Rusiyada Azərbaycan əleyhinə
yeni kampaniya
MƏQSƏD NƏDİR?
Rusiya ərazisindən Azərbaycana qarşı
kütləvi şəkildə informasiya kampaniyası
başladılıb. Bu barədə Milli Məclisin Xarici
müdaxilələrə və hibrid təhdidlərə
qarşı komissiyasının bir neçə gün əvvəl
yaydığı bəyanatda vurğulanıb. Kütləvi
informasiya kampaniyasına Prezident İlham Əliyevin Səudiyyə
Ərəbistanının “Əl-Ərəbiyyə”
telekanalına müsahibəsi yayılandan dərhal sonra start
verilib. Monitorinq zamanı müəyyən olunub ki,
aparıcının Zəngəzur dəhlizi ilə
bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan
cavabı kontekstdən çıxarılaraq
saxtalaşdırılmış və ya təhrif olunmuş
formada rus oxucusuna təqdim edilir: “Rusiya cəmiyyətində
antiazərbaycan təbliğatını alovlandırmaq məqsədilə
təşkil edilən kampaniya televiziya kanalları və xəbər
saytları, sosial media platformaları və müəyyən təsiretmə
roluna malik radikal mövqeli şəxslər vasitəsilə
aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti
qadağan edilmiş və məhdudlaşdırılmış
feysbuk, instaqram və “X” kimi platformalardan, habelə digər ölkə
vətəndaşlarının adından yaradılan sosial
media profillərindən və botlardan da geniş istifadə
olunduğu müşahidə edilib. Kampaniyada diqqət çəkən
digər bir element isə Azərbaycanın sosial media seqmentinin
hədəfli reklamlar vasitəsilə seçilməsi və
orada ölkəmizin suverenliyi və ərazi
bütövlüyünə qarşı təhdidedici fikirlərin
yer almasıdır”.
O da vurğulanıb ki, bu cür ikrah doğuran
kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri
yoxdur: “Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini
yalan faktlara söykənərək
qızışdırmağa, qonşu dövlətlərlə
əsassız düşmənçiliyə sürükləyir.
Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini
“Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır”.
Göründüyü kimi, Rusiyada Azərbaycana
qarşı qaralama, yalan kampaniyasının
aparılmasında maraqlı olan qüvvələr var. Bu, əlbəttə
ki, bir müddətdir onsuz da soyuqluq yaşanan münasibətlərə
daha mənfi təsir göstərir.
Rusiya-Azərbaycan münasibətlərində ötən
ilin dekabrında AZAL sərnişin təyyarəsinin
vurulmasından sonra müəyyən gərginlik yaranıb. Azərbaycan
Moskva qarşısında öz haqlı tələblərini
irəli sürüb, qarşı tərəf isə öhdəliklərini
icra etməkdən yayınır.
Dövlət başçısı müsahibəsində
həmin məqama da toxunaraq vurğulayıb ki, Azərbaycanın
mülki təyyarəsinin Rusiya tərəfindən vurulması
və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə
çox böyük məyusluq və təəssüf
doğurdu. Prezident söyləyib ki, təyyarə Rusiyanın
hava hücumundan müdafiə sistemi tərəfindən
vurulub, ilk növbədə, təyyarənin vurulması
baş verməməli idi və bu, faciəvi bir səhv idi.
Eyni zamanda, Prezident
müqayisə üçün İkinci Qarabağ müharibəsinin
sonuncu günündə baş vermiş helikopter hadisəsinə
diqqət çəkib: “Azərbaycan öz sərhədinə
yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki
o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus
helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə
heç vaxt yaxınlaşmamışdı... Həmin gün
mən dərhal Rusiya Prezidentinə zəng etdim və
üzrxahlığımı bildirdim. Biz həlak olan
pilotların ailələrinə və Müdafiə Nazirliyinə
dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və
bu faciəli səhvə yol verənlər məsuliyyətə
cəlb olundular. Lakin Rusiya tərəfindən belə
addımların atıldığını görmədik.
Beləliklə, noyabrın 9-da baş verən bu faciəli
hadisə və davranışımız bizi Azərbaycana
qarşı eyni münasibətin sərgilənməsinə
hazır etdi, çünki iki ölkə bir-birini dost
adlandırır. Bu vaxtadək onlar nəyin baş verdiyini
demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli
münasibətlərimizdə ciddi məsələdir, lakin
biz əlaqələri gərginləşdirmək istəmirdik”.
Onu da xatırladaq ki, Azərbaycan lideri öz
müsahibəsində sülh və əməkdaşlıq
mesajları verib, bu müsahibə dünya gündəmində
böyük maraqla qarşılanıb və
paylaşılıb. Rusiyadakı bəzi dairələrin bu
cür yanaşması, informasiya təxribatları isə
onların indiyədək apardıqları antiazərbaycan
kampaniyasının davamıdır.
Dövlət başçısı Zəngəzur dəhlizini
qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi
adlandırıb, onun yalnız Azərbaycanın iki hissəsini
birləşdirməklə kifayətlənməyəcəyini,
həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizləri üçün yeni imkanlar
açdığını söyləyib: “Əslində, Zəngəzur
dəhlizi təkcə Şərq-Qərb deyil, həm də
Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli,
Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub
marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq
- Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və
İrana. Beləliklə, düşünürəm ki,
bütün region üçün hamının
udacağı vəziyyət yaranacaq və heç kim bundan
itirməyəcək. Azərbaycan bütün bölgə
ölkələri arasında regional əməkdaşlığı
gücləndirmək üçün hər şeyi edəcək”.
Azərbaycanın bütün səyləri, təəşəbbüsləri
regional əməkdaşlığı, inteqrasiyanı
gücləndirməyə, iqtisadi inkişafa, tranzit
imkanlarının artırılmasına, sabitliyin, təhlükəsizliyin
təmininə yönəlib. Bunun əleyhinə
çıxış edənlər heç şübhəsiz
ki, regional əməkdaşlığı, inkişafı istəməyənlərdir.
Bu baxımdan dövlət başçısının
sülhə, əməkdaşlığa yönəlmiş
mesajlarını kontekstdən çıxararaq gərginlik
yaratmağa çalışanların məqsədləri
aydındır.
Bütün bunlar həm də son günlər Rusiya tərəfindən
müsbət mesajların verildiyi vaxtda baş verir. Bir
neçə sitata diqqət çəkəndə
görürük ki, qarayaxma kampaniyasını ilə
yanaşı, rəsmilər münasibətlərin
yaxşılaşmasına çalışırlar.
Xüsusilə bu, iqtisadi sahədə özünü göstərir.
Bu günlərdə Rusiya Baş nazirinin müavini Aleksey
Overçuk bəyan edib ki, Moskva və Bakı arasında əməkdaşlıq
strateji və qarşılıqlı faydalı xarakter
daşıyır, hökumətlərarası komissiyalar vasitəsilə
əməkdaşlığın inkişafı istiqamətində
iş aparılır, iki ölkənin iqtisadi əlaqələr
çox yaxşı inkişaf edir, daimi təmaslar
saxlanılır. Overçuk, eyni zamanda ŞƏT sammiti
zamanı tərəflərin fəal qarşılıqlı
fəaliyyət göstərdiklərini, münasibətlərin
iqtisadi baxımdan planlaşdırıldığı kimi
normal inkişaf etdiyini deyib. Rusiyanın Azərbaycan ilə Ermənistan
arasında paraflanmış sazişə “ehtiyatlı nikbin”
baxdığını vurğulayaraq, bunu Avrasiya regionunda
sülhün möhkəmlənməsinə mühüm
töhfə adlandırıb.
Rusiya Prezidenti Vladimir Putin də Moskva-Bakı münsibətləri
ilə bağlı danışıb. O bildirib ki, Pekində
yapon işğalına qarşı Çin xalq müqaviməti
və İkinci Dünya müharibəsində
qazanılmış Qələbənin 80-ci
ildönümü ilə bağlı keçirilən təntənəli
tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə
söhbət edib: “Ölkələr arasında münasibətlərdə
“hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə
görə həmişə bəzi suallar yaranır və
problemlər var. Lakin mən hesab edirəm ki, Azərbaycan ilə
Rusiya arasında fundamental münasibətlər və
onların inkişafına qarşılıqlı maraq yenə
də sonda hər şeyi öz yerinə qoyacaq”.
Rusiya Azərbaycanın əhəmiyyətini bilir, amma
təəssüf ki, öz gərginlik yaradan əməllərindən
də əl çəkmir. İstənilən halda nəyəsə
nail olması da mümkün deyil. Azərbaycan regionda yeni
reallıqlar yaradıb, həmin reallıqlar bütün
dünya tərəfindən qəbul edilib. Azərbaycan bəyan
edib ki, kiminsə diktəsi ilə hərəkət etmir,
dövlət ilk növbədə öz maraqlarına uyğun
olan addımları atır. Azərbaycan bütün
dünyada nüfuzlu, güclü, ədalətli dövlət
olaraq qəbul edilir və regionun aparıcı aktorudur. Əgər
Moskva həqiqətən əlaqələrin yoluna düşməsini
istəyirsə, total kampaniyanı dayandırmalı, üzərinə
düşən addımları atmalıdır.
Onu da vurğulayaq ki, son hadisələr bir daha
müasir dünyada informasiya təhlükəsizliyinin əhəmiyyətini
önə çıxardı. Azərbaycan dövləti illərdir
informasiya cəbhəsinin önündədir, özünə
qarşı bütün təhdidləri, təzyiqləri dəf
etmək gücünə malikdir. Ona görə də bu
cür kampaniyalar, cəhdlər nəticə verməyəcək
və Moskva gec olmadan düşünməlidir.
Pərvanə
525-ci qəzet .- 2025.- 5 sentyabr (¹ 159).- S.5.