"Rusiya-Ukrayna
müharibəsinin uzanmasına çalışan qüvvələr
var"
Adil Minbaşı: "Putin-Zelenski
görüşü baş tutsa belə, ciddi bir nəticəsi
olmayacaq"
Tanınmış hüquqşünas Adil
Minbaşı "525"ə müsahibə verib.
Müsahibədə əsasən Rusiya-Ukrayna
müharibəsi, mümkün sülh prosesi, gələcək
inkişaf perspektivləri və digər məsələlərə
toxunulub.
- Adil müəllim, Rusiya-Ukrayna münaqişəsinin
nizamlanması bu gün beynəlxalq aləmdə prioritet məsələ
olaraq qalır. Bir müddət öncə ABŞ və Rusiya
liderlərinin Alyaskada sammiti baş tutdu, ardınca Tramp-Zelenski
ikitərəfli danışıqları keçirildi, daha
sonra Avropa liderlərinin iştirakı ilə çoxtərəfli
görüş oldu. Bütün bu müzakirələrdən
sonra proseslərin gedişini izlədikdə hansı qənaətə
gəlmək olar? Rusiya-Ukrayna müharibəsində sülhə
nail olmaq nə dərəcədə mümkün
görünür?
- Sualınızın əvvəlində
"münaqişə" sonra isə "müharibə"
ifadəsini işlədirsiniz. Rusiyanın bu hərbi akta
qoyduğu SVO - Xüsusi Hərbi Əməliyyat (XHƏ)
adı məhdud ərazidə, məhdud hərbi kontingentlə
qısa zaman içərisində aparılan hərbi əməliyyatları
nəzərdə tuturdu. Suveren dövlətin ərazisinə
hərbi müdaxilə, ərazilərini işğal etmək
beynəlxalq hüququn əsas prinsiplərini pozmaqla
bağlı cinayət məsuliyyətinə səbəb olan
aktdır. Rusiya öz hərəkətlərinin əhəmiyyətini
kiçiltmək və əsas hədəflərini gizlətmək
üçün bu addan istifadə edir. Hərbi əməliyyatlar
3 ildən artıqdır davam edir. Hər iki tərəfdən
insan itkilərinin sayı yüz minlərlədir. Yüzlərlə
şəhər, kənd, yaşayış məntəqələri
məhv edilib. Döyüş əməliyyatlarında
iştirak edən canlı qüvvə və hərbi
texnikanın sayına, eləcə də nəticələrinin
ağırlığına görə bu müharibə
İkinci Dünya müharibəsindən sonra baş verən ən
irimiqyaslı hərbi əməliyyatlardır. Bunları nəzərə
alsaq, sonuncu ifadə daha doğrudur və reallığı
ifadə edir. Bu müharibənin baş verməsinin çox
ciddi səbəbləri və dərin ziddiyyətli kökləri
var...
- Mümkünsə bunları qısa izah etməklə
sualımıza qayıdaq.
- Mən müharibənin səbəbini Ukrayna ilə
baş verən münaqişə kimi görmürəm. Bu,
Rusiyanın qlobal savaşda güc mərkəzlərindən
biri kimi qalmaq iddiası ilə planlaşdırdığı
geniş və uzunmüddətli müharibənin
başlanğıcıdır. Müharibənin adını
"XHƏ" qoyub sözdə kiçiltmək olar, amma bu əsas
məqsəd və mahiyyəti dəyişmir. Əslində
Rusiya rəsmiləri, şəxsən prezident Vladimir Putin xəbərdaredici,
təsiredici mesajlarla gələcək hədəfləri ilə
bağlı sözünü deyir: "SSRİ-nin
dağılması tarixi səhvdir, bərpa olunacaq". Rusiya
bu ağır missiyanın öhdəsindən gələ bilsə,
çoxqütblü dünyada güc mərkəzlərindən
biri kimi qalmaq imkanı qazanmış olar. Bacarmasa, imperiya olaraq
dağılmağa məhkumdur.
Məsələ Alyaska görüşünün əsl
məqsədini gizlətmək üçün uydurulan
"sülh danışıqları" və
"razılaşmalar" ətrafında aparılan
müzakirələrdə göründüyü kimi deyil,
Şekspirin qəhrəmanı Hamletin təbirincə desək,
"Ölüm, qalım?" savaşıdır. Bu
savaşda hələlik Ukrayna ilə Rusiya arasında
barışığa gəlmək üçün heç
bir şərt mövcud deyil, ona görə də sülh
danışıqlarından hələlik heç bir nəticə
gözləmirəm.
- "Hələlik" ifadəsinin arxasında nə
dayanır? Deməli, nə vaxtsa barışıq
üçün şəraitin yaranması
mümkündür? Bu, hansı halda baş verə bilər?
- Putin Rusiyanın gələcəyini xilas etmək
üçün bu müharibəni başlatmalı idi və
başladı. Lakin nəticələr gözləniləndən
tamamilə fərqli və ağır oldu. Onun rəsmi
çıxışlarından birində,
danışıqlar apardığı dövlət rəhbərlərinin
sözlərinə etibar etmədiyini ifadə etmək
üçün işlədiyi "Nas naduli!" ("Bizi
aldatdılar!") ifadəsi diqqət çəkir. Əslində,
Putini xarici dövlətlərin rəhbərləri deyil, onun
yaxın silahdaşları, etibar etdiyi şəxslər, məmurlar
və ən yaxın ətrafı tamah və şəxsi
maraqları naminə dəhşətli şəkildə
aldatdılar. Bu barədə faktları saymaqla qurtarmaq
mümkün deyil.
Müharibədən əvvəl kəşfiyyat və
əks-kəşfiyyat orqanlarının Ukraynada
apardığı hazırlıq işlərindən
tutmuş, hərbi sənaye kompleksindəki resurslar və milyonlarla
xərclənmiş yeni hərbi texnologiya barədə saxta məlumatlara
qədər, hər sahədə rüşvət və
korrupsiyanın yaratdığı boşluqlar Putindən gizlədildi.
Təsəvvür edin ki, müharibə aparılan dövlətin
sərhədlərində tikilib quraşdırılmalı
olan müdafiə sistemləri üçün ayrılan vəsait
qubernatorlar və müavinləri tərəfindən mənimsənilmiş,
heç bir iş görülmədən hesabatlar
verilmişdir. Bu işlərin vəziyyətinə və
keyfiyyətinə nəzarət edən general rütbəli hərbi
məmurlar isə əlbir olaraq saxta raportlar təqdim edirdilər.
Buna görə də Ukrayna ordusu kiçik qüvvə ilə
Kursk ərazilərini asanlıqla işğal edə bildi.
Əslində, Rusiyanın gələcəyini qorumaq
üçün aparmalı olduğu ən vacib və
ağır "müharibə" rüşvət və
korrupsiyaya qarşıdır. Ölkədə rüşvət
və korrupsiyanın səviyyəsi Qoqolun "Müfəttiş"
pyesində təsvir etdiyi Çar Rusiyasındakı vəziyyətdən
belə ağırdır. Parlament, hüquq-mühafizə
orqanları, idarəçilik və hərbi sahələrdə
hər hansı bir məmurun fəaliyyəti
yoxlanıldıqda milyonlarla yeyinti faktları aşkar edilir. Bu
şəraitdə müharibəni, üstəlik, uzanan
müharibəni qazanmaq mümkün deyil.
Saxta göstəricilərə güvənən Putin
Ukraynaya qarşı müharibəni üç gün, ən
azı çox qısa müddətdə udacağına əmin
idi, amma artıq üç ildir ki, heç bir nəticə əldə
edə bilmir. Artıq geriyə yol yoxdur. Bu, böyük hərbi
və iqtisadi itkilərlə yanaşı, üç il ərzində
yüz minlərlə insanın ölümünə səbəb
olan müharibədən məğlub çıxmaq hakimiyyətdən
getmək deməkdir.
- Belə çıxır ki,
barışığın əldə olunmamasının yeganə
səbəbi Putinin hakimiyyətini itirmək qorxusudur?
- Təkcə bu deyil. Əgər Rusiya müharibəni
məğlubiyyətlə başa vurarsa, bu, yalnız Putinin
hakimiyyətinin sonu olmayacaq, həm də ölkənin
parçalanması təhlükəsi reallaşa bilər.
Hazırkı mərhələdə isə Rusiyanın qələbə,
hətta nisbi qələbə qazanması Avropa dövlətləri
və keçmiş sovet ölkələrinin gələcəyi
üçün ciddi təhlükədir. Avropa dövlətlərindən
başqa, Rusiyanın bu müharibədə məğlubiyyətini
istəyən, ən azından müharibənin uzanmasına
maraqlı olan digər güclər də mövcuddur.
- Söhbət kimlərdən gedir?
- Müharibənin uzanmasında maraqlı olan və bu
prosesə təsir göstərə biləcək əsas
qüvvə hərbi-sənaye oliqarxiyasıdır. Səbəbi
aydındır. Dövlət olaraq İran və Şimali
Koreya da müharibənin uzanmasını arzu edənlər
sırasındadır, çünki hərbi resursları
tükənən Rusiya onlardan silah almağa məcburdur.
Maddi qazancdan əlavə, Rusiya onlara əvvəl
heç vaxt satmayacağı və verməyəcəyi
nüvə və digər hərbi texnologiyaları verməyə
məcbur ola bilər. Çin və Hindistan da müharibənin
uzanmasında maraqlıdır, çünki onlar Rusiyanın
çətin vəziyyətindən və ona tətbiq olunan
sanksiyalardan faydalanaraq enerji və digər sərvətlərini
"su qiymətinə" alır və bununla öz
iqtisadiyyatlarını sürətlə inkişaf etdirirlər.
Bu sadalanan güclərdən yalnız Çin
müharibənin dayandırılması və
barışıq şərtlərinin
razılaşdırılması imkanına malikdir.
- Tramp bu müharibəni bitirib Nobel Sülh
mükafatı ala bilərmi?
- Hesab edirəm ki, əgər Tramp ədalətli
sülh müqaviləsinin bağlanmasına nail olsa, Nobel
Sülh Mükafatını almağa haqqı var və belə
bir istəyinin olması da normaldır. Məsələ
ondadır ki, ədalətli sülh beynəlxalq hüququn
prinsiplərinə uyğun olmalıdır. Bu isə yalnız
hücuma məruz qalan Ukraynanın ərazi
bütövlüyü və suverenliyinin bərpası, təhlükəsizliyinin
təminatı ilə mümkündür.
Yuxarıda qeyd etdiyimiz kimi, bu, Rusiyanın tam məğlubiyyəti,
Putinin hakimiyyətini itirməsi deməkdir və Rusiyanın
suveren dövlət kimi bugünkü sərhədləri
daxilində mövcudluğunu təhlükə altına qoyur.
Putin isə könüllü olaraq buna getməyəcək.
Bu, yalnız Putinin hər hansı formada hakimiyyətdən
getməsi və ya onu hərbi məğlubiyyətə məcbur
etməklə mümkün ola bilər.
Tramp isə hakimiyyətə gəldiyi vaxtdan bəri nə
iqtisadi, nə də hərbi cəhətdən Rusiya
üçün əlavə çətinliklər
yaradıb, Putinə qarşı məcburedici heç bir
addım atmayıb. Bu da onun imicinə ciddi zərbə vurmaqla
yanaşı, əleyhdarları tərəfindən müxtəlif
şəxsi biznes maraqları, ABŞ-ın sabiq prezidenti
Baydenin oğlu Xanterin Ukraynadakı cinayət işi ilə
bağlı faktları açmadığına görə
Zelenskiyə olan nifrəti, Putinlə gizli əlaqələri
və s. kimi konspiroloji (gizli güclərin sövdələşməsi)
versiyalarla əlaqələndirilir. Lakin bunların heç
biri hüquqi cəhətdən sübut edilmədiyi
üçün mən bu şərhlərdən yan
keçirəm.
Hesab edirəm ki, Trampın Putinə qarşı loyal
münasibətinin səbəbi ABŞ-ın milli təhlükəsizlik
konsepsiyası ilə bağlıdır. Belə ki, ABŞ
öz milli təhlükəsizliyi üçün Rusiyanı
təhlükəli, Çini isə düşmən dövlət
hesab edir. Ona görə də Rusiyanın dağılması
deyil, onun zəif və idarəolunan bir dövlət kimi
Çinə qarşı blok dövlət kimi istifadə
olunması planlaşdırılır.
Bu plana uyğun olaraq, Alyaska
görüşünün təşkili sülh
danışıqları üçün bəhanə kimi,
gündəliyin sonuncu məsələsi kimi
planlaşdırılmışdı. Əsas məqsəd
Rusiya ilə münasibətləri bərpa etmək və gələcək
birgə əməkdaşlığın təməlini qoymaq
idi.
Sülh danışıqlarına maliyyə və
ticarət nazirlərinin, eləcə də "Exxon Mobil"
kimi özəl neft şirkətinin daxil edilməsi
görüşün əsl məqsədini şübhəsiz,
ortaya qoyur. Orada ciddi sülh razılaşması olmayıb və
söylənilənlər də saxta məlumatdır, ictimai
fikri yayındırmaq və görüşün əsl məqsədini
gizlətmək üçündür.
- Hazırda Putinlə Zelenskinin görüşü
planlaşdırılır, aparıcı Avropa dövlətlərinin
iştirakı ilə Ukraynanın gələcək təhlükəsizliyinin
təminatları müzakirə olunur. Bunların nəticələri
necə olacaq?
- Hesab edirəm ki, hələlik tərəfləri
sülh danışıqlarına məcbur edəcək
heç bir real şərt mövcud deyil. Dövlət
başçılarının rəsmi bəyanatlarına gəldikdə
isə, siyasi mövzuların şərhində tez-tez istifadə
etdiyim bir ifadəni xatırladıram: "Siyasətçilərin
dedikləri həqiqəti çatdırmaq üçün
deyil, onu gizlətmək üçündür".
Trampa deyilmişdi ki, Amerika prezidentinin
işğalçı dövlətin rəhbəri ilə
görüşməsi doğru deyil. Bu, yalnız o halda
uyğun hesab edilər ki, görüşdə müsbət nəticələrə
ciddi əminlik olsun. Adını "sülh
danışıqları" qoyduqları görüşdən
sonra dünya ictimaiyyətinə nə deyə bilərdilər:
"Bağışlayın, iki dövlət
başçısı görüşdü, amma heç bir
razılığa gəlmədik"?
Putin öz imicini artırmaq üçün bunu deyə
bilərdi, amma Tramp partiyasının rəhbərliyi, Senat,
Konqres və ən əsası Amerika ictimaiyyəti
qarşısında məsuliyyətini dərk etmirmi?
Sizin sadaladığınız tədbirlərdən
biri - Putinlə Zelenskinin görüşünün təşkil
olunması üzərində iş gedir. Bu isə yalnız
görüntü yaratmaq və ictimai fikri inandırmaq
üçün məcburi atılacaq addımdır.
Görüş olsa belə, nəticə "0" olacaq.
P.SULTANOVA
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.7.