İşıqlı
sabahlara aparan yol - 1991-ci ilin 3 sentyabr gününü xatırlarkən
1980-ci illərə qayıdıram. Mən onda uşaq
idim. Əzəldən xalqımızın gözəl
bayramı olan Novruzda yaşlıları ziyarət etmək
mütləq hal sayılırdı. Bizim də uzaq qohumlardan
biri olan Leylan ananı valideynlərim hər il ziyarət edib
kefini-əhvalını soruşardı. Hər gedişimizdə
də Naxçıvanın məşhur Əlixan məhəlləsində
yerləşən Leylan ananın evinin qonaq otağında
divara asılmış bir foto diqqətimi çəkərdi.
Formada olan gülərüz, mehriban simalı kişinin kim
olduğunu 90-cı illərin sərt rüzgarı
üstümüzdən əsəndə tanıdım.
Qəfildən başımızın
üstünü alan qara buludlar uşaqdan böyüyə qədər
hər kəsi sarsıtmışdı. Sədərəkdə
gedən döyüşlər, aldığımız şəhid
xəbərləri, bir tərəfdən də Zəngəzurdan,
Dərələyəzdən Naxçıvana pənah gətirənlər.
Sinfimizə yeni uşaqlar qəbul edilmişdi. İndiki kimi
yadımdadır, biz onlara qəribə baxırdıq, onlar isə
ürkək baxışlarla. Nə baş verdiyini uşaq
ağlımızla anlamırdıq. Çünki tarix dərslərində
bizə sovet ideologiyasını təbliğ etmişdilər,
ölkələrin dostluğundan, qardaşlığından
dəm vurmuşdular, gerçək tarixdən bizi xeyli uzaq
tutmuşdular. Odur ki, anlamaqda çətinlik çəkirdik.
Əslində xain ermənilərin illərlə
apardığı məkrli siyasətin, biz uşaqlar
üçünsə ani sayılan bu qarmaqarışıq
hadisələrin tam mərkəzində idik. Naxçıvan
blokadaya salınmışdı. Vəziyyət getdikcə
çətinləşirdi. Ailələr
övladlarını qorumaq, onları burulğandan kənar
saxlamaq naminə çırpınırdılar. Elektrik, qaz kəsintisi
Naxçıvanın sərt qışını daha da sərtləşdirmişdi.
Hələ uzanan çörək növbələri. Həsrətlə
çörəyin iyini içimizə çəkdiyimiz o
günlər... Və o günlərin birində çörək
növbəsində adamların arasında qalaraq boğulan mən.
Xatırladıqca insanın içi sızlayır,
uşaqlığımızın itdiyi o qarmaşıq
günləri yada saldıqca kədər hissi
bürüyür. O kədərli anlara qayıtmaq belə istəmirsən,
üzülürsən, sıxılırsan...
Bax belə çətin günlər yaşadıq
biz. Ümidlərimizin öləzidiyi bir vaxtda, isti bir yay
günündə 1990-cı il iyulun 22-də dahi rəhbər
Heydər Əliyev Naxçıvana gəldi. Bütün evlərdə
Onun gəlişi haqqında söhbət gedirdi.
Naxçıvan öz oğluna qucaq açmışdı,
hamı imdad gözləyirdi. Azərbaycana rəhbərliyinin
birinci dövründə xalqına, elinə, obasına
sadiqliyi, fədakarlığı ilə insanların qəlbinə
yol tapan Heydər Əliyevin gəlişi narahat ürəklərə
su səpmişdi. İyulun 28-də vəziyyətlə yerindəcə
tanış olmaq üçün Sədərəyə gələn
Ulu öndər Heydər Əliyev əhalini daha
dözümlü, daha əzmkar olmağa, düşmən
qarşısında daha mətanətlə dayanmağa səsləyir.
Artıq əndişə, gərginlik geridə
qalmışdı. Hər kəs gələcəyə
xoş ümidlər bəsləyirdi. Elə bu ümidlərlə
də naxçıvanlılar dahi rəhbərin ətrafında
sıx birləşdi. 1990-cı il sentyabrın 30-da Azərbaycan
və Naxçıvan parlamentlərinə keçirilən
seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən
Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən
isə Naxçıvan parlamentinə deputat seçilməsi
xalq tərəfindən böyük sevinclə
qarşılandı.
Ömrünü xalqının firavanlığına
həsr edən Ulu öndər paytaxtdan ayrı düşən,
blokada məngənəsində çırpınan
naxçıvanlılara dayaq, ona bəslənən ümidlərə
çıraq oldu. Çıraq işığında verilən
qərarlar isə tək Naxçıvanın deyil, ölkənin
gələcəyinə hesablanmış uzaqgörən
addımlar idi.
1990-cı il noyabrın 17-də deputatların istəyi
və böyük təkidi nəticəsində Ümummilli
lider Heydər Əliyevin sədrliyi ilə öz işinə
başlayan Naxçıvan parlamentinin yeni tərkibdə
keçirilən ilk sessiyasında mühüm qərarlar qəbul
olundu. Azərbaycanın müstəqilliyi və suverenliyinə
hesablanmış tarixi qərarları qəbul etmək həmin
dövr üçün böyük cəsarət və fədakarlıq
tələb edirdi. Təcrübəli dövlət xadiminin təklifi
ilə "sovet sosialist" sözləri muxtar
respublikanın adından çıxarıldı, Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70
ildən sonra ilk dəfə Naxçıvanda
dalğalandırıldı. Bununla da milli dövlət
quruculuğu yolunda qətiyyətli addımlar atıldı.
Hələ ölkəyə birinci rəhbərliyi
dövründə Naxçıvana bir neçə dəfə
səfər edən, Naxçıvanın,
naxçıvanlıların qayğıları ilə
maraqlanan, kənd təsərrüfatının, sənayenin,
təhsilin, mədəniyyətin dirçəlişinə rəvac
verən fəaliyyəti ilə hər kəsin sevimlisinə
çevrilmiş Heydər Əliyev 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə
seçildi. Bu seçim Naxçıvanın tarixi taleyində
mühüm rol oynamaqla ölkənin işıqlı
sabahına doğru yol açdı.
O dövrdə bir neçə istiqamətdən
düşmən hücumuna məruz qalan
Naxçıvanın ən təhlükəli sərhəd
zonası Sədərək idi. Ağır döyüşlər
gedirdi. Milli ordunun, güclü silah-sursatın
olmadığı bir dönəmdə təpədən-dırnağa
silahlanmış düşmənin qabağında mərd-mərdanə
dayanan naxçıvanlılar düşmən
qabağından çəkilmir, sədərəklilər
öz yurd-yuvalarını tərk etmirdilər. Daim sədərəklilərin
yanında olan dahi rəhbər Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçilməsindən cəmi iki ay sonra imzaladığı
"Naxçıvan Muxtar Respublikası Sədərək
rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik
edilməsi haqqında" 16 dekabr 1991-ci il tarixli Qərarı
da birbaşa o böyük şəxsiyyətin Sədərək
rayonuna qayğı və diqqətinin təzahürü idi.
Buna qədərki qısa müddət ərzində
Naxçıvanın müdafiəsinin gücləndirilməsi
məqsədilə mühüm addımlar
atılmışdı. Ulu öndər Heydər Əliyev Ali
Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi
4 gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan
Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
yaradılması haqqında Qərar qəbul etdi. Bununla da
muxtar respublikada ilk milli ordu birləşmələri
yaradıldı, Naxçıvanın müdafiə
potensialı yaxşılaşdırıldı, etibarlı
müdafiəsi təmin olunmağa başlandı.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların
tarixi əhəmiyyətindən danışarkən
demişdir: "Məhz 1990-cı illərin əvvəllərində
Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə
Heydər Əliyev Naxçıvanda olmasaydı və
naxçıvanlılar Ulu öndərin ətrafında
sıx birləşməsəydilər, Naxçıvanın
taleyi çox ağır ola bilərdi. Çünki artıq
erməni millətçiləri Azərbaycana qarşı
işğalçı siyasətini başlamışdılar
və onların məkrli planlarında Naxçıvanın
işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət
böyük çətinliklər hesabına sabit olaraq
qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də
Naxçıvana ögey münasibət bəsləyirdi,
heç bir yardım etmirdi, əksinə, Naxçıvanda
sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək
üçün çox çirkin əməllər edirdi.
Ancaq naxçıvanlılar həmişə olduğu kimi,
müdrikliyini göstərərək Ulu öndərin ətrafında
bir yumruq kimi sıx birləşdilər və həm erməni
işğalçılarına tutarlı cavab verdilər,
onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi
hökumətinə də öz etiraz səslərini
qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli
ssenari keçməyəcəkdir".
Görkəmli dövlət xadiminin Ali Məclisin Sədri
vəzifəsinə seçiləndən sonra qısa müddət
ərzində Naxçıvanın xilası naminə
gördüyü böyük işlər tarixi əhəmiyyətə
malik olmaqla həm də ölkənin sabahı
üçün düşünülmüşdü. 1991-ci
il dekabrın 16-da "31 Dekabr - Dünya Azərbaycan Türklərinin
Həmrəylik və Birlik Günü haqqında" Qərarın
qəbul edilməsi, 1992-ci il mayın 28-i Azərbaycan-Türkiyə
arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin
inkişaf simvolu hesab olunan Sədərək-Dilucu
körpüsünün istifadəyə verilməsi, 1992-ci il
noyabrın 21-də Yeni Azərbaycan Partiyasının
yaradılması, Naxçıvanın və ümumən,
ölkənin mövcud durumuna adekvat olaraq atılmış məqsədyönlü
addımlar idi.
Paytaxtda isə vəziyyət getdikcə gərginləşirdi.
Torpaqların işğala məruz qalması, ölkənin
xaosa doğru sürüklənməsi xalqı ayağa
qaldırmışdı. Belə bir durumda xalq yeganə
ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri olan görkəmli
dövlət xadimi Heydər Əliyevə üz tutdu.
Xalqın çağırışlarına cavab verərək
1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə
qayıdan dahi rəhbər respublikanı xaosdan, anarxiyadan, məhv
olmaq təhlükəsindən xilas etdi. Xalqın
düzgün seçimi ölkəni qurtuluş yoluna
çıxarmaqla Azərbaycan dövlətinin tarixinə də
həmin günü "Milli Qurtuluş Günü" kimi
yazdı.
Bu gün biz Naxçıvandan başlanan
qurtuluşun, milli dövlət quruculuğunun, dirçəlişin
bəhrələrini yaşayırıq. Gerçəkləşən
Böyük Qayıdış proqramı ilə
işğaldan azad olunan torpaqlarımız -
Qarabağımız, Şərqi Zəngəzurumuz
qarış-qarış abadlaşır, insanlar öz elinə,
yurduna-yuvasına dönür. 1988-ci ildən başlanan
qanlı, faciəli köç indi bayram əhvali-ruhiyyəli
köçlə əvəz olunub. Daşı daş
üstündə qoymayan mənfur düşmənin etdikləri
dağıntıların, yerində uca binalar, təhsil, səhiyyə,
mədəniyyət ocaqları tikilir, yaşıllıqlar
salınır.
Dahi şəxsiyyətin ideyalarını həyata
keçirən ölkə başçısı İlham
Əliyev böyük Zəfərdən sonra 2021-ci il mayın
10-da Ümummilli liderin doğum günündə onun Vətəninə
- Naxçıvana gəlib. Qazanılan zəfərin təməlini
Ulu öndərin ovaxtkı fəaliyyəti ilə əlaqələndirən
ölkə başçısı Azərbaycan
Televiziyasına müsahibəsi zamanı demişdir:
"Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə
ki ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya
bildi. 1993-cü ildə ölkəmiz, demək olar ki,
parçalanırdı, vətəndaş müharibəsi
gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
biz bu ağır sınaqdan üzüağ çıxa
bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o
vaxt qoyulmuşdur. Bu gün burada olmağımın xüsusi
rəmzi mənası var. Naxçıvan bizim əziz
diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər
bir azərbaycanlı üçün əziz, doğma
diyardır və Naxçıvanın inkişafı,
çiçəklənməsi artıq reallıqdır. Bu
reallığı biz özümüz yaratmışıq. Bu
gün Ulu öndərin xatirəsinə göstərilən ən
böyük diqqət məhz özünü, bax bu
inkişafda təcəssüm etdirir".
Bəli, artıq paytaxta qovuşmağın bir
addımlığındayıq. Zəngəzur dəhlizinin
açılması ilə Naxçıvan özünün
yeni bir inkişaf mərhələsinə qədəm
qoyacaqdır.
Hələ Sovet İttifaqı dönəmində
Leylan ananın evindəki kimi yüzlərlə evin ən əziz
küncündə divara vurulan foto 1990-cı illərdə əllərdə
meydanlarda idi. Xalq öz xilaskarını səsləyirdi -
sevgi ilə, ümid ilə, həsrət ilə...
Həmin fotodakı məğrur duruşlu adam O idi: Azərbaycanı
məhv olmaqdan qurtaran, dünya ölkələri
sırasına çıxaran, milli kimliyimizi, dəyərlərimizi,
tariximizi özümüzə qaytaran dahi şəxsiyyət
Heydər Əliyev!
Xalq 1920-ci ildə endirilən üçrəngli
bayrağını illərlə qəlbində, ruhunda
daşıdığı kimi, o böyük şəxsiyyəti
də milli dəyər kimi daşımış, heç
zaman ona olan sevgisini, inamını itirməmişdir. Zaman
yetişəndə ətrafında sıx birləşmiş,
sayəsində bayrağına, milli dəyərlərinə,
azadlığına, suverenliyinə qovuşmuşdur.
Naxçıvan isə bu dəyərləri birləşdirən
ocaq olaraq Azərbaycan tarixinə öz möhürünü
vurmuşdur.
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul
katibi
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.8.