Van Qoq işığının
izində
Dünya mədəniyyət və incəsənət
tarixinə damğa vuran, ömrünün son iki ilinə əsrlər
boyu danışılacaq hekayə sığdıran, həyatı
hələ də çoxları üçün sirr olaraq
qalan, "sarı rəng" deyəndə ağıla ilk gələn,
ölümündən öncə dəli, ölümündən
sonra dahiyə çevrilən Van Qoqdan bəhs edəcəyəm.
Sağlığında yalnız bir əsərini sata
bilən dünya şöhrətli niderlandlı rəssam
qulağını kəsməyi, başında şüşə
sındırmağı, intihar cəhdləri ilə də həmişə
diqqət çəkib.
Düzdür, Qoqun qulağını onunla bir evdə
yaşayan yaxın dostu Pol Qoqenlə yaşadığı
münaqişə vaxtı itirdiyi versiyası da var. Səbəb
isə hər iki rəssamın sevdiyi həyat qadını
olub.
Bir başqa versiyada isə rəssamın
qardaşına çox düşkün olduğu və onu
evlənməkdən vaz keçirmək məqsədi ilə
qulağını kəsdiyi deyilir. Bu versiyanı absurd qəbul
edirəm. Dəfələrlə oxuduğum, bütün
hüceyrələrimə hopan "Teoya məktublar"
kitabındakı hər sətir belə bir şeyin
mümkün olmayacağını açıq-aşkar isbat
edir.
Nəinki evliliyinə mane olmaq, Qoq,
qardaşının övladının doğulacağı xəbərini
alanda içində badam çiçəkləri kimi hisslər
açmışdı. Elə məşhur "Badam
çiçəkləri" əsərini də Teonun
oğluna həsr etmişdi. Hətta körpənin vəftiz
atası idi və balacaya öz adını qoymuşdu. Ona
görə də, "dost" versiyası daha
ağılabatan görünür.
Onsuz da, Van Qoq əsərləriylə olduğu kimi, həyat
tərzi, seçimləri, həyata baxışı və
çılğın fikirləri ilə hamıdan fərqlənirdi.
Yalnız bir neçə adam Vinsentin sağlığında
nə qədər böyük və istedadlı olduğunun fərqinə
varmışdı. Onlardan biri də yatdığı xəstəxananın
baş həkimi idi. Buna baxmayaraq, yaşadığı
dövrdə sadəcə bir əsərinin satılmasına
müvəffəq olmuşdu. Aldığı pulla da Paris
yaxınlığındakı psixiatrik xəstəxanaya yerləşmiş,
iki ay ərzində 80-dən artıq rəsm çəkmişdi.
Ömrü boyu Teoya möhtac olur və həmişə
kasıb həyat yaşayır. Ancaq işə bax ki,
öldükdən sonra çəkdiyi hər bir əsər sərvət
dəyərindədir. Nə böyük irniyadır, elə
deyilmi?
Rəqəmsal Təcrübə Mərkəzində
Van Qoq
Van Qoqun əsərlərini çox sevirəm. Amma
heç nəyi və heç kimi idrak və dərk etmədən
sevə bilmirəm. Van Qoqu idrakım "Teoya məktublar"
kitabı ilə başladı. Oxuduğum hər sətir
qarşısında haldan-hala, təbdən-təbə
düşürəm hər dəfə. Nə vaxt həyatla
bağlı çaxnaşmalarım başlasa, qaçıb
bu kitaba sarılıram. Ona görə də, mənim
üçün Van Qoq bir rəssamdan daha artıqdır.
Təbii ki, harada Van Qoq adı görsəm, tez oraya
can atıram. Bir neçə gün öncə böyük həyəcanla,
sevgi və sevinclə İstanbul Böyük Şəhər
Bələdiyyəsinə bağlı Rəqəmsal Təcrübə
Mərkəzinə üz tutdum. Çünki Van Qoq burada idi.
Qoqun dünyaya yayılan mirası burada texnologiya ilə
birləşdiriblər və "Van Qoq:
İşığın izində" adlı sərgi
açıblar.Muzeyin müasir texnologiya ilə zənginləşdirilmiş
salonlarında, Van Qoqun dünyasını süni intellekt,
virtual və artırılmış reallıq tətbiqləri,
interaktiv proqnozlar və sayta
uyğunlaşdırılmış qurğularla
canlandırıblar. Burada ziyarətçilərə sadəcə
sərgi deyil, sənətçinin daxili dünyasına
addım atmaq imkanı yaradılır. Məkanın fərqli
nöqtələrində yerləşdirilmiş səhnələr,
izləyənləri Van Qoqun şüuraltındakı
çaxnaşmalarından başlayaraq, gənclik illərinə,
günəşi qovaladığı yaradıcı dönəmlərə,
Sen-Remidəki xəstəxanada otağının pəncərəsindən
açılan sonsuz mənzərələrə aparır.
Sarı rəngin qaynarlığı, təbiətin
canlılığı, qaranlıq anlarda belə ən parlaq rənglərlə
qurulan möhkəm əlaqələr, məkanın rəqəmsal
toxunuşları ilə yenidən işıldayır.
İlklər...
Mərkəzdə ümumilikdə 13 əsər sərgilənir.
Əsərlərin texnoloji olaraq ərsəyə gəlməyində
yerli və əcnəbi sənətçilər birlikdə
işləyiblər. Əsərlərdən üçü
ilk dəfə sərgilənir. Fahad Rehman və Vergili
Manqiavillano tərəfindən 2012-ci ildə qurulan "VR
Future" şirkətinin hazırladığı və
birincisi Parisdə, ikincisi İstanbulda açılan bu əfsanəvi
rəqəmsal sərgi ilk dəfə Van Qoqun 13 əsərini
eyni anda və eyni yerdə sərgiləməyə müvəffəq
olub. Sütlücədə yerləşən Rəqəmsal
Təcrübə Mərkəzindəki bu sehrli sərgidə
rəssamın rənglərlə əhatələnmiş
dünyası görənləri tilsimləyir. Bilirsiniz, bəzi
sərgilərdə əsərlərin önündən
ötüb keçirlər, amma buradakı ziyarətçilərin
belə imkanı yoxdur, onlarla əsərlərin içinə
qarışır və bütünləşirlər.
Çünki texnologiya bunun üçün geniş imkan
yaradır. Burada sərgilənən əsərlər Qoqun ən
müxtəlif dönəmlərinə şahidlik edir.
Dörd otaq, dörd min macəra...
Sərgi dörd müxtəlif tematik otaqdan və rəqəmsal
dəhlizdən ibarətdir.
Onlardan biri "Rəqəmsal otaq"dır. Burada Van
Qoqun həyat hekayəsi, əsərlərinin ardındakı
məktublar, ziyarətçilər üçün xüsusi
hazırlanmış interaktiv təcrübələrlə
xronoloji axıcılıq təqdim edir. Bu otağın ən
çox maraq görən nöqtəsi hərəkət
sensorları olan "duyğusal axış"
divarıdır.
İkinci otaq isə "Virtual Reallıq"
otağıdır. "Van Qoqun Palitrası" ziyarətçilərə
virtual reallıq eynəklərindən istifadə edərək
rəssamın karyerasının kritik dövrlərindən
yaratdığı əsərləri kəşfetməyə,
daha doğrusu, içinə daxil olmağa imkan verir.
Növbəti "İmmersiv Təcrübə"
otağıdır. Buradakı rəqəmsal səyahət,
Qoqun şüuraltına, karyerasının əvvəlindən
Fransanın günəş şüalarına, cənuba qədər
uzanır. Sərgilənən əsərləri klassik bəstəkarlar
Bax, Vivaldi, Debüssinin əsərləri müşayiət
edir.
"Artırılmış Reallıq" isə
dördüncü otaqdır. Van Qoqun 2000-dən çox əsərinin
təhlil edildiyi və süni intellekt alqoritmləri ilə
çoxaldığı bu bölmədə rəssamın
orijinal tabloları təqdim olunur.
Rəqəmsal dəhliz isə daha zəngindir. Ziyarətçilər
dəhlizdə hərəkətə cavab verən səthlər
və interaktiv oyun sahələri ilə Van Qoqun rənglərinin
toxunduğu məkanda səyahətlərini tamamlayırlar.
Rəqəmsal Təcrübə Mərkəzi,
2026-cı ilin fevral ayına qədər əfsanəvi rəssamın
dünyasına dəvət edir hər kəsi. Çünki
bu dünyada sənətçinin həyat hekayəsi, ruh
halı, əsərləri rəqəmsal sənət
axımları ilə işlənərək interaktiv təcrübə
ilə qüsursuz şəkildə təqdim edilir.
Yeri gəlmişkən, Rəqəmsal Təcrübə
mərkəzinin yaradılma tarixi çox yenidir. Hətta ilk sərgi
2024-cü ildə "Tesla" adı ilə başlayıb.
Van Qoq sayca üçüncü sərgidir. Hətta deyərdim
ki, ən böyük sərgidir.
Kapitalizmin sənətin üstünə
çıxma cəhdi
Bilənlər bilir, mütəmadi olaraq İstanbulda
möhtəşəm sərgilər təşkil olunur, şəhərin
hər küncü, bucağı sərgi məkanlarıdır.
Hələ sentyabrın sonunda daha böyük sərgilər
təşkil ediləcək. Çünki İstanbul Bienalı on səkkizinci
dəfə qapılarını açacaq. Düzü, bəzi
böyük sərgilər artıq işi biznesə
bağlayıb. Hal belə olunca, sənətin bazar sisteminə
çevrilməsi bir az anormal gəlir adama. Məsələn,
Tərsanədə açılacaq sərgi adətən 3 və
ya 4 gün davam edir. Baxırsan ki, burada hər il kapitalizm sənətin
üstünə bir addım daha çıxır. Banklar,
tikinti şirkətləri, yemək markaları, müxtəlif
brendlər bu sərgilərə xidmət üçün
qatılır, nəticədə qiymətlər kəlləçarxa
qalxır. Açığı, ötən ilə qədər
dörd gözlə gözləyirdim İstanbul Bienalın
açılış gününü. Artıq Bienalla birlikdə
başlayan digər sərgilərin tarixini təqib edirəm.
Düşünürəm ki, sənətlə kapitalizm eyni tərəzidə
ola bilməz. Çünki sənət ruhu ifadə etmək,
daxili dünyanın xaricə yansımasıdır, kapitalizm
isə tamamilə xeyir əldə etmək deməkdir.
Kapitalizm qısa müddətli planlar üzərində
qurulur, sənət isə illəri, əsrləri
aşır. Dəyəri zamanlar daha da çoxalır Van Qoq
kimi, bəzən isə bixəbər qalınır. Kapitalizm
hər şeyi bazar qiyməti ilə ölçür, sənət
isə yaddaş, ruh, estetika, bəzən isə üsyanla ayaqlana
bilir. Əlbəttə ki, sənətin təqdimatında,
tanınmasında kapitalizmin rolu danılmazdır. Amma eyni tərəzidə
olmaqları mümkünsüzdür.
Reklam yoxdur, maraq var
Rəqəmsal sərgiyə gəldikdə isə...
baxan kimi anlayırsan ki, Van Qoq sərgisinin təşkili ciddi əməyin
nəticəsidir. Hardasa dörd aydır gecə-gündüz
çalışıblar bu işi ərsəyə gətirmək
üçün. Sərginin ən böyük
üstünlüyü yerli sənətçilərlə əcnəbi
sənətçilərin bu işdə birlikdə
çalışmasıdır. Divarlarda Qoq tabloları
haqqında məlumat verən yazılar, pazl oyunları,
kağız üzərində boyama etmək üçün
masalar, uşaqlar üçün oyun mərkəzi belə
düşünülüb. Heç bir reklam, marka yoxdur,
insanlar isə axın-axın gəlirlər. Qapıdakı
uzun ziyarətçi sıraları adamın başını
gicəlləndirir. Açılandan qapanana qədər bu, belə
davam edir.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.21.