Çağdaş ailə mühiti:
uşaq nəyin güzgüsüdür?!
Uşaq ilk dəfə gözünü açanda
gördüyü ilk sima anadır. İlk sözünü
atasına, ilk gülüşünü bacısına və
ya qardaşına həsr edir. Bir sözlə, insanın həyatı
ailədən başlayır. Hələ qədim atalar
sözündə deyilirdi: "Uşaq evin
güzgüsüdür". Bu deyim əsrlər boyu Azərbaycan
ailəsinin tərbiyə gücünü ifadə edib.
DÜNƏNİN GÜCÜ, BUGÜNÜN
BOŞLUĞU
Lakin təəssüf ki, müasir dövrdə bu ənənəvi
güc tədricən zəifləyir. Bugünkü uşaqlar
valideynlərin sözü ilə deyil, daha çox telefonun,
televiziyanın, sosial şəbəkələrin "öyüd-nəsihəti"
ilə böyüyürlər. Bir vaxtlar ailə
uşağın ilk məktəbi idisə, indi
çoxları üçün bu məktəb "virtual
dünyadır". Şübhəsiz ki, bu dəyişiklik də
təkcə ailənin yox, bütün cəmiyyətin gələcəyinə
təsir edir.
Əslində ailə hər bir insanın həyatında
ilk məktəbdir. Orada öyrənilən dəyərlər
insanın bütün ömrünü istiqamətləndirir.
Bir övladın ata-ana qarşısında öyrəndiyi sadə
qayğı, sevgi, hörmət hissi gələcəkdə
onun cəmiyyətə münasibətinin də əsası
olur. Azərbaycan ədəbiyyatının böyük
simalarından olan Cəlil Məmmədquluzadənin
"Anamın kitabı" əsəri bu həqiqəti ən
aydın şəkildə ortaya qoyur. Əsərdə ailənin
uşağın düşüncə və mənəviyyat
dünyasına təsiri, valideynin verdiyi ilk dərslərin nə
qədər əhəmiyyətli olduğu göz önünə
gətirilir.
Tarixən Azərbaycan ailəsi uşaq
üçün həm məktəb, həm oyun meydanı, həm
də həyat universiteti olub. Ailənin verdiyi tərbiyə ilə
uşaq böyüyün hörmətini, kiçiyin
qayğısını öyrənirdi. Qonşuluq münasibətlərində
səmimiyyət, qohumluqda bağlılıq, məclislərdə
ədəb - bunların hamısı ailənin öz övladına
öyrətdiyi ilk dərslər idi.
Azərbaycan ədəbiyyatına nəzər salsaq,
görərik ki, ailə mövzusu hər zaman önəmli
olub. Nizami Gəncəvi "Sirlər xəzinəsi"
poemasındakı hekayətlərində, "Yeddi gözəl",
"Leyli və Məcnun" poemalarında valideynin
övladına verdiyi nəsihətləri, ailə dəyərlərinin
insanın taleyindəki rolunu bədii dillə göstərir.
Orada ata sözünün müqəddəsliyi, ailə
bağlarının gücü və insanın mənəvi
bütövlüyü ön plana çəkilir. Bu nümunələr
göstərir ki, klassik dövrlərdə ailə sadəcə
bioloji varlığın davamı deyil, həm də
insanın mənəvi dayağı sayılıb.
Əvvəllər ailə övlada yalnız
çörək verən, onu bəsləyib böyüdən
yer deyildi, həm də mənəviyyat ocağı idi.
Uşaq atasından dözümü və zəhmətkeşliyi,
anasından mərhəməti, nənəsindən fədakarlığı,
babasından təmkini, qeyrəti öyrənirdi. Ailə
bütöv bir tərbiyə sistemi kimi cəmiyyətin əsas
gücü, dayaq nöqtəsi idi. Ancaq təəssüf ki,
zamanla bu güc zəifləyib, bu dayaq laxlamağa
başlayıb. Valideynlər maddi təminatın
qayğısına qalaraq övladla ünsiyyəti arxa plana
keçirirlər. Çox vaxt uşaq ata-anadan daha çox
televiziyadan, internetdən, hətta küçədən
öyrənir. Halbuki ailə ocağında öyrənilməyən
dəyəri sonradan heç bir məktəb və ya institut
tam mənada verə bilmir.
Bugün ailənin tərbiyə funksiyasının zəifləməsinə
bir neçə ciddi amil təsir göstərir. Əvvəla,
zaman və maddiyyat problemi:
Getdikcə artan qayğılar, sürətlə dəyişən
və çətinləşən həyat şərtləri,
maddi sıxıntılar insanların başını işə-gücə
elə qatır ki, onlar nəinki övladlarına, heç
özlərinə belə zaman ayıra bilmirlər. Müasir
valideynlərin çoxu səhərdən axşama qədər
işdə olurlar. Evə qayıtdıqda uşağa vaxt
ayırmaq, onunla söhbət etmək, dərslərinə
kömək etmək imkanları məhdudlaşır. Maddi
problemlər içində yaşayan valideyn çox zaman
övladının mənəvi tərbiyəsinə diqqət
yetirə bilmir. Uşaq isə
boşluğu telefon və internetlə doldurur. Halbuki
uşağın davranışını istiqamətləndirmək
üçün təkcə çörək yox, həm də
vaxt və sevgi lazımdır.
İkincisi, texnologiyanın dominantlığı:
Sosial şəbəkələr, cizgi filmləri,
oyunlar uşaqlar üçün "virtual tərbiyəçi"yə
çevrilib. Uşaq artıq atası ilə deyil, blogerlə
danışır, anasından yox, yutubdan öyrənir. O, daha
nənəsinin nağılları ilə deyil, sosial şəbəkədə
"danışılan nağıllarla"
böyüyür.
Üçüncüsü, ənənəvi dəyərlərin
aşınması:
Bir vaxtlar ailədə öyrədilən
"böyüyə hörmət, kiçiyə mərhəmət"
kimi dəyərlər indi çox zaman kölgədə
qalır. Keçmişin bütün ailəni bir yerə
toplayan yemək süfrələri, birlikdə çay keyfi
indi çox uzaq, hətta bəziləri üçün mənasız
görünür. Çünki cəmiyyətin öz dəyərlər
sistemi dəyişib, qloballaşmanın təsiri ilə yad təsirlər
ailə mühitinə daxil olur.
Digər tərəfdən, miqrasiya və
parçalanmış ailələr:
Minlərlə valideyn iş dalınca ölkə
xaricinə üz tutur, uşaqlar nənə-babanın və
ya digər yaxın qohumların himayəsində qalır. Bəzən
isə ümumiyyətlə uşaqlar kimsənin himayəsi
olmadan özbaşına böyüməyə məcbur
qalır. Əlbəttə, həyatlarının ən önəmli,
yaxşı ilə pisi ayıra bilmədikləri bir dövrdə
bu cür yalnızlıq azyaşlılar üçün
çətin bir mərhələdir. Bu uzaqlıq nəticəsində
də ailənin tərbiyə funksiyası önəmli dərəcədə
zəifləyir.
Başqa bir yöndən, sosial medianın yeni
"müəllimliyi":
Bu gün uşaqlar çox vaxt ailədən deyil,
ekrandan öyrənirlər. Onların qəhrəmanı kənddəki
babası yox, izlədiyi xarici blogerdir. Bu, yeni bir təhlükədir:
uşaqlar yad mədəniyyətlərin, yad
davranışların təsiri ilə formalaşırlar.
Əgər ailə öz rolunu zəiflədərsə,
boşluğu kimin dolduracağı bəllidir - virtual
dünya.
Məsələn, ailənin öyrətmədiyi
hörməti "trend videolar" öyrətməyəcək.
Əksinə, onlar uşağı istehza, bayağılıq,
bəzən də aqressiv davranışlara yönəldəcək.
Bunun nəticəsində biz öz milli kimliyindən, dilindən,
mədəniyyətindən uzaqlaşan bir gənc nəsil
görürük.
MƏKTƏB VƏ AİLƏ: PARALELLİK, YOXSA
ZİDDİYYƏT?
Bəzən valideynlər övladlarının tərbiyəsini
məktəbin üzərinə atırlar. Halbuki məktəb
yalnız bilik verir, tərbiyənin əsasını ailə
qoymalıdır. Axı uşaq ən tez 2 yaşında
bağçaya, 6 yaşında isə məktəbə gedir.
O zamana qədər artıq onun tərbiyəsinin fundamenti
qoyulmuş olur. Bu isə ailənin daxilində baş verir.
Əgər uşaq evdə ədəb öyrənmirsə,
müəllim təkbaşına bunu edə bilməz. Müəllim
və valideyn əməkdaşlıq etməlidir - biri öyrətməli,
digəri möhkəmləndirməlidir. Təəssüf ki,
bu əməkdaşlıq çox zaman baş vermir. Xüsusən,
son vaxtlarda cəmiyyətdə məktəbə, müəllimə
qarşı yaranan gərəksiz və anlamsız aqressiya bu
işi xeyli qəlizləşdirir. Əgər valideyn
övladının yanında "müəllim kimdir?" -
deyərsə, müəllimlə aqressiv danışar, ona
hörmət göstərməzsə, təbii ki, uşaq da
müəlliminə hörmət etməz, onun sözlərini,
verdiyi tərbiyəni ciddiyə almaz. Bu zaman valideynin məktəbdən
tərbiyə tələb etmək haqqı varmı?!
Bir vaxtlar kəndlərdə ailələr axşam
süfrəsi ətrafında toplaşır, gün boyu
baş verənləri danışırdılar. Uşaq bu
söhbətlərdə böyüyün təcrübəsindən
öyrənirdi. İndi isə süfrə başında
hamının əlində telefon var, dialoqu telefon əvəzləyir.
Bu mənzərə tərbiyənin necə zəiflədiyini
göstərən ən sadə nümunədir.
ƏDƏBİYYATDAN HƏYATA
Ailə, onun cəmiyyətdəki mövqeyi ədəbiyyatın
da əsas mövzularından biridir. Dünya ədəbiyyatının
əsas mövzularından olan "atalar və oğullar"
qarşıdurması, ailə tərbiyəsi ilə
yanaşı, cəmiyyətin, dəyişən dəyərlərin
də ailəyə, valideyn-övlad münasibətlərinə
təsirini müxtəlif aspektlərdən göz önünə
sərir.
Ta qədimlərdən Azərbaycan ədəbiyyatında
bu mövzu aktual olub. Yuxarıda adlarını çəkdiklərimizdən
əlavə, müasir ədəbiyyatımız da ailə,
valideyn-övlad münasibətləri mövzusundan yan
keçməyib. İlyas Əfəndiyevin, İsmayıl
Şıxlının, İsa Muğannanın, Anarın,
Elçinin, Mövlud Süleymanlının, Süleyman Rəhimovun
və başqalarının əsərlərinin çoxu məhz
bu mövzulara həsr olunub.
Azərbaycan ədəbiyyatının realist
yazarlarından biri olan İlyas Əfəndiyev əsərlərində
ailə bağlarının sarsılmasını milli faciə
kimi göstərirdi. Onun qəhrəmanları ən çox
ailədə itirdikləri sevgi və qayğını axtarırdılar.
Bu gün də biz eyni mənzərəni görürük -
valideynin uşaqla maraqlanmaması, ailədaxili münasibətlərin
zəifliyi nəticədə bütöv bir nəsildə mənəvi
boşluq yaradır.
Eləcə də dünya ədəbiyyatı ailə
mövzusundan xali deyil. Lev Tolstoyun "Anna Karenina"sında
ailədaxili gərginlik və sevgi məsuliyyətinin itməsinin
uşaqlara vurduğu zərbələr diqqət çəkir.
Əsərdə valideynlər arasındakı münasibətlər
birbaşa uşağın psixoloji vəziyyətinə sirayət
edir. Bu gün də eyni vəziyyət reallıqda
müşahidə olunur - ailədaxili konfliktlər,
boşanmalar, diqqətsizlik uşaqların ruhunda sağalmaz
izlər buraxır.
Çingiz Aytmatovun "Əlvida, Gülsarı" əsərində
isə ailənin, kəndin, ictimai mühitin birlikdə insan tərbiyəsinə
necə təsir etdiyi bədii dillə göstərilir.
Aytmatov təsdiqləyir ki, insanın formalaşmasında təkcə
ailə yox, ümumi mühit də rol oynayır. Amma əsas
baza - yenə də ailədir. Əgər ailə zəifdirsə,
məktəbin, ictimai mühitin də işi çətinləşir.
ÇIXIŞ YOLU VARMI?
Mütəxəssislər deyirlər, vəziyyət nə
qədər ümidsiz görünsə də, təbii ki, hər
bir situasiyadan çıxış yolu var. Ailənin zəifləyən
gücünü bərpa etmək, onun uşaq tərbiyəsindəki
rolunu möhkəmləndirmək də mümkündür,
şübhəsiz. Bunun üçün ilk növbədə
valideyn-uşaq dialoqu sağlamlaşdırılmalıdır.
Uşağı dinləmək, onunla danışmaq, fikir
mübadiləsi aparmaq ailənin gücünü
artırır.
Eyni zamanda, uşaqlar valideynləri ilə birgə vaxt
keçirməli, insan üçün ən dəyərli
varlıq olan zamanını paylaşmalıdır. Kiçik
gəzinti, ailəvi oyun, birlikdə kitab oxumaq kimi fəaliyyətlər
uşağın yaddaşında qalacaq ən dəyərli
anlar olur. Həmçinin, bu sayədə hörmət, mərhəmət,
vicdan, zəhmətkeşlik kimi dəyərlər
uşağa öyrədilir ki, bu da milli kimliyi qoruyur.
Bu gün ən çox gileyləndiyimiz texnologiya da
müəyyən anlarda köməyimizə çata bilər.
Əslində, düzgün, aidiyyəti üzrə istifadə
edilsə, texnologiya heç də pis deyil. Qəbul edək ki,
yaşadığımız zamanın tələblərinə
görə, uşağı tamamilə texnologiyadan ayırmaq
mümkün deyil, amma ailə onu nəzarətlə, faydalı
istiqamətə yönləndirməlidir.
Valideyn və müəllim eyni cəbhədə
olmalı, bir-birini tamamlamalıdır. Öncə valideyn
özü müəllimin, məktəbin övladının
tərbiyəsindəki rolunu və əhəmiyyəti
düzgün anlamalı, ona hörmət qoymağı
bacarmalıdır ki, ilk növbədə, uşaq
üçün düzgün nümunə olsun.
Bu baxımdan medianın və təhsilin də üzərinə
böyük məsuliyyət düşür. Öncə cəmiyyətdə
valideyn maarifləndirilməsi aparılmalı, uşaq
psixologiyası, düzgün tərbiyə üsulları barədə
maarifləndirici proqramların hazırlanmalıdır. Televiziya
və sosial media ailə dəyərlərini təbliğ edən
layihələrə üstünlük verməlidir. Teatr, kino
və ədəbiyyat vasitəsilə ailə
mövzularının daha çox gündəmə gətirilməlidir.
Çünki incəsənət və ədəbiyyat ailə
tərbiyəsinin zəifləməsinə ən güclü
etiraz vasitələridir.
Məktəblərdə isə ədəbiyyat dərsləri
yalnız mətnin öyrənilməsi ilə məhdudlaşmamalı,
həyat dərsləri ilə zənginləşdirilməlidir.
Məsələn, Sabir, Nizami, Cəlil Məmmədquluzadə
nümunələri uşaqlara sadəcə bədii mətn
kimi yox, həyat modeli kimi təqdim olunmalıdır.
Ailə institutunu gücləndirən sosial
proqramların həyata keçirilməsi, valideynlərin
iş saatlarının ailə ilə ünsiyyətə imkan
verəcək şəkildə tənzimlənməsi də,
fikrimcə, bu problemin həllində effektiv nəticə
göstərəcəkdir.
Ailənin uşaq tərbiyəsindəki rolu zəifləyirsə,
deməli, cəmiyyətin gələcəyi də zəifləyir.
Çünki sabahın vətəndaşını,
sabahın ziyalısını, sabahın alim və sənətkarını
öncə ailə formalaşdırır.
Amma bu proses tamamilə geri dönməz deyil. Əksinə,
hər valideyn övladına yalnız maddi yox, həm də mənəvi
sərmayə qoysa, hər ailə evini yenidən tərbiyə
məktəbinə çevirsə, gələcəyin nəsli
daha sağlam böyüyəcək.
Unutmamalıyıq ki, övladına vaxt ayırmayan
valideyn, əslində, onu kiminsə təsirinə təhvil
verir. O "kim" isə çox zaman nə dilimizi, nə adətimizi,
nə də milli kimliyimizi tanıyır.
Deməli, cəmiyyətin güclü gələcəyi
üçün ailənin rolu danılmazdır. Hər ev tərbiyə
məktəbi, hər valideyn müəllim olmalıdır.
Çünki ən böyük məktəb, ən
güclü müəllim hələ də ailədir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 13 sentyabr (№ 165).- S.18.