Unutmayaq ki, unudarlar
Akademik İmam
Mustafayevin xatirəsinə
(Əvvəli ötən sayımızda)
Sonralar İmam Mustafayev həmin günləri yada
salaraq xatirələrində yazırdı:
"Respublikamızın rəhbəri vəzifəsində
işləyərkən, o zamankı Sovetlər ölkəsinin
başçısı Nikita Xruşşov ərzaq
qıtlığı ilə əlaqədar respublikaların rəhbərlərini
Moskvaya çağırmışdı. İclasda tamam
başqa məsələlər müzakirə edilərkən
birdən-birə məni millətçi kimi səciyyələndirdi.
Söz alıb sərt etirazımı bildirdim və dedim ki,
Sizi düzgün başa salmayıblar, səhv deyirsiniz.
Stalinin havası ilə yaşayan və kiçik bir
respublikanın rəhbərinin ölkə
başçısına belə cəsarətli
cavabını gözləməyən Xruşşov təcili
Siyasi Büronun iclasını çağırdı və mənə
müraciətlə "Əgər sən millətçi
deyilsənsə, necə olur ki, SSRİ aclıq çəkdiyi
vaxtda Azərbaycan xalqı yaxşı dolanır?" dedi.
Cavab verdim ki, "lap ən çətin şəraitdə də
Azərbaycan xalqı ac qalmayacaq. Ona görə ki,
dünyanın 11 iqlim qurşağının 9-u bu bərəkətli
torpaqlardan keçir, biz taxılın ən məhsuldar
növlərini əldə etmişik, insanlarımız da
çalışqan, zəhmətkeşdir". Sonra
Xruşşov məni yenidən qıcıqlandırdı:
- Onu da etiraf et ki, sizin xalq parlaq kommunizm
ideallarını qəbul etmir, traktor, kombaynı başa
düşmür, at ilə, eşşək ilə işləyir,
onlarla yer şumlayır, yol gedir, buna nə deyirsən?
Bu sözlər məni bərk əsəbiləşdirdi,
o, uğursuz "at-eşşək" islahatlarından sonra
bütün SSRİ-də "eşşək" ləqəbi
qazandığı halda, xalqım haqqında dediyi həqarətli
sözlərə dözmədim və çox kobud cavab
verdim:
- Lakin onu deyim ki, bizdə olan eşşək
arabalarını, at faytonlarını sürən
ruslardır.
Xruşşov belə cavab gözləmirdi, məsələnin
milli məcraya yönəldiyini görüb Siyasi Büroya
müraciət etdi:
- Görürsünüz ki, bu adam millətçidir,
Sovet beynəlmiləlçiliyini qəbul etmir, böyük
rus xalqını təhqir edir?! Görün mən kiminlə
işləyirəm?!
Cavab verməli idim:
- Əgər Siz bu gündən mənimlə işləmək
istəmirsinizsə, mən lap dünəndən sizinlə
işləmək istəmirəm.
Bunu deyəndən sonra zaldan çıxdım".
Bu cəsarətli sözlərdən sonra (o zamanlar
dövlətin başçısı çox yüksək səlahiyyətlərə
malik idi və onun bir sözünü heç kəs iki edə
bilməzdi) onu nələr gözlədiyini aydın təsəvvür
etsə də, İmam Mustafayev sözünü demiş,
heç nədən çəkinməmişdi. Bu da onun əsl
Azərbaycan kişisinə, türk oğluna xas böyük
ürəyinin və mənəviyyatının göstəricisi
idi.
Bundan sonra komissiya komissiya dalınca Azərbaycana
göndərildi, milli məsələ ilə bağlı qərarların
"etimologiyasını" araşdırmaqdan Samur-Abşeron,
Yuxarı Şirvan kanalları kimi böyük tikintilərin
santimetrlə ölçülməsinə kimi hər şey
qərəzçiliklə yoxlanılmağa başladı.
Əlləri də vicdanı kimi təmiz olan İmam
Mustafayevin əməllərində heç bir qüsur
tapmayanda 37-ci ilin mexanizmi işə salındı. Ətrafında
olan, onunla birlikdə işləyən həmkarlarından
dosyelər alınmağa, onu gah "iş bacarmayan", gah
"kobud", gah rəhbər işçi üçün
yolverilməz olan "üzüyumşaq", gah həddən
artıq "demokrat", gah da "qəddar" kimi
damğalamağa çalışdılar. Vərəqlədiyim
arxiv materialları arasında bir neçə
"maraqlı", həm də ürək ağrıdan məlumatlara
rast gəldim. Belə ki, indiyədək onun kabinetinə əyilə-əyilə
girən, bütün sözlərinin qarşısında
"baş üstdə"dən başqa bir söz deməyənlər
vəziyyətin dəyişdiyini görüb Moskvanın
havası ilə oynamağa başlamışdılar. 1959-cu
il iyunun 30-da, iyulun 1-də və iyulun 6-da üç dəfə
iclas keçirilmiş, İmam Mustafayevin beş illik fəaliyyəti
təftiş edilmişdir. Qaydalara görə, iclaslara
özü sədrlik etmiş, Moskvadan gələn emissarlar da
daxil olmaqla heç kəsin qarşısında bir addım da
geri çəkilməmiş, vəziyyətin mürəkkəbliyini
bildiyi halda son dəqiqəyədək kişi kimi mübarizə
aparmışdır.
Hətta iş o yerə gəlib
çatmışdı ki, onun təhriki ilə iyunun 30-da
keçirilən iclasın qərarı ləğv
edilmiş, qərara alınmışdı ki, Sov. İKP
Katibliyi Azərbaycanda işlərin vəziyyəti məsələsinə
baxsın və təkliflərini MK-nın Rəyasət Heyətinə
versin. İmam Mustafayev bu müzakirələrdə deyilən
iradlara qətiyyətlə cavab verir və bu səbəbdən
də Katibliyin iclası çox gərgin keçir. Moskvada
keçirilən həm Rəyasət Heyətinin, həm də
Katibliyin iclaslarında bütün respublikaların birinci və
ikinci katibləri, Nazirlər Sovetinin sədrləri iştirak
edirdilər. Baxmayaraq ki, iştirak edənlər
"ağır" siyasi fiqurlar idi, çıxış edənlər
Azərbaycanda işlərin yarıtmaz olduğunu, ideoloji
işin başlı-başına
buraxıldığını, millətçiliyin baş
alıb getdiyini bildirirdilər, məsələnin necə bitəcəyi
də məlum idi, ancaq İmam Mustafayev asanlıqla təslim
olmamış, təkcə yoxlama
komissiyası üzvlərinin deyil, Sov. İKP MK Rəyasət
Heyətinin üzvləri və
üzvlüyə namizədləri tərəfindən ona
qarşı irəli sürülən bütün
iddiaları cavablandırmış və məsələlərə qiymət
verilməsində onların obyektiv olmadığını əsaslandırmağa
çalışmışdı.
Azərbaycan KP MK-nın iclasda iştirak edən
büro üzvləri - İlyas Abdullayev, Abdulla Bayramov, ikinci
katib Dmitriy Yakovlev və başqaları isə özlərini
qorumağın hayında idilər. Hətta onlardan biri
çıxışında Xruşşova xoş gəlmək
üçün Azərbaycan rəhbərinin respublika partiya təşkilatına
"şəxsi mülkü" kimi baxdığını,
Sov. İKP MK-nın onun "əyalət
knyazlığına" müdaxilə etməsindən
narazı olduğunu demişdi. Nəhayət, İmam Mustafayev
Moskvanın təzyiqi ilə, millətçilikdə ittiham
olunaraq, 1959-cu il iyulun 6-da Azərbaycan KP MK-nın plenumunda
birinci katib vəzifəsindən azad edilmişdir.
İmam Mustafayevi Azərbaycanın siyasi xadimlərindən,
o cümlədən digər rəhbər işçilərdən
fərqləndirən bir xüsusiyyəti də qeyd etmək
istəyirəm, bu da onun vəzifədən
uzaqlaşdırılqdan sonra 40 ilə yaxın
yaşaması, həm də məhsuldar fəaliyyət
göstərməsidir. O, bu cəhətinə görə hətta
dünya liderlərindən də fərqlənir, adətən,
insanlar yetkin yaşlarında vəzifəyə gəlirlər
və vəzifədən çıxanda 70-80 yaşları
olur. İmam Mustafayev isə yüksək təşkilatçılıq
bacarığı, nümunəvi bioqrafiyası, qətiyyəti
və nüfuzu ilə respublikanın rəhbər heyətində
fərqləndiyinə görə artıq 44 yaşında
dövlət başçısı idi. Dünya tarixində
çox nadir siyasi xadim tapmaq olar ki, rəhbər vəzifədən
sonra 38 il yaşamış olsun, həm də bu müddəti
sadəcə bağında oturub nəvələri ilə
keçirməsin, aktiv həyat sürsün. O, ölkənin
birinci şəxsi vəzifəsindən kənarlaşdırıldıqdan
sonra, 1959-cu ildən 1970-ci ilədək AMEA-nın Genetika və Seleksiya İnstitutunda şöbə
müdiri, 1970-74-cü illərdə isə həmin institutun
direktoru işləmişdir.
Fikrimcə, onun vəzifədən ayrıldıqdan
sonra uzun illər yaşamasının əsas səbəblərindən
biri vəzifədən "beş əlli" tutmaması,
şöhrətin, hakimiyyətin fövqündə
dayanmağı bacarmasıdır. Doğrudur, bu yazıda da
qeyd edildiyi kimi, İmam Mustafayev taleyi həll edildiyi son
iclaslarda da axıra kimi mübarizə aparmış, heç
kəsin qarşısında ağ bayraq qaldırmamış,
sözünü deməyi bacarmışdır. Ancaq bu
mübarizə vəzifəyə görə yox, ləyaqətə,
mənliyə görə olmuşdur. Ədalətlə,
vicdanla işləyən, bütün varlığı ilə
xalq üçün, vətən üçün
çalışan bu kişi böhtanları, qarayaxmaları
qəbul etmədiyinə, həm də aydan arı, sudan duru
olmasına əmin olduğuna görə təslim
olmamışdır. Vəzifə ilə isə həmişə
"dünəndən vidalaşmağa" hazır
olmuş, Birinci katib olduğu dövrdə belə
Akademiyadakı işindən ayrılmamış, tədqiqatlarını
davam etdirmişdir. Rəhbər vəzifədən
çıxan günün sabahı elmi-tədqiqat institutunda
araşdırmalar aparmağa başlamışdır...
Qarabağ münaqişəsi başlayan ilk gündən
xalqın taleyində ziyalı, ağsaqqal sözünün
rolunu və məsuliyyətini dərindən anlayan, respublikamızı
hansı sınaqlar və bəlalar gözlədiyini həssaslıqla
duyan akademik İmam Mustafayev bütün
bilik-bacarığını, nüfuzunu səfərbər
etmiş, müxtəlif məclislərdə və həlledici
məqamlarda aydın və kəskin sözünü
demiş, qəti mövqeyini bildirmişdi. Respublika rəhbərliyinin
gözləmə mövqeyi tutmasından, xalqın iradəsinə
zidd addımlar atmasından narazı qalan İmam Mustafayev Sovet
rəhbərliyinin törətdiyi 20 Yanvar hadisəsinin və
bunun ardınca baş verən faciələrin başlıca səbəblərini
respublika rəhbərlərinin qorxaqlığında, kölə
xislətində görürdü və həm onlara, həm də
Moskvanın riyakar emissarlarına kəskin etirazını
bildirirdi. O, belə bir mürəkkəb şəraitdə,
xalqın sağlam düşüncəli xadimlərindən
biri olaraq, Heydər Əliyev kimi zəkalı və qüdrətli
bir rəhbərə ehtiyac duyulduğunu qəti yəqin
etmişdi.
1993-cü ilin yayında Gəncədə vətəndaş
qarşıdurması yarananda, təcrübəsiz və
iddialı AXC-Müsavat hakimiyyəti bais olduğu siyasi
böhranın girovuna çevriləndə, xalq ayağa
qalxıb Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışını tələb edəndə İmam
Mustafayev ön sıralarda idi. İmam Mustafayevin rəhbərliyi
ilə ziyalılardan və deputatlardan ibarət mötəbər
heyət Gəncəyə göndərildi, xalq onlardan obyektiv
məlumat gözləyəndə bu komissiyanın
ağsaqqalının müdrikliyi, qətiyyəti bir daha
özünü göstərdi. Akademik, el ağsaqqalı
İmam Mustafayev ölkə parlamenti vasitəsilə xalqa
verdiyi məlumatda mövcud iqtidarın cinayətkar hərəkətlərini
cəsarətlə açıb göstərdi və belə
adamların çətin bir vaxtda respublikaya rəhbərlik
etməyə mənəvi haqları olmadığını bəyan
etdi.
Akademik Fəraməz Maqsudov danışırdı ki,
1993-cü ilin iyunun 5-də Ulu öndər hələ
Naxçıvanda Ali Sovetin sədri olarkən Gəncə
hadisələri haqqında eşidib çox məyus
olmuşdu və narahatlıqla Bakıya, YAP-ın Mərkəzi
qərargahına zəng etmişdi ki, qiyamın
qarşısı alınmasa, bu müstəqillik, bu dövlət,
bu millət yox olmaq təhlükəsi ilə üzbəüz
qalacaq. Tapşırıq vermişdi ki, İmam Mustafayevi
tapın, o başda olmaqla respublikanın məşhur,
şöhrətli ağsaqqallarını toplayın, gedin
prezident Əbülfəz Elçibəyin yanına, vəziyyətin
mürəkkəbliyini başa salın. Deyin ki, Gəncə
qiyamının qarşısını almaq üçün
ondan istifadə etsin, əminəm ki, Mustafayev ora getsə, bu məsələ
müsbət həll olunar.
Bir dəstə ziyalı İmam Mustafayevlə birgə
getdik prezident Əbülfəz Elçibəyin yanına, gəlişimizin
məqsədini dedik. Təklif etdik ki, gəlin Surət
Hüseynovla telefonla danışaq. Dedi ki, o ipə-sapa
yatmır, heç kəsə, heç mənə də qulaq
asmır, telefonla danışmaqdan ağlım bir şey kəsmir,
telefonu götürməyəcək. Hökumət telefonu ilə
Gəncəni qoşub Surətə İmam Mustafayevin
danışmaq istədiyini dedilər. Dəlisov,
çılğın Surət Hüseynov bu adı eşidən
kimi yumşaldı, İmam Mustafayevlə böyük hörmətlə
danışdı və ona dedi ki, əgər Gəncəyə
Siz gəlirsinizsə, gözüm üstə yeriniz var.
Beləliklə, Əbülfəz Elçibəy xüsusi
sərəncam imzaladı, İmam Mustafayevin sədrliyi ilə
komissiya yaradıldı və komissiya Gəncəyə yola
düşdü.
Sonralar, 1993-cü il iyunun 24-də Azərbaycan
parlamentində Gəncə hadisələri müzakirə edilərkən
İmam Mustafayev çıxış edərkən
demişdi:
- Mən xəstə idim, yanıma gələn
ziyalıların və ağsaqqalların xahişini yerinə
yetirmək imkanım yox idi, hətta səsim də batmışdı,
ancaq vəziyyətin mürəkkəb olduğunu
görüb birtəhər ayağa qalxdım və onlarla
birlikdə Elçibəyin yanına getdim... Surət
Hüseynova zəng etmək məsələsinə
Əbülfəz bəy qəti etiraz etdi, onunla
danışmaq mümkün deyil, dedi. Bir saata yaxın söhbətdən
sonra axır ki, Gəncəyə zəng etdik, Surət
Elçibəylə danışmaq istəmədi, ona nə
isə kobud sözlər dedi. Mən telefonu alıb
özümü təqdim etdim, Surət çox ehtiramla
danışdı, məni Gəncəyə dəvət
etdi... Mən bir neçə nəfərlə Gəncəyə
yola düşdüm, orada baş verən qardaş
qırğınını gözlərimlə gördüm,
buna görə ölkə başçısını,
Parlament sədrini və Baş naziri sərt tənqid etdim...
Yeri gəlmişkən qeyd edim ki, iyunun 24-də
keçirilən həmin iclas televiziya vasitəsi ilə
canlı yayımlandığı üçün həmin
çıxışa maraqla baxdığım bu günə
kimi yaxşı yadımdadır. Ancaq bu yaxınlarda sosial
şəbəkələrdə həmin iclasın gedişinə
bir neçə dəfə diqqətlə baxmaq imkanım olub
və müşahidə etdim ki, o zaman parlamentin sədri olan
Heydər Əliyev çox böyük ehtiramla İmam
Mustafayevi tribunaya dəvət etmiş, onu "respublikamızın
ağsaqqalı" adlandırmışdı. İmam
Mustafayev də, özünün dediyi kimi, xəstə
olmasına, Gəncədən yorğun qayıtmasına və
83 yaşlı ahıl bir insan olmasına baxmayaraq, bir saata
yaxın heç bir kağıza baxmadan məntiqlə,
ardıcıllıqla, böyük təmkinlə və ali
natiqlik bacarığı ilə çox yüksək səviyyəli
bir çıxış etmiş, yol verilən səhvləri
dəqiqliklə göstərmiş, mövcud iqtidarı cəsarətlə
tənqid etmiş, çıxış yolları barədə
konkret və müdrik təkliflər vermişdir. Həmin
çıxışa baxarkən bu insanın nə qədər
yetkin, yüksək intellektli, analitik düşüncəli
bir şəxsiyyət olduğuna heyran qalmamaq olmur
Belə xatirələr bir daha təsdiq edir ki, İmam
Mustafayev sözübütövlüyünə, qətiyyətinə,
zəkasına, müdrikliyinə görə hər zaman cəmiyyətdə
böyük nüfuz sahibi olmuşdur. Məlum olduğu kimi, həmin
komissiyanın Gəncəyə səfərindən sonra
İmam Mustafayev Ali Sovetin (Milli Məclisin) iclasında bir vətəndaş
çıxışı etdi:
- Şəhərin içərisində bu cür hərbi
əməliyyat aparmaq göstərişini kim vermişdir? Kim
ixtiyar vermişdir ki, belə bir hərəkətə əl
atılsın, bu nə deməkdir? Bu, ancaq və ancaq ermənilərə
kömək etmək üçün edilən bir hərəkətdir.
Buna başqa ad vermək olmaz. Bu addımı atanlar istəmişlər
ki, respublikanın daxilində çaxnaşma salsınlar. Buna
yol vermək olmaz. Bütün xalqımız
çalışmalıdır ki, Azərbaycan torpaqları
düşməndən tamamilə təmizlənsin. Axı, bu
nə deməkdir? Bu gün Gəncədə, sabah Lənkəranda,
o biri gün Qubada belə iğtişaşlar baş verərsə,
demək, bunu edənlər ölkəmizi dağıtmaq,
parçalamaq, birliyimizi əlimizdən almaq istəyirlər.
Yeri gəlmişkən, Ümummilli liderin İmam
Mustafayevə hər zaman hörmətlə
yanaşdığını, bununla da onun xalqa xidmətlərinə
yüksək dəyər verdiyini xüsusi vurğulamaq istəyirəm.
Hələ hakimiyyətə yenicə gəldiyi 1970-ci ildə
Ulu öndərin təşəbbüsü
ilə İmam Mustafayevin 60 illik yubileyi təntənə ilə
qeyd edilmiş, akademik çalışdığı instituta
direktor təyin olunmuşdur. Ulu öndər Heydər
Əliyevlə akademik İmam Mustafayev arasında hörmət,
isti münasibətlər həmişə yüksək səviyyədə
olmuşdur. Heydər Əliyev çətin şəraitdə,
Moskvanın göz açmağa imkan vermədiyi illərdə
belə xalqı üçün böyük işlər
görən İmam Mustafayevin fəaliyyətində öz dəsti-xəttini
görürdü, İmam müəllim isə vaxtilə
respublika rəhbəri olarkən həyata keçirə bilmədiyi
bir sıra məsələləri Heydər Əliyevin daha tədbirlə
reallaşdırdığını görüb buna sevinirdi.
Ulu öndər xalqın tələbi ilə ikinci dəfə
siyasi hakimiyyətə qayıtdıqdan sonra da İmam
Mustafayevə ehtiramını qoruyub saxlamışdır.
1993-cü ildə onu Respublika Ağsaqqallar Şurasının
sədri vəzifəsinə təqdim etmiş, 1995-ci ildə
onun 85 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi
ilə bağlı sərəncam imzalamış, onu
"Şöhrət" ordeni ilə təltif etmişdir. Həmçinin,
yubileyin keçirildiyi tədbirə təbrik
ünvanlamış, akademiki "fəaliyyətini Vətəninə,
xalqına xidmətə həsr etmiş böyük vətəndaş"
adlandırmışdır. Həmin təbrik məktubunda
yazılırdı: "Azərbaycan xalqı Sizi həyatını
kənd təsərrüfatının müxtəlif sahələrinin
inkişaf etdirilməsinə sərf etmiş görkəmli
alim, tanınmış ictimai xadim, fəaliyyətini Vətəninə,
xalqına xidmətə həsr etmiş böyük vətəndaş
kimi tanıyır. Siz 65 illik yorulmaz, məhsuldar fəaliyyətiniz
sayəsində geniş xalq kütlələrinin məhəbbət
və ehtiramını qazanmışsınız". 1997-ci
ildə vəfat edən İmam Mustafayevin Birinci Fəxri
xiyabanda böyük ehtiramla dəfn edilməsi, irsinin öyrənilməsi,
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda iş
otağının, kitablarının və bütün şəxsi
əşyalarının qorunub saxlanılması da bilavasitə
Ulu öndərin adı ilə, Heydər Əliyevin bu
böyük şəxsiyyətə rəğbəti ilə
bağlıdır.
Yeri gəlmişkən qeyd edim ki, 2010-cu il fevralın
22-də Möhtərəm Prezidentimiz İlham Əliyev
İmam Mustafayevin anadan olmasının 100 illiyinin dövlət
səviyyəsində keçirilməsi haqqında sərəncam
imzalayıb. Yubileylə əlaqədar onun həyat və fəaliyyətinə
həsr edilmiş "Akademik İmam Mustafayev" adlı
qısametrajlı sənədli film çəkilib, Qaxın mərkəzi
küçələrindən birinə akademikin adı
verilmişdr.
Həm insan, həm ictimai xadim, həm də alim kimi
bütöv şəxsiyyət olan İmam Mustafayevin elmi tədqiqatları
yerli buğda, arpa, çovdar və digər dənli bitkilərin
toplanması və öyrənilməsinə, yeni məhsuldar
sortların yaradılmasına, Azərbaycanın müxtəlif
torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin
əmələgəlmə prosesinin tədqiqinə həsr
edilmişdir. Onun rəhbərlik etdiyi ekspedisiyalar müxtəlif illərdə Qafqaz ərazisində
2000-dən çox arpa, çovdar, vələmir və 10 mindən
çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamış, mədəni və
yabanı taxıl bitkilərinin qiymətli aborigen
kolleksiyalarını formalaşdırmışdır. Bunlar təxminən dünyadakı
bütün yabanı və mədəni dənli bitki növlərini
və formalarını təmsil edir.
Akademik ilk dəfə egilopsların çovdarla
çarpazlaşdırılması nəticəsində cinslərarası
fertil hibridlər
yetişdirmişdir. Onun rəhbərliyi altında buğda və
arpanın seleksiyasının genetik əsaslarının
işlənib hazırlanması kəmiyyət əlamətləri
genetikası haqqında biliklər əsasında seleksiya
proqramlarının geniş miqyasda həyata keçirilməsi
üçün bünövrə yaratmağa imkan
vermişdir. Alimin bilavasitə rəhbərliyi ilə
"Sevinc", "Cəfəri", "Zoğal
buğda", "Kəhrəba", "Arzu", "Bol
buğda", "Zərdabi", "Orekum 75/50" "Gurgənə-1",
"Turanikum-186", "Qızıl buğda",
"Turgidum-7" və digər buğda sortları, arpa,
çaytikanı və pambıq sortları
yetişdirilmişdir
İmam Mustafayev bir neçə elmi monoqrafiyaların,
bitkiçilik, seleksiya və genetikaya dair 330-dan çox məqalənin
müəllifidir. Nəzəri
və tətbiqi tədqiqatlarının nəticələri
respublikamızda və xaricdə nəşr olunmuşdur.
ABŞ, Türkiyə, Rusiya, Ukrayna, İran, Bolqarıstan və
digər ölkələrdə keçirilən forumlarda Azərbaycan
elminin uğurları barədə məruzələrlə
çıxış etmişdir. Bütün həyatı
respublikamızda biologiya, xüsusən də genetika-seleksiya
elminin inkişafı ilə sıx bağlı olan alimin rəhbərliyi
ilə 4 doktorluq, 75 namizədlik
dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanda elmi-tədqiqat
Əkinçilik, Genetika və seleksiya, Tərəvəzçilik
institutlarının yaradılmasında onun böyük xidmətləri
vardır.
İmam Mustafayev SSRİ Ali Sovetinin (3-5-ci
çağırış), Azərbaycan SSR Ali Sovetinin (4-5-ci
çağırış) deputatı, Azərbaycan Elmlər
Akademiyası Rəyasət heyətinin, ilk Azərbaycan
Ensiklopediyasının (ASE) Baş redaksiya heyətinin, Avropa
Seleksiyaçıları Elmi
Assosiasiyasının üzvü, keçmiş
SSRİ-də üç ittifaq elmi probleminin rəhbəri və
əlaqələndiricisi, Taxılları Beynəlxalq
Yaxşılaşdırma Mərkəzi proqramının qrup
rəhbəri, Azərbaycanda bir sıra elmi şuraların sədri,
1963-cü ildən SSRİ Elmlər Akademiyasının
Əlaqələndirmə Şurasının üzvü,
genetika və seleksiya problemlərinə dair Elmi Şuranın
sədri olmuş, 1973-cü ildə Amerikanın Berkli şəhərində
Genetiklərin XIII Beynəlxalq konqresində iştirak
etmişdir.
O, "Xalqlar dostluğu", "Qırmızı
Əmək Bayrağı", "Şərəf
nişanı" ordenləri, müstəqil Azərbaycan
Respublikasının "Şöhrət" ordeni, müxtəlif
medallarla təltif edilmiş, N.Vavilov adına qızıl
medala, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin 3 böyük qızıl medalına, Əməkdar
elm xadimi fəxri adına layiq görülmüşdür.
Böyük vətəndaş, xalqına və
ölkəsinə səmimiyyətlə bağlı olan
görkəmli siyasi xadim, həyatının mənasını
millətinə xidmətdə görən vətənpərvər
şəxsiyyət, bütün ömrünü, bilik və
bacarığını ictimai maraqlara həsr edən akademik
İmam Mustafayev XX əsrdə xalqımızın
yetişdirdiyi nadir insanlar sırasında xüsusi yer tutur.
Düşünürəm ki, belə şəxsiyyətləri
unutmaq olmaz, onları unutsaq, bizi də unudarlar.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet .-2025.- 5 sentyabr (¹159).- S.12-13.