziyyətdən
yalnız kənd təsərrüfatının
çıxaracağına əmin olan Xruşşovun
axtardığı əsl namizəd idi - buğda
seleksiyaçısı, aqrar sənaye sahəsində akademik,
Azərbaycanda Mərkəzi Komitənin kənd təsərrüfatı
üzrə katibi, üstəlik, azad fikirli, demokratik
düşüncəli,
repressiyalara "əli bulaşmamış", adı
heç bir şübhəli məsələlərdə
hallanmayan, həm də nəinki xaricdə, heç respublika rəhbərliyində
də qohumu olmayan, əsl sovet adamı,
kasıbçılıqla və yetimliklə
böyümüş, rus dilini də mükəmməl bilən
kadr! Daha bundan yaxşısı ola bilməz! Təcrübəli,
ağıllı, savadlı, gənc, boy-buxunlu, həm də
yetim, deməli, həm də qohum-əqrəbasız, sovet
dönəmində oxumuş, "adam olmuş", əli
çörəyə çatmış, üstəlik, Stalinə
çox da pərəstiş etməyən, beynəlmiləlçi
və s.
1953-cü il dekabrında İmam Mustafayevi Moskvaya
çağırdılar. Həmin il dekabrın 14-də Mərkəzi
Komitənin Birinci katibi (de-fakto ölkə
başçısı) olan Nikita Xruşşov şəxsən
onu qəbul etdi:
- İmam Daşdəmiroviç, sənədlərinizə
baxmışam, belə cavansınız, artıq akademik? Afərin!
Xoşum gəldi!
Belə girişdən sonra 10-15 dəqiqəlik
söhbət zamanı respublikadakı vəziyyəti
müzakirə edirlər. Ayrılanda Xruşşov:
- Sovet kəndini ancaq yaxşı kadrlarla vəziyyətdən
çıxara bilərik! Sizi Birinci katib məsləhət biləcəyik!
Gedin, hazırlaşın, ancaq hələlik heç kəsə
heç nə! Aydındır?
- Bəli, yoldaş Nikita Sergeyeviç!
Beləliklə, İmam Mustafayev Bakıya
qayıdır, 1954-cü ilin yanvar ayında Azərbaycana gələn
Sov.İKP MK-nın məsul işçiləri səfərlərinin
yekunları barədə Nikita Xruşşovun adına
hazırladıqları hesabatda Azərbaycan KP MK-nın Birinci
katibi, "Mircəfər Bağırovun adamı", hətta
"kölgəsi" hesab edilən Mirteymur Yaqubovun və
Nazirlər Sovetinin sədri Teymur Quliyevin işini mənfi qiymətləndirmiş
və onların vəzifələrindən
uzaqlaşdırılmasını tövsiyə etmiş,
Birinci katib vəzifəsinə həmin dövrdə Azərbaycan
KP MK-nın kənd təsərrüfatı üzrə katibi
vəzifəsində işləyən İmam Mustafayevin namizədliyini
irəli sürmüşdülər. Nikita Xruşşovda
1953-cü ilin dekabrındakı görüşdən sonra
müsbət təəssürat yaradan İmam Mustafayev məqbul
görünmüş və yanvarın 25-də onun Azərbaycana
Birinci katib olmasına razılıq vermişdi.
Beləliklə, 1954-cü il fevralın 12-dən 16-dək
Bakıda keçirilən Azərbaycan KP MK-nın XX
qurultayı Kommunist partiyasının tarixində ilk dəfə
hesabat dövrü üçün Mərkəzi Komitənin
işini qeyri-qənaətbəxş hesab etmiş,
"köhnə qaydalardan" əl götürməyi, yeni
iş metodları ilə fəaliyyətə
başlamağı zəruri hesab etmişdi. Lakin belə
yanaşma heç də hamının ürəyindən
deyildi, 589 nümayəndədən 64-ü Birinci katib vəzifəsinə
təklif edilən İmam Mustafayevin əleyhinə səs
verdi. Ölkə başçısı tərəfindən
namizədliyi irəli sürülən şəxsin bu qədər
əleyhdarının olması bir tərəfdən
demokratiyanın az-çox mövcudluğuna dəlalət
edirdisə də, digər tərəfdən köhnə idarəetməni
dəstəkləyənlərin olduğuna, İmam Mustafayevin
hələ tam qəbul edilməməsinə işarə idi.
Çünki növbəti, XXI qurultayda onun əleyhinə cəmi
iki nəfər səs vermişdi. Beləliklə, İmam
Mustafayev 1954-cü ilin fevralından Azərbaycana rəhbərlik
etməyə başladı.
Yuxarıda yazılan siyahıdan
göründüyü kimi, Sovet ideologiyasının
yaratdığı çərçivələrə görə
Azərbaycanda səkkiz rəhbərdən beşi qeyri-azərbaycanlı
(ikisi erməni) olmuş, üç milli kadrdan ikisinin hakimiyyət
müddəti isə bir ildən artıq çəkməmişdir.
Bəs İmam Mustafayev kimdir ki, həmin mürəkkəb
şəraitdə milli kadr kimi ona etimad göstərilmiş,
beş il bu vəzifədə duruş gətirə
bilmişdir? Seçkili, demokratik olmayan bir cəmiyyətdə
nə üçün onu beş ildən sonra vəzifəsindən
azad ediblər, on il, on beş il yerində saxlamayıblar,
axı 1959-cu ildə SSRİ rəhbərliyində heç
bir radikal dəyişiklik olmamışdı? O dövrün
qaydalarına görə, müttəfiq respublikaların rəhbərlərinin
taleyini yalnız SSRİ-nin dövlət
başçısı ilə şəxsi münasibətləri
həll edirdi, onun Nikita Xruşşovla münasibətlərində
soyuqluq niyə əmələ gəlmişdi? Bəs o,
beş il ərzində xalq üçün nə etmişdir?
Bütün bu suallar məni İmam Mustafayev
haqqında ətraflı araşdırmalar aparmağa, onun
ömür yolunu vərəqləməyə, haqqında
deyilməmiş, yazılmamış faktları axtarıb
tapmağa sövq etdi. Son illərdə mətbuatda rastıma
çıxan bəzi subyektiv fərziyyələr, İmam
Mustafayevin həyat yoldaşının qeyri-azərbaycanlı
olduğuna görə ittiham edilməsi, respublika və xalq
üçün guya heç bir iş görməməsi ilə
bağlı əsassız fikirlər məni daha çox
narahat etdi. İmam Mustafayev ilk və son Birinci katib deyildi ki, həyat
yoldaşı başqa millətin nümayəndəsi olsun,
bu, o dövrdə Moskvanın vacib tələblərindən
biri idi (bu tələb yalnız birinci şəxsə yox, digər
yüksək vəzifə sahiblərinə də şamil
edilirdi). Hamıya məlumdur ki, Mir Cəfər
Bağırovdan Əbdürrəhman Vəzirova kimi yalnız
iki nəfərin - Vəli Axundovla, Heydər Əliyevin həyat
yoldaşları azərbaycanlı olublar.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm
ki, İmam Mustafayev Sovet dönəmində Azərbaycanın
yeganə rəhbəri olmuşdur ki, vəzifəyə təyin
ediləndə artıq akademik idi. Onunla çiyin-çiyinə
çalışan həmkarlarının qeyd etdiyi kimi,
İmam Daşdəmir oğlu böyük şəxsiyyət,
geniş təfəkkürlü dövlət xadimi, kənd təsərrüfatının
mahir bilicisi, aqrar sahənin bacarıqlı alimi idi. O, kənd
təsərrüfatı ilə yanaşı, sənayenin də
inkişafına böyük diqqət yetirirdi. Mingəçevirdə,
Sumqayıtda möhtəşəm tikinti işlərində,
o illərin digər uğurlarında onun danılmaz xidmətləri
vardır. Onun Birinci katib işlədiyi müddətdə
ölkədə nüfuzunun yüksək olmasının bir səbəbi
elmi səviyyəsi, yüksək təşkilatçılıq
bacarığı idisə, ən başlıca amil şəxsiyyət
kimi bütövlüyü, rəhbər üçün
vacib olan mətinliyi, ideal saflığı, natiqliyi, ədalətli
qərarlar qəbul etməsi, obyektivliyi qoruması, haqqı
nahaqqın ayağına verməməsi idi. Gördüyü
işlər barədə isə bir qədər ətraflı
yazacağam...
Tarixi şəxsiyyətlərə münasibətdə
birmənalı mövqe tutmağın əleyhinəyəm,
insanların yaşadığı mühiti, ətraflarında
baş verən siyasi prosesləri, onların həyatına,
dünyagörüşünə və təfəkkürünə
təsir göstərmək gücündə olan real qüvvələri,
qısası, gerçəklikləri nəzərə
almağın tərəfdarıyam. İndi biz Nizami Gəncəvini
qınayaq ki, sən niyə "Leyli və Məcnun"
poemasını Şirvanşah I Axsitana, "Xosrov və
Şirin"i Məhəmməd Cahan Pəhləvana ithaf etmisən,
yaxud bəziləri kimi Səməd Vurğunu Stalinə
şeir yazmaqda ittiham edək? Axı bu, reallıqdır, həyat
reallığı! Fikrimcə, düşdüyü tarixi
şəraitdə də məsləki, amalı düz olan,
xalqını, vətənini düşünən, ali təfəkkürlü
insanlar yüksək mənəviyyatlarını
qorumağı bacarmış, dövrün qadağalarına,
mövcud məhdudiyyətlərə baxmadan əsas işlərini
görə bilmişlər. Çox vaxt real qüvvələrdən
vasitə kimi yararlanmış, onlara "sədaqətlərini"
nümayiş etdirməklə ali məqsədlərə xidmət
göstərmişlər. Bu siyahıya lap Nizami Gəncəvini,
Molla Pənah Vaqifi də daxil etmək olar, Səməd
Vurğundan Heydər Hüseynova, Mirzə Kazım bəydən
Nəriman Nərimanova, Mirzə İbrahimova kimi onlarla tarixi
şəxsiyyətimizi də... O insanlar ki, xislətlərində
nəciblik, xeyirxahlıq, milli ruh, bəşəri duyğular
olmayıb, o kəslər "zaman dəyirmanının
kiçik vintləri" kimi fırlanıb ancaq öz
missiyalarını, "xidməti borclarını" yerinə
yetiriblər, onlar tarixin yaddaşında qala bilməyiblər.
Bir həqiqəti də etiraf etmək lazımdır
ki, zamanla mübarizə aparan, dövrün
haqsızlıqlarına sərt etirazını bildirib tarixə
möhürünü vuran Nəsimilər, Hüseyn Cavidlər,
Əhməd Cavadlar, Mikayıl Müşfiqlər öz cəsarətləri,
qüdrətləri ilə bərabər, xalqlarına da, bəşər
sivilizasiyasına da daha çox xidmət göstərmək
imkanından məhrum olublar. Təsəvvür etmək
çətin deyil ki, əgər Səməd Vurğun da
1937-ci ildə repressiyaya məruz qalsaydı, sonrakı iyirmi
ildə yazdığı onlarla poeması, yüzlərlə
gözəl şeiri milli mədəniyyət tariximizə
düşməyəcəkdi, yaxud Müşfiq iyirmicə il
də artıq yaşasaydı, görün nələr
yaradardı. Belə düşüncələr yadıma
böyük Bəxtiyar Vahabzadənin bu misralarını
salır:
Məslək, amal!
Əsl insanın yol yoldaşı.
Ömür üzük,
Məslək isə üzük qaşı.
Hər üzüyün qaşındadır öz dəyəri.
İnsanın da məsləkidir düz dəyəri...
Belə düşündükcə, həm də
yadıma İmam Mustafayev kimi tariximizin ən çətin
dövrlərində ölkəmizə rəhbərlik
etmiş, ancaq həm də yaxşı öyrənilməmiş,
yaşadığı mühitlə xidmətləri
lazımınca müqayisə edilməmiş parlaq şəxsiyyətlər
düşür.
Onun Birinci katib təyin edildiyi vaxt Stalinin vəfatından
bir il, 37-ci ilin vahiməli hadisələrindən cəmi on
yeddi il keçirdi, Mir Cəfər Bağırov həbs
edilmişdi, müharibədən sonrakı aclıq, yoxsulluq
tüğyan edirdi, sonralar həkimlərin depressiv psixoz
diaqnozu qoyduğu Xruşşov dövlətin
başçısı idi, nəinki Birinci katibin, hətta ən
kiçik vəzifəli məmurun da rus dilindən başqa
dildə danışmağa haqqı çatmırdı. Bu
illər həm SSRİ, həm də Azərbaycan
üçün sosial-siyasi baxımdan mürəkkəb və
ziddiyyətli bir mərhələ idi. "Buzun əriməsi
dövrü" - destalinizasiya başlasa da, siyasi repressiyalar
yumşaldılsa da, Stalin dövrünün mirası və
siyasi təzyiqlər hələ də qalırdı, əvvəlki
qorxu mühiti və sistemin sərt idarəçiliyi hələ
də hiss olunurdu. SSRİ rəhbərliyi tərəfindən
respublikalarda milli mənsubiyyətin zəiflədilməsi, rus
dilinin və mədəniyyətinin qabardılması siyasəti
aparılırdı.
SSRİ rəhbərliyi müttəfiq respublikalarda
stalinçi kadrlardan qurtulmağa
çalışırdı. Bu, İmam Mustafayevi tez-tez
çətin vəziyyətə salırdı - onun
stalinçi hesab etdiyi kadrları "Mərkəz"
müdafiə edir, etimad göstərib vəzifəyə təqdim
etdiyi kəsləri isə Moskva stalinçi sayaraq təsdiq
etmirdi. Nəticədə ölkə daxilində ciddi
narazılıqlar yaranır, ona qarşı düşmən
mövqe tutan şəxslərin sayı artırdı. Digər
tərəfdən müharibədən sonra iqtisadi problemlərlə
üz-üzə qalmış Azərbaycanda kənd təsərrüfatında
ciddi çətinliklər mövcud idi, "Xruşşovun
qarğıdalı siyasəti", aqrar sektoru məcburi şəkildə
dəyişmək cəhdləri də əlavə çətinliklər
yaradırdı.
Ən böyük çətinliklər isə Azərbaycan
mədəniyyətinə və dilinə qarşı
basqıların güclənməsi ilə bağlı idi.
İmam Mustafayev kimi milli hissləri, vətən təəssübkeşliyi
qabarıq, eyni zamanda da dövlət məmuru kimi
"partiyanın", hökumətin tapşırıqlarını
sözsüz icra etməli olan, nəinki işdə, iclaslarda,
dövlət tədbirlərində, hətta evdə
uşaqları, yaxın qohumları, dostları ilə də
rus dilində danışmağa məhkum olan insanın vəziyyətinin
nə qədər mürəkkəb olduğunu təsəvvür
etmək belə çətindir. Belə bir mühitdə nəinki
milli mənafelər uğrunda mübarizə aparmaq, dilin
istifadə dairəsini genişləndirmək, onun dövlət
idarələrində tətbiqinə nail olmaq, hətta bu barədə
düşünmək də böyük cəsarət və
qeyrət tələb edirdi. İmam Mustafayev isə daxilən
çox güclü şəxsiyyət və yüksək
intellektə, incə diplomatik manevrlərə qadir müdrik
insan idi. Moskvanın ruslaşdırma siyasətinə
qarşı milli mövqe tutmağın mümkün
olmadığı dövrdə açıq mübarizənin
mənasız olduğunu görüb milli dəyərləri
və dili qorumağa çalışan ziyalılarla yaxınlıq
yaradır, onları müdafiə edir və imkan daxilində
onlara yüksək səlahiyyətlər verərək ürəyindəki
niyyətləri həmin şəxslərin əli ilə həyata
keçirməyə çalışırdı.
Belə insanlardan biri də dövrünün
tanınmış simalarından olan, Stalin mükafatı,
Lenin ordeni, akademik adlarına layiq görülmüş vətənpərvər
yazıçı Mirzə İbrahimov idi. İmam Mustafayev
Mirzə İbrahimovu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
sədri vəzifəsinə təqdim edərək bir sıra
planlarını onun vasitəsilə reallaşdırmağa
çalışırdı. Təbii ki, qatı
bürokratiyanın, sərt diktaturanın hökm
sürdüyü, hətta ucqar kəndlərdə belə rus
dilində keçirilən Kolxoz iclaslarında Azərbaycan
dilində danışmağın yasaq olduğu 50-ci illərdə
Ali Sovetin Rəyasət Heyəti Azərbaycan dilinin dövlət
dili elan edilməsi ilə bağlı qərarı birinci
şəxsin razılığı olmadan qəbul edə bilməzdi.
Yaxud 1956-cı ildə əlifba islahatı keçirərək
Azərbaycan əlifbasından 1939-cu ildən bəri mövcud
olan G, Y, Ё, Ü, Ö, Ə kimi rus hərflərinin milli
qrafik işarələrlə əvəz edilməsi ilə
bağlı və yaxud 1956-cı il avqustun 14-də Azərbaycan
SSR rus, erməni və gürcü dilli məktəblərində
Azərbaycan dilinin tədris edilməsi haqqında qərar qəbul
etmək də sözsüz ki, İmam Mustafayevin
razılığı ilə baş vermişdi. Dövrün
tələblərinə müvafiq guya dövlət
başçısına bərabər vəzifə hesab edilsə
də, əslində simvolik səciyyə daşıyan, elə
bir ciddi səlahiyyəti olmayan Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyəti Mirzə İbrahimovun gəlişi ilə
Moskvanın başağrısına çevrilmişdi.
1954-1958-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyətinin sədri vəzifəsində çalışarkən
Mirzə İbrahimov o dövr üçün bəzi vacib məsələlərdə
siyasi və mədəni təşəbbüslər göstərərək
bir sıra mühüm addımlar ata bilmişdi. Onun ən
önəmli və tarixi addımlarından biri Azərbaycan
dilinin rəsmi dövlət dili statusunun tanınmasına
yönəlmiş fəaliyyətidir. O, SSRİ Ali Sovetinin
sessiyalarında Azərbaycan dilinin hüquqlarının
qorunması ilə bağlı kəskin
çıxışlar etmiş və bu təşəbbüslər
nəticəsində 20 avqust 1956-cı il tarixində Azərbaycan
SSR Ali Soveti "Azərbaycan SSR-in dövlət dili
haqqında" qanunu qəbul etmişdi. Bu qanunla Azərbaycan
SSR Konstitusiyasına indiyədək görünməmiş
yeni bir maddə əlavə edilmişdi. Tariximizdə ilk dəfə
Azərbaycan dili dövlət dili elan olunmuş və bu,
Konstitusiyaya ayrıca maddə şəklində daxil
edilmişdi (Doğrudur, həmin maddə əlavə kimi
sonradan tərtib edildiyinə görə konstitusiyaya daxil edilməmişdi,
biz bu maddəni konstitusiyada bir də 1978-ci ildə
gördük, ancaq hadisənin özü çox mühüm
xarakter daşıyırdı, həmin əlavə çap
edilməsə də, sonrakı addımların
atılmasında mühüm rol oynadı, bu, böyük həqiqətdir).
Bu, SSRİ tarixində milli dillərin müdafiəsi sahəsində
əlamətdar və çox mühüm bir hadisə, digər
respublikaların da milli özünüdərkinə yönəlmiş
cəsarətli addım idi və bu, məhz Mirzə
İbrahimovun siyasi və şəxsi nüfuzu sayəsində
mümkün olmuşdu.
Ancaq həmin cəsarətin arxasında gözəgörünməz,
həm də həlledici söz sahibi olan bir qüvvə
dayanmışdı - bu, İmam Mustafayev idi. Həmin dayaq
olmasaydı, təbii ki, məsələ elə ilk iclaslardaca
boğular, Ali Sovetin sessiyasına, Konstitusiyaya kimi gedib
çıxa bilməzdi. Müdrik ağsaqqallar deyib ki, qələbədə
vuranla "vur" deyən şərikdir. Burada belə
addımları atmağa mənəvi gücü və
qüdrəti kifayət edəcək Mirzə İbrahimovu
tapıb ona səlahiyyət verən, onun mübarizəsinə
gizlicə dəstək olan, onu bütün bəlalardan
qoruyan, dar ayaqda məsuliyyəti üzərinə
götürən İmam Mustafayevin müstəsna xidmətlərinin
həlledici rol oynadığını ayrıca qeyd etmək
lazımdır.
Eyni zamanda İmam Mustafayevin tövsiyələri ilə
Ali Sovetin Rəyasət Heyətinin sədri öz fəaliyyəti
dövründə ədəbiyyat və incəsənət
xadimlərinə dəstək verir, yerli mədəniyyətin
təşviqi, teatrların və yazıçıların fəaliyyətinə
dövlət səviyyəsində diqqət göstərilməsini
təmin edir, xüsusilə Azərbaycan mədəniyyətinin
sovet məkanında tanıdılması istiqamətində
böyük işlər görürdü. Qeyd etmək
lazımdır ki, 1958-ci ildə Mirzə İbrahimov vəzifədən
kənarlaşdırıldıqdan sonra da millətçilik hərəkatının
səngimədiyini, əksinə, daha da gücləndiyini
görən "mərkəz" 1959-cu ildə İmam
Mustafayevin gedən proseslərin əsas hərəkətverici
qüvvəsi olduğunu başa düşdü və onu
müxtəlif bəhanələrlə Birinci katiblikdən
uzaqlaşdırdı.
İmam Mustafayevin nəcibliyini, vətənpərvərliyini
və yüksək insani keyfiyyətlərini göstərən
amillərdən biri də onun xalqımızın görkəmli
şəxsiyyətlərinə, alimlərinə,
ziyalılarına olan münasibəti idi. Məsələn,
1962-ci ildə xalqımızın böyük oğlu Mirzə
Ələkbər Sabirin tamam olacaq 100 illik yubileyini ləyaqətlə
qeyd etmək üçün hələ yubileyə 5 il
qalmış, 1957-ci ildə xüsusi sərəncam
imzalamış, müvafiq qurumlara onun kitablarının
çap edilməsi, irsinin tədqiq edilməsini
tapşırmış, Sabirin adına böyük parkın
salınması barədə göstəriş vermişdir. Bu
günə kimi şəhərimizin ən gözəl abidələrindən
biri hesab edilən Sabirin heykəli şəxsən İmam
Mustafayevin tapşırığı və qayğısı
ilə heykəltaraş Cəlal Qaryağdı, memar Ənvər
İsmayılov və Qəzənfər Əliyev tərəfindən
hazırlanmış, Bakının ən gözəl yerində
- Qoşa qala qapılarının yanında möhtəşəm
bir park salınmış, respublika rəhbərinin
iştirakı ilə 1958-ci il aprelin 30-da həmin heykəlin və
parkın təntənəli açılış mərasimi
keçirilmişdi.
Yaxud 1950-ci ildə əsassız təqiblərə məruz
qalaraq intihar etmiş görkəmli ictimai xadim, Azərbaycan Elmlər
Akademiyasının vitse-prezidenti, İctimai elmlər bölməsinin
sədri, BDU-nun Fəlsəfə kafedrasının müdiri,
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, Partiya
Tarixi İnstitutunun direktoru, ilk dəfə Bəhmənyar,
Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə
Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy
Zərdabinin fəlsəfi görüşləri haqqında
ciddi tədqiqatlar apararaq "XIX əsrdə Azərbaycanda
ictimai və fəlsəfi fikir tarixindən" adlı məşhur
əsər yazmış, dövrünün ən yüksək
mükafatlarının laureatı olmuş filosof, akademik Heydər
Hüseynova münasibəti bir nümunə ola bilər.
O, hakimiyyətə gələndə Heydər
Hüseynov artıq dörd il idi ki, vəfat etmişdi.
Çoxları tərəfindən unudulmuş, bütün
titulları əlindən alınmış, az qala kimsəsizlər
qəbiristanlığında dəfn edilmiş, ailəsi ciddi
təqiblərin məngənəsində boğulan Heydər
Hüseynovun böyük xidmətləri İmam Mustafayevin
yaxşı yadında idi. Lakin yalnız xatırlamaq kifayət
deyildi, kənd təsərrüfatından kriminal hadisələrə,
Moskvanın təzyiqlərindən yerli məmurların idarə
edilməsinə, Sumqayıt Alüminium Zavodunun istismara verilməsi,
həmin şəhərdə elmi-tədqiqat institutları və
mədəniyyət mərkəzlərinin tikilməsi, şəhər
infrastrukturunun inkişaf etdirilməsi, Mingəçevir Su
Elektrik Stansiyasının istifadəyə verilməsinə
kimi minlərlə problemin arasında Heydər Hüseynova da
vaxt ayırmaq lazım idi, o, bir vətəndaş kimi bunu
böyük ləyaqətlə etdi. İlk növbədə
onun rəsmi bəraət qazanmasına nail oldu, 1956-cı ildə
cəsədinin qalıqları tibbi ekspertizadan keçirildikdən
sonra adi qəbiristanlıqdan Fəxri xiyabana
köçürüldü, altı ildən sonra ilk dəfə
qəbirüstü abidəsi ucaldıldı. Ailəsini təqiblərdən
azad etdirib onların mənzil şəraitini
yaxşılaşdırdı, evinə o dövr
üçün çox böyük hadisə olan telefon
çəkdirdi (deyilənə görə, telefon çəkiləndən
sonra Heydər Hüseynovun evinə ilk zəng edən İmam
Mustafayev olmuşdu), ailəyə xüsusi təqaüd təyin
etdi, qısası, onların son 7-8 ildə çəkdikləri
mənəvi-psixoloji vəziyyəti yüngülləşdirməyə
çalışdı. Bu müddətdə Heydər
Hüseynovun yaşadığı binaya xatirə lövhəsi
vuruldu, onun kitabları böyük tirajlarla çap edildi, Elmlər
Akademiyasından xaric edilməsi haqqında qərar ləğv
edildi, biblioqrafiyası nəşr olundu. Bu reabilitasiya
proqramlarının həyata keçirilməsi İmam
Mustafayevin nə qədər alicənab, vətənini sevən,
nəcib bir şəxsiyyət olduğunu bir daha təsdiq
edir.
(Ardı var)
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.12-13.