"Növbəti
stansiya - Ağdam"
Esse
"Növbəti stansiya - Ağdam..."
Yəqin belə bir səs eşitdilər 32 il sonra
Bakı-Ağdam qatarı ilə yola düşən
ağdamlılar... Görən, hansı duyğunu
yaşadılar o yollara baxanda, hansı yaşlarına getdilər,
görən?..
..."Taqq-taqqataq-taqq..."
Qulağımda bu interşum, gözlərim
önündə sürətlə dəyişən təsvirlər:
evlər, düzənliklər, tarlalar, bağçalar...
Burnumu şüşəyə dirəyib heç nəyi
gözdən qaçırmaq istəmirəm. Tanımaq istəyirəm
bu yolu, izi... İçimdəki səsin diktəsi var axı:
"Sən yolu tanı. Yol səni aparacaq".
- Ay bala, yat. Day göz-gözü görmür. Sabah
duranda baxarsan. Bilmirəm, nə tapıb bu qız yollarda...
Anamın yorğun səsi gəlir. Sonra kupenin zəif
işığında nəfəsimdən buxarlanmış
şüşəyə adımı həkk edirəm:
"GünelFüzuli
1988"
O vaxtlar başı bantlı qızam. Köynəyimin
yaxasında balaca Vladimirin şəkli həkk edilmiş ulduz
var. Onsuz məktəbə ayaq qoymuram. O beşguşəli
ulduzu elə əzizləyib silirəm ki, deyəsən, sinifdə
ən parlaq ulduz mənimkidir. Hələ Leninin şəninə
şeirlər də deyirəm:
"...Çalışırıq, vuruşuruq
Lenin baba yolunda..."
"Yol... Hə, əsas yoldur. Yolumu tapmaqdır,
tanımaqdır..."
İçimdəki səslə
danışa-danışa xumarlanıram. Qatar mənə yol
dilində laylay çalır:
"Taqqa-taqq-taqq"...
Gözlərim qapanır. Yuxuda da yolların
üstü ilə qanad açıb uçan kəpənəyə
dönürəm. Onda hələ atamın maşını
yoxdur. Hər yay rayona qatarla gedirik. Elə bilirəm,
bütün qatarlar Qarabağa aparır. Bütün yollar
Romaya apardığı kimi... Elə o vaxtdan o taqqıltı
sədaları altında yollara baxıb düşünməyi
sevirəm. Sonra bir gün getdiyim o yolu itirirəm. Nənəmgilə
gedən yol yoxdur, deyirlər. Ev də, rayonlar da, Qarabağ da
yoxdur, deyirlər. Ancaq bir yol var. O da Bakıya.
Yorğan-döşəklə, xalça-palazla yüklənmiş
maşın karvanları son ümidlərinə tutuna-tutuna
üzü Bakıya gəlirlər. Daha qatarlar yoxdur mənim
üçün. Müharibə başlayalı, bütün
qatarlar dayanıb, relslərindən çıxıb, deyəsən.
Nə yalan deyim, o vaxtdan bu yana qatara minmirəm. Qatarları
sevmirəm daha, döş nişanımdan parlayan Lenini sevmədiyim
kimi. Mən qatara minməyəli, mən qatarı sevməyəli
çox olub. Müharibənin qanlı üzünü, məcburi
köçkün, qaçqın kəlmələrini, atəşkəs
sözünü, Qarabağın əvvəllər heç
görmədiyim bütün bölgələrini əzbər
öyrənmişəm. Qarabağsız və qatarsız
çox yollardan ötmüşəm. Çiçəkli,
tikanlı, hamar, nahamar, keçilməz, dumanlı yolları
adlayıb keçmişəm. Hələ bu yollardan keçə-keçə
yolun fəlsəfəsini də kəşf etmişəm:
"Balaca, sən düz deyirdin. Əsas yolunu
tanımaqdır, düz yolundan sapmamaqdır. Çünki
hamımız yolçuyuq, yoldayıq. Və yollar bizi bizə
tanıdır. Bir gün ayırdığı kimi,
günün birində də xəyal etdiyimiz mənzilə
qovuşdurur..."
Qovuşduq... Deyirlər də, xəyallar onlara
inanınca gerçəkləşir. Bu illərdə əzbərimdə
olan Qarabağın bütün bölgələrinə
qovuşduq. Sonra efirlərdən əzmli
çağırışlar eşitdik:
"Qarabağda körpülər salınacaq, yepyeni
yollar çəkiləcək..."
Hə, əsas yoldur axı. Zəfər varsa, yol da
olmalıdır: Zəfər yolu. Sonra elə oldu ki,
başı bantlı uşaq vaxtı qatarın qalın
şüşələri arxasından göz yaddaşıma
həkk etməyə çalışdığım
yolları avtomobillərlə tanımaza-bilməzə
qayıtdım. Cocuq-Mərcanlı kəndində həsrətlə
boylandığım, Qarabağa aparan yol xəritəsindəki
xətlər üzrə qayıtdım. Özü də Zəfər
yolu ilə qayıtdım Qarabağa. Yolları izləməkdən
əl çəkməmişdim hələ də.
Gördüm ki, bu yollar yaddaşımın tozanağındakı
güllü-çiçəkli, bağlı-bağatlı
yollar deyil. Şuşanın ən dik zirvəsindən Xankəndinə
gedən yollara boylandım, xəyal etdim:
"Sən yolu tanı. Yol səni aparacaq..."
Sonra yenə yol. Yenə bir qış günündə
gözümü dikmişəm tanımadığım
yollara. Bu dəfə yol məni Xankəndiyə aparır. Ermənilərin
fəxr yeri olan kərpic rəngli heykəllərin
qarşısındayam. El arasında ona "Nənə-baba
abidəsi" deyirlər. Amma əslində bu abidənin
adı da, məramı da çox başqadır. "Biz və
bizim dağlar" adlanan abidə Dağlıq Qarabağın
erməni icmasının simvolu kimi qəbul edilir. Dahası da
var. Belə ki, abidə heç bir dövlət tərəfindən
tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ
Respublikasının rəsmi simvollarından biri idi və
Dağlıq Qarabağ Respublikasının gerbində istifadə
edilirdi. Heykəllərə baxıram və təbəssüm
edirəm. Biz varıq, biz qarabağlılar buradayıq, öz
dağlarımızın zirvəsindəyik...
Şükür, bu günlərə, bu dağlara, bu zirvəyə
min şükür...
Sonra uf da demədən, yolu əlimə alıb
pay-piyada gəzirəm çiskinli Xankəndi yollarını.
Hər tərəfdən sahibsiz evlər boylanır.
Dağınıq, tənha, qarışıq, toz-torpaqlı
evlər. İçəri keçirəm. Qaz plitəsinin
üstündəki tavada qurumuş yemək var. Yerlə bir
olmuş yorğan-döşək. Divardan boylanan insan
fotoları. Həyətdə boynunu bükmüş velosiped.
Hmm. İçimi sevinc bürüyür, nə deyim axı. Mənə
elə gəlir, sevinən mən deyiləm, qəlbimin
40-cı otağındakı başı bantlı balacadır.
Qatarın şüşəsindən yolları izləyən
həmin o Günel. İçimdəki tikanın necə
çıxdığını bütün ruhumla duyuram. Nənəmin
də yeməyi qazançada belə qalmışdı,
babamın fotoları da divarlarda. Qardaşımın da
velosipedi anbarda. Dağılmış evlərin arasında
sevincdən qanad açıram. Mən də kiminsə dərdinə
sevinərəmmiş, İlahi... Sən nə gözəlsən,
ilahi ədalət. Bu nə möhtəşəm
bumeranqdır mən yaşadım. Birdən o balaca Günel
necəsə gözümə görünür. Mənim
düşündüyümün əksinə, kədərlə
baxır velosipedə:
"Əsas yoldur. Yolu tanı. O, səni aparacaq..
"
Tozlu bir pəncərədə yazıram:
"Günel
Xankəndi
2024"...
P.S. "Bu gün paytaxtdan yola düşən
Bakı-Ağdam-Bakı marşrutu üzrə ilk sərnişin
qatarı Ağdama çatıb..."
Feysbukun xəbər lentində ağdamlı qələm
əhlinin sevincli paylaşmalarını oxuduqca
içim-içimə sığmır. Qəlbimdəki qatar
sevdası yavaş-yavaş dərin yuxudan oyanır. Xəyalən
o qatardayam. Başı bantlı qız yenə burnunu
şüşəyə dirəyib yollara baxır. Birdən
qatar bələdçisinin səsi eşidilir:
"Növbəti stansiya - Ağdam..."
Balaca Günel gözünü yollardan çəkib
gülümsünür:
"Yolu tanı. Yol səni aparacaq..."
Və qatar xoşbəxtlikdən
yırğalanırdı, deyəsən...
(2025, 30 avqust)
Günel MEHRİ
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.10.