Azərbaycan-ŞƏT əməkdaşlığı: Hansı perspektivlər var?

"Geosiyasi diversifikasiya, ticari-iqtisadi maraqlar, nəqliyyat gündəliyi tərəfləri yaxınlaşdıran faktorlar sırasındadır"

 

 

Regional əməkdaşlıq formatı kimi yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün qlobal müstəvidə mühüm yer tutur. Təşkilatın əsas məqsədləri iştirakçı dövlətləri birləşdirən geniş məkanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, nəqliyyat infrastrukturunun, elmi və mədəni qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsidir. Bu gün dünya ciddi çağırışlarla, mürəkkəb proseslərlə, təhlükəsizlik problemləri ilə üz-üzədir. Belə bir vaxtda ŞƏT-in təhlükəsizlik platforması kimi əhəmiyyəti ona marağı daha da artırır.

Yada salaq ki, ŞƏT-in əsası 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderləri tərəfindən Şanxay şəhərində qoyulub. Əvvəllər təşkilat "Şanxay beşliyi" adlanırdı. Lakin 2001-ci ildə Özbəkistanın da bu quruma qoşulması ilə birlik ŞƏT adlandırılmağa başladı. Getdikcə təşkilata maraq artdı, onun sıralarında olmaq istəyən dövlətlərin sayı çoxaldı. Hindistan və Pakistan 2005-ci ildən ŞƏT-ə tamhüquqlu üzv olublar.  2023-cü ildə İran, ötən il isə Belarus onun sıralarına qoşulub. Əfqanıstan və Monqolustan ŞƏT-in müşahidəçi üzvləridir. Təşkilatın Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı var. 2004-cü ildən ŞƏT BMT Baş Assambleyasında müşahidəçi statusundadır.

"ŞƏT-ə yeni üzvlərin qəbulu qaydası haqqında" Əsasnaməyə görə, üzv olmaq üçün müraciət edən dövlət Avrasiya regionuna mənsub olmalı, ŞƏT-ə üzv olan bütün dövlətlərlə diplomatik əlaqələrə malik olmalı, onlarla fəal ticarət-iqtisadi və humanitar əlaqələr saxlamalı, müşahidəçi dövlət və ya ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malik olmalıdır. Bundan əlavə, bu ölkə BMT Nizamnaməsinə, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə əməl etməlidir. Xarici əlaqələrdə ŞƏT açıqlıq və bloklara aid olmamaq prinsiplərini rəhbər tutur.

ŞƏT-in ərazisi müşahidəçi ölkələr də daxil olmaqla 35 milyon kvadratkilometr və ya Avrasiya qitəsinin təxminən 65 %-ni təşkil edir. Dünya Bankının 2024-cü il üçün məlumatına görə, əhalinin sayı təxminən 3,44 milyard nəfər, o cümlədən müşahidəçi ölkələr - 3,48 milyard nəfər təşkil edir.

ŞƏT-ə üzv dövlətlərin ümumi daxili məhsulu 26,15 trilyon dollara və ya qlobal göstəricinin 23,49 %-nə çatıb.

Azərbaycanın rolu, iştirakçılığı ŞƏT-də yüksək qiymətləndirilir. Sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən "ŞƏT plyus" formatındakı sammitdə bu, bir daha nümayiş olundu. Ölkəmiz təşkilata üzv olan əksər dövlətlərlə çox sıx əlaqələrə, dostluq münasibətlərinə malikdir. Xüsusilə Çin Azərbaycanın qurumla əlaqələrinin daha da güclənməsində, eyni zamanda, üzvlüyündə maraqlıdır. Amma Çinin dəstəyinə baxmayaraq, məlum olduğu kimi, Hindistan Azərbaycanın təşkilata üzvlüyünü yenidən bloklayıb. Buna cavab olaraq isə Pakistan da Ermənistanın üzvlüyünü bloklayıb. Ümumiyyətlə, Azərbaycan-ŞƏT əməkdaşlığı necə inkişaf edəcək? Bu təşkilatın beynəlxalq münasibətlər sistemindəki rolu nə dərəcədədir?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov "525"ə şərhində deyib ki, bugünkü beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq təşkilatlar müəyyən paya malikdirlər. Həmin qurumlar dövlətlərarası münasibətlərin, ticari-iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində, ən əsası dövlətlərarası qeyri-müəyyənliyin aradan qaldırılmasında bir platforma kimi çıxış edirlər. Ekspertə görə, bu baxımdan beynəlxalq təşkilatlar arasında ŞƏT hazırkı dünya siyasətində mühüm önəmə malikdir: "ŞƏT-in əhəmiyyəti hər şeydən əvvəl onun əhatə etdiyi coğrafiya ilə ölçülür. Bu təşkilatın dünyanın təxminən 25 fazini, dünya əhalisinin 42 faizini, dünya ÜDM-nin 23 faizdən çoxunu əhatə etməsi onun çəkisinin göstəricisidir. ŞƏT-in 10 üzvü var, 2 müşahidəçi və bundan başqa dialoq üzrə tərəfdaşlar var ki, Azərbaycan da 2016-cı ildən etibarən onlardan biridir. Əsas məqsədləri arasında ticari-iqtisadi əlaqlərin inkişaf etdirilməsi, Avrasiyanın inteqrasiyasının təmini, eyni zamanda, təhlükəsizlik, mütəşşəkil cinayətkarlıq, ekstremizm, terrorizmlə mübarizə, logistika, yaşıl enerji və s. sahələrdə əməkdaşlığın dərinləşməsidir. Bütün bu faktorlara nəzər salsaq, biz bir daha ŞƏT-in dünya siyasətində artan önəminə diqqət yetirə bilərik. Xüsusilə son illər görürük ki, təşkilat öz fəaliyyətini xeyli aktivləşdirib. Görüşlərin, sammitlərin baş tutması, yeni üzvlərin qəbul edilməsi bir müddət bəlkə də ətalətdə qalan təşkilatın yenidən canlanmasını özündə ehtiva edir ki, bu da dünyada son vaxtlar baş verən hadisələrlə bağlıdır. Söhbət müharibələrin, münaqişə ocaqlarının artmasından, yeni geosiyasi blokların şəkillənməsindən, yeni dünya düzənin formalaşmasından gedir ki, bu baxımdan da ŞƏT-in daha aktiv fəaliyyət göstərməsi zərurəti meydana çıxıb".

Azərbaycan-ŞƏT əlaqələrinə toxunan ekspert deyib ki, ölkəmiz 2016-cı ildən başlayaraq qurumla ciddi şəkildə əməkdaşlıq kursunu həyata keçirməyə başlayıb: "Həmin vaxt dialoq üzrə tərəfdaşlıq barədə memorandum imzalandı. Orada Azərbaycanın ŞƏT çərçivəsində təhlükəsizlik, ticari-iqtisadi, nəqliyyat, logistika, enerji, mədəniyyət texnologiya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulub. Bu kontekstdə biz Azərbaycan-Çin əlaqələrinə də xüsusi önəm verməliyik. Çünki təşkilatın aparıcı üzvlərindən biri məhz Çindir. Xüsusilə son bir ildə Azərbaycan-Çin əlaqələrində intensiv təmasların həyata keçirilməsi, aprel ayında Prezident İlham Əliyevin dövlət səfəri, hərtərəfli strateji tərəfdaşlıq razılaşmasının imzalanması, dövlət başçısının Si Cinpinin dəvəti ilə Çinə budəfəki səfəri "ŞƏT plyus" sammitində iştirakı bir daha Azərbaycan-Çin əlaqələrinin yeni mərhələdə olduğunu göstərir. Eyni zamanda, bu, Pekinin Azərbaycanın strateji əhəmiyyətinə verdiyi dəyərin göstəricisidir. Düşünürəm ki, Azərbaycan-ŞƏT əməkdaşlığı çərçivəsində Azərbaycan-Çin münasibətlərinə də xüsusi vurğu edilməlidir. Bu sammitdə Si Cinpin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəklədi. Sammitdə ŞƏT tərəfdaşı statusu razılaşdırıldı. Azərbaycan ŞƏT tərəfdaşı statusunu alacaq dövlətlərin siyahısında yer alıb. Bu da ölkəmizin təşkilata üzvlüyündə ciddi bir addım kimi nəzərdən  keçirilməlidir".

S.Zahidova görə, Azərbaycan ŞƏT üçün ona görə vacibdir ki, ölkəmiz regional və qlobal problemlərin həllində iştirak edən dövlətlərin siyahısında yer almaqdadır: "Azərbaycan nəinki Qafqazdakı məsələlərdə, Avropanın enerji təhlükəsizliyində ciddi rola malikdir, Yaxın və Orta Şərqdə dövlətlərarası münaqişələrin həllində də rol oynayır. Azərbaycanın yerləşdiyi coğrafiya, malik olduğu resurslar ŞƏT üçün əhəmiyyət kəsb edir. Xüsusilə Avropa və Şərqi Asiya arasında nəqliyyat kommunikasiya xətlərinin inkişaf etdirilməsində, infrastruktur layihələrin həyata keçirilməsində Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərinin mərkəzində yerləşən bir dövlət kimi dəyəri təkzibedilməzdir. Təhlükəsizlik, cinayətkarlıqla mübarizədə də ŞƏT Azərbaycan kimi bir ölkə ilə əməkdaşlıq etməyə ehtiyac duyur. Bütün bu faktorlar birgə qurumun ölkəmizə artan marağını əsaslandıra bilər".

Ekspert deyib ki, Azərbaycana ŞƏT ilə əməkdaşlıq ona görə vacibdir ki, bu, ilk növbədə ölkəmizin geosiyasi diversifikasiya kursuna uyğundur: "Digər tərəfdən bu, Azərbaycanın ticari-iqtisadi maraqlarına xidmət edir. ŞƏT geniş bir bazardır, geniş imkanlardır. Prezident Çinə səfər zamanı aparıcı şirkətlərlə rəqəmsal texnologiya, yaşıl enerji, süni intellekt, digər sahələrdə vacib sənədlərin imzalanmasının şahidi olduq. Azərbaycanın qurumla əməkdaşlığı ölkəmizin inkişafına, əhalinin sosial rifahına, iqtisadi göstəricilərin artmasına töhfə verəcək. Eyni zamanda, logistik hab kimi Azərbaycan Avropa və Asiya arasında bir körpü rolunun ifaçısı kimi hesab edirəm ki, ŞƏT vasitəsilə öz imkanlarını daha da genişləndirəcək, tranzit rolu, çəkisi daha da artacaq. Məhz bu səbəblərdən ŞƏT Azərbaycanla əməkdaşlığın sıxlaşdırılmasını dəstəkləyir. Azərbaycanın Xəzər dənizindəki ticari limanları və infrastrukturu, dəmiryolları, eyni zamanda, coğrafi mövqeyi imkan verir ki, Asiya məhsulları qısa zamanda Avropya və əksinə çatdırılmış olsun. Yəni geosiyasi diversifikasiya, ticari-iqtisadi maraqlar, ölkəmizin nəqliyyat gündəliyi Azərbaycanı ŞƏT-lə yaxınlaşdıran faktorlar sırasındadır. Burda xüsusilə Orta Dəhlizi qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüskarı və əsas oyunçusu olduğu bu layihə Şərq-Qərb arasında nəqliyyat kommunikasiyalarının inkişafında vacib bir layihədir və Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə inteqrasiyası aktualdır, həm Çin, həm Azərbaycan bunu dəstəkləyir, Nəticə etibarilə bu xətt bütün Avrasiyanın inteqrasiyasna, inkişafına və sabitliyinə gətirib çıxaracaq".

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.5.