Azərbaycanın qadın qarmon ifaçıları

XIX-XX ƏSRLƏRİN FAKTLARI ƏSASINDA QEYDLƏR

 

 

Azərbaycanda musiqi mədəniyyətinin və instrumental qarmon ifaçılığının inkişafında kişilərlə yanaşı, qadınların da böyük rolu olub. Bu məqalədə XIX əsrin sonu və XX əsrdə yaşamış bir neçə qadın qarmon ifaçısı haqqında məlumat vermək istəyirik.

 

(Əvvəli ötən sayımızda)

 

Kamiləbəyim (Kamrabəyim) Həsən qızı Hüseynova (1900, Şuşa-1964, Ağcabədi) - peşəkar xanəndə və qarmonçalan olub. Əsl adı Kamiləbəyim olan sənətkar el arasında nədənsə, daha çox Kamrabəyim kimi tanınıb. O, Qarabağın bir çox bölgələrində - Ağdam, Laçın, Kəlbəcər toylarında aşıq (zurnaçı) dəstəsinin tərkibində çalıb-çağırarmış. Kamrabəyim xanım sənətkarlar yurdu olan Ağdamın Abdal-Gülablı kənd sakini, milli nəfəs alətlərinin mahir ifaçısı, el arasında Aşıq Qaraş kimi tanınan ustad zurnaçı ilə birgə toy-büsatlarda olub. Kamrabəyim gənclik illərində opera aktrisası kimi də fəaliyyət göstərmişdi. O, Şuşada tamaşaya qoyulan Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib" operasında, Məşədi Cəmil Əmirovun "Namuslu qız" operettasında, eləcə də digər tamaşalarda da bir sıra maraqlı obrazlar yaratmışdı.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı bildirir ki, Kamrabəyim XX əsrin 20-ci illərində Ağdamda qadınlar klubunun təşkilində fəal iştirak edib. 1930-cu ildə bəstəkar Zülfüqar Hacıbəyli onu Bakıya dəvət edərək, burada onun müxtəlif mədəniyyət evlərində, fəhlə klublarında, konsert salonlarında çıxışlarını təşkil edib. 1944-cü ildə Kamrabəyim Xan Şuşinski ilə birlikdə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının incəsənət olimpiadasında iştirak edərək Zaqafqaziya Mərkəzi İcariyyə Komitəsinin fəxri fərmanına layiq görülmüşdü. Kamrabəyimin dörd oğlu olub: Ramiz, Fəxri, Sabir və Nadir. Fəxri anasından qarmon çalmağı öyrənmiş və Qarabağ məclislərində bacarıqlı sənətçi kimi tanınmışdı. Ağcabədidə yaşamış, sənət fəaliyyətini orada davam etdirmişdi.

Türrə Vahid qızı Hüseynova (02.04.1906, Bakı - 01.02.2007, Bakı) - uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, qarmon çalmağı öyrənib. Qadın məclislərində qarmon alətinə tələbat olduğundan onu tez-tez toy-nişana dəvət etmişlər.

Türrə xanım 1922-ci ildə ailə həyatı qurub. O, dünyaya dörd qız və dörd oğul gətirib.

Türrə xanım haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı geniş məlumat verib. Onun yazdığına görə, Türrə xanım II Cahan müharibəsi illərində Bakıdakı hospitallarda musiqiçi rəfiqələri ilə konsertlər vermiş, öz gözəl ifası ilə yaralıların könlünü ovundurmuşdu. Türrə xanım uzun müddət Mərdəkandakı 221 nömrəli uşaq bağçasında və körpələr evində musiqiçi kimi çalışmışdı.

Tutu Şeyx Yusif qızı (1910, Lənkəran - 1968) - əslən şuşalıdır. Atası Şeyx Yusif novator sənətkar, məşhur tarçalan Mirzə Sadıq Əsədoğlunun qardaşıdır. Şeyx Yusif cavan vaxtında, yəni XX əsrin ilk illərində İrana getməyi qərara alır. Lənkəranda bir neçə gün qalır, gur səsi olduğundan məsciddə azan verir və maraqlı dini söhbətləri ilə yerli camaatın diqqətini çəkir. Ona Lənkəranda qalmağı və məsciddə çalışmağı təklif edirlər. Şeyx Yusif təklifi qəbul edir, burada Qönçə adlı yerli xanımla ailə həyatı qurur. Onların 9 övladı dünyaya gəlir. Tutu ailənin sonbeşiyi olub. 13 yaşı olanda Tutu bölgədə tanınmış qarmon ifaçısı İsgəndər Abdullayevlə ailə həyatı qurur.

Yüksək musiqi duyumu olan Tutu xanım əri evdə olmayanda qarmonda müstəqil şəkildə ifa etməyi öyrənir. İsgəndər isə bundan xəbərsiz olub. Bir gün Tutu qarmon çalarkən İsgəndərin dostlarından biri qapını döyür. Tutu cavab verir ki, İsgəndər evdə yoxdur. Dostu öz-özünə deyinir: "Elə bilir karam, İsgəndər qarmon çalırdı, yəqin mən yaxınlaşanda xanımına evdə olmadığını söyləyib". O, uzun müddət İsgəndərlə əlaqəni kəsir. Bir gün onlar rastlaşdıqda İsgəndər ondan gileylənir: "Dostum, çoxdandır görsənmirsən..." Dostu məsələni danışdıqdan sonra İsgəndər xeyli gülüb deyir: "Deyəsən, Tutu xanım məni dostlarımla düşmən eləyəcək. Artıq bir neçə dostum deyir ki, filan gün gəlmişdim, evdə ola-ola Tutu xanıma bildirirsən ki, de evdə yoxam. İndi bilmişəm ki, Tutu xanım mən evdə olmayanda qarmonda məşq edir. Alətin səsini eşidən də evdə olduğumu düşünür".

Beləcə, Tutu xanım Lənkəran bölgəsində məşhur ifaçıya çevrilir. Onu daha çox "Nənəbacı" ləqəbiylə tanımışlar.

Çarşab Fatma Nardaranlı qarmon ifaçısı haqqında az da olsa, bir sıra qaynaqlarda məlumat əldə edə bilirik. Məsələn, etnoqrafiya sahəsi ilə məşğul olmuş Əlihüseyn Dağlı "Ozan Qaravəli" adlı əlyazmasında, eləcə də tarixçi Firidun Şuşinski "Azərbaycan xalq musiqiçiləri" adlı monoqrafiyasınd aqarmonçu Çarşab Fatmadan söhbət açmışlar.

Əsbənd Zeynallı - Dərbənddə yaşayarkən qarmonda çalmağı öyrənib. O, görkəmli bəstəkar Asəf Zeynallının anası olub. Körpə yaşlarında A.Zeynallı anasının qarmonda ifa etdiyi həzin sədalar altında yuxuya gedərmiş.

Cahan Rzaxan qızı Talışinskaya (09.02.1909, Lənkaran - 01.03.1967, Bakı) - Əməkdar artist, aktyor, müğənni-multiinstrumentalçı, həmçinin, qarmon ifaçısı kimi tanınıb. O, qarmonla yanaşı, piano, tar, fleyta və qaval kimi ifaçılıq baxımından bir-birindən fərqlənən musiqi alətlərində eyni məharətlə, bacarıqla ifa edərdi. Cahan xanım Azərbaycan qızlar seminariyasında oxuyarkən vokal sənəti ilə bərabər, adıçəkilən alətlədə də ifa etməyi mənimsəmişdi. O, toy ifaçısı deyildi, arabir müxtəlif tədbirlər zamanı səhnələrdə bu alətləri, xüsusən də daha çox sevdiyi Azərbaycan qarmonunda elit melodiyalar ifa edərdi.

Kübra Məhəmməd qızı Əbilova (22.12.1921-01.09.1994) - Bakı şəhərində doğulsa da, əslən Abşeronun Məhəmmədli kəndindəndir.

Dahi Üzeyir Hacıbəyli "Qıtqılıda" rəqsindən 1910-cu ildə yazdığı və 1911-ci ildə tamaşaya qoyduğu "O olmasın, bu olsun" adlı operettasında, "Gülnazın toy səhnəsi"ndə istifadə etmişdi. 1956-cı ildə quruluşçu rejissor Hüseyn Seyidzadə həmin operetta əsasında eyniadlı bədii kinofilm çəkib. Film üçün Qızxanım Dadaşovanın qarmonda ifa etdiyi "Qıtqılıda" rəqsindən istifadə olunub. Lakin Q.Dadaşova filmin çəkilişində müəyyən səbəblərdən iştirak edə bilmədiyindən onu rəfiqəsi Kübra Əbilova əvəz etmişdi. Beləliklə, filmdə "Qıtqılıda" rəqsi təqdim olunarkən qarmonçalan Kübra Əbilovavə daha iki musiqiçi (hələlik adlarını müəyyənləşdirə bilmədiyimiz qaval və qoşanağara ifaçıları) çəkilmişlər.

Tanınmış aktrisa, Əməkdar artist Münəvvər Kələntərli isə həmin filmdə "Qıtqılıda" melodiyasının sədaları altında özünəməxsus tərzdə rəqs edib. Filmdə bu havanın ardınca "Lalə" rəqsini Xalq artisti Əminə Dilbazi oynayır. Arada Xalq artisti Tükəzban İsmayılova yanğılı səslə "Segah" muğamından bir fraqment oxuyur.

Aşağıda "O olmasın, bu olsun" bədii kinofilmindəki "Gülnazın toy səhnəsi"ndə çəkilmiş unikal fotoşəkli təqdim edirik. Bu fotoşəkil ilk dəfə sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlının əsərində işıq üzü görüb.

 Kübra Əbilova daha sonra 1979-cu ildə "Qəribə adam" bədii filminə də qarmon ifaçısı kimi çəkilib.

Kübra Əbilovanın ifaları qrammofon valına da yazılıb. O, val üçün "Vağzalı" və "Tərəkəmə" xalq rəqslərini ifa edib. Kübra xanımın qrammofon valı 1968-ci ildə Moskvanın Ümumittifaq "Melodiya" qrammofon valları firması tərəfindən Aprelevski zavodunda istehsal olunub.

Valın üzərində onu nağarada Ş.Mahmudova (adı göstərilməyib) soyadlı musiqiçinin müşayiət etdiyi yazılıb. Araşdırmalardan sonra bəlli oldu ki, burada nağara deyil, qaval alətində Şəfiqə Mahmudova ifa edib.

 

(Ardı var)

 

Ənvər SADIQOV

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti

enversadiqov@gmail.com

525-ci qəzet .- 2025.- 4 sentyabr (№ 187).- S.12.