Nofəl Tahirzadə - sovet dönəminin
istiqlal mücahidi
Azərbaycanın azadlıq və müstəqilliyi
uğrunda mücahidlərdən biri, cəmi 23 yaşında
ikən həlak olmuş Nofəl Tahirzadənin bu gün -
sentyabrın 5-də 70 illiyi tamamlanır. Görkəmli
dövlət xadimi və diplomat Ramiz Abutalıbov (1937-2022)
"İrs" jurnalında (2016, № 5, ss. 44-50) Nofəl Tahirzadəyə
(1955-1978) həsr etdiyi "Svoi talantı on mobilizoval vo imə
Rodinı" ("O, istedadını Vətənə həsr
etdi") adlı rusca məqaləsini dərc etdirib.
Yazının ana dilimizdəki variantını isə Nofəlin
böyük qardaşı professor Ədalət Tahirzadəyə
bağışlayıb. Həmin yazı ana dilimizdə indiyədək
dərc edilməyib.
R.Abutalıbovun sözügedən məqaləsini
oxuculara çatdıraraq həm unudulmaz Nofəl Tahirzadəni,
həm də müəllifi bir daha ehtiramla yad edir, onlara
Tanrıdan rəhmət diləyirik.
Azərbaycan xalqı bütün tarixi boyunca
azadlığını hər şeydən uca tutub, əsarətə,
işğalçılara qarşı daim üsyan edib. Biz bu
yazıda sovet hakimiyyətinin ən güclü vaxtında,
1970-ci illərdə müstəqil Azərbaycan dövləti
qurmaq yolunda mühüm işlər görmüş çox
gənc bir mücahiddən - sovet rejimi dönəmində
müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda
gizli mübarizə aparmış, həmin dövlətin
gerbini və bayrağını, müstəqil Azərbaycan
Ordusu qərargahının sxemini, həmin ordunun hərbi
Nizamnaməsini, əsgər və zabitlərinin
poqonlarının və geyim formalarının eskizlərini,
Azərbaycanın milli əlifbasını və eksperimental
dil hazırlamış, olduqca dəyərli bədii-tarixi-fəlsəfi
əsərlər, incəsənət nümunələri
yaratmış, 23 yaşında şəhid olmuş fövqəladə
istedadlı memar, rəssam, yazıçı, şair,
tarixçi, dilçi, hərbçi... Nofəl Tahirzadədən
(1955-1978) söhbət açacağıq.
Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr
1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun
Xırxatala kəndində dünyaya göz açıb və
ziyalı mühitində böyüyüb. Azərbaycan
Yazıçılar Birliyinin üzvü, 11 şeir
kitabının müəllifi olan atası Şərif müəllim
(1929) 42 il millət balalarına savad verib. Anası Ruqiyyə
xanım (1929-1992) yüksək təhsil almasa da,
övladlarının oxuması üçün əlindən
gələni edən geniş dünyagörüşlü və
hədsiz qayğıkeş qadındı.
Nofəl 7 yaşında məktəbə gedib. 1972-ci
ildə orta məktəbi əla qiymətlərlə bitirərək
ozamankı Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun memarlıq fakültəsinə girib. 1975-ci il
onun həyatında və dünyagörüşündə
ciddi dönüş ili olub. Həmin il institutda hərbi
hazırlıq fənni üzrə imtahandan kəsilib və təqaüd
almayıb, yarım il təsəvvüredilməz dərəcədə
maddi sıxıntı keçirib. Kəsir N.Tahirzadənin həyatında
yalnız maddi deyil, mənəvi-psixoloji baxımdan da dərin
izlər buraxıb. O, rusca və rus müəllimləri tərəfindən
keçilən bu fənni Azərbaycanda müstəmləkəçiliyin
əlamətlərindən biri kimi görür və bu halla
barışa bilmirdi. Elə o vaxtdan da onda Azərbaycanı
gerçəkdən müstəqil etmək, onun öz ordusunu
yaratmaq ideyası baş qaldırmışdı. Bu məqsədlə
o, təkcə SSRİ-nin deyil, dünyanın aparıcı
dövlətlərinin ordularını, onların silah növlərini,
döyüş taktikalarını diqqətlə öyrənməyə
başlamışdı. Nofəl hərbi işi peşəkar
səviyyədə öyrənməyə can atırdı. O,
hərbi xəritələr üzərində də ciddi
çalışır, xəritə üzərindəki
döyüş əməliyyatlarını yalnız oxumaqla
kifayətlənmir, özü də yüksək səviyyədə
xəritələr çəkirdi.
1977-ci ildə diplomunu alan kimi N.Tahirzadə təyinatla
Rusiyaya - Mordoviyanın mərkəzi Saransk şəhərinə
göndərildi və oradakı layihə institutunda işləməyə
başladı. Məzuniyyət götürüb evə gəlməyinə
az qalmış - 6 avqust 1978-də dəhşətli faciə
baş verdi. Nofəl Saranskda bir göldə çimərkən
müəmmalı şəkildə boğularaq həlak oldu!
Bu işi sovet DTK-sının törətdiyi istisna deyil. Onun cənazəsi
avqustun 11-də Qəbələyə gətirilərək ata
yurdunda torpağa tapşırıldı...
lll
Yaşıyla heç uyuşmayan heyrətamiz
geniş dünyagörüşünə və qısa
vaxtdakı çox məhsuldar yaradıcılığına
görə Nofəli yalnız böyük fransız
riyaziyyatçısı, 21 yaşında
öldürülmüş Evarist Qaluaya (1811-1832) bənzətmək
olar.
Rəssamlığa uşaqlıqdan həvəsi olub,
ancaq rəssam kimi ilk uğurlarını 1968-ci ildə çəkdiyi
rəngli portretlər saymaq olar. 1972-ci ildə peşəkar rəssamlığın
sirlərini öyrənməyə başlayıb. Tələbəlik
dönəmində yaratdığı "Tələbə
otağı" (1973), "Memar Əcəmi",
"Otçalan oğlan"
(1974), "Azadlıq!!!" (1975), "Gözəllik" (1976)... kimi rəsm əsərləri
gerçəkdən çox dəyərli incəsənət
nümunələridir. Onların içərisində
"Azadlıq!!!" rəsmi ideya və sənətkarlıq
baxımından xüsusi seçilir. Güney və Quzey Azərbaycanın
rəmzi olan iki qardaş analarının gözləri
önündə vahid çevrə içərisində birləşib.
Çevrədən qıraqdasa qardaşların birləşməsini
istəməyib diş qıcırdan düşmənlər,
eybəcər məxluqlar təsvir olunub. Bu mürəkkəb
kompozisiyalı və düşündürücü əsər
Nofəlin həyat ideallarından birinin bədii əksidir.
Nofəl dünya və Azərbaycan rəssamlarından
Van Qoqu, El Qrekonu, Salvatore Dalini, Şişkini, Ayvazovskini, Səttar
Bəhlulzadəni, Elturanı çox xoşlardı.
Memarlığa Nofəl 800 yerlik kinoteatr
binasını layihələndirməklə
başlamışdı. ABŞ memarlığına
üstünlük verən, xüsusən Mis van der Roenin,
Lö Korbüzyenin işlərini çox bəyənən
Nofəlin layihələrində məhz onların ruhu
duyulmaqdadır. Memarlıqda sovetlərə məxsus sərt qənaətcilliyi
ciddi nəzərə almalı olsa da, Nofəlin layihələrində
genişliyə, sərbəstliyə inadlı cəhd
özünü aydın göstərir. O, ümumdünya
memarlıq cərəyanlarından bəhrələnsə də,
milli ənənələrin qorunub saxlanmasını çox
vacib sayırdı. Bu baxımdan Sadıq Dadaşov və
Mikayıl Hüseynovun binalarını milli
memarlığımızın ən gözəl örnəkləri
kimi dəyərləndirirdi. Çox təəssüf ki, Azərbaycana
dönüb memarlığımız haqqındakı
düşüncələrini gerçəkləşdirmək
ona nəsib olmadı, ancaq Saransk şəhərində onun
layihəsi üzrə bir neçə memarlıq işi
istifadəyə verilib.
Nofəl iri heykəllər hazırlamayıb və
sözün gerçək anlamında heykəltaraş
olmayıb. Ancaq hələ tələbəlik illərində
adi mişar daşından ən ibtidai alətlərlə
düzəltdiyi büstlər sənətkarlıq
baxımından istənilən heykəltaraşı razı
sala bilər. Atası Şərif Tahirlinin və ana babası
Molla Çərkəz əfəndinin büstləri çox
uğurlu alınıb.
Yazıçı Nofəldən də yetərincə
danışa bilərik. Hələ orta məktəbdə
oxuyarkən yazdığı məzhəkəli səhnəciklərini
Xırxatala məktəbinin özfəaliyyət dərnəkləri
özünün iştirakıyla dəfələrlə
oynayıb. Onun bir çox bədii əsərlərinin səliqəylə
köçürdüyü əlyazmaları durur:
"İki dəcəl" (səhnəcik; 15.4.1970),
"Novruzəli" (Mirzə Çəlilin "Poçt
qutusu" hekayəsini səhnələşdirib; 27.9.1970),
"Köhnə dünya məhv olur"//"Bir nəslin
tarixi" (dram; 1970), "Mollanın əməlləri",
"Pristav" (dramlar), "Həsənəli
ağıllanır" (səhnəcik; 15-20.10.1970), "Nəbi
kişi və onun ailəsi" (komediya; 16-21.10.1970), "Adolf
fon Hitler" (14 şəkilli pyes; 2-5.12.1970), "İbrət
dərsi" (hekayə; 1971), "Adsız hekayə" (hekayə;
2.6.1971), "Ən gözəl hədiyyə" (hekayə;
29.12.1971) və başqaları.
Nofəlin ən dəyərli bədii əsəri,
bizcə, Babəkin həyat və
çarpışmalarından danışan "Babək"
tarixi povestidir (20-26.9.1975-1976). Povestin yazıldığı
dönəmdə rəsmi sovet ideologiyasının və bu
ideologiya üzərində qurulmuş sovet tarix konsepsiyası
Babəki islamın düşməni kimi təbliğ etsə
də, povest müəllifi Babəki islam əleyhdarı kimi
deyil, Azərbaycanın azadlıq mübarizəsinin öndəri,
Azərbaycanın müstəqilliyinin rəmzi kimi
götürüb.
O, peşəkar şair olmasa da, şeirə peşəkar
tələbkarlıqla yanaşırdı. Şeirlərində
Bəxtiyar Vahabzadənin güclü təsiri duyulur. Heca vəznində
də yaxşı yazmasına baxmayaraq, sərbəst vəznə
üstünlük verib. Saranskda rusca da bir neçə
şeir yazıb.
N.Tahirzadə sözün əsl mənasında alovlu
vətəndaşdır. Vətənin keçmişiylə
öyünməsi və Bütöv Azərbaycanı müstəqil
dövlət kimi görmək istəyi bu
çılğın gənci tarixçi, dilçi və hərbçi
də etmişdi.
29 mart 1976-cı ildə tərtib edib
qurtardığı "Azərbaycan Səfəvilər
imperiyası (XVI əsr)" xəritəsi həvəskar
işi sayıla bilsə də, elmi cəhətdən
yanaşdıqda çox dəyərlidir. O vaxt nəinki buna bənzər
xəritə mövcud idi, hətta Səfəvilər dövlətinə
aid monumental əsərlər də (məsələn, Oqtay
Əfəndiyevin və b.) nəşr olunmamışdı, bu
üzdən Nofəlin xəritəsinin dəyəri daha da
artır.
1976-cı ildə çəkdiyi ikinci xəritədə
Bütöv Azərbaycan təsvir olunub. O vaxtlar belə xəritəni
çəkmək siyasi baxımdan "arzuolunmaz"
sayılır və müəlliflər təqib edilirdi. Ancaq
Nofəl heç nədən və heç kimdən çəkinən
deyildi; yeganə nigaranlığı xəritənin tarixi
gerçəkliyə uyğun olub-olmamasındandı. Buna
görə də həm Azərbaycanın, həm də
İran və Türkiyənin Azərbaycan parçalanana qədərki
tarixinə dair saysız-hesabsız kitablar oxumuşdu.
N.Tahirzadə Azərbaycan tarixi ilə bağlı bir
sıra olduqca cəsarətli məqalələr yazıb. Onun
"Müstəqillik - bu, yalandır!" (1975) məqaləsində
həm sovet Azərbaycanının müstəqilliyi
haqqında rəsmi təbliğatın cəfəngiyyat
olduğu bildirilir, həm Azərbaycanın birləşdirilməsi
məsələsi qoyulur, həm də qəti bir yekun vurulur:
"Azadlıq insana verilmir, onu zorla qazanırlar. Biz öz
azadlığımızı, müstəqilliyimizi
özümüz qazanacağıq!" "Ağzından qan
iyi gələn" müəllif, özü də, bu
sözləri düz 40 il qabaq - Azərbaycanın öz
müstəqilliyini ikinci dəfə qazanmasından 16 il
öncə yazıb! "Azadlığımızı,
müstəqilliyimizi... qazanacağıq!" deyəndə,
sözsüz ki, Sovetlər Birliyinin
dağı(dı)lacağı, "özümüz
qazanacağıq!" deyəndə isə onu
özümüzün dağıdaraq azad olacağımız
nəzərdə tutulurdu. 8 sentyabr 1975-ci ildə - 20
yaşı üçcə gün öncə tamam olmuş və
üçüncü kursa yenicə başlayacaq tələbə
bu sözləri yazarkən, görəsən, nəyə
güvənirdi, nəyə arxayındı? Bu sorğunun
yalnız bir cavabı ola bilər - özünün gələcək
siyasi fəaliyyətinə! Sovet rejimində bu cür siyasi fəaliyyət
göstərənləri isə hökmən üç taledən
biri gözləyirdi: dəlixana, həbsxana və ölüm.
Nofəl Tahirzadənin taleyinə sonuncusu yazıldı...
"28 tayfa və Azərbaycan" tarixi
oçerki (1975) bir qədər
öncə haqqında söz açılan məqalədən
iki ay sonra qələmə alınıb və sovet rəsmi
ideologiyasının meyarlarına əsasən o, "millətçi",
"beynəlmiləlçiliyə qarşı",
"xalqlar dostluğuna düşmən münasibət bəsləyən",
"sovet xalqlarının qardaşlıq birliyinə
böhtan atan", "elmilikdən uzaq" bir dissident
yazısıdır. Məqalə bu cümlələrlə
bitir: "Azərbaycan öz dilini, mədəniyyətini
qoruyur. Azərbaycan yaşayır! O, diz çökməyəcək!
Artıq Azərbaycanın yeni nəsli öz dostunu və düşmənini
tanıyır. Artıq onu köhnəlib çeynənmiş
sərsəm ideyalarla tovlamaq, diqqətini yayındırmaq
mümkün deyildir. Azərbaycanın bu gənc nəsli
öz parçalanmış vətənini birləşdirəcək
və yeni, müstəqil Azərbaycan yaradacaq! Azadlıq
verilmir, onu qazanırlar!"
Nofəl Tahirzadə milli Azərbaycan əlifbası
layihəsi yaratmışdı. Üzərində uzun müddət
işləyərək təkmilləşdirdiyi əlifbanın
çap və yazı şriftlərinin son variantını 9
sentyabr 1977-də hazırlamışdı. 33 hərflik bu əlifbanı
yaratmaq iki zərurətdən doğmuşdu - Nofəl bizim də
öz əlifbamızın olmasını istəyirdi, həm
də xüsusən Azərbaycanın gələcəyiylə
bağlı şəxsi yazılarının gizli qalmasına
çalışırdı.
Nofəl gələcək müstəqil Azərbaycan
dövlətinin gerbinin və bayrağının eskizlərini
hazırlayıb! Bir ümumi dəftərdə "Müstəqilik
- bu yalandır" məqaləsinin əlyazmasından
sonrakı vərəqdə bu nadir eskizləri və onlarla
bağlı 16 sentyabr 1975-ci il tarixli qeydləri
görürük.
O, Azərbaycanın gerbini 3 hissədən ibarət təsvir
edib və bunları yazıb: "1) Yuxarı hissə -
"A" hərfi, iki tərəfində od. 2) Orta hissə -
kitab - yarı açılmış (bilmirəm kitaba bir
şey yazmaq yaxşıdır, ya yox). 3) Aşağı hissə
- yarımgünəş (yuxarı hissənin əksi
formasında) və qırağı haşiyə (xətlə)".
O, müstəqi Azərbaycan dövlətinin
bayrağının da eskizini çəkib. "Bu isə
bayrağın eskizidir" qeydinin üstündə
bayrağın təsviri ilə tanış oluruq. Doğrudur,
eskiz tamamlanmayıb, ancaq ideya aydındır. Ortada dairə
içərisində "A" hərfi ("Azərbaycan"
sözünün ilk hərfi) yazılıb, dairə günəş
şüaları ilə əhatələnib. Yuxarı sol küncdə
isə Azərbaycanın gerbi verilib.
Doğrudur, bədii baxımdan hər iki eskiz hələ
zəifdir, yarımçıqdır, ancaq ən qiymətli
olan şey N.Tahirzadənin onları 40 il bundan öncə -
1975-ci ilin sentyabrında yaratmasıdır! Maraqlıdır ki,
o, Azərbaycanın sovet gerbinin və sovet
bayrağının rəmzi eskizilərini də çəkərək
üstündən pozmaqla onları rədd etdiyini bildirib.
O, gözəl bilirdi ki, güclü vətəndaş
olmadan, güclü ordu olmadan müstəqilliyi saxlamaq
mümkünsüzdür, ona görə özü də hərbi
işi dərindən öyrənirdi. ABŞ və Avropa,
Türkiyə, İran və başqa ölkələrin
ordularıyla maraqlanan N.Tahirzadə onların quruluşunu,
qoşun növlərini, döyüş taktikasını mənimsəyirdi.
Müstəqil Azərbaycanın milli ordusunun təşkili
üzərində ciddi düşünən Nofəl onu necə
qurmaq haqqında çox fikirləşib. Əlimizdə onun hələ
1975-ci ildə (20 yaşında!) çəkdiyi "Azərbaycan
Ordusu Qərargahının sxemi" var. Çox təəssüf
ki, şifrlə yazdığına görə həmin sxemi
açıqlamaq çox çətindir.
Azərbaycan milli əsgər və zabitinin geyim
formasını və poqonunu hazırlamaq üzərində də
Nofəl çox düşünüb, çoxlu eskizlər
işləyib. Son eskizlərində o, zabit rütbələrini
bildirən beşguşəli ulduzdan yerli-dibli imtina edib (sovet
ordusunun nişanəsi kimi), onun yerinə üçbucaq ulduz
işlədib. Bu sxemlərdən, eskizlərdən vur-tut 13 il
sonra Azərbaycanın öz zabiti oldu və onun çiynini səkkizguşəli
ulduz bəzədi...
Özünün Azərbaycan ordusu haqqında fikirlərini
o həm öz əlifbasıyla, həm də eksperimental diliylə
gizli saxlamağa çalışırdı, çünki
qazdan ayıq DTK-nın diqqətini vaxtından qabaq özünə
cəlb etmək istəmirdi.
1976-cı ildə tərtib etdiyi "Tələbə-inşaat
dəstəsinin Nizamnaməsi" bir çox aldadıcı
mülki terminlərlə və emblemlərlə doldurulsa da,
onun əslində inşaat dəstəsinin deyil, hərbi hissənin
yeni quruluşundan və yeni hərbi nizamnamədən
başqa bir şey olmadığı aydınlaşır.
...Azərbaycan 1991-ci ilin oktyabrında ikinci dəfə
özünün müstəqilliyini qazandı. O, artıq
BMT-nin tamhüquqlu üzvü olan bağımsız dünya
dövlətlərindən biridir. Öz ordusu, öz
valyutası, öz sərhədləri, öz müstəqil
xarici siyasəti... var. Nofəl bütün bunları həmin
tarixdən 15-16 il qabaq aydın görür və məhz bu
ideal uğrunda hay-küysüz, qışqırıqsız,
heç kəsin diqqətini cəlb etmədən, ancaq bir an
da dincəlmədən və həyatını təhlükəyə
ataraq inadla çarpışırdı.
Bəli, Nofəl Tahirzadə uzaqgörəndi -
müstəqil Azərbaycan dövlətinin varlığı
buna sübutdur! Ancaq Bütöv Azərbaycansa onun uzaqgörənliyini
bir daha təsdiqləməklə yanaşı, onun qısa həyatında
ən böyük arzusunun gerçəkləşməsi demək
olacaq. İnşallah!
11.07.2016
Ramiz ABUTALIBOV
525-ci qəzet .- 2025.- 5 sentyabr (№159).- S.14-15.