“Burada insanlar çox mehribandır və
həmişə kömək etməyə hazırdırlar”
Səfir: “Azərbaycanla bağlı təəssüratlarımı
bir sözlə ifadə edə bilərəm - harmoniya”
Tacikistan Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri İlxom
Abduraxmonun “525-ci qəzet”ə müsahibəsini təqdim
edirik.
- Cənab səfir, ilk növbədə sizi
qarşıdan gələn 9 sentyabr Tacikistanın Müstəqillik
Günü münasibətilə təbrik edirəm. İstərdim
ki, əvvəlcə müstəqillik dövründə
ölkənizin əldə etdiyi nailiyyətləri qısaca
bölüşəsiniz.
-Təşəkkür edirəm. Müstəqillik illərində
Tacikistanın əldə etdiyi ən mühüm və əlamətdar
nailiyyəti müasir milli özünüdərkin
formalaşmasına, birliyin möhkəmlənməsinə və
siyasi sabitliyin təmin edilməsinə zəmin yaradan milli
dövlətçiliyin uğurla qurulması olub. İlk illərin
ciddi sınaqlarına baxmayaraq, tacik xalqı ölkənin ərazi
bütövlüyünü qoruyub saxlamağa, əmin-amanlığı
və sabitliyi bərpa etməyə, dövlətin gələcək
inkişafını şərtləndirən
genişmiqyaslı siyasi, iqtisadi və sosial
transformasiyaların başlanmasına şərait yaratmağa
nail oldu.
Müstəqilliyinin otuz ili ərzində Tacikistan
özünü beynəlxalq birliyin tamhüquqlu və hörmətli
üzvü kimi təsdiqləməyə müvəffəq
olub. Bu gün ölkəmiz qlobal problemlərin həllinə
konstruktiv töhfə verməyə hazır olan etibarlı tərəfdaş
kimi tanınır. Tacikistanın su və iqlim dəyişikliyi
məsələlərinə dair təşəbbüsləri
xüsusi rəğbət qazanıb və nəinki
aparıcı beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənir, həm də beynəlxalq ictimaiyyətdə
geniş əks-səda doğurur. Bu təşəbbüslər
sayəsində Tacikistan böyük beynəlxalq konfranslar
üçün platformaya, su problemləri və davamlı
inkişaf üzrə qlobal dialoqun liderlərindən birinə
çevrilib. Sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər
əldə olunub: yoxsulluğun səviyyəsi 80%-dən 20%-ə
qədər azaldılıb, təhsil, səhiyyə və mədəniyyət
sahələri fəal inkişaf edir. Ölkədə
irimiqyaslı infrastruktur layihələri həyata
keçirilir, minlərlə kilometr yollar, körpülər və
tunellər tikilib, bu da Tacikistana kommunikasiya dalanından
çıxmağa və onu tranzit dövlətə
çevirməyə imkan verib.
Enerji müstəqilliyinə xüsusi diqqət
yetirilir - Rogun su elektrik stansiyasının tikintisi və digər
su elektrik stansiyalarının modernləşdirilməsi davam
edir. Bu gün Tacikistan quruculuq və inkişaf yolu ilə
inamla irəliləyir, milli birliyi möhkəmləndirir, vətəndaşlarını
layiqli həyatla təmin etməyə çalışır.
Fəxr edirik ki, müstəqillik xalqımızın
qarşısında geniş üfüqlər açıb,
yeni nailiyyətlərin mənbəyinə çevrilib.
- Azərbaycan-Tacikistan münasibətləri barədə
soruşmaq istəyirdim. Bu gün biz hansı mərhələdəyik,
ikitərəfli əməkdaşlıq necə inkişaf
edir?
- Tacik və Azərbaycan xalqlarını çoxəsrlik
tarixi əlaqələr, mədəni və mənəvi
yaxınlıq birləşdirir ki, bu da ölkələrimiz
arasında dostluq əlaqələrinin və
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı üçün möhkəm zəmin
yaradır. Bu gün biz ikitərəfli əməkdaşlığın
aktiv şəkildə möhkəmləndirilməsi mərhələsindəyik,
bu da, onun rəsmi şəkildə strateji tərəfdaşlığa
çevrilməsində öz əksini tapır. Ölkələr
arasında çoxtərəfli formatda əməkdaşlıq
uğurla inkişaf edir. Beynəlxalq və regional xarakter
daşıyan bir çox məsələlərdə Bakı
və Düşənbənin mövqeləri üst-üstə
düşür. Onların beynəlxalq və regional təşkilatlardakı
konseptual yanaşmaları Tacikistan-Azərbaycan əlaqələrinin
dinamik və ardıcıl inkişafına daha çox
töhfə verir.
Son illər biz ölkələrimiz arasında ikitərəfli
əlaqələrin, o cümlədən müntəzəm
yüksək səviyyəli görüşlərin əhəmiyyətli
dərəcədə intensivləşməsinin şahidi
oluruq. Bu silsilədə liderlərin qarşılıqlı
dövlət səfərləri xüsusi yer tutur. 2023-cü
il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev
Tacikistanda, 2024-cü il mayın 22-23-də isə Tacikistan
Prezidenti Emoməli Rəhmon Azərbaycanda cavab səfərində
olub.
Zirvə görüşləri zamanı ölkələrimizin
prezidentləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın
ən aktual məsələlərinə xüsusi diqqət
yetirib, prioritet istiqamətləri və onun gələcək
inkişaf perspektivlərini müəyyən ediblər.
Əsas mövzular siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq,
elm, təhsil, mədəniyyət və humanitar mübadilə
sahələrində birgə işlər olub. Tərəflərin
bəyannamələrlə məhdudlaşmaması, münasibətlərə
praktiki məzmun verməsi prinsipial əhəmiyyət kəsb
edir: təkcə son səfərlər zamanı
qarşılıqlı maraq doğuran müxtəlif
sektorlarda əməkdaşlığa dair 28 sənəd
imzalanıb. Bunun nəticəsidir ki, bu gün Tacikistan-Azərbaycan
əlaqələri keyfiyyətcə yeni səviyyəyə
yüksəlib ki, bu da təkcə dostluq əlaqələri
ilə deyil, həm də ümumi maraqlara əsaslanan
davamlı tərəfdaşlıq və gələcəyə
strateji baxışla səciyyələnir.
- Hazırda iki ölkə arasında münasibətlərdə
hansı sahələr prioritetdir?
- Bu gün Tacikistan-Azərbaycan əlaqələri
siyasi, iqtisadi, mədəni-humanitar sahələri, eləcə
də təhlükəsizlik, elm və texnologiya sahəsində
əməkdaşlıq məsələlərini əhatə
edən bir sıra prioritet istiqamətlər üzrə
inkişaf edir. Münasibətlərin siyasi aspekti bütün
digər sahələr üçün əsasdır.
Prezidentlər, nazirlər, parlamentarilər və dövlət
qurumlarının nümayəndələri arasında mütəmadi
olaraq ikitərəfli təmaslar təkcə ölkələr
arasında etimadın möhkəmləndirilməsinə
deyil, həm də beynəlxalq və regional məsələlərə
birgə yanaşmaların işlənib hazırlanmasına
imkan yaradır.
İqtisadiyyat və ticarət əsas prioritet olaraq
qalır. Ölkələr arasında ticarətin həcmi
artır, lakin bu, kiçik həcmdədir.
Balanslaşdırılmış və
qarşılıqlı faydalı əsasda ikitərəfli
ticarətin həcminin artırılması üçün əhəmiyyətli
potensial mövcuddur. Bu məqsədlə tərəflər
ticarətin əmtəə strukturunun genişləndirilməsi,
maneələrin aradan qaldırılması və
qarşılıqlı ixracın və investisiyaların dəstəklənməsi
üçün yeni mexanizmlərin hazırlanması üzərində
birgə işləyirlər. İqtisadi əməkdaşlıq
üçün perspektivli sahələr alüminium,
neft-kimya, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı
və aqrar-sənaye kompleksidir.
Tacikistan mallarının beynəlxalq bazarlara
çıxarılması üçün xüsusilə
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və
Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə
kontekstində nəqliyyat-logistika layihələrinin həyata
keçirilməsində birgə iş böyük əhəmiyyət
kəsb edir.
Mədəni-humanitar əməkdaşlığın
əhəmiyyətini də qeyd etməmək mümkün
deyil. Mədəniyyət və təhsil xalqlar arasında birləşdirici
halqadır. Biz elmi-tədqiqat müəssisələri, o
cümlədən Milli Elmlər akademiyaları, ali təhsil
müəssisələri və tələbə mübadiləsinin
inkişafına, mədəni tədbirlərin, sərgilərin
və festivalların keçirilməsinə böyük diqqət
yetiririk. Beləliklə, prioritet sahələr geniş spektri əhatə
edir – iqtisadiyyat və enerjidən tutmuş mədəniyyət
və humanitar əməkdaşlığa qədər.
- Xüsusilə son illər iki ölkə arasında
yüksək səviyyəli səfərlərin dinamikası
artıb. Bu günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmon
İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) Xankəndi sammitində iştirak edib. Bu səfərlər
ikitərəfli və çoxtərəfli formatda əlaqələrin
inkişafına necə təsir edir?
- Yüksək səviyyəli səfərlər həmişə
ikitərəfli münasibətlərin möhkəmləndirilməsində
əsas vasitə olub və belə də qalır. Onlar strateji
gündəliyi müəyyən edir, qarşılıqlı
fəaliyyətin prioritet sahələrini müəyyənləşdirir
və yeni təşəbbüslərin həyata keçirilməsi
üçün başlanğıc nöqtəsinə
çevrilirlər. Bu cür təmaslar siyasi dialoqu gücləndirməklə
yanaşı, onu iqtisadiyyat, energetika, nəqliyyat, sənaye və
humanitar sahədə praktiki məzmunla doldurmağa imkan verir.
Tacikistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının
Xankəndi Zirvə toplantısında iştirakı əsas
beynəlxalq məsələlərdə ölkələrimizin
mövqelərinin yaxın olduğunu bir daha göstərdi.
Bu sammitdə çıxış edən Tacikistan
Prezidenti ECO-ya üzv dövlətlərlə ticari-iqtisadi və
humanitar əlaqələrin inkişaf etdirilməsinin ölkənin
xarici siyasətinin prioritet istiqamətlərindən biri
olduğunu vurğuladı. Strateji əhəmiyyətli sahələrdə,
o cümlədən enerji sektoru, yaşıl enerji və bərpa
olunan mənbələr, sənaye, kənd təsərrüfatı
və nəqliyyat sahələrində əməkdaşlığın
gücləndirilməsinə xüsusi diqqət yetirib.
Prezident, həmçinin regionun davamlı inkişafı ilə
bilavasitə bağlı olan iqlim dəyişikliyi və təbii
fəlakətlərin nəticələrinə qarşı
birgə mübarizənin zəruriliyini vurğulayıb.
Ərzaq təhlükəsizliyi, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması,
sənaye müəssisələrinin inkişafı, mədəni-humanitar
əlaqələrin genişləndirilməsi məsələlərinə
böyük əhəmiyyət verilib. Emoməli Rəhmon
sammitin yüksək səviyyədə təşkilinə
görə Azərbaycana təşəkkürünü
bildirdi, onun nəticələrinin region dövlətlərinin
ikitərəfli və çoxtərəfli əməkdaşlığının
inkişafına, birliyinin və strateji tərəfdaşlığının
möhkəmlənməsinə yeni təkan verəcəyinə
əminliyini ifadə edib. Prezidentlər Emoməli Rəhmon və
İlham Əliyevin görüşündə 17-ci sammitin
gündəliyində duran əsas məsələlər və
Tacikistan-Azərbaycan əməkdaşlığının
genişləndirilməsi perspektivləri müzakirə edilib.
Bu cür formatlarda keçirilən görüşlərin təsirindən
danışarkən vurğulamaq lazımdır ki, onların
kompleks təsiri var: liderlər arasında etimadı gücləndirir,
praktiki əməkdaşlıq üçün yeni
üfüqlər açır və uzunmüddətli
qarşılıqlı faydalı tərəfdaşlıq
üçün zəmin yaradır. Bu kontekstdə Tacikistan və
Azərbaycanın regionda məsul aktorlar kimi rolu onların
iqtisadi artımı, təhlükəsizliyi və davamlı
inkişafı təşviq edən layihələri
başlatmaq və dəstəkləmək qabiliyyətində
özünü göstərir.
- İqtisadi əməkdaşlıq üçün
perspektivli sahələri qeyd etdiniz, ayrıca nəqliyyat dəhlizləri
sahəsində əməkdaşlığın perspektivləri,
investisiya əlaqələri barədə də fikirləriniz
maraqlıdır...
- İqtisadi əməkdaşlıq Tacikistanla Azərbaycan
arasında münasibətlərin əsasını təşkil
edir. Bu gün biz bu sahədə müsbət dinamikanı
müşahidə edirik, lakin potensial istifadə
olunmamış qalır. Əvvəla, qeyd etmək
lazımdır ki, ölkələrimiz arasında ticarət
dövriyyəsi artır, lakin bu, hələ ki, imkanlara
uyğun deyil. Ticarətin həcminin artırılması, onun
strukturunun genişləndirilməsi ümumi vəzifələrimizdən
biridir. Bunun üçün əlverişli şərait
yaradılır, birgə biznes forumlar keçirilir, sahibkarlar
arasında birbaşa əlaqələr yaradılır.
Ayrı bir sahə nəqliyyat və logistika əməkdaşlığıdır.
Azərbaycan Şərqlə Qərbi birləşdirən
tranzit qovşağı kimi mühüm rol oynayır.
Tacikistan Mərkəzi Asiyanın bir hissəsi kimi Azərbaycan
ərazisindən keçən nəqliyyat dəhlizlərindən,
o cümlədən “Şərq-Qərb” beynəlxalq nəqliyyat
marşrutundan səmərəli istifadə etməkdə
maraqlıdır. Bu, malların tədarükünü
optimallaşdırmaq, logistika xərclərini azaltmaq və
yeni bazarlara çıxmaq üçün imkanlar yaradır.
Son illər Tacikistan hökuməti investisiya
mühitinin yaxşılaşdırılmasına və xarici
investorlar üçün cəlbedici şəraitin yaradılmasına
yönəlmiş bir sıra kompleks tədbirlər həyata
keçirib. 2025-ci ilin iyul ayında sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının
inkişafı və işgüzar fəallığın
stimullaşdırılması tədbirlərini nəzərdə
tutan 2040-cı ilə qədər investisiyaların cəlb
edilməsi üzrə uzunmüddətli Strategiya təsdiq
edilib. Eyni zamanda, bir çox sahələrdə hüquqi tənzimləmə
sadələşdirilib, sahibkarlığın inzibati
yükü azaldılıb, Vergi Məcəlləsinə yenidən
baxılıb. İnvestorlar üçün geniş vergi və
gömrük güzəştləri, o cümlədən əksər
vergilərdən azadolma və 240-dan çox hüquqi təminat
təmin edilib. Tacikistan 40-dan çox xarici ölkə ilə
sərmayələrin qarşılıqlı təşviqi və
qorunması haqqında müqavilələr imzalayıb ki, bu
da xarici investorların etimadını artırır və
riskləri azaldır. Ölkədə sadələşdirilmiş
biznes prosedurlarının qüvvədə olduğu və
üstünlüklərin verildiyi azad iqtisadi zonalar aktiv şəkildə
yaradılır və inkişaf etdirilir. Bütün bu
addımlar xarici investorlar üçün əlverişli
şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və Tacikistanın davamlı
iqtisadi inkişafının təmin edilməsi məqsədini
daşıyır. Beləliklə, iqtisadi əməkdaşlıq
bir sıra sahələrdə inkişaf edir: ticarət, nəqliyyat,
investisiya, enerji. Əminəm ki, qarşıdakı illərdə
biz münasibətlərimizin iqtisadi bünövrəsini
möhkəmləndirəcək yeni böyük layihələrin
şahidi olacağıq.
- Azərbaycan və Tacikistan arasında turizm sahəsində
əməkdaşlıq nə yerdədir? Maraqlıdır, azərbaycanlı
turist niyə Tacikistanı seçməlidir?
- Turizm Tacikistan və Azərbaycan arasında əməkdaşlığın
ən perspektivli sahələrindən biridir. Hər iki ölkə
təkcə regiondan deyil, dünyanın hər yerindən
qonaqları cəlb edə biləcək zəngin turizm
potensialına malikdir.
Azərbaycanlı turistlər üçün
Tacikistan zəngin tarixi, unikal mədəniyyəti və mənzərəli
təbiəti ilə maraq doğurur. Şəhərlər, qədim
qalalar, memarlıq abidələri, o cümlədən mədəni
ənənələr - məsələn, 5500 ildən
çox yaşı olan “Sarazm” qədim yaşayış məskəni,
tarixi Xücənd, Pəncəkənd, Xulbuk şəhərləri,
Hisar qalası, dəniz səviyyəsindən 300-7495 metr
hündürlükdə yerləşən Tacikistan Milli
Parkı, eləcə də qədim bayramlar Novruz, Səda,
Mehrqon və Tirqon taciklərin orijinal mədəniyyəti ilə
tanış olmaq, regionun tarixinə dərindən qərq
olmaq və mədəniyyətlərarası mübadilədə
zəngin təcrübə qazanmaq üçün unikal imkan
yaradır. Tacikistan dağ mənzərələrinin, tarixi
şəhərlərin və mənəvi ənənələrin
əsl xəzinəsidir. Pamir dağları, İsgəndərkül
gölü, Samanilər dövrünə aid memarlıq abidələri
unikal turizm məhsulu yaradır.
Ölkənin təbii müxtəlifliyi aktiv istirahət
və ekoturizm həvəskarlarını cəlb edir: Pamir-Alay
dağ silsilələri alpinizm, trekkinq, dağ turizmi, xizək
və ekstremal idman növləri, çaylar və su
anbarları isə su turizmi üçün imkanlar yaradır.
Unikal landşaftlar, flora və fauna ekoloji marşrutların
inkişafına kömək edir. Tacikistan hökuməti turizm
sektorunun inkişafına fəal kömək edir. Qonaqların
rahat istirahətini təmin edən müasir infrastruktur - otellər,
yataqxanalar, sanatoriyalar, istirahət evləri və turist
bazaları tikilir.
Tacik xalqının qonaqpərvərliyi, zəngin mətbəxi
və mədəni tədbirləri turistlərin istirahətini
zəngin və yaddaqalan edir. Turizm həm də iqtisadi əməkdaşlıqda
mühüm amildir. Birbaşa uçuşların inkişafı,
birgə turoperatorların yaradılması, mədəniyyət
festivallarının təşkili bu sahənin
inkişafına təkan verir.
Azərbaycan və Tacikistan turizmin təşviqi
üzrə birgə layihələri, o cümlədən beynəlxalq
sərgilərdə iştirak, turizm marşrutlarının
birgə təbliği, hər iki ölkəni əhatə edən
turların təşkilini fəal şəkildə müzakirə
edirlər. Regionun digər ölkələri ilə əməkdaşlıq
çərçivəsində xalqlar arasında mədəni-mənəvi
əlaqələrin möhkəmlənməsinə töhfə
verən birgə marşrutlar yaratmaq mümkündür.
Tacikistan-Azərbaycan əməkdaşlığının
turizm sahəsində böyük potensialını nəzərə
alsaq, bu sahə iki ölkə arasında strateji tərəfdaşlığın
mühüm elementi ola bilər.
- Tacikistan 2037-ci ilə qədər "yaşıl
ölkə" olmaq niyyətindədir. Azərbaycan da fəal
"yaşıl" siyasət həyata keçirir. İki
ölkə arasında bu sahədə əməkdaşlıq
imkanları nədən ibarətdir?
- Ekologiya və “yaşıl” iqtisadiyyata keçid məsələsi
bütün dünya üçün ən aktual problemlərdən
biridir. Tacikistan qarşısına iddialı məqsəd
qoyub - 2037-ci ilə qədər "yaşıl ölkə"
olmaq və bu istiqamətdə artıq konkret addımlar
atılır. Bu məqsədi
Prezident Emoməli Rəhmon Bakıda BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının
(COP29) 29-cu Tərəflər Konfransının plenar
sessiyasında Azərbaycanın COP29-a sədrliyi çərçivəsində
fəal şəkildə təşviq etdiyi “yaşıl
iqtisadiyyat”ın inkişafı strategiyasının müzakirəsi
kontekstində çıxışı zamanı səsləndirib.
Tacikistan liderinin çıxışında qeyd etdiyi kimi,
ölkəmiz Yaşıl İqtisadiyyatın
İnkişafı Strategiyası əsasında 2032-ci ilə qədər
bərpa olunan mənbələrdən elektrik enerjisi
istehsalını tam təmin etmək, 2037-ci ilə qədər
Tacikistanı “yaşıl” ölkəyə çevirmək
niyyətindədir. O, həmçinin vurğulayıb ki, bu
gün elektrik enerjisinin 98%-i hidroenergetika, yəni “yaşıl
enerji” hesabına istehsal olunur və istixana qazları
emissiyasına görə Tacikistan dünyada ən
aşağı həcmlə 130-cu yerdədir.
Ölkələrimizin bu sahədə əməkdaşlıq
üçün əhəmiyyətli potensialı var.
Tacikistan ekoloji cəhətdən təmiz elektrik enerjisi
istehsalına imkan verən ən zəngin hidroenergetika ehtiyatlarına
malikdir. Azərbaycan da günəş və külək
enerjisi layihələrini fəal şəkildə inkişaf
etdirir, “yaşıl zonalar” və “ağıllı şəhərlər”
yaradır. Bu sahədə birgə işlərə bərpa
olunan enerji sahəsində təcrübə və
texnologiyaların mübadiləsi, su elektrik stansiyalarının
və günəş elektrik stansiyalarının tikintisi
üzrə birgə layihələrin həyata keçirilməsi,
iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq
təşəbbüslərdə iştirak, həmçinin
“yaşıl” enerji sahəsində kadrların
hazırlanması kimi sahələr daxil ola bilər. Beləliklə,
ekoloji sahədə əməkdaşlıq Tacikistan-Azərbaycan
münasibətlərinin yeni və perspektivli sahələrindən
birinə çevrilə bilər.
- Artıq iki ildir ki, Azərbaycandasınız. Ölkəmizi,
xalqımızı təsvir etməli olsaydınız,
hansı ifadələri işlədərdiniz?
- İki ildən artıqdır ki, Azərbaycanda
olduğum üçün ölkəni, onun mədəniyyətini,
insanlarını daha dərindən tanımaq imkanım oldu. Təəssüratlarımı
bir sözlə ifadə edə bilərəm - harmoniya. Azərbaycan zəngin tarixi irsinə
hörmətin və gələcəyə can atmağın
gözəl vəhdətidir. Bakının
memarlığı bunun bariz nümunəsidir: qədim abidələrin
yanında müasir göydələnlər ucalır, ölkənin
dinamik inkişafını simvolizə edir. Azərbaycan
xalqının qonaqpərvərliyi xüsusi təəssürat
yaradır.
Buradakı insanlar açıq, mehriban və hər
zaman kömək etməyə hazırdırlar. Bu, xüsusi
bir atmosfer yaradır, bunun sayəsində özümü evdəki
kimi hiss edirəm.
Azərbaycanın iqtisadiyyat və infrastruktur sahəsində
əldə etdiyi nailiyyətləri də qeyd etmək istərdim.
Son illər ölkə enerji, nəqliyyat, informasiya texnologiyaları
sahələrində irimiqyaslı layihələr həyata
keçirərək böyük sıçrayış edib.
Bütün bunlar ölkə rəhbərliyinin strateji
düşüncəsindən və gələcək
inkişaf üçün yüksək potensialdan xəbər
verir. Mənim üçün Azərbaycan adət-ənənələrin
və müasirliyin harmoniya içində
yaşadığı, xalqının müdrikliyi,
açıqlığı və yaratmaq həvəsi ilə
seçildiyi ölkədir. Bu, əlaqələrimizi daha da
yaxın və perspektivli edir.
Pərvanə Sultanova
525-ci qəzet .- 2025.- 5 sentyabr (¹ 159).- S.7.