Unutmayaq ki, unudarlar

 

 Akademik İmam Mustafayevin xatirəsinə

 

(Əvvəli ötən sayımızda)

 

Bu böyük tarixi şəxsiyyətin keçdiyi zəngin və çətin həyat yoluna, onun xalq üçün, ölkə üçün gördüyü işlərə daha yaxından bələd olmaq üçün arxivlərdə müəyyən araşdırmalar apardım, müxtəlif materiallara baxdım. Bu sənədlərin arasında həm də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun 1959-cu il 6 iyul tarixli 75 saylı protokolunu vərəqlədim. 70 səhifədən ibarət bu protokolda İmam Mustafayevin Birinci katib vəzifəsindən kənarlaşdırılması üçün müxtəlif şəxslər tərəfindən səsləndirilən cürbəcür ittihamları gördüm. Moskvanın göstərişi ilə təşkil olunan, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Nuritdin Muhitdinovun da iştirak etdiyi bu plenumun gedişində 1937-ci ilin havası hiss olunur, əsassız günahlandırmalar, böhtanlar ayaq açıb yeriyir. Məsələn, çıxış edənlərdən biri İmam Mustafayevi Mirzə Fətəli Axundovun (Axundzadənin) məzarını Tiflisdən Bakıya köçürmək istəməkdə ittiham edir, bunu qardaş gürcü xalqı ilə aramıza nifaq toxumu səpmək cəhdi kimi qiymətləndirir, İmam Mustafayev də müdafiə olunur, gördüyü işlərə düşdüyü şəraitə uyğun bəraət qazandırmağa çalışır.

Bu xoşagəlməz dialoq məni həmin hadisəni daha dərindən araşdırmağa, əsl həqiqətin necə olduğunu üzə çıxarmağa sövq etdi. Məlum oldu ki, 1957-ci ilin martın 10-da Azərbaycanın rəhbəri kimi İmam Mustafayev Zaqafqaziya hərbi dairəsinin hərbi şurasının iclasına dəvət olunaraq Tiflisə getmişdi. Bu səfər Mirzə Fətəli Axundzadənin 145 illik yubileyi ərəfəsində olduğuna görə böyük vətəndaş dramaturqun məzarını ziyarət etmək, ora gül dəstəsi qoymaq arzusunu bildirir. Ziyarət zamanı məlum olur ki, Tiflisin Nəbatət bağında olan qəbir baxımsız vəziyyətdədir və bu, İmam Mustafayevi məyus edir. Bakıda bu məsələni ürək ağrısı ilə müzakirəyə çıxaran vətənpərvər rəhbər sahibsizlikdən baxımsız vəziyyətə düşmüş qəbrin Bakıya köçürülməsi ilə bağlı qərarını səsləndirir və açıq da deyir:

- Mirzə Fətəli elə şəxsiyyət deyil ki, onun qəbri bu vəziyyətdə olsun. Onun sahibi də var, o dahini yetişdirən xalqın məzarın üstünü götürməyə imkanı da çatar!

Plenum bu barədə qərar qəbul edir, heykəltaraş İradə Zeynalovaya qəbirüstü abidənin (büstün) hazırlanması sifariş edilir, məzarın köçürülməsi məqsədi ilə maşın ayrılır və Qazaxda xüsusi vaqon hazırlanır. Gürcüstan rəhbərliyi İmam Mustafayevin məyusluğundan xəbər tutub ciddi narahat olur, təcili məzarın bərpası işlərinə başlanılır, tezliklə qəbirüstü vəziyyət düzəlir və bu barədə Azərbaycan rəhbərinə məlumat verilir. 1957-ci ilin sentyabrında İmam Mustafayev yenidən Tiflisə gedir və bərpa işlərinin yaxşı səviyyədə olduğuna şəxsən əmin olduqdan sonra köçürülmə planından vaz keçir. Bununla bərabər, başdaşı yeniləndiyi üçün köhnə qəbir daşını tarixi əhəmiyyəti olan abidə kimi Bakıya gətizdirmiş, Mirzə Fətəlinin ev-muzeyinə vermişdir. Sifariş edilən büst isə böyük dramaturqun Şəkidəki ev-muzeyinin qarşısında qoyulmuşdur.

Bu fakt da göstərir ki, İmam Mustafayev nə qədər təəssübkeş, vətənpərvər, xalqına, millətinə ürəkdən bağlı bir insan olmuşdur. Onun bu keyfiyyətlərini əsaslandıran daha bir maraqlı amil vardır ki, onu da xüsusi qeyd etmək istəyirəm, bu, 1937-ci il repressiyası qurbanlarına bəraət verilməsidir. Tarixdən məlumdur ki, bir çox hallarda subyektiv səbəblərdən, kiminsə xoşuna gəlməmək, sadəcə çuğulçuluq, böhtan atma, şərləmə, şəxsi intriqalar, yaxud hansısa dövlət məmurunu az tərifləmək ucbatından minlərlə insan repressiyaya məruz qalmış, güllələnmiş, həbs və sürgün edilmişdir. "Yumşalma mərhələsi" başlanandan indiyədək müxtəlif vəzifələrdə çalışdığına görə xalqın içində olan, Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn, yaxud müxtəlif subyektiv səbəblərdən repressiyaya məruz qalan insanları yaxşı tanıyan, elmi mühitdən rəhbərliyə gəldiyinə görə millətin sayılıb-seçilən ziyalılarına dərindən bələd olan İmam Mustafayev əvvəlcə kimləri bu böhtan məngənəsindən xilas etmək lazım olduğunu düzgün müəyyənləşdirmişdi.

Bəzən belə fikirlər səslənir ki, İmam Mustafayev olmasaydı da, Stalinin vəfatından, xüsusən, 1956-cı ildən sonra bütün ölkə miqyasında reabilitasiya prosesi başlamışdı, yəni onsuz da hamıya bəraət veriləcəkdi. Heç də düşünüldüyü kimi sadə vəziyyət deyildi, repressiyaya məruz qalmış minlərlə, yüz minlərlə insan vardır ki, onlara 60-cı illərdə, 70-ci illərdə bəraət verildi, bəzilərinə hələ indiyə qədər də verilməyib. Nəzərə almaq lazımdır ki, hər zaman olduğu kimi kimlərə bəraət verilməsi, "vətən xaini", "xalq düşməni" damğalarının götürülüb-götürülməməsi, onlara hansı dərəcədə haqq qazandırılması, bəraətdən sonrakı mərhələdə hansı səviyyədə qayğının göstərilməsi və digər onlarla məsələ bilavasitə birinci şəxsin iradəsindən asılı idi.

İmam Mustafayev ilk növbədə xalqın tanınmış, vətən üçün müstəsna xidmətləri olmuş şəxsiyyətlərinə bəraət verdirdi, nəinki bəraət verdirdi, onların üstündən "xalq düşməni" damğasını qaldırdı, həm də adlarının əbədiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul etdi, onların yubileylərini təşkil etdi, kitablarını çap etdirdi. İmam Mustafayevin hakimiyyəti dövründə bəraət almış şəxsiyyətlər sırasında Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Əhməd Cavad, Mikayıl Müşfiq, Hacı Kərim Sanıyev (Sanılı), Salman Mümtaz, Vəli Xuluflu, Qafur Əfəndiyev ("Qantəmir"), Əliabbas Əhmədov ("Müznib"), Əhməd Çələbizadə və yüzlərlə digər tanınmış ad vardır.

Stalinizmin süqutundan sonra baş verən yumşalmalar yalnız repressiyaya məruz qalanların bəraəti ilə yekunlaşmadı, həm də İkinci Dünya müharibəsində əsir düşən minlərlə insanın taleyində də dəyişikliklər yaratdı. Məlum olduğu kimi, müharibə dövründə yaralanaraq, ölümcül vəziyyətdə, yaxud bilərəkdən əsir düşən insanlara fərq qoymadan, əsir düşdükləri müddətdəki fəaliyyətləri nəzərə alınmadan birmənalı "vətən xaini" damğası vurulurdu. Lakin o illər üçün xarakterik olan yüksək vətənpərvərlik hissləri ilə əsir düşən insanların müəyyən hissəsi əsirlikdən qaçmağı bacarmış, partizan dəstələrinə qoşularaq, yaxud başqa yollarla arxa cəbhədə fədakarlıqla SSRİ-yə xidmət göstərmişdilər.

1956-cı ildə ölümündən 12 il keçən, fəaliyyəti unudulmuş, xidmətləri, necə deyərlər, tarixin tozu altında qalmış belə insanlardan biri də Mehdi Hüseynzadə idi. 1918-ci ildə Bakının Novxanı kəndində dünyaya gələn, 1944-cü ilin noyabrında indiki Sloveniyanın (o vaxtlar İtaliya krallığı, Yuqoslaviya) Vitovlye kəndində qəhrəmancasına həlak olan məşhur həmyerlimizi 1956-cı ilə qədər heç kəs tanımırdı.

Hər şey Moskvada çap edilən bir məqalədən başladı... 1956-cı il mayın 31-də Moskvanın "Krasnaya Zvezda" ("Qızmızı Ulduz") qəzetində keçmiş partizan Viktor Vasilyeviç Sokolovun "Partizan igidliyi" adlı məqaləsi dərc edildi. Bu məqalədə V.Sokolov şahidi olduğu hadisələri qələmə almış, Yuqoslaviyada partizan dəstəsinə rəhbərlik edən, alman faşistlərinə divan tutan bir azərbaycanlı leytenant haqqında yazmışdı.

Bu məqalə respublika rəhbəri İmam Mustafayevə çatdıqdan sonra vəziyyət sürətlə dəyişməyə başladı. Elmlər Akademiyasının Tarix İnstitutunda bu məsələni araşdırmaqdan ötrü işçi qrup yaradıldı, Yuqoslaviyaya tədqiqatçı alimlər ezam edildi, əfsanəvi qəhrəman "Mixaylo"nun hünərlərinə həsr olunmuş xeyli material toplandı. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi (DTK) leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlıqlarla bağlı gizli axtarış aparmağa başladı. Azərbaycan DTK-nın sədri Fyodr İvanoviç Kopılov Azərbaycan SSR MK-ya göndərdiyi məktubda yazırdı: "SSRİ-nin Yuqoslaviyadakı səfirliyi Hüseynzadənin partizan birliyindəki fəaliyyətini araşdırmaq və sənədləşdirmək üçün həmin ölkənin münasib orqanlarına xahişlərlə müraciət etmişdir".

Araşdırma azərbaycanlı leytenantın böyük rəşadətini təsdiq edən məlumatları almaqla başa çatdı, yuqoslavlar tərəfindən həm də əlavə sənədlər təqdim edildi. Məlum oldu ki, "Mixaylo" təxəllüslü, alman dilini mükəmməl öyrənən Mehdi Hüseynzadə faşist zabiti formasında alman kazarmasına daxil olaraq mərkəzi binanı partlatmış, Triest şəhəri yaxınlığında yerləşən Opçine qəsəbəsində alman zabitlərinin toplaşdığı kinoteatr binasını yerlə-yeksan etmiş, restoran, dəmiryol körpüsü, neçə təyyarə, hərbi avtomobil, yüksəkgərginlikli elektrik stansiyasının transformatoru və digər obyektləri partladaraq alman ordusuna ciddi zərbələr vurmuşdu. Almanlar onun başına 400 min lirə mükafat təyin etsələr də, "Mixaylo"nu ələ keçirmək mümkün olmamışdı.

Dövrün qaydalarına görə, toplanmış materiallar əsasında Azərbaycan KP MK-nın Birinci katibi İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə gizli məktubla müraciət etdi. Onun israrlı tələblərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli Fərmanı ilə Mehdi Hüseynzadəyə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Toplanan materiallar əsasında 1956-cı ilin oktyabrında başqa bir keçmiş partizan - Qriqori Aleksandroviç Jilyayev "Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr" adlı məqalə yazıb mərkəzi mətbuatda çap etdirmiş, 1957-ci ildə Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışdılar. Həmin povestin ssenarisi əsasında 1958-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən "Uzaq sahillərdə" bədii filmi çəkimişldir. 1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin heykəli ucaldılmış, 1975-ci ildə "Şanlı partizan", 2002-ci ildə "Uzaq sahillərin əfsanəsi", 2008-ci ildə "Təxəllüsü Mixaylo",  2012-ci ildə "Onun təxəllüsü Mixaylo idi" filmləri çəkilmiş, 2012-ci ildə sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilən "Bir nəfər hamı üçün və ya Mixaylonun qisası" adlı ikicildlik roman yazmış, Sumqayıt şəhərində və Novxanıda Mehdi Hüseynzadə adına idman kompleksləri açılmış, 2007-ci ildə doğulduğu Novxanı kəndində onun abidəsi ucaldılmış, Sloveniyanın Nova Gorica şəhərinin yaxınlığında yerləşən Şempas kəndində, öldürüldüyü ərazidə qəhrəmanın büstü qoyulmuş və digər çoxsaylı əlamətdar hadisələr olmuşdur. Bütün bu olayların başlanğıcı isə qədirbilən xalqımızın görkəmli nümayəndəsi İmam Mustafayevin 1956-cı ildə atdığı o cəsarətli, vətənpərvər addımdan start götürmüşdür, bunu xüsusi qeyd etmək lazımdır!

İmam Mustafayevin rəhbər vəzifədə işlədiyi illəri həm də milli oyanış, dirçəliş dövrü adlandırmaq olar. 1937-ci il repressiyasının və İkinci Dünya müharibəsinin yaraları sağalmaqda idi, eyni zamanda dövlət siyasətində müəyyən "yumşalma" prosesi gedirdi. Əsas amil bu idi ki, 20-ci illərdən etibarən alitəhsilli mütəxəssislərin milli tərkibi xalqımızın xeyrinə sürətlə dəyişməkdə idi, 50-ci illərdə artıq üçüncü nəsil formalaşırdı. 1950-ci illərin sonlarında Bəxtiyar Vahabzadənin "Gülüstan", Rəsul Rzanın "Qızılgül olmayaydı" poemaları, İsa Hüseynovun povestləri meydana çıxmışdı. İlk dəfə idarə və müəssisələrdə Azərbaycan dilini dövlət dili kimi tətbiq etməyə cəhd göstərən İmam Mustafayevin "millətçi" yarlığına belə yazılar da qatı rəngli ştrixlər əlavə edirdi. Heç nədən çəkinmədən mübarizə aparmaq yolunu seçən Birinci katib həmin müəllifləri də müdafiə etmək, həbsdən, repressiyadan qorumaq missiyasını şərəflə yerinə yetirirdi.

İmam Mustafayevin adı Azərbaycan mədəniyyəti, elmi tarixinə həm də "Dədə Qorqud" dastanı ilə bağlı əbədi yazılmışdır. Tarixdən məlumdur ki, sovet dönəmində, xüsusilə 1930-50-ci illərdə SSRİ-də klassik ədəbiyyat, folklor və milli-mədəni irs mövzusunda tədqiqat aparan alimlər "millətçilik", "pantürkizm", "panislamizm" kimi ittihamlarla cəzalandırılırdı. "Dədə Qorqud" dastanı da türk xalqlarının ortaq tarixi, milli kimliyi və qəhrəmanlıq ruhunu təbliğ etdiyi üçün qadağalar və məhdudiyyətlərlə qarşılaşmışdı. Döyüşkən, azadlıqsevər, təslim olmayan obrazlarla zəngin olan dastan sistemə sadiq "internasionalist" sovet insanı obrazına zidd idi, ölkədə milli ideyaların gücləndirilməsi qorxusundan dastanın tədqiqi və tədrisi qadağan edilmişdi. 1937-1938-ci illərdə "Dədə Qorqud"u öyrənən bir çox alimlər millətçi və pantürkist damğası ilə həbs olunmuş və ya repressiyaya məruz qalmışdı. Məsələn, görkəmli folklorşünas alim, "Dədə Qorqud" dastanlarının ilk tədqiqatçılarından (Firudin bəy Köçərlidən sonra) sayılan Salman Mümtaz 1937-ci ildə həbs edilmiş, sonra Sibirdə güllələnmişdi. Yaxud Həmid Araslı "Dədə Qorqud"la bağlı araşdırmalarına görə "millətçi əhval-ruhiyyəli" hesab edilmiş, ideoloji təzyiqlərə məruz qalmış, ədəbiyyat dərsliklərindən və çıxışlardan "Dədə Qorqud"la bağlı hissələr çıxarılmışdı. Ona görə də, tədqiqatçıların çoxu bu mövzuya ehtiyatla yanaşırdılar və "Dədə Qorqud" abidəsi getdikcə unudulurdu.

Stalinin ölümündən sonra reabilitasiya olunan bir çox şəxsiyyətlər kimi İmam Mustafayevin təşəbbüsü ilə 1950-ci illərin ortalarında "Dədə Qorqud" da "bəraət qazandı" və onun tədqiqi yenidən aktuallaşdı. Dövlət başçısı Həmid Araslı, Əziz Mirəhmədov, Məmmədağa Şirəliyev, Mikayıl Rəfili və digər görkəmli Azərbaycan alimlərini toplayaraq onlara bu tarixi abidəni geniş və hərtərəfli tədqiq etməyi tapşırdı.  Dövlət başçısının tapşırığından sonra alimlər böyük həvəslə bu sahəyə qayıtdılar və dastanın Azərbaycan və dünya ədəbiyyatındakı yerini elmi əsaslarla tədqiq etməyə başladılar. "Dədə Qorqud" kitab şəklində çap olundu, məktəblərdə və ali təhsil müəssisələrində öyrədilməyə başlandı.

1958-ci il iyulun 1-də Azərbaycan KP MK bürosu "Azərbaycan SSR-in ali və orta məktəblərində Azərbaycan tarixinin tədrisi haqqında" yeddi bənddən ibarət qərar qəbul etdi. İndiyədək görünməmiş bu qərarın nəticəsində respublikanın bütün ali və orta məktəblərində SSRİ tarixi fənni ilə yanaşı, Azərbaycan tarixi məcburi fənn kimi tədris edilməyə başladı. Bu günədək öyrədilən tarix dərslərində cüzi məlumatları saymasaq, yalnız Rusiyanın tarixi tədris edildiyi halda, xalqımızın tarixinin proqrama daxil edilməsi ilə bu sahədə yeni bir səhifə açılmış oldu. Belə ki, Akademiyanın Tarix İnstitutunun əməkdaşları və digər mütəxəssislər cəlb edilməklə qısa müddətdə "Azərbaycan tarixi" proqramları tərtib edildi, dərsliklər yazıldı, tədqiqatlar aparılmağa, qaranlıq səhifələrə işıq salınmağa, əsas isə gənc nəsil tərəfindən xalqın tarixi öyrənilməyə başladı. Bu zaman sovet reallıqları nəzərə alınsa da, Rusiyaya ilhaq edilməyimiz, bolşevik inqilabının gətirdiyi "xoşbəxtlik" qabardılsa da, zəngin və hələ öyrənilməmiş bir çox məqamlar ilk dəfə xalqa çatdırıldı. Sonralar Azərbaycan tarixinin sistemli şəkildə öyrənilməsi ənənəsinin həmin vaxtdan başlanmasını qeyd etməklə bərabər, Azərbaycan tarixçilərinin, o cümlədən böyük vətəndaşlar - Mirzə İbrahimov, Heydər Hüseynov və digərlərinin arzularını və müstəsna xidmətlərini ayrıca vurğulamalı, bununla bərabər, nəhəng vətənpərvər şəxsiyyət olan, rəhbər kimi bütün məsuliyyəti üzərinə götürən, heç kəsdən çəkinmədən Mərkəzi Komitənin Büro iclasında məsələni müzakirəyə çıxaran İmam Mustafayevin rolunu şişirtmədən xüsusi göstərməliyik.

Bütün bu xidmətlərlə yanaşı, su qıtlığından həmişə əziyyət çəkən respublikamızda ilk dəfə suvarma şəbəkəsinin elmi əsaslarla qurulması, əkin sahələrinin su ilə təchiz edilməsi probleminin sistemli şəkildə həlli şəxsən İmam Mustafayevin adı ilə bağlıdır.  Mingəçevir su anbarında işlərin yekunlaşması və Yuxarı Qarabağ kanalının inşasının başa çatdırılması, Yuxarı Şirvan kanalının istifadəyə verilməsi, Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılması, Bəhramtəpə və Ceyranbatan su anbarlarının tikintisi onun təşkilatçılığı, tükənməz zəhməti, yuxusuz gecələri və əsas məsələ - böyük vətəndaşlığı ilə bağlıdır. Xatirələrində yazır: "Yetimliklə böyüdüyüm üçün uşaq ikən o qədər aclıq keçirdim ki, ali təhsil seçimi qarşısında qalarkən tərəddüdsüz kənd təsərrüfatı sahəsinə gəldim. Əsas məqsədim ərzaq sahəsində bolluq yaratmaq, məhsuldar buğda sortları yetişdirmək, hamıya çatacaq qədər çörək istehsalını təşkil etmək idi. İş elə gətirdi ki, respublikada bu məsələyə rəhbərlik etməli oldum. Bilirdim ki, taxıl üçün də, pambıq üçün də, digər əkin sahələri üçün də birinci sudur. Ona görə də Azərbaycanın bütün ərazisində su kanalları ilə şəbəkə yaratmağı ən böyük məqsədlərimdən biri hesab edirdim".

İmam Mustafayevin işini çətinləşdirən amillərdən biri də ölkə başçısının qeyri-adekvat qərarları, qəribə göstərişləri idi. Nikita Xruşşov istər beynəlxalq arenada, istərsə də ölkə daxilində kobud siyasi səhvlərə, o cümlədən sənaye, nəqliyyat, energetika, elm, mədəniyyət sahələrində qarşısıalınmaz qəribə hərəkətlərə yol verməklə bərabər, həm də çox sevdiyi kənd təsərrüfatında kəskin islahatlara, məhsuldarlığı birdən-birə artırmaq üçün burada təkmilləşdirmə aparmağa çox meyilli idi. Kənd təsərrüfatı işini mükəmməl bilən İmam Mustafayev rəhbərlik etdiyi respublikada bu halların qarşısını almağa çalışsa da, ümumiyyətlə ölkə miqyasında gedən "islahat"lardan qaça bilmirdi, bununla da tez-tez çıxılmaz vəziyyətlərə düşürdü. Məsələn, "qarğıdalı islahatı" deyilən dövrdə Xruşşovun göstərişi ilə SSRİ ərazisində olan bütün taxıl, çovdar, üzüm, pambıq və digər sahələr qarğıdalı əkininə yönləndirilsə də, İmam Mustafayev Azərbaycan iqliminin qarğıdalı əkini üçün uyğun olmadığını elmi cəhətdən əsaslandıraraq çox az saylı əkin sahələrini qarğıdalı yetişdirilməsinə çevirtdirmişdi.

Yaxud kollektiv təsərrüfat (kolxoz, sovxoz) ilə yanaşı, fərdi təsərrüfatın da inkişafına çalışan İmam Mustafayev bu sahənin perspektivini görür, əhalinin şəxsi təsərrüfatında saxladığı heyvanlara, quşlara, bağ-bostana daha çox can yandırdığını təbii qəbul edir, həyətyanı təsərrüfatın inkişafına hər vasitə ilə rəvac verirdi. Lakin Xruşşovun bu məsələyə münasibəti tamam başqa idi, o, hesab edirdi ki, camaatın həyətində saxladığı inək, qoyun kolxozun heyvanları üçün ayrılan otu yeyib yaşayır, əgər onlar olmasa, kolxoz ferması daha firavan ola bilər. Yaxud atlar və eşşəklər "lazımsızdır", onlardan "istehsal vasitəsi kimi" istifadə etmək gerilikdir, traktor, kombayn kimi mexaniki vasitələr daha səmərəlidir, heyvanları əvəz edəcək mexaniki vasitələri gətirmək, onlardan istifadə etmək lazımdır...

Lakin Sovet İttifaqının bir çox kənd yerlərində, o cümlədən Azərbaycanda bu texnikalar çatışmadığından, eşşək və atlar yenə də əsas yük daşıyıcıları olaraq qalırdı. Ev heyvanlarına, o cümlədən at və eşşəklərə qoyulan yüksək vergilərə görə SSRİ-də hamı mal və qoyunları ya kəsmiş, ya da kolxoza bağışlamışdı, kolxoz tərəfindən qəbul edilməyən at və eşşəkləri isə çölə buraxmışdılar, nəticədə kənd təsərrüfatı iflic vəziyyətinə düşmüşdü, traktor gəlib çıxmamışdı, qoşqu heyvanlarını isə canavarlar yeyib qurtarmışdı.

İmam Mustafayev böyük risk tələb etsə də, ağıllı tərpənərək kəndlilərə bir qədər şərait yaratmışdı, ölkə üzrə tətbiq edilən sərt qanunlar respublikada xeyli yumşaq həyata keçirilirdi. Azərbaycanda qarğıdalı əvəzinə yeni buğda sortları əkilir, qoşqu heyvanlarından istifadə edərək kənd təsərrüfatı inkişaf edir, müharibədən sonra bütün SSRİ-də olan aclığın müqabilində respublika əhalisi pis-yaxşı dolanırdı. Zarafat deyildi, Xruşşovun kommunizm xülyaları ilə atdığı bu radikal, həm də avantürist addımların nəticəsində 1954-1958-ci illərdə SSRİ-nin bütün digər respublikalarında kolxoz-sovxozlarda mal-qaranın sayı xeyli artmış, şəxsi təsərrüfatlarda isə əksinə, sürətlə azalmışdı. Azərbaycan əhalisinin şəxsi təsərrüfatlarında isə mal-qaranın sayı üç dəfə artmışdı, kolxoz və sovxozlarda isə elə bir artım yox idi. Bu isə Moskvanı çox narahat edirdi. Belə vəziyyət Nikita Xruşşovu bərk əsəbiləşdirirdi, o, bu məsələni kommunizm quruculuğuna qarşı məqsədyönlü maneə, sabotaj, təxribat kimi qiymətləndirirdi.

 

(Ardı var)

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet .- 2025. - 4 sentyabr (№158).- S.10-11