Səssiz yalqızlığın
maskası
Esse
Müasir dövrün sürətlə inkişaf edən
texnologiyası və artan sosial əlaqələrə
baxmayaraq, insanların əksəriyyəti heç
olmadığı qədər tək hiss edir. İnsanın
gündəlik qaydalara uyğun, eyni ritmlə yaşaması -
səhər oyanmaq, eyni marşrutla işə getmək,
tanımadığı insanlarla mexaniki münasibətlər
qurmaq və axşam evə qayıdaraq səssizlik içində
günü bitirmək - tədricən onu içində
yaşadığı reallıqdan uzaqlaşdırır. Bu
cür monoton həyat tərzi ilk baxışda sakitlik və
sabitlik təəssüratı yaratsa da, əslində insan
psixologiyasında dərin bir boşluq və mənasızlıq
hissi formalaşdırır.
Yalqızlıq sadəcə fiziki olaraq tək qalmaq
deyil. Ən böyük yalqızlıq insanın öz hisslərini,
düşüncələrini, arzularını ifadə edə
bilmədiyi və ya kiminsə onu həqiqətən
anladığına inanmadığı zaman ortaya
çıxır. Bu cür emosional tənhalıq, xüsusilə
eyni həyat dövrünü təkrar-təkrar yaşayan fərdlərdə
özünü daha kəskin göstərir. Zaman keçdikcə
insan hisslərini boğur, daha az danışır, daha
çox susur və yavaş-yavaş daxilindəki "mən"i
itirir.
Monotonluq içində formalaşan bu səssiz
yalqızlıq, çox vaxt maskalanır. İnsanlar üzlərinə
təbəssüm taxır, sosial rollara bürünür və
sanki hər şey qaydasındaymış kimi davranırlar.
Amma bu süni davranışların arxasında dərin bir
yorğunluq, anlaşılmamaq qorxusu və əlaqə qurmaqda
çətinlik yatır.
2004-cü ildə uruqvaylı rejissorlar Xuan Pablo Rebella
və Pablo Stoll tərəfindən çəkilən
"Viski" (Whisky) filmi sadəliyin arxasında gizlənən
dərin psixoloji qatları ilə tamaşaçını
sarsıdan bir sənət nümunəsidir. Film, gündəlik
həyatın təkrarçılığı və səssizcə
yaşanan yalqızlığın insan xarakterini necə dəyişdirdiyini
ustalıqla nümayiş etdirir. Çox danışmayan
personajlar, səssiz səhnələr və ağır ritm -
"Viski" sanki zamanın donduğu, duyğuların isə
gizləndiyi bir dünyanı canlandırır.
Filmin əsas qəhrəmanı Yakobo, Montevideoda bir
corab fabrikinin sahibidir. Onun həyatı nizamlı, amma ruhsuzdur.
Gündəlik iş rejimi, dəyişməyən vərdişlər
və insanlarla minimal ünsiyyət - bu, onun həyat fəlsəfəsidir.
Qardaşı Hermanın şəhərə gəlməsi ilə
Yakobo, işçisi Marta ilə "evlilik oyununun"
planını qurur. Bu qərar həm absurd, həm də filmi
gözardı edə bilməyəcəyimiz bir həqiqətə
bağlayır.
Burada film bizə ilk ipucunu verir: İnsan, daxili
boşluğu başqalarının gözündə
"normal" (amma normal olan nədir?) görünməklə
doldurmağa çalışır. Yakobo həyatının
nə qədər boş və tənhalıq içində
olduğunu bilsə də, bunu aşkar göstərmək istəmir.
Əvəzində bir maska taxır - Marta ilə saxta
münasibət quraraq özünə və başqasına
yalan danışır.
"Viski" yalqızlığın insan ruhunda
yaratdığı təzyiqi göstərməkdə fövqəladə
dərəcədə real və kəskin yanaşır.
Yalqızlıq bu filmdə sadəcə fiziki deyil, eyni zamanda
emosional bir vəziyyətdir. Yakobo ilə Marta bir-birinin
yanında olsalar da, əslində hər ikisi tamamilə təkdir.
Onlar bir-birilə danışmadan, sadəcə
varlıqları ilə bir yoldaşlıq qurmağa
çalışırlar. Bu isə insanın
psixologiyasında qorunma mexanizmi kimi çıxış edir:
Duyğuları gizlət, maskalan, sus - bəlkə belə daha
az ağrıdacaq.
Yakobonun təkliyini anlayan tamaşaçı onu
mühakimə etməkdənsə, yazığı gəlir.
O, əslində sevmək istəyir, amma necə seviləcəyini
və ya sevgini necə göstərəcəyini bilmir. O,
daxili çatışmazlığını susqunluqla
ört-basdır edir. Bu isə bir çox real insanın
yaşadığı bir psixoloji haldır - içindəki
boşluğu tanımamaq üçün sosial maskalar taxmaq.
Filmdə Marta xarici dünyaya sakit, bəlkə də
bir qədər donuq görünür. Amma onun daxili
dünyası filmin irəliləməsi ilə daha aydın
görünür. Onun varlığı Yakobo
üçün bir ümid işığı olsa da, Marta da
öz növbəsində həyatın ona verdiyi rolun
içində boğulur. Final səhnəsində Marta qəfildən
yox olur - nə bir açıqlama, nə bir vida. Bu yoxluq,
filmin ən güclü metaforlarından biridir: İnsan bəzən
o qədər uzun müddət maska taxır ki, kim olduğunu
unudur və nəticədə yox olur - həm başqaları
üçün, həm də özü üçün.
Filmin adının "Viski" olması belə təsadüfi
deyil. Bu söz, filmdə birgə foto çəkdirərkən
insanların gülümsəməsi üçün deyilir -
süni bir sevinc yaratmaq üçün. Bu, filmin ana
ideyasını əks etdirən simvoldur: Saxta
gülüşlər, süni münasibətlər və səssiz
fəryadlar. İnsanın sosial ehtiyaclara uyğun yaşamaq
üçün özünü necə dəyişdirdiyini və
əslində kim olduğunu necə gizlətdiyini göstərir.
Viski yüksək səslə danışmadan, dramatik
səhnələrə ehtiyac duymadan insan ruhunun ən
qaranlıq otaqlarını göstərir. Film bizə sadə
bir həqiqəti xatırladır: İnsan yalqızlıqdan
qaçmaq üçün bəzən özünü belə
tanınmaz hala sala bilər. Bu psixoloji vəziyyət təkcə
filmin qəhrəmanlarına deyil, hər birimizə
tanış ola bilər.
Çünki biz də zaman-zaman viski deyərək
süni gülümsəyir, içimizdəki boşluğu
maskalarla örtürük. Amma bu maskaların arxasında
dayanan səssiz fəryadı eşitmək - həm
özümüz, həm də başqaları
üçün - bəlkə də həyatın ən
böyük cəsarətidir.
Türkiyəli məşhur rejissor Zeki Demirkubuz bu film
haqqında belə deyir: "Filmi festivalların birində izlədim.
Bitəndə öz-özümə dedim ki, bunu kim çəkibsə,
bu psixologiya ilə, bu ruh halıyla yaşaya bilməz. Bir-iki
ay keçmişdi. Qəzetlərdə oxudum ki, filmin müəlliflərindən
biri intihar edib. Həmin gün təzədən izlədim filmi.
Sənət bəzən yaradıcısının
bütün kartlarını açıb masaya qoyur".
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.19.