Arxitektura, insanın təbiətlə
rəqabət səhnəsidir
(Əvvəli ötən şənbə
sayımızda)
Arxitekturanı yaradan, təbiətdəki onu heyran edən
nümunələrə əsaslansa da, əslində onunla elan
olunmamış bir rəqabətə girdi. Arxitektura, şəhərsalma,
bütövlükdə urbanizasiya özünəməxsus
olan infrastrukturanın yaradılmasını tələb etməklə,
insan həm də öz yaradıcılığı və
fantaziyası hesabına təbiət üzərində qələbə
çaldı. Beləliklə, insanın təbiətlə
ilk yarışında əvvəllər məchul hesab etdiyi təbiət
qüvvələri üzərində, onun qeyd-şərtsiz
üstünlüyü kimi bir nəticə hasil oldu. İnsan
təəccüb dolu baxışlarını daim yuxarı
dikdiyindən, uca binalar tikilməyə başlandı. Alman
tayfasının adından götürülən Qotika
üslubu bu sahədə böyük nailiyyətlərin
qazanılmasına səbəb oldu. XII əsrdən
başlayaraq, XV-XVI əsrlər ərzində bu bədii
üslub, Orta əsrlər incəsənətinin
inkişafını Qərbi və Mərkəzi Avropada
yekunlaşdırmışdı. Bu vaxt Qotika üslubu, ona qədər
hakim mövqe tutan Roman üslubunu əvəz etmişdi. Bu
aparıcı arxitektura tipi şəhərlərdə kilsə
binalarının tikintisində və arxitekturanın karkas
sistemində aparıcı mövqeyə yiyələnmişdi.
Kilsə binaları səmaya doğru istiqamətlənirdi, nəhəng
ajur qüllələrə, forması əydirilmiş heykəllərə
malik olurdu. Məbədlər, kilsələr belə
hündürlükləri ilə qədim Mesopotamiyanın
zikkuratlarını kölgədə qoymaqla, misirlilərin
piramidaları və ya Aleksandriya Mayakı ilə yarışa
girməyə cəhd edirdi. Qotika üslubu çətin
tikinti sahəsi olduğundan, Avropada köçəri xarakter
daşıyan, bir şəhərdən başqasına
keçən iri daşyonanlar dəstəsi meydana gəldi.
Qitənin şəhərlərindəki uca qülləli
binaların çoxluğu məhz onların zəhmətinin
bəhrəsidir.
Şərq arxitekturası, onun əsasında
tikilmiş saraylar isə öz dəbdəbəsi ilə Qərbə
məxsus olanlardan seçilir. Axı asiyalılar dəbdəbəni
daim vacib bir şərt kimi qəbul etmişlər. Heç
yerdə memarlıq Şərqdə olduğu kimi bu qədər
fərqli formalara yiyələnməmişdi. Şərq
arxitekturası avropalıların heç vaxt istifadə etmədiyi
bəzək elementləri ilə bəzədilmiş
sütunlara malik idi. Diqqət verilsə, Parfenondan tutmuş San
Pedro bazilikasına və onun əhatə etdiyi meydandakı
sütunlar, bütün digər məbədlərdə
olduğu kimi bəzəksizdir, hətta bəzəkdən xəbər
verən korinf və ionik üslublardan fərqli olaraq, onlarda adətən
sadə yastı formalı dorik üslubuna üstünlük
verilirdi. Persepolisdəki sarayların sütunlarını isə
iri öküz başını təsvir edən ağır
kapitellər bəzəyirdi.
Parfenonun sadəliyi, onun möhtəşəmliyinin təsdiqidir.
Çinlilər isə öz zövqlərinə uyğun
olaraq kiçik bəzəkləri daha məqbul sayırlar,
özbəklər də ağac sütunlarını
naxışlı qaydada nəqş yolu ilə bəzəyirlər.
Avropalılar isə iri tikililərdə bu təcrübəni
vacib saymayıb, onu yalnız kiçik körpülərdə,
pavilyonlarda və çini vazalarda tətbiq edirdilər. Onlar
öz zövqlərinə uyğun olaraq onu təkmilləşdirdilər
və ona yeni cazibədarlıq verdilər. Avropalıların yaradıcı
enerjisi burada da özünü nümayiş etdirdi. Nəhəngliyi
ilə seçilən tikililərdə isə adətən bəzək
gözə çarpmır.
Unutmaq olmaz ki, hər bir arxitektura özünün
bütün şərtlərinə əməl olunduqda
gözəl görünür. Axı xoş niyyət, qərəzsiz
dözümlülük vacib sayılmadıqda, həqiqi
istedaddan xəbər verən, layiqincə yüksək qiymətləndirilən
əsərlər meydana gəlmir.
Şəhərə gəldikdə, o, müxtəlif
üslubların tətbiqindən ibarət olmalıdır ki,
müşahidə edildikdə xoş təəssürat
yaratsın. Lakin burada da ölçü hissi gözlənilməlidir,
hər bir seçim küçənin gözəl
görünüş yaratmasına xidmət etməlidir.
Əlbəttə, inkişaf vacibdir və bu proses,
bütün çətinliklərə baxmayaraq, davam edir.
Böyük Şekspirin bir sonetində yazdığı kimi,
"Ayın altında heç nə əbədi deyildir".
Şərq arxitekturasının isə, deyildiyi kimi,
öz prinsipləri vardır və onda bəzək, dəbdəbə
mühüm əhəmiyyətə malikdir. Qranadadakı
mavrların tikdiyi Al-Qambra sarayı özünün ornamenti, qəribə
fil heykəlləri və fəvvarələri ilə qeyri-adi
gözəllik təcəssüratı yaradır. Yaxud Abu
Dabidə XXI əsrin başlanğıcında tikilmiş
Şeyx Zayed məscidi İtaliyanın ağ karrar mərmərindən
tikilmiş nəhəng binadır, onun interyeri cürbəcür
rəngli bəzək elementləri ilə doludur, baş
salondakı İran xalçası böyük
ölçüsünə görə təyyarəyə
sığmadığından, hissələrə parçalanmış,
məscidə daxil edildikdə toxunaraq bütövləşdirilmişdi.
Şərq dəbdəbə naminə israfa yol verməyi də
heç də qəbahət saymır.
Qədim insan arxitektura sahəsində öz nailiyyətləri
ilə öyünə bilərdi. Krit adasındakı Knossos
sarayında üçmərtəbəli və çoxotaqlı
binalar mövcud olduğundan, onu təbiətdəki
mağaraların labirintinə bənzədirdilər. Belə
bir labirintdə isə çar Minoyun arvadı Pasifayanın
öküzlə intim yaxınlıqda doğduğu
Minotavrın saxlanması və öldürülməsi barədə
hekayət, qədim yunan mifologiyasının təzadlı və maraqlı səhnələrindən
biridir.
Babilistan çarı Nabuhodonosorun b.e.ə. VI əsrin
əvvəlində tikdiyi və
abadlaşdırdığı Babil gözəlliyi ilə
şöhrət tapmışdı. Romalılar Karfageni b.e.ə.
146-cı ildə yandıranda, orada yaşayış
üçün altımərtəbəli binalar mövcud
idi. Romalılar da plebeylərin yaşaması
üçün belə ümumi istifadəyə yararlı
evlər tikirdilər, patritsilər isə abad villalarda
yaşayırdılar. Orta əsrlər Avropası isə
göylərə dikilən məbəd və kilsə
binaları ilə fərqli mənzərə yaradırdı.
Qədimdə ilk addımlarını atan inkişaf
prosesi şəhərlərin yaranması ilə müşayiət
olundu. İri icmalarda aqrar istehsalın - əkinçiliyin və
heyvandarlığın yaranması ilə yanaşı, həm
də ilkin əmək bölgüsü meydana gəldi. Şəhərlərdə
sənətkarlar əkinçilər üçün istehsal
alətləri düzəltməklə məşğul
olurdular. Təkcə ağır kotanın icadı
torpağın şumlanıb, səpin üçün
yumşaldılmasında, bunun nəticəsi kimi, nisbətən
daha artıq məhsul götürülməsində
mühüm rol oynadı. İlkin əkinçilik
Mesopotamiyada, həmçinin Zaqros dağlarının ətəklərində
meydana gəldiyindən, insanlar dəmyə əkinçiliyindən
suvarılan torpaqlarda məhsul becərməyə keçdilər.
Bu isə Dəclə və Fərat çaylarından kanallar
çəkilməsinə, bu yolla əkinləri su ilə təmin
etməyə gətirib çıxardı. Qədim Misirdə
isə Nil çayı suvarma təminatı mənbəyi
olmaqla yanaşı, iyul ayında daşdıqda sahilindəki
torpaqları bol lillə təmin edib, onları xeyli münbitləşdirirdi.
Şəhərlərdə həm də ticarət
gildiyası meydana gəldi. Tacirlər dənizlərlə,
çaylarla uzaq ölkələrə səfər edib, öz
mallarını satır və öz şəhərlərindəki
tələbata uyğun olan malları alıb gətirirdilər.
Sonralar isə Şərqdə səhra gəmiləri adlanan dəvə
karvanları ticarətdə mühüm rol oynadı. Orta əsrlərin
sonunda ədviyyat ticarətinə, Osmanlıların
Konstantinopolu işğal etməsi ilə ciddi əngəl
yarandığından, dahi dənizçi səyyahlar Xristofor
Kolumb və Vasko da Qama XV əsrin sonlarında müvafiq olaraq
Amerika qitələrini və Hindistana gedən dəniz yolunu kəşf
etdilər. Ticarət, böyük tələbat olan
malların uzaq ölkələrdən əldə edilməsi
həvəsinə xidmət edən ağır zəhmət
idi, yeni ərazilərin fəth edilməsində və
dünyanın bütövləşməsində, əslində
olduqca böyük rol oynadı.
İlk şəhərlər
İlkin şəhərlər Mesopotamiyadakı
Şumerdə meydana gəlmişdi. Uruk, Ur, Laqiç o
dövrün meqapolisi hesab oluna bilərdi. Sonralar bu estafeti
Assuriya imperiyası və Köhnə Babilistan öz üzərinə
götürdü. İlk şəhərsalma təcrübəsi
insanların yeni sığınacaqlar, evlər tikmək təcrübəsinə
əsaslanırdı. İcmaların böyüməsi və
əmək bölgüsünün yaranması da şəhərlərin
meydana gəlməsində mühüm rol oynadı.
İnsanlar və onların əcdadları ən
azı yüz min il əvvəl müxtəlif tipli
sığınacaqlar yaratdılar və yaşayış
evinin tikintisi bəşər evolyusiyası vaxtı meydana
çıxdı. Hələ insanabənzər meymunlar yatmaq
üçün özlərinə "yuvalar" tikirdilər.
Ev tikintisi isə, sonralar meydana gələn şəhərsalma,
arxitektura adlanan yeni praktikanın yaranmasına səbəb
oldu. Burada insan ağlı və zəhməti birləşərək,
istedad işartılarını meydana gətirdi.
Arxitektura termininin mahiyyəti tərcümə edildikdə,
tikililəri layihələşdirmə və inşaetmə sənəti
olmaqla yanaşı, həm də onun nəzəri elmidir. Bu fəaliyyətin
nəticələrinə tikililər, körpülər və
insan tərəfindən yaradılan digər obyektlər daxil
olmaqla, ətraf mühitin dəyişdirilməsi daxildir.
Arxitektura tarixinin nə vaxt başladığını təyin
etmək çətin məsələdir. Onun əvvəllərdən
qalan izi, başlıca olaraq geriyə, Neolit dövrünə,
on min il bundan əvvələ gedib çıxır. Bu vaxt
insanlar daimi yaşayış yerləri və digər binalar
tikirdilər. İlkin şəhərləri həm də
böyüklüyü ilə fərqlənən dini məbədlər
bəzəyirdi.
Lakin arxitekturanın birinci funksiyası insanın
yaşaması üçün şərait yaratmaqdan ibarət
idi. Bunun üçün yenə də ana təbiətin
köməyindən, onun təklif etdiyi materiallardan istifadə
edilmişdi. Həm də tikintiyə müəyyən forma
verilməsinə başlanmışdı. Tikinti
materialında ciddi bir dəyişiklik baş vermirdi.
Assuriyadakı məbədlərin hamısı çiy kərpiclə
tikilmişdi.
Arxitektura növləri
Tikintininin inkişafı və miqyası, iqisadi vəziyyətdən çox
asılı idi. İqtisadi təzyiq, konservatizmin
başlıca mənbəyinə çevrilirdi. Ona görə
də, adamlar öz tələblərini azaltmağa məcbur
olurdular. Min illər keçsə də, həmin prinsip öz
təsirini göstərməkdə davam edir. Varlı mədəniyyətlərdə
iqtisadiyyat və adətlər imkan verirdi ki, arxitekturada
sanitariyaya, işıqlanmaya və binanı isitməyə daha
çox diqqət verilsin.
Ev tikmə növündən sonra "hakimiyyət"
arxitekturası meydana gəldi. Demək olar ki, hər bir
sivilizasiyada cəmiyyət özünün az sayda üzvlərini
təmsil edən, həm də icmanın resurslarından səmərəli
və düzgün istifadə edilməsi üçün
müxtəlif hakimiyyət növləri yaradırdı. Bu
azlıq iqtisadi, dini və ya sinfi fərqlərdən meydana gəlirdi.
"Hakimiyyət" arxitekturası nümayişkaranə
sayılan mürəkkəb funksiyaları yerinə yetirə
bilərdi.
Arxitektura tarixinə müxtəlif tiplərdə olan
dini tikililər daxil idi. Kilsə
binaları daha çox nəzərə çarpan olurdu.
Mesopotamiyanın ilkin şəhərləri dini məbədlərin
nisbətən möhtəşəmliyi ilə seçilirdi.
Məbədlər və kilsələr ibadət və dua
üçün olan yer kimi nəzərdə tutulurdu. Misirdə
və Hindistanda onlar ilahi qüvvələrin iqamətgahı
rolunu oynayırdı. Buddist stupalarında belə yer olmurdu,
ibadət stupanın ətrafında icra edilirdi.
Sonralar matəm mərasimləri geniş
yayıldı. Matəm arxitekturası cəmiyyətin,
ömür başa çatdıqdan sonrakı
yaşayışın davam edəcəyinə olan
inamından irəli gəlirdi. Monumental qəbirlər qədim
Misirdə faraonların o dünyadakı həyatının
davam etməsi üçün ağır zəhmət və
xərc hesabına tikilən piramidalar şəklindəki,
ellinistik Yunanıstanında isə, dünyanın sonrakı
mavzoley tikintilərinə yol açan Halikarnasdakı,
arvadının ölən ərinin şərəfinə
tikdirdiyi Mavsolun qəbri və ya Hindistanın Aqra şəhərindəki
şah Cahanın sevimli arvadı Mümtaz Mahalın xatirəsinə
həsr etdiyi Tac Mahal kimi nümunələrə malikdir.
Hökumətin təməl funksiyaları
üçün, daha sonra cəmiyyətlərin
hamısından ötəri vacib olan inzibati, qanunvericilik və
məhkəmə binaları meydana gəldi.
Əyləncə arxitekturası isə çox
saydakı fəaliyyətlər üçün vacib idi.
Onlara teatr, musiqi, idman yarışları üçün olan
tikililər daxil idi. Sonra muzeylər və kitabxanalar meydana gəldi.
İlk kitabxanalar qədim Çində və Yaponiyada
yaranmışdı. Qədim Misirdə olan Aleksandriya
kitabxanası çox məşhur idi. Onun
yandırılmasına ilk dəfə Roma sərkərdəsi
Yuli Sezar, ondan yeddi əsr sonra isə Misiri işğal edən
İslam dövlətinin xəlifəsi Ömər səbəb
olmuşdu. İlkin nümunələr həmçinin
ellinistik şəhər olan Perqamın akropolunda və roman
Efesində (müasir Türkiyədəki Efes şəhəri)
tapılmışdır. Orta əsrlərdə isə ərəblər
İspaniyadakı yeni islam xilafətinin paytaxtı olan
Kordobada, Avropada ilk sayılan böyük kitabxana
yaratmışdılar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.22.