"Necə çıxar
qaranlıqlar aydınlığa?!"
Esse
"Dəyirman", "Şeytan",
"Köç" kimi məşhur əsərlər
yazmış yazıçı Mövlud
Süleymanlının çox sevdiyim kiçik bir hekayəsi
var: "Yanğın".
Hadisələrin Sovet dövründə, hər
hansısa bir kənddə baş verdiyi bu hekayədə
Xıdır adlı şəxs kənddə mağaza işlədir,
lakin işinə bacardığı qədər haram
qatır. Yazıçının özü demişkən:
"Qənd alırlar, qənddən kəsir, yağ
alırlar, yağdan kəsir".
Və bu üsullarla varlanan Xıdır getdikcə
harınlaşır, harınlaşdıqca da kənd
camaatına yuxarıdan aşağı baxır.
Günlərin bir günü, öz həyətində
qonşulara acıq verə-verə kabab bişirəndə necə
olursa külək qalxır, alov ətrafa yayılır və
Xıdırın evinin yanmasının
qarşısını heç cür almaq olmur.
Açığı, heç yanğının
qarşısını almağa tələsənləri də
görmürük hekayədə. Ev tamamilə yanıb
kül olur.
Həmin günün səhəri Xıdır
ayaqlarını sürüyə-sürüyə
mağazanı açır, yenə də əvvəlki kimi
"qənd alırlar qənddən kəsir, yağ
alırlar yağdan kəsir".
Bunu görən kənd camaatı yenə də
Xıdıra heç nə demir. Düşünürlər
ki, Xıdır yenə işləməli, qazanmalı, ev tikməlidir.
Dəfələrlə oxuduğum bu hekayə cəmi
bir neçə səhifə olsa da, sətirlərində,
cümlələrində daşıdığı məna bəlkə
də bir kitabxanaya sığmayacaq qədərdi.
I KADR: SƏSSİZ, SAKİTCƏ
İndiki Vyetnamın cənub hissəsində
1955-1975-ci illərdə mövcud olmuş Cənubi Vyetnamın
prezidenti (1955-1963) Nqo Dinh Diemin hakimiyyət illəri müxtəlif
təzyiqlərlə yadda qalıb. Bu təzyiqlər əsasən
buddistlərə və siyasi müxalifətə qarşı
idi. Prezident özü katolik idi və əhalinin böyük
bir hissəsini təşkil edən buddistləri sevmirdi. O,
buddizm bayraqlarının dalğalanmasını
yasaqlamış, yalnız katolik bayraqlarının
dalğalanmasına icazə vermişdi.
8 may 1963-cü ildə Hue şəhərində
buddizm bayrağının qadağan olunmasına etiraz edən
9 silahsız buddist polis və ordu tərəfindən
öldürüldü. Bu hadisə Cənubi Vyetnamda
"Buddist krizi"nin başlanmasına səbəb oldu.
Həmin kriz zamanı nələrin baş verdiyini
geniş yazmayacam. Bu haqda internetdə rahatlıqla xeyli məlumat
tapmaq olar. Ona görə də çox vaxtınızı
almaq istəmirəm.
Buddist keşiş Thiç Quanq Duk Cənubi Vyetnamda
buddistlərə qarşı olan zülmə etiraz əlaməti
olaraq özünü yandıranda 67 yaşında idi. Paytaxt
Sayqon şəhərinin insanlarla dolu mərkəzi
küçələrindən birində tələbələri
ilə birlikdə maşından düşdü və yerdə
oturdu. Tələbələrindən birinin əlində
benzinlə dolu bidon var idi və yerdə oturan keşiş
Thiç Quanq Duk həmin benzinin üzərinə
tökülməsini istədi. Tələbəsi onun istəyini
həyata keçidi. Bir azdan keşiş yanmağa
başladı.
Həmin hadisənin şahidləri öz xatirələrində
bildirirlər ki, alov içində qalan keşiş Thiç
Quanq Duk qətiyyən tərpənməmiş və səs
çıxarmamışdı.
Bəs sonra nə oldu?
Bu hadisədən təxminən 5 ay sonra prezident Nqo
Dinh Diem sui-qəsd nəticəsində
öldürüldü.
II KADR: PİLLƏKƏNDƏ ÜÇ ŞAİR
Zamanda sürətlə addımlayaraq 30 il sonraya, 2
iyul 1993-cü ilə gəlirik. Türkiyənin Sivas şəhərinə.
Pir Sultan Abdal Mədəniyyət Dərnəyi tərəfindən
təşkil edilmiş Pir Sultan Abdal şənliklərinin
keçirildiyi Sivasın xeyli qonağı var idi. Bu qonaqlar
şairlər, yazıçılar, sənət adamları
idilər. Fəxri qonaq isə, 77 yaşlı məşhur
yazıçı Əziz Nesin idi. Hansı ki, həmin ərəfədə
Əziz Nesin hind əsilli Amerika yazıçısı Salman
Rüşdinin İslam dini və onun müqəddəsləri
haqqında xoşagəlməz ifadələr işlətdiyi
qalmaqallı romanı "Şeytan ayələri"ni
türk dilinə tərcümə etmiş, qatı
dindarların nifrətini qazanmışdı.
Və 2 iyul 1993-cü ildə Sivasda açıq məkanda
oxucular üçün kitab imzalayan Əziz Nesin gözlənilmədən
qatı dindarların hücumuna məruz qalır. Bir neçə
nəfərin köməyi ilə "Madımak oteli"nə
gedən yazıçı Sivasa gəlmiş onlarla qonaqla
birlikdə orada gözləmək məcburiyyətində
qalır. Amma yazıçıya əsəbiləşənlərin,
"Şeytan Əziz!", "Sivas Əzizə məzar
olacaq!", "Müsəlman Türkiyə!",
"Yaşasın şəriət!" şüarları ilə
qışqıranların sayı azalmır, əksinə,
sanki əvvəlcədən planlanmış şəkildə
daha da artır.
Səslənən şüarlar bəs etmir,
qonaqların sığındığı otelə tərəf
daşlar atılır və atılan daşlar pəncərə
şüşələrini çilik-çilik edir.
Əziz Nesin Ankaraya, Baş nazirin müavini Erdal
İnönüyə zəng vuraraq "Bizi xilas edin!"
deyir. İnönü cavabında "narahat olmayın! - deyir,
- lazım olanı edəcəyik!"
Lakin bir azdan yazıçı Əziz Nesinə
ölüm arzulayanlar onun və digər qonaqların
sığındığı Madımak otelini
yandırırlar.
Həmin yanğında 33 qonaq və 2 otel işçisi
yanaraq və ya tüstüdən boğularaq vəfat edirlər.
Əziz Nesin isə yanğınsöndürənlərin
köməyi ilə xilas edilir. Xilas edilərkən bir
yanğınsöndürən tərəfindən
ağır şəkildə döyülür.
Sonralar televiziya çıxışlarında
yazıçı yanğının qarşısının
vaxtında alına biləcəyini, dövlət
qurumlarının, polislərin, əsgərlərin hadisəyə
laqeyd yanaşdıqlarını dəfələrlə
vurğulayacaqdı.
Şəkildə otelə
sığınıb xilas edilmələrini gözləyən
3 şairi görürük: Metin Altıok, Uğur Kaynar və
Behçet Aysan. Bu üç şair haqqında internetdə
kiçik bir araşdırma aparsanız, ikisinin ölüm
tarixinin eyni olduğunu görəcəksiniz: 3 iyul 1993. Metin
Altıok isə, 6 gündən sonra - 9 iyulda xəstəxanada
gözlərini əbədi yumur.
Yazımıza Mövlud Süleymanlının bir hekayəsində
yanan evlə başlamışdıq, Metin Altıokun bir bənd
şeiri ilə bitirək:
dayanmadan ovuclarım tərləyir
arxamca inildəyir
girib-çıxdığım qapılar
ürəyim ağrıyır
gecikir gözlədiyim qatar
bir-bir uzaqlaşır sevdiyim insanlar
nə vaxt bir dostumun evinə getsəm -
evdə yoxdular!
Bizi
FURQAN
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.20.