Rusiyanın Vaşinqton görüşü təlaşı
POLİTOLOQ
ZAUR MƏMMƏDOV: "MOSKVA CƏNUBİ QAFQAZI
İTİRƏCƏYİNDƏN QORXUR"
Rusiya Azərbaycanla
Ermənistan arasında
Vaşinqtonda əldə
edilmiş sülh razılaşmasından dərindən
narahatlıq keçirir.
İlk günlər rəsmilər
tərəfindən nisbətən
müsbət bəyanatlar
verilsə də, artıq Moskva özünün
əsl niyyətini göstərməyə başlayıb.
Bir neçə gün
əvvəl bu ölkənin Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycanla Ermənistan
arasında paraflanmış
sazişə “ehtiyatlı
nikbinliklə” yanaşdığını
bəyan etdi.
Ardınca isə xarici işlər naziri Sergey Lavrov mövzuya
toxunaraq deyib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşma ilə bağlı bir neçə gün ərzində müsbət rəylər
səslənsə də,
sənəd dərc olunandan sonra bütün bu fikirlər skeptik qiymətləndirmələrlə əvəz olundu: “Görünən odur ki, mətndə hər şey razılaşdırılmayıb.
Biz real sülh müqaviləsinin
yekunlaşdırılmasında maraqlıyıq".
Lavrov razılaşdırılmayan
məqamlar və şübhələrin nədən
ibarət olduğuna aydınlıq gətirməyib.
Elə real sülh müqaviləsinin onun təbirincə necə olması məsələsi
də açıq qalıb.
Əslində Vaşinqton
sammitindən keçən
qısa müddət ərzində tərəflər
sülh istiqamətində
bir sıra addımlar atıblar, rəsmilər arasında müəyyən təmaslar
olub, artıq Azərbaycanın şərtlərindən
biri yerinə yetirilib, yəni ATƏT-in
Minsk qrupunun ləğvinə
dair qərar qəbul edilib, sərhədlərin müəyyənləşdirilməsi
üzrə görüş
baş tutub. Proses davam edir, tərəflər
sülhü qorumaqda və irəli aparmaqda qərarlıdırlar.
Görünən odur
ki, Vaşinqton razılaşmalarında
şübhəli heç
nə yoxdur. Bunu dərc edilmiş sənədin mətni də göstərir. Sadəcə
Rusiya Cənubi Qafqazda bütün kartların əlindən çıxmasından, son ümidi
olan Zəngəzur dəhlizinə nəzarət
imkanını da itirməsindən
narahatdır.
İkincisi, 44 günlük
müharibədən keçən
müddət ərzində
Moskva əlində imkanların
olmasına baxmayaraq, sülh üçün heç nə etmədi, prosesi uzatmağa, münaqişə
vəziyyətini saxlamağa,
öz maraqlarını
bölgədə təmin
etməyə çalışdı.
Bununla belə, Lavrov deyib ki, Bakı ilə İrəvan arasında əldə edilmiş Vaşinqton sazişi 2020-2022-ci illərdə
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalardan irəli
gəlib. Rusiyanın oynadığı “rol” bəllidir, sülh bu dövlətin heç vaxt marağında olmayıb.
Qarabağda qurduğu
oyunlar, separatçılara
dəstəyi yaddan çıxmayıb. Prosesə
heç bir töhfəsi olmadığı
halda indi öz rolunu qabartmağa çalışır.
Lavrovun açıqlaması
bir daha onu göstərir ki, Rusiya bölgədə sülhün, sabitliyin, qonşuluq münasibətlərinin
qurulmasında maraqı
deyil, düşmənçilik
səhifəsinin bağlanmasını
istəmir, ona görə də istənilən vasitəyə
əl atır. Elə Qarabağı könüllü tərk etmiş ermənilərlə
bağlı bir sıra cəhdləri, onları himayə etməsi də bu məqsədə hesablanıb. Baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan
dəfələrlə bəyan
edib ki, Qarabağı
tərk etmiş ermənilərin geri qayıtmasını real hesab
etmir. Yəni bu məsələnin qapandığını bildirir.
Mövzunu “525”ə
şərh edən politoloq Zaur Məmmədov deyib ki, artıq erməni məsələsi dünyadakı
bir çox dairələr tərəfindən
Cənubi Qafqazda istifadə edilib. Həmin dairələr öz maraqlarını yerinə yetirmək üçün erməni
zəif toplumundan Cənubi Qafqazda hərbi-siyasi məqsədlər
üçün istifadə
edirdilər və nəticə etibarilə regionda çox ciddi təsir imkanlarına malik idilər: “Həm 1918-20-ci
illərdə, həm
də 1990-cı illərin
əvvəllərində məhz
erməni dövlətinin
yaradılması və
ərazisinin genişləndirilməsi
və Azərbaycanla müharibəsi nəticəsində
bu və ya digər şəkildə
ölkələrin təsir
imkanları genişləndi
və nəticə etibarilə Azərbaycan ciddi şəkildə zəiflədildi. Bu,
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutu ilə nəticələndisə, 90-cı illərin əvvəllərində
faktiki olaraq Azərbaycan dövlətinin
parçalanmasına gətirib
çıxara bilərdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi
və vaxtında çox vacib məqamlarla bağlı müdrik siyasət aparması ona gətirib çıxardı
ki, Cənubi Qafqazda dövr edən erməni məsələsi, Rusiyanın
bölgədə təsir
imkanları ilə bağlı qərarlar qəbul etdi və onların nəticəsində atəşkəs
elan edildi, Azərbaycan vaxt qazandı. Bu gün də biz görürük ki, 2020-ci ildən sonrakı proseslərdə
erməni məsələsinin
süquta uğramasını
istəməyən qüvvələr
var. O cümlədən
də Rusiyada. Çünki onlar qorxurlar ki, Cənubi
Qafqazı itirəcəklər,
hətta Ermənistana
təsir imkanları azalacaq. Belə olan halda biz
müəyyən qısqanclıqların,
incikliklərin və
s. şahidi olmaqdayıq.
Amma məsələ ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında bu gün doğrudan
da ortaq məxrəc var, Paşinyan hakimiyyəti hazırda daha başqa cür düşündüyündən o, Azərbaycanla sülhə
gedir və artıq Vaşinqtonda sülh sazişi paraflanıb. Rusiyanın hansısa məqamlarla bağlı narahatlığı
ola bilər, amma söhbət ondan gedir ki,
ilk növbədə Cənubi Qafqaz ölkələrinin maraqlarını
başa düşmək
lazımdır”.
Politoloq
söyləyib ki, Azərbaycanın öz dövlət marağı
var. Bu ondan
ibarətdir ki, suverenlik, təhlükəsizlik
bərqərar olmalıdır,
erməni məsələsi
bir daha bölgədə olmamalıdır:
“Əgər kimsə erməni məsələsini
yenidən qaytarmaq istəyirsə, bu, təbii ki, onunla Azərbaycan arasında münasibətlərin soyumasına
gətirib çıxaracaq
və burada məsuliyyət Azərbaycanın
üzərinə düşmür.
Əgər kimsə Azərbaycanla Naxçıvan
arasında dəmiyolu
xəttinin açılmasına
skeptik yanaşır və başqa cür düşünürsə,
yenə də burada Azərbaycanın milli maraqlarının qorunmasından söhbət
gedir və onsuz da Zəngəzur
dəhlizi açıqlacaq.
Rusiya
başa düşməlidir
ki, qonşuluqda olan bir çox
digər ölkələrdən
fərqli olaraq Azərbaycanın yanaşması
ondan ibarətdir ki, bölgəyə xarici qüvvə gətirilmədən, bölgə
dövlətləri daha
da suveren olmalıdır və iqtisadi, nəqliyyat layihələrini həyata
keçirməlidirlər. Bu
kontekstdə biz Zəngəzur dəhlizi –
Tramp yolundan Rusiyanın da istifadə etməsinə etiraz etmirik, əksinə, xüsusilə
Rusiyanın Yaxın Şərqə giriş və çıxışı
üçün bu yoldan bu və
ya digər şəkildə istifadə
edilə bilər”.
Z.Məmmədov
əlavə edib ki, əgər indi Ermənistan hökuməti Zəngəzur
dəhlizi ilə bağlı ABŞ şirkətilə
və dövlət rəsmiləri ilə anlaşırsa, bu, artıq Ermənistanla Rusiya arasında olan məsələdir və Azərbaycana heç bir aidiyyəti yoxdur: “Ümid edək ki, Cənubi Qafqazdakı proseslərə
müdaxilələr olmayacaq,
əksinə, bu proseslərə dəstək
veriləcək ki, Azərbaycanla Ermənistan
arasında yeni səhifə açılsın.
Çünki bu, qaçılmazdır. Dünya
dəyişir, Avrasiyanın
orta xəttində, Cənubi Qafqazda sabitlik yaratmaq lazımdır. Bu sabitlik isə elə Şimali Qafqazda da, Rusiyanıın
cənub hüdudlarında
da sabitliyə təsir edəcək. Ona görə də bunu başa
düşmək lazımdır.
Bölgədə Yaxın
Şərqdən başlayaraq
Ukraynaya kimi, Mərkəzi Asiyadan başlayaraq Qafqaza kimi müharibələrin
olması qonşu ölkələrin maraqlarına
cavab verməməlidir.
Çünki bu həm də təhlükəsizliklə bağlı
risklər yaradar. Amma çox təəssüfər olsun
ki, bəzən bir sıra ölkələrdəki
müəyyən qruplar
düşünürlər ki, yenə də
müharibələr, ziddiyyətlər
və münaqişələr
yolu ilə öz maraqlarını bu və ya
digər şəkildə
həyata keçirə
bilərlər”.
Pərvanə SULTANOVA
525-ci qəzet. -
2025.- 11 sentyabr (№162).-
S.5.