Bir əsrə sığmayan
ömür
"Dünya yaxşı insanların çiyinlərində
fırlanır". Xalq müdrikliyini, fəlsəfi
düşüncəsini ifadə edən bu deyim bir daha təsdiq
edir ki, kainatın nizamı, sabitliyi, həyatın davam etməsi
yaxşı insanların əxlaqı, mərhəməti, zəhməti,
fədakarlığı sayəsində mümkün olur.
Onların varlığı sanki dünyanı ayaqda saxlayan
görünməz dayaqlardır. Belə insanlardan söhbət
düşəndə adı hörmətlə çəkilənlərdən
biri də Bəxtiyar Süleymanlıdır. Bir əsrə
yaxın ömür yaşamış, mənalı həyatını
doğma Azərbaycanına, dövlətinə, xalqına sədaqətlə,
vicdanla, təmənnasız xidmət etmiş əsl vətəndaş,
böyük ziyalı. Müharibə veteranı, uzun illər
təhlükəsizlik sahəsində rəhbər vəzifələrdə
çalışmış polkovnik-leytenant,
hüquqşünas, pedaqoq, cəsarətli söz adamı,
publisist, tanınmış ictimai xadim. Pak və zəngin mənəviyyatı,
əsl insani keyfiyyətləri ilə,
dürüstlüyü, alicənablığı,
xeyirxahlığı, səmimiyyəti, həyatsevərliyi ilə
qəlblərdə və yaddaşlarda iz qoymuş
qayğıkeş ailə başçısı, el
ağsaqqalı. Həyatın sınaqlarına ləyaqətlə
sinə gərərək zəngin, maraqlı, şərəfli
bir ömür yolu keçmiş Bəxtiyar İbrahimoğlu
Süleymanlı.
O, 1925-ci il avqustun 29-da Zəngilan rayonunun Bartaz kəndində
dünyaya gəlmişdi. İnsanlığın
sınağa çəkildiyi İkinci Dünya müharibəsinin
başlanması çoxları kimi onun da xəyallarını,
arzularını yarımçıq qoydu. Məhrumiyyətlər,
gördükləri, şahid olduqları bir ömür boyu
yaddaşından silinmədi. Çətinliklərə rəğmən,
1939-cu ildə Bartazdakı yedillik məktəbi bitirib, təhsilini
Zəngilanda davam etdirmişdi. Lakin 1942-ci ildə təhsilinə
fasilə vermək məcburiyyətində qalan gənc Bəxtiyar
kənddə insanların "hər şey cəbhə
üçün, hər şey qələbə
üçün" şüarı altında birləşərək
yorulmadan çalışdığı bir zamanda əmək
fəaliyyətinə başlamış, rayonun beş ucqar kəndini
birləşdirən sovetliyin mərkəzi Bartazdakı
poçt bölməsinin rəisi kimi
çalışmışdı. Bir müddət sonra,
1943-cü ilin fevralından yeni təyinat almış,
Əmirxanlı kənd məktəbində müdir, həm də
müəllim kimi fəaliyyətini davam etdirmişdi.
Artıq on səkkiz yaşına çatmış Bəxtiyar
Süleymanlı cəbhəyə yollanır, Qafqaz Hərbi
dairəsinin 191-ci nişançı alayında vuruşur,
döyüşlərdə fərqləndiyinə görə
orden və medallarla təltif olunur.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra
B.Süleymanlı 1945-ci ilin oktyabrında ordudan tərxis
olunaraq doğma yurdu Zəngilana qayıdır. Bu zaman ona Zəngilan
Hərbi Komissarlığında işləmək təklif
olunur. 1952-ci ilə qədər komissarlıqda məxfi işlər
müdiri və bölmə rəisi kimi fəaliyyət
göstərmişdi. Əmək cəbhəsində, məsul
işdə çalışsa da, Bəxtiyar Süleymanlı
ali təhsil almaq, elmi biliklərə yiyələnmək
arzusundan daşınmır, 1949-cu ildə orta təhsilini
başa vurduqdan sonra ADU-nun (indiki BDU) tarix fakültəsinin fəlsəfə
bölməsinə daxil olur. Lakin müharibədən
sonrakı bərpa dövrünün çətinlikləri,
atası vəfat etdiyi üçün böyük bir ailəyə
başçılıq etməsi, maddi sıxıntılar ona
təhsilini davam etdirməyə imkan verməsə də,
bunlar gənc Bəxtiyarı ruhdan salmamış, zəhmətsevərliyi
və əzmkarlığı ona çətinlikləri dəf
etməyə güc vermişdi. İllər sonra 1956-ci ildə
ADU-nun hüquq fakültəsinə daxil olur. 1962-ci ilə qədərki
tələbəlik illərində hüquq elminin sirlərinə
dərindən yiyələnir, hətta dekanlıq tərəfindən
ona dissertant kimi mövzu üzərində işləmək təklif
olunur. Hüquq fakültəsinin məzunu Bəxtiyar
Süleymanlı artıq 1952-ci ildən Dövlət Təhlükəsizlik
orqanında xidmət göstərdiyi üçün
universitetin dissertasiya ilə bağlı təklifini DTK
generalına məruzə etdikdə "Bizim orqanda işləyənlər
dövlətin təhlükəsizliyi barədə fikirləşməlidirlər,
elmi iş yazmaq barədə yox" cavabını aldıqdan
sonra bu haqda bir daha düşünməmişdi.
Bəxtiyar Süleymanlı Dövlət Təhlükəsizliyi
orqanlarında işlədiyi ilk gündən məsuliyyəti,
peşəkarlığı ilə fərqlənmiş, Ulu
öndər Heydər Əliyev məktəbinin yetirməsi, bu
böyük şəxsiyyətin dəyər verdiyi kadrlardan
biri olmuşdu. Onun Heydər Əliyev ilə ilk
tanışlığı 1955-ci ilə təsadüf edib.
2008-ci ildə qələmə aldığı "Dövlətçilik
memarı və idarəetmə ustadı Ulu öndər"
("Əbədiyaşarlar". 2010) adlı
portret-oçerkdə o illəri qürur hissi ilə
xatırlayıb.
B.Süleymanlı 1970-ci ilin noyabrında Mərkəzi
Komitəyə dəvət olunur. Həmin gün H.Əliyev
onu qəbul edərək ən böyük xidmət ərazisi
olan Mingəçevir şöbəsinə göndərilməsi
münasibəti ilə təbrik edir, B.Süleymanlının
göstərilən etimadı doğruldacağına əminliyini
bildirir. Artıq 1971-ci ilin yanvarından B.Süleymanlı fəaliyyətini
DTK-nın Mingəçevir Şöbəsinin rəisi kimi
davam etdirir. Xidmət dairəsinə Qarabağ, Şirvan,
Şəki, Zaqatala bölgələrinin doqquz şəhər
və rayonun daxil olduğu Mingəçevir şöbəsindəki
səmərəli işi, peşəkarlığı, Ulu
öndərin etimadını doğrultması onun
karyerasında yeni, daha yüksək məqama yol açır.
1981-ci ilin ilk ayından Bakıda DTK-nın Kadrlar aparatında
bölmə rəisi vəzifəsinə təyin olunur. Azərbaycan
dövlətinin təhlükəsizliyini təmin etmək kimi
şərəfli sahədə 35 il xidmət göstərmiş
B.Süleymanlı 1987-ci ildə polkovnik-leytenant rütbəsində
təqaüdə çıxır.
B.Süleymanlı Dövlət Təhlükəsizliyi
sahəsindəki uzunmüddətli xidmətdən sonra da fəaliyyətini
davam etdirmiş, 1989-1991-ci illərdə AMEA-da işləmişdi.
1991-ci ildən müəllim kimi çalışmış,
1996-cı ilə qədər Bakı Pedaqoji Kollecində
"Qanunvericiliyin əsasları" və "İslam
hüququ" fənlərindən dərs demişdi. Onun
pedaqoji fəaliyyəti həm də cəmiyyətdəki
ictimai xidməti, mənəvi borcunu yerinə yetirməsi,
qazandığı bilik və təcrübəni gənc nəslə
ötürmək istəyi ilə bağlı idi.
B.Süleymanlının çoxşaxəli fəaliyyətində
publisistik yaradıcılığı da mühüm yer
tuturdu. O,1965-ci ildən dövrü mətbuatda məqalələrlə
çıxış edirdi. Yüzdən çox publisistik
yazının, "Əbədiyaşarlar" və
"Yaşatmaq üçün yaşanmış
yarımçıq ömür" kitablarının müəllifi,
Azərbaycan Jurnalistlər İttifaqının üzvü
idi. Hələ gənc yaşlarından məsul vəzifələrdə
çalışmış B.Süleymanlı respublikanın
nüfuzlu insanları, dövlət, elm və mədəniyyət
xadimləri ilə tanış olmuş, çoxları ilə
dostluq etmişdi. 2010-cu ildə nəşr edilmiş
"Əbədiyaşarlar" kitabında onun yaxından
tanıdığı görkəmli şəxsiyyətlər
haqqında yazdığı xatirələr, portret-oçerklər
toplanıb. Kitabın ön sözündə müəllif
yazırdı: "Birmənalı bildirirəm ki, bu kitabda
toplanmış yazıların qəhrəmanları daim
xatırlanmağa, yad edilməyə və anılmağa
çox yüksək səviyyədə layiqdirlər".
B.Süleymanlı kitabda bu qəhrəmanları - Ulu
öndər Heydər Əliyevə həsr edilmiş ilk xatirə-oçerkdən
başlayaraq Əbdül Xalıqov, İsmayıl Sayılov, Məhəmməd
Əsədov, Riad Əhmədov, Qulu Xəlilov, Məmmədxan
Rəsulov, Tofiq Quliyev və digər şəxsiyyətləri
şahidi olduğu hadisələrin fonunda, tarixi faktlara əsaslanaraq
təqdim edib. Oxucularla ünsiyyət quraraq sanki onları həm
şahid, həm sirdaş edərək səmimi üslubda hər
bir şəxsiyyətin cəmiyyətdəki ictimai-sosial
roluna, xarakterinə, mənəviyyatına diqqət çəkib.
Onların daxili dünyasını təsvir və təhlil
etməklə bütöv obrazlarını yaradıb. Öz qəhrəmanlarının
həyat hekayələrinin axarında həm də
yaşadıqları dövrün real mənzərəsini
canlandırıb. Ədəbi keyfiyyətləri ilə
seçilən, təmtəraqlı ifadələrdən uzaq,
həqiqətdən mayalanıb yaranmış xatirə-oçerklər
tarixi gerçəklikləri əks etdirir. Müəllif
publisistik yazılarında sovet hakimiyyəti illərinin məhdudiyyətlərini,
senzura və ideoloji çərçivələri çəkinmədən,
açıq şəkildə qələmə alıb. Sovetlər
dönəminin təzadlı mənzərəsini - bir tərəfdən
mərkəzləşdirilmiş idarəçiliyin sərt
qaydalarını, digər tərəfdən isə həmin
mühitdə yetişmiş bacarıqlı, fədakar
insanların əmək fəaliyyətini obyektiv təsvir
edib.
Azərbaycanın müstəqillik qazanmasını
xalqımızın haqqı və tarixi nailiyyəti kimi dəyərləndirən
B.Süleymanlı bu dövrün hadisələrinə də
ayıq və düşünən bir vətəndaş,
ziyalı mövqeyindən yanaşıb. O hər zaman tarixi
hadisələrə qiymət verərkən ədalətə,
obyektiv meyarlara söykənib, bütövlükdə cəmiyyətin
maraqlarını və mənafeyini əsas götürüb.
Azərbaycan tarixinin, elm və mədəniyyətinin,
qəhrəmanlıq salnaməsinin parlaq səhifələrini
yaratmış şəxsiyyətlər haqqında xatirələr
yazmaq sadəcə tanınmış, unudulmaz insanların həyatını,
ictimai fəaliyyətini qələmə almaq deyil,
bütöv bir dövrun mənzərəsini yaratmaq və gələcək
nəsillərə çatdırmaq deməkdir. Eyni zamanda
tarixi şəxsiyyətləri yaxından tanıtmaq,
onların malik olduqları mənəvi dəyərlər,
örnək ola biləcək şəxsi keyfiyyətləri
barədə daha dərindən təsəvvür
yaratmaqdır. Bu mənada 2000-ci ildə çap olunan,
respublikamızın ictimai-siyasi həyatında mühüm iz
qoymuş Vahid İsmayılovun ömür yoluna və fəaliyyətinə
həsr edilən "Yaşatmaq üçün
yaşanmış yarımçıq ömür" və
"Əbədiyaşarlar" xatirələr toplusu dəyərli
kitablar, tarixi gerçəklikləri öyrənmək
üçün əvəzsiz mənbələrdir. Hər
biri vətənə layiqli və vicdanla xidmətin, şəxsiyyətə
hörmətin, zəngin mənəviyyatın və milli
yaddaşın yaşadılmasının gözəl
nümunəsidir.
Böyük ehtiram hissi, səmimiyyətlə qələmə
alınmış xatirələr B.Süleymanlının
özünü də yaxından tanıdır. Bu yazılarda
bir vətəndaş ziyalı kimi bütöv obrazı
canlanır, şəxsiyyətinin işıqlı tərəfləri,
önəmli keyfiyyətləri üzə çıxır.
Onun xarakterinin incəlikləri, cəmiyyətə xidmət
idealı, həyat fəlsəfəsi və amalı aydın
görünür.
O, torpağına, elinə bağlı, vətənpərvər
ziyalı idi. Həyatın sınaqlarından, İkinci
Dünya müharibəsinin alovlarından keçmiş Bəxtiyar
Süleymanlı 30 ilə yaxın torpaq itkisini, doğma yurdu Zəngilanın,
Qarabağın həsrətini ürəyində gəzdirmişdi.
Hələ Dövlət Təhlükəsizliyi orqanlarında
xidməti dövründən başlayaraq erməni fitnəkarlığının
şahidi olmuş, publisistik yazılarında onların törətdikləri
cinayətləri konkret faktlarla göstərmişdi. Hər
zaman mənfur düşmənə qalib gələcəyimizə,torpaqlarımızın
işğaldan azad olunacağına ürəkdən
inanmış, o günləri görmək arzusu ilə
yaşamışdı: "Bir daha ümidvar olduğumu
bildirmək istəyirəm ki, ölkədə həyata
keçirilən ordu quruculuğu strategiyası, eləcə də
gənclərlə aparılan hərbi vətənpərvərlik
tədbirləri yaxın gələcəkdə öz müsbət
nəticələrini verəcək. Qarabağımız
uğrunda gedən ədalətsiz qanlı döyüşlərdə
tökülən Vətən övladlarının qanı
yerdə qalmayacaq, nəhayət, ərazi
bütövlüyümüzün bərpası ədalətli
həllini tapacaq" ("Əbədiyaşarlar").
Tanrı B.Süleymanlıya arzuladığı müqəddəs
günü - dövlətinin və xalqının dəmir
yumruğa dönmüş iradəsi ilə
qazanılmış möhtəşəm Zəfəri
görməyi nəsib etdi. 8 noyabr 2020-ci il tarixi 95
yaşlı ağsaqqal veteranın ömrünə
yazılmış ən sevincli, ən qürurlu gün oldu.
2021-ci ilin avqustunda dünyasını dəyişmiş Bəxtiyar
Süleymanlı kimi şəxsiyyətlərin həyat və
fəaliyyətləri tarixi və mənəvi dəyər
daşıyır, bu günə, gələcəyə
örnək hesab edilir. Onun vətən və xalq
qarşısındakı xidmətləri, miras qoyduğu irs
unudulmayacaq, hər zaman böyük ehtiramla xatırlanacaq.
Rəfayət ƏLİMİRZƏYEVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 4 sentyabr (№ 187).- S.15.