Azərbaycanın qadın qarmon ifaçıları

XIX-XX ƏSRLƏRİN FAKTLARI ƏSASINDA QEYDLƏR

 

 

Azərbaycanda musiqi mədəniyyətinin və instrumental qarmon ifaçılığının inkişafında kişilərlə yanaşı, qadınların da böyük rolu olub. Bu məqalədə XIX əsrin sonu və XX əsrdə yaşamış bir neçə qadın qarmon ifaçısı haqqında məlumat vermək istəyirik.

 

(Əvvəli ötən sayımızda)

 

Qızxanım Həsən qızı Quliyeva-Dadaşova (23.02.1925-24.04.1967) - qadın qarmonçalanlar arasında dövrünün ən mahir ifaçısı olub. Onun gözəl səsi və oxumaq istedadı da var idi.

Qızxanımın sənətə gəlişinin əsas səbəbkarı anası Səliməxanımın qardaşı - qarmon ifaçısı Məmmədağa Məmmədov olub. 8-9 yaşında olarkən Qızxanım gizlincə Məmmədağanın qarmonunu ifa edirmiş. Bir gün Məmmədağa evə yaxınlaşanda qarmonda gözəl ifalar eşidir. Gözlərinə inanmır, bu, balaca Qızxanım imiş. Məmmədağa bacısıqızının bu istedadını görüb ona qarmon alıb hədiyyə edir. Beləcə, Qızxanım həmin gündən musiqi sənətinə qədəm qoyur. Tezliklə onu toy-düyünə dəvət edirlər.

Qavalçalan Hörmət Babayeva və  Qızqayıt Dadaşova

Qızxanım Azərbaycan Dövlət Radiosuna solist kimi işə qəbul olunur. İfaları tez-tez radio dalğalarından eşidilir. Bu çıxışlardan sonra onu təkcə Bakı, Abşeron əhli deyil, Azərbaycanın hər yerində sevməyə başlayırlar.

1948-ci ildə Qızxanım konservatoriyanın bəstəkarlıq fakültəsində təhsil alan Süleyman Dadaşovla ailə həyatı qurur. Onlar Sədaqət, Lalə, İradə, Brilyant və Dadaş adlı övladlar tərbiyə edib böyütmüşlər.

Qızxanım Dadaşovanın "O olmasın, bu olsun" filmində səsləndirilən "Qıtqılıda" rəqsi ilə bağlı öncəki hissədə geniş məlumat vermişik.

Qızxanım Dadaşova qadın qarmonçular arasında ifası ilk dəfə olaraq qrammofon valına yazılmış sənətkardır. Onun qrammofon valı 1964-cü ildə Moskvanın Ümumittifaq "Melodiya" qrammofon valları firması Aprelevski zavodunda istehsal olunub. Q.Dadaşova burada "Vağzalı", "Tərəkəmə" xalq oyun havalarını və "Segah-Zabul" muğamını ifa edib. Qızxanım Dadaşova avtomobil qəzasında dünyasını dəyişib.

Zərəfşan Cabbar qızı Qaryağdı-Əlizadə (1922-1984) gözəl fortepiano və qarmon ifaçısı olub. Ata adı və qızlıq soyadından göründüyü kimi, o, dahi xanəndə Cabbar Qaryağdıoğlunun övladı idi.

 Fitri istedadı olan Zərəfşanda uşaqlıqdan musiqiyə böyük maraq oyanır. O, tezliklə qarmon və qaval alətlərində mükəmməl ifa etməyi öyrənir. Əhsən Rəhmanlının bildirdiyinə görə, görkəmli tar ifaçısı, Xalq artisti Əhməd Bakıxanov 1941-ci ildə Azərbaycan Dövlət Radiosunun nəzdində yenidən bərpa etdiyi xalq çalğı alətlərinin ilk fortepiano ifaçısı Zərəfşan xanım olmuşdur. O, həmçinin, radionun musiqi redaksiyasında inzibati işlərdə çalışmışdır.

Zərəfşan xanım qız toylarını qavalçalan Münəvvər xanımla birgə idarə edirmiş. Münəvvər xanım toylarda həm də müğənnilik funksiyasını yerinə yetirirmiş.

Zərəfşan xanım ixtisasca həkim və peşəkar kamança ifaçısı Firuz Əlizadə ilə ailə həyatı qurmuş və bu izdivacdan onların Fuad adlı övladları dünyaya gəlmişdi. Fuad da anasının sənət yolunu davam etdirir və peşəkar qarmon və fortepiano ifaçısına çevrilir. Fuad Əlizadə uzun müddət Xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Hümayun" xalq çalğı alətləri ansamblında fortepiano ifaçısı kimi fəaliyyət göstərib.

Sara Həsən qızı Qəhrəmanova-Rəhimova (1926-2003) - Nardaranda doğulub, Hövsana gəlin köçmüşdü. O, qarmon və qaval alətlərini eyni mahərətlə ifa edib. Sara xanım böyük sənətə qarmon ifaçısı kimi gəlmişdi. Sonralar qaval alətinə ehtiyac duyulduqda Sara xanım toylara qaval ifaçısı kimi də gedirdi. O, ustad tar ifaçısı və muğamların dərin bilicisi Əməkdar artist Valeh Rəhimovun anasıdır.

Aidə Nuğday qızı Novruzova (1929-1971) - əslən Balaxanı kəndindən olmuş, İçərişəhərdə yaşamışdı. O, qarmon sənətinin sirlərini keçmiş Yuri Qaqarin adına Pioner və Məktəblilər Evində (indiki Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi) Mirzəağa Məmmədovdan öyrənmişdi. Bu o, Mirzəağadır ki, "Şöhrət" ordenli, Xalq artisti Avtandil İsrafilov onun ifasını dinlədikdən sonra qarmonun səsinin sehrinə düşüb, sonralar qarmon sənətini özünə peşə seçib. Avtandil müəllim deyirdi: "Uşaq idim, Mirzəağa müəllimlə qonşu idik. O, evinin damında külafirəngi (kölgəlik) kimi düzəltmişdi, asudə vaxtlarında orada oturub qarmon çalırdı. O vaxtdan qarmonun səsi məni sehrlədi..."

Bəli, "ustad görməyəndən usta olmaz" el məsəli yada düşür. Aidə xanım da Mirzəağa Məmmədov kimi bir ustadın "əlindən su" içmiş, ustadının daim qulluğunda durmuşdu. Mirzəağa Məmmədov da vəsiyyət edibmiş ki, dünyasını dəyişdikdən sonra qarmonunu Aidə xanıma hədiyyə etsinlər. Belə də olur.

Aidə xanım gözəl qarmon çalmaqla yanaşı, həm də müğənni kimi fəaliyyət göstərib. O, 1962-1970-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarmonçu-müğənni kimi solisti olub.

Məryəm Hüseynbala qızı Məhərrəmova-Bədəlova (09.02.1929, Bülbülə k. -14.10.2011, Bakı ş.) qarmon çalmağı gələcəkdə (1960-cı ildə) ömür-gün yoldaşına çevriləcək ustad sənətkar Bədəl Bədəlovdan öyrənmişdi. O, tezliklə gözəl, özünəməxsus ifası ilə seçilir və toy-nişan məclislərinə dəvətlər alır.

Məryəm xanımı qavalda Hörmət Babayeva, nağarada Sara Nağıyeva və b. musiqiçilər müşayiət etmişlər.

Bədəl və Məryəm Bədəlovların iki oğlu olub: qarmonçalan Akif  və dünyasını tez dəyişən populyar müğənni Namiq.

Bütün dövrlərdə yaşayıb-yaratmış qadın qarmon ifaçıları müasirlərinin və dəbdə olan kişi qarmon ifaçılarının sənət yolunu davam etdirmişlər. Bir növ, çalışmışlar ki, onların düzüb-qoşduqları havaları olduğu kimi ifa etsinlər. Biz bu fikirləri informatorlardan, eləcə də ünsiyyətdə olduğumuz Avtandil İsrafilov, Zakir Mirzəyev, Gövhər Rzayeva kimi görkəmli qarmon ifaçılarından eşitmişik. Həqiqətən, bu gün bir çox qadın ifaçılar məhz adını çəkdiyimiz qüdrətli sənətkarların ifaçılıq məktəbini yaşadırlar. Məsələn, Əməkdar artistlər - Gövhər Rzayeva, Gülbahar Şükürlü (1962-2024), Gülbahar Məmmədzadə, Kəmalə Novruzbəyova, Müşfiqə Arifqızı, Aygün İbrahimqızı və başqa qarmon ifaçılarının adlarını sadalamaq olar. Adıçəkilən sənətkarların yaradıcılığında özlərinin bəstələdikləri rəqs nümunələrinə də rast gəlmək mümkündür. Onlar həm ifaçılıq sənətində, həm də Azərbaycan qarmonunun tədrisində böyük uğurlar qazanmışlar.

Beləliklə, təqdim edilən məqalədə ölkəmizdə yaşayıb-yaratmış və dünyasını dəyişmiş bəzi qadın qarmon ifaçılarının yaradıcılığına diqqət yetirdik. Əlbəttə, kiçik bir məqalədə mövzunu tam dolğunluğu ilə incələmək mümkün deyil. Hər halda, burada mövzu ilə bağlı ən mühüm məsələləri gözdən keçirməyə çalışmışıq. Bu zaman etibarlı qaynaqlardan bəhrələnmişik. Məqalədən bəlli olur ki, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş qadın ifaçılarının əksəriyyəti çoxşaxəli fəaliyyət göstərmişlər. Yəni onların bir neçəsi məclislərdə qarmon çalmaqla yanaşı, oxumuş, lazım olan məqamlarda qaval çalmış, özlərinin yazdıqları şeirlərini söyləmiş və gözəl rəqs etmişlər.

 

Ənvər SADIQOV

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti

enversadiqov@gmail.com

525-ci qəzet .- 2025.- 5 sentyabr (№159).- S.11.