"Azad və abad yurdlarımıza
böyük fərəhlə köçürük"
BÖYÜK QAYIDIŞIN SEVİNCİNİ XOCALI
RAYONUNUN BADARA, SEYİDBƏYLİ, ŞUŞAKƏND VƏ
DAŞBULAQ KƏNDLƏRİNİN SAKİNLƏRİ DƏ
YAŞADILAR
Azad olunmuş ərazilərimizdə uğurla həyata
keçirilən Böyük Qayıdış çərçivəsində
növbəti tədbir Xocalı rayonunun bir neçə kəndində
gerçəkləşib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar
sentyabrın 15-də Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli
və Şuşakənd kəndlərinin sakinləri ilə
görüşüb.
Seyidbəyli kəndində olan dövlət
başçısına kənddə görülmüş
işlər barədə məlumat verilib.
Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında
Silahlı Qüvvələrimizin həyata keçirdiyi
antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə
keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına
başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda
mövcud elektrik xətti bərpa olunub, 2 ədəd
transformator quraşdırılaraq, sayğaclaşdırma
işlərinə start verilib. Magistral qaz xətləri çəkilib,
5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin
su anbarı, subartezian quyusu bərpa edilib, içməli su
şəbəkəsi yenidən qurulub. Kənddə bayraq
meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-i
yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10
ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə
daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə
9 ailə (31 nəfər) köçüb.
İlham Əliyev həmçinin Xocalı rayonunun
Daşbulaq kəndində 13 hektar sahədə
salınmış tut bağında olub. Bildirilib ki, burada
Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib.
Tut bağında damcılı suvarma sistemi yaradılıb.
Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə
500 ton tut yarpağının istehsalı
planlaşdırılır. Proqnozlaşdırılan barama
istehsalı gələn ildən başlayaraq 5 il ərzində
60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə
damcılı suvarma sisteminin tətbiqi və təxminən
1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında
tut bağının salınması, ətrafda
kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi,
yaş barama istehsalı, həmçinin məhsulun emal
prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
Burada 25 nəfər daimi işlə təmin olunub.
Mövsümi işlərə isə 750 nəfər cəlb
ediləcək.
Qeyd edək ki, bu günlərdə Xocalının
Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən
ibarət 9 ailə köçürülüb. Seyidbəyli kəndinə
köçürülən ailələr ölkənin
müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Xocalı rayonu, Seyidbəyli kəndinin sakini Rasim
Ələkbərov bildirib ki, ötən əsrin 90-cı illərində
kənd təkcə işğala məruz
qalmamışdı, onun adı da dəyişdirilmişdi və
işğalçılar ümumilikdə tarixi izləri silməyə
çalışmışdılar: "Ermənilər təkcə
torpağımızı işğal etməmişdi. Həm də
qədim yurd yerlərimizin adını belə işğal etmişdilər.
Qarabağda, xüsusilə də Xocalıda olan yer
adlarımız erməniləşdirilmişdi. Bizim kəndin
də adını dəyişməyə cəhd eləmidilər.
Çox şükürlər olsun ki, bu gün doğma
ocağımıza, isti yuvamıza, elə yurdumuzun öz
adı altında qayıdırırq. Kəndimiz qədim
türk yurdudur. Bu gün çox sevindiricidir ki, öz yurdumuza
qayıdaraq kəndimizin adını daim
yaşadacağıq".
Xocalının Seyidbəyli kəndinin digər sakini
Soltan Əsədov belə bir həyəcanı
yaşadığına görə şükürlər
etdiyini bildirib: "Çox şükürlər olsun ki, o
köç həyəcanını məndə
yaşadım". O qeyd edib ki, müharibə bitdikdən
sonra, Qarabağa, doğma evlərə dönməyin həsrətilə
yaşayıb: "O qədər səbirsizlənirdik ki, bu
ötən 5 il ərzində 30 ildə
darıxdığımız kimi darıxdıq. Allahıma
şükürlər olsun ki, bu günü
yaşamağı bizə nəsib elədi. O qədər
sevincli bə həyəcanlıyam ki, bu hissləri sözlə
ifadə etmək mümkün deyil. Şəhidlərimizin
ruhu qarşısında baş əyir, ölkə
başçısına minnətdarlığımızı
bildiririk. Allah Azərbaycanımızı və ordumuzu
qorusun".
Xocalı rayonunun Daşbulaq kənd sakini Aydın
Əliyev bildirib ki, Xocalıya köçürülən
sakinlər bu günü onlara yaşadan şəhidlərimizin
ruhu qarşısında baş əyirlər:
"Düşünürəm ki, bizim onların ruhuna mənəvi
borcumuz çoxdur. Onlar bizim rahat və firavan
yaşamağımız üçün şəhid
olublar".
O vurğulayıb ki, bu gün azad və abad
yurdlarımıza böyük fərəh hissi ilə
köçürük: "Hər kəs bir-birinə
gözaydınlığı verir, bir-birini təbrik edir".
Xocalı rayonunun Daşbulaq kənd sakini Şəmi
Əliyevin sözlərinə görə, xalq olaraq
bugünkü sevincə layiqik. Çünki əsrlər boyu
soyqırımlara, işgəncələrə məruz
qaldıq. Amma geri çəkilmədik, əyilmədik:
"Məhz elə bunun nəticəsidir
ki, şəhidlərimizin qanı bahasına və ölkə
başçımızın apardığı məqsədyönlü
siyasət nəticəsində bu günləri
yaşayırıq. Ürəyimizdə bir nisgil var idi.
Şükürlər olsun ki, bu nisgil sona yetdi. Uzun illərdən
sonra hər kəs öz ata-baba yurdunda yaşayacaq, öz isti
ocaqlarını yandıracaqlar".
Millət vəkili Anar İsgəndərov bildirib ki,
Xocalı rayonuna köçün həyata keçirilməsi
Azərbaycan dövlətçiliyi, xalqımızın milli
iradəsi və Böyük Qayıdış strategiyası
baxımından olduqca mühüm və simvolik əhəmiyyət
daşıyır. Bu gün biz yalnız bir köç
prosesindən danışmırıq - bu, bütöv bir
xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin,
ərazi bütövlüyünün və milli ləyaqətin
bərpasıdır. Onun sözlərinə görə, Azərbaycan
Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən bərpa və yenidənqurma işləri nəticəsində
Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik
və sosial təminat baxımından ən yüksək
standartlara uyğun şəkildə yenidən qurulmuşdur.
Bugünkü reallıq onu göstərir ki, Böyük
Qayıdış sadəcə şüar deyil, sistemli və
strateji əsaslara söykənən, mərhələli şəkildə
həyata keçirilən milli proqramdır:
"Xocalının özəlliyi həm də ondadır ki,
bu rayon 1992-ci ildə insanlıq tarixinə qanlı Xocalı
faciəsi ilə yazılmışdı. Xocalı təkcə
bir coğrafi məkan deyil, həm də milli
yaddaşımızın, şəhidlərimizin xatirəsinin
yaşadığı bir rəmzdir. Bu gün isə həmin
Xocalıya həyat qayıdır. Bu, şəhidlərimizin
ruhuna ehtiram, sağ qalanlara isə haqq etdikləri qürur və
təhlükəsizlik hissinin bəxş olunmasıdır.
Xocalının kəndlərinə sakinlərin
köçürülməsi, regionda sabitliyin və sosial həyatın
yenidən qurulması baxımından strateji bir
addımdır. Bu köç təkcə keçmişə
dönüş deyil, həm də gələcəyə
doğru inamlı bir addımdır. Azərbaycanın
Qarabağ siyasəti artıq beynəlxalq miqyasda öz
legitimliyini sübut etmiş, işğal sonrası dövrdə
sülh və quruculuqla bağlı nümunəvi model təqdim
etmişdir. Bu gün bizim qarşısında
dayandığımız vəzifə sadəcə torpaqlara
fiziki qayıdış deyil, bu torpaqlarda dayanıqlı
inkişaf, vətəndaş rifahı və humanitar stabilliyin
təminidir. Dövlətimiz tərəfindən Böyük
Qayıdış proqramı çərçivəsində
həyata keçirilən layihələr - yeni məktəblərin,
tibb ocaqlarının, yolların, enerji və su təchizatının
qurulması - bütün dünyaya göstərir ki, Azərbaycan
öz vətəndaşının təhlükəsiz və
layiqli həyatını təmin etməyə qadirdir. Bu tarixi
prosesin bir hissəsi olmaq, xalqın etimadını
daşıyan millət vəkili kimi bu dönüşün
şahidi olmaq mənim üçün qürurvericidir.
Qarabağ Azərbaycandır - bu sözlər artıq təkcə
siyasi bəyanat deyil, reallığa çevrilmiş, icra
olunmuş milli hədəfdir. Xocalının dirçəlməsi,
kəndlərə həyatın qayıtması ilə
Böyük Qayıdış davam edir və bu
dönüş hər bir azərbaycanlının qəlbində
və ruhunda əbədi yaşayacaq".
Millət vəkili Vüqar Rəhimzadənin dediyinə
görə, Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
böyük qəhrəmanlıq göstərərək
Xocalı şəhidlərinin, ümumilikdə bütün
şəhidlərimizin qanını yerdə qoymadı:
"44 günlük Vətən müharibəsi və
2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli
antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti
və qəhrəmanlığı sayəsində tarixi
torpaqlarımız, o cümlədən Xocalı
işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də
Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük
uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı
soyqırımını törədənlərin ifşa
olunmasını və bununla bağlı beynəlxalq ictimaiyyətin
geniş məlumatlandırılmasını Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirir. Eyni zamanda işğaldan azad
etdikdən sonra keçmiş məcburi köçkünlərin
öz dədə-baba yurdlarına qayıdışını
təmin etmək üçün işlərə
başlanıldı. Qarabağa qayıdış
konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar
bütün dövlət qurumları müəyyən öhdəliklər
götürüb. Aidiyyəti qurumlar da bu şərəfli
missiyanı yerinə yetirmək üçün Prezidentin
birbaşa nəzarəti altında mərhələli şəkildə
bu işi təşkil etdi. Biz işğaldan azad olunmuş bir
çox ərazilərə keçmiş məcburi
köçkünlərin geri dönüşünün
şahidi olmuşuq. Bu gün də köç prosesi
uğurla davam etdirilir. Yalnız məcburi köçkünlərin
dədə-baba yurdlarına qayıdış məsələsi
öz həllini tapmır, eyni zamanda onların məşğulluq
məsələləri də gündəmdədir. Həmin vətəndaşların
icma fəaliyyətinin təşkili ilə əlaqədar da vətəndaş
cəmiyyəti, qeyri-hökumət təşkilatları,
aidiyyəti qurumlar tərəfindən layihələr həyata
keçirilir. Həmin ərazilərə adaptasiya prosesləri
mütəmadi olaraq araşdırılır. Daimi
yaşayışın təmin edilməsi və bu
insanların ərazilərə uyğunlaşması
üçün xüsusi işlər görülür.
Unutmamalıyıq ki, vaxtı ilə ərazilərindən
çıxan keçmiş məcburi köçkünlərin
əksəriyyəti gənc idilərsə, indi
yaşlanıblar. O insanların övladlarının
çoxu Qarabağ bölgəsində olmayıblar. Oraya
köçən insanların daha faydalı olmaları
üçün xüsusi layihələr keçirilir, ərazilərin
potensialına uyğun yeni ixtisaslara yiyələnilməsi məsələləri
öz həllini tapır".
Sevinc QARAYEVA
525-ci qəzet. - 2025.- 17 sentyabr (№167).- S.15.