Ağdaban ziyarəti
Əzəmətli dağların əhatəsində
qayğısız uşaqlığımı
yaşadığım, cığırlarında izim olan,
anamın nəğmələrini eşitdiyim, atamın
dualarını duyduğum, babamın sazının səsi
ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma
doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi
gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli
Kəlbəcərimin havası doldu. Bir qərinədir ki
görmədiyim yerlərdən sanki bir əsrdir ki ayrı
olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa da,
ruhum, qəlbim həmişə burada, bu torpaqda
qalmışdı.
Ağdaban torpağına ayağımı basan anda hər
addımım bir xatirə, hər nəfəsim bir duyğu
fırtınası oyandırdı. Gözlərim hər tərəfdə
viran qoyulmuş evləri, talan edilmiş yurd yerlərini
görsə belə, ruhum sanki abad bir kəndin üzəri ilə
uçurdu. Kəndimizdə indi yalnız daş
yığınları, qurumuş ağaclar, tikanlı kollar,
yağmalanmış qəbiristanlıqlar var. Bir zamanlar şən
uşaq səslərinin əks-sədası ilə dolan
cığırlar indi susqunluğa qərq olub. Bu
dağıntılar ürəyimi sızladır, qəhər
boğazımda düyünlənir. Amma bu viranələr
arasında, təbiət yenə də öz əzəmətini,
öz gözəlliyini qoruyub. Yaşıl yamaclar, büllur
kimi axan çaylar, göylərə ucalan ulu dağlar var.
Böyüdüyüm evin xarabalıqlarından
keçib babam Aşıq Şəmşirin və başqa
doğmalarımın məzarlarına doğru gedirəm.
İndi Ağdaban ruhların kəndiridir sanki. Amma ürəyimdə
böyük bir sevinc var, çünki qısa zaman sonra
Ağdaban öz sakinlərinə qucaq açacaq, onları yenə
də bir qərinə əvvəl əzizlədiyi kimi əzizləyəcək.
Doğmalarımın dağıdılan məzarlarından
sanki sevincək ruhlar qalxıb məni salamlayır. Əlimi məzarın
soyuq daşına qoyuram, sanki ondan bir qüvvət alıram, məzardakıların
səsi qulağımda cingildəyir: "Ey oğul, bu
torpaqlar müqəddəsdir, onu qorumaq hər birimizin borcudur.
Bu torpaqları azad edən Sərkərdəni və onun qəhrəman
əsgərlərinin haqqını heç zaman heç kim
ödəyə bilməz. Bizim üçün şəhid
olanların ruhları bizimlə birgədir və
şaddır".
Ziyarətimin sonunda bir an dayanıb ətrafa
baxıram. Gözlərimdə yaş, qəlbimdə ümid,
dilimdə dua var. Bu torpaqlar azad olunub, indi onları yenidən
dirçəltmək, onları əvvəlkindən daha
gözəl etmək bizim əlimizdədir. Bu viranələri
ən yaxın günlərdə möhtəşəm
binalar, məktəblər, yollar əvəz edəcək.
Çünki bu torpaqlar azadlıq sevən, qəhrəman bir
xalqın torpaqlarıdır.
Bu qüruru və iftixarı bizə bəxş edən
Müzəffər Ali Baş Komandanımız cənab
İlham Əliyevə və Qəhrəman ordumuza təşəkkür
və minnətdarlıq hissi ilə o yerlərdən
ayrılıram. Dilimdə şəhidlərimizə dualar
oxuyur, qazilərimizə Allahdan şəfalar diləyirəm.
Rəbbim Vətənimizi, millətimizi, Ali Baş
Komandanımızı və ailəsini nəzərində
saxlasın.
Uşaqlıq xatirələri düşmən əliylə
silinən nigaran insanlara ithaf edirəm.
Kəndimizə getmişdim
Baxdım çölə çəmənə
Dedim bəlkə tanıyar
Tanımadı kənd məni.
Baxdım bu daş, bu divar
Durub gözündə qubar.
Quruyub dərədəki
Şır-şır axan o bulaq.
Bağ-bağçanı hər yeri
Basıb vəhşi ot alaq.
Tapmadım kənd-kəsəyin
Tapmadım gur nəfəsin.
Baxdım, həsrətlə baxdım
Baxdım yoxa çıxıbdı.
O şirin xatirələrim
Daha qocalmışam mən.
Yaman kövrəlmişəm mən
Dağa çıxdım yoruldum.
Qalmayıb qoçaqlığım
Baxdım düşmən əliylə
Silinib uşaqlığım.
Cavid QURBANOV
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.9.