Böyük bəstəkarın həyat
yoluna bir nəzər
Müslüm Maqomayev -
140
Müslüm Maqomayevin mədəniyyət tariximizdə
bəstəkar, dirijor, pedaqoq kimi xüsusi yer var. Əslən
Qax rayonunun İlisu kəndindən olan
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 18
sentyabr 1885-ci ildə Şimali Qafqazın Terek vilayətindəki
Qroznı şəhərində dəmirçi ailəsində
dünyaya gəlib. Əvvəl Qroznıda, sonra isə Qori
müəllimlər seminariyasında təhsil alıb.
Seminariyada Üzeyir Hacıbəyli ilə tanış olub, bu
tanışlıq sonralar dostluğa, yaxın qohumluğa
çevrilib - hər ikisi Terequlova bacıları ilə evlənib.
M.Maqomayev hələ tələbəlik illərində
skripkada, qaboyda ifa etməyi, dirijorluğu öyrənib.
Seminariyadan məzun olduqdan sonra təyinat üzrə
1904-cü ildə Şimali Qafqazda, 1905-ci ildə Lənkəranda
müəllimlik etməyə başlayıb. 1909-cu ildə
Tiflis Pedaqoji İnstitutunda imtahan verərək şəhər
məktəblərində müəllimlik hüququ alandan
sonra 1911-ci ildə Bakıya köçüb, şəhər
kollecində işə düzəlib.
Azərbaycan Dövlət Tarix Arxivində qorunan
"Bakı-Dağıstan xalq məktəblərinin rəhbərliyi"
fondunun "Müslüm Maqomayevin xidməti haqqında şəxsi
işi" adlı saxlanma vahidində onun 1914-1919-cu illərdəki
əmək fəaliyyəti barədə qeydlər var.
Sabunçudakı şəhər məktəbindən
Alekseyevsk məktəbinə yerdəyişmə
üçün yazılan rəy və yazışmalar
Maqomayevin təhsil dairəsində müəllim kimi
böyük nüfuza malik olmasını təsdiqləyir.
Daha bir maraqlı sənəd 16 yanvar 1919-cu ildə Azərbaycan
Cümhuriyyətinin xalq təhsili naziri Nəsib bəy Yusifbəyli
tərəfindən verilən əmrin surətidir. Əmrdə
deyilir ki, 3-cü Ali-ibtidai məktəbin müəllimi
Əbdülmüslüm Maqomayev 1-ci Ali-ibtidai məktəbin
inspektoru təyin edilsin (f.309, siy.2, sax.vah.46, vərəq 8).
Bundan əlavə, 1917-1918-ci illərə dair
"Ali-ibtidai məktəblərin proqramı ilə özəl
kursların rəhbəri Əbdülmüslüm Maqomayevlə
kursların müstəqil özəl ali-ibtidai məktəbə
çevrilməsi haqqında yazışmalar" adlı
saxlama vahidində yaradılan kursların fəaliyyətinə
icazə alınması üçün yazılan müraciətlərdən
bəhs edilir (f.309, siy.1, sax.vah.1261, vərəq 1-4).
1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil
İşçiləri Birliyinin sədri, 1921-ci ildə Xalq Təhsil
Komissarlığının incəsənət şöbəsinin
müdiri seçilir. Sonralar Azərbaycan Dram Teatrının bədii
rəhbəri, Azərbaycan Dövlət Opera və Balet
Teatrının baş dirijoru, 1929-cu ildən isə Azərbaycan
Dövlət Radiosu Komitəsində musiqi şöbəsinin
müdiri təyin edilir.
M.Maqomayev on beşə yaxın simfonik əsərin, o
cümlədən iki opera, marşlar və bir neçə
rapsodiyanın müəllifidir. "Nərgiz" operası
klassik musiqi və səhnə forması üzərində
qurulmuş Avropa üslublu ilk Azərbaycan operası
sayılır.
Bəstəkar həm də geniş kütlə
arasında yayılmış, rəğbətlə dinlənilən
bir çox mahnıların müəllifidir. O, Cəlil Məmmədquluzadənin
"Ölülər", Cəfər Cabbarlının
"1905-ci ildə" tamaşalarına musiqi bəstələyib.
Üç yüzdən artıq Azərbaycan xalq mahnı və
rəqslərinin simfonik işlənməsi də M.Maqomayevə
aiddir. Təəssüf ki, müəyyən səbəblər
üzündən "Sevgi" operasını, "Dəli
Muxtar" baletini və "Xoruz bəy" musiqili
komediyasını bitirə bilməyib.
Əməkdar incəsənət xadimi (1936) fəxri
adına layiq görülən bəstəkar,
ömrünün 52-ci ilini tamamlamağa az qalmış - 28
iyul 1937-ci ildə Nalçik şəhərində
dünyasını dəyişib, Bakıda - Fəxri xiyabanda
dəfn edilib.
Bəstəkarın vəfatının beşinci ilində
doğulan nəvəsinə onun adı verilib. İllər
sonra nəvə Müslüm Maqomayev görkəmli Azərbaycan-sovet
opera və estrada müğənnisi olaraq şöhrət
qazandı.
Dahi Üzeyir Hacıbəyli ilə yanaşı,
Müslüm Maqomayevin də doğum günü olan 18 sentyabr
ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir. Hər
il bu musiqi bayramında xalqın qəlbində onun da unudulmaz
xatirəsi təzələnir.
Rövşən YERFİ
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.20.