Bir lirik fon
musiqisi kimi...
Afaq
Vasifqızının yubileyinə "ön söz"
Çox
illər əvvəl bir axşam Flarmoniyada yenə bir möhtəşəm
bayram havası vardı. Qələm adamlarına "Media
açarı" - ödüllər paylanacaqdı.
Mərkəzləşdirilmiş
soyutma sisteminin belə "sındıra" bilmədiyi iyul
bürküsünə bükülmüş xoş həyəcanlı
intizar çökmüşdü salona.
Birdən
səhnə arxasından - kulisin dərinliklərindən
tanış addım səsləri eşidildi. Asta tembrdə səslənən
lirik fon musiqisi bu addım səslərini publikaya çox zərif
bir melodik "sousda" servis elədi. Sanki bu səslər də
fon melodiyasının bir parçasıydı; sərrast, ləngərli
qadın addımlarının sehrli ritmi o notlara, o
tonallığa, yüngül keçidlərlə bir-birini əvəzləyən
o səs rənglərinə inamlı, hətta iddialı təntənə
qatırdı...
Addım
səsləri yaxınlaşdı, yaxınlaşdı və
mikrofonun qarşısında kəsildi; axşamın
aparıcısı artıq salona toplaşanları salamlayırdı.
Mən isə sanki hələ də tanış
addımların ritmini dinləyirdim. Və birdən o ritm
verbal nitqin - sözlərin, kəlmələrin avazına
"uduzub" səssizliyə çəkildi. Yüngül
dekolteli uzun ziyafət geyimindəki aparıcı hündür
dikdabanların üstündə qürurlu
dayanmışdı və açılış nitqini
yarılamışdı. Üzündəki təbəssümün
ilıq səmimiyyəti salonun divarlarından və
tavanından "boylanan" projektorların sayrışan gur
və şıltaq işıq zolaqlarının üzərində
ehmalca gəzişirdi. Əlində mətn yazılmış
kağızlar xəfif həyəcandan astaca titrəşirdi.
Ancaq o, çıxışını kağızdan oxumurdu,
sadəcə, arabir gözucu baxırdı. Hiss olunurdu ki,
danışdıqları vərəqdən deyil, ürəkdən
gəlir.
-
Zaman gələcək, biz xəbərin rəngini də
gözümüzlə görəcəyik, dadını da
damağımızda hiss edəcəyik, - dedi.
"Əhsən,
bax, bu ki bizik! Bu, bizim nəsildir. Bizim Afaqdır" deyə
beynimdən fikir keçdi. Sanki şimşək kimi
çaxıb söndü. Ancaq işığının izləri
arxa yaddaşa çöküb qaldı.
Zaman
gəldi, keçdi, getdi.
Yox,
biz xəbərin rəngini görmədik, dadını
dadmadıq. Amma... zamanla hər şeyin rəngi-çaları
da, dadı-duzu da getdi elə bil.
Jurnalistikaya
çox zaman peşə kimi baxılır. Ancaq o, bir peşə
deyil, sənətdir. Hətta sənət də deyil, taledir.
Bu taleni biz özümüz seçmişik. Ya da tale bizi
özü üçün seçib. Nə bilim! Heç bəlkə
Afaq da bu sualın cavabını bilmir. Bircə onu bilirik ki (hər
ikimiz bilirik), o zamanın jurnalistikası məişət, hətta
ticarət praqmatizminə qapılıb getmiş, gündəlik
qazanc qovğasına uduzmuş bir psevdosənət deyildi. Biz
yaşadığımızı yazırdıq,
yazdıqlarımızı yaşayırdıq.
Yaradıcılıq həm də bizim həyatımızdı.
Ona
görə "O uzaq, yaşıl ADA"
adlandırdığım essemdə belə
yazmışdım: "Medianın "qızıl
dövrü" getdi, qır-qızıl dövrü gəldi".
Amma
hər nə qədər o "qızıl dövrü"
itirmiş olsaq da, qazancımız qızıl kimi qiymətli
qələmlərdi. Yox, "Qızıl qələm"
almamış (talantının dəyər ekvivalentini öz
pulu ilə almaq istəməmiş), ancaq qələmi
qızıldan da artıq ayar qazanmış adamlar!
Afaq
Vasifqızı o qızıl adamlardandır - adını
fikir jurnalistikamızın "qızıl fondu"na
yazdırmış əvəzsiz, təkrarsız talantdır.
Onun publisistikasının fəlsəfi yükü, ruhsal
enerjisi məni həmişə heyran edib.
Afaq əfsanəvi
redaktorumuz Nəcəf Nəcəfovun dövründə
"Azadlıq" qəzetinə gələndə əvvəlcə
oxucu məktubları ilə məşğul olmuşdu. Sonra qəzetin
mədəniyyət şöbəsini yaratdı. Hətta deyərdim
ki, mədəniyyətin fərqli mətbu versiyasını
qurdu. Bu xanımın iç dünyasından özü qədər
zərif bir mədəniyyət çıxdı. Başqa
cür də ola bilməzdi; özü mədəniyyətin
içindən çıxmışdı.
Yazıçı Vasif Əfəndiyevin ailəsində
doğulub, böyümüşdü. İntonasiya
yaddaşı bəstəkar əmisi Rəşid Nəsiboğlunun
ruhundan süzülüb gəlmiş bir-birindən zərif
mahnıların lirikasına köklənmişdi. İndiyə
qədər də kökdən düşməmiş!
Dedim
axı, Afaq bizim yaradıcı ailəmizə qoşulanda, əvvəlcə
oxucu məktubları ilə məşğul olmağa
başladı. Mən də indi Afaqın oxucusu kimi ona bir məktub
yazıram.
Məktuba
keçməzdən əvvəl onu da deyim: bizim dövrdə
- ötən əsrin 90-larında jurnalistikaya gələnləri
bir-biri ilə səmimiyyət birləşdirirdi. Ona görə
arada rəsmiyyət yox idi; "sizli-bizli"
danışmırdıq, bir-birimizə "sən"
deyirdik. Kimin hansı rəsmi status
daşıyıb-daşımaması önəmli deyildi;
bütün statuslar, titullar şərti xarakter
daşıyırdı. Hamı Sözün başına
yığışmışdı. Hamını Söz, sənət,
yaradıcılıq birləşdirirdi. O zamanın qələm
simsarlığı bioloji doğmalıq qədər - qan
qohumluğu dərəcəsində idi. Hamımız
bir-birimizin oxucusu, tənqidçisi, mentoru, müəllimi, həm
də tələbəsiydik. Hər xəbər günü, hər
qəzet günü həm də bir dərs günü idi.
Ona görə də həmin dövrün Söz adamları
olaraq, bir-birimizin həyatında da, sənətində də
öz imzamız var.
Dedim
axı, bu sənət əslində taledir. Biz də Afaqla, eləcə
də, o dövrün usta qələmləri ilə tale
ortağı idik. Afaqa yazdığım oxucu məktubu da, əslində,
Afaqın timsalında 90-ların, eləcə də,
sonrakı illərin ustalarına xitabımdır.
Məşhur
filosof Artur Şopenhauerin özündən də məşhur
bir kəlamı var. O deyir ki, əslində gözəl
günlər yaşayırıq, xəbərimiz olmur. Kədər
anı gələndə xəbər tuturuq.
Biz də
o zamanın yaradıcı səmimiyyətini
yaşamışıq; gözəl günlər imiş! O qədər
xəbər bolluğunda bu xəbərdən vaxtında xəbər
tuta bilməmişik.
Ya da
əksinə, xəbər tutmuşuq. Yoxsa bu cümlələr
də yazılmazdı ki. Elə deyilmi?!
O
yaradıcı enerji dolu gözəl günləri
yaşamışıqsa, yaddaşımızda da
yaşadarıq. Təki filosofun dediyi "kədər
anı" bizdən uzaq dursun.
Beləliklə,
həmin oxucu məktubum: "Afaq, bu dünyaya xoş gəlmisən!
Gəlişin münasibətilə bu dünyanı təbrik
edirəm! Jurnalistikamızı, publisistikamızı, eləcə
də, teleməkanımızı, kinomuzu təbrik edirəm.
Bir-birindən anlamlı və baxımlı sənədli
filmlərə müəlliflik etmisən. O yazıların da,
bu filmlərin də sənin qaynar və səmimi
talantının, passionar yaradıcı profilinin sənədli
sübutudur. Sən bizim sevdiyimiz, ailəmizin də,
dostlarımızın da, qələm
yoldaşlarımızın (tale ortaqlarımızın) da,
oxucuların, dinləyicilərin, izləyicilərin də
tanıyıb sevdiyi mükəmməl bir insansan.
Payız
təbiətin poeziyasıdır. Bu poetik fəsildə
dünyaya gəlmək özü də bir ayrıcalıq, bəxtəvərlik
olsa gərək. Bu dünyanın payızına qədəm
basmaq, payızın özünə belə rəng qata bilməkdən
daha gözəl nə ola bilər?!
Qədəm
basmaq demişkən. O gün Filarmoniyada ayaq səslərin
uzun müddət yaddaşlardan silinmədi. Hətta heç
silinmədi! Arzumuz: həyatımızda, sənətimizdə
o sərrast və ləngərli ayaq səslərin həmişə
eşidilsin! Bir zərif, xəfifcə ritmik, lirik fon musiqisi
kimi.
...Cemal
Süreyya demiş: "Sonbahar sənətdir, qalanları
mövsüm". Hardan baxsan, payız təbiətin
poeziyasıdır. Qış təbiətin prozası
olduğu kimi. Əslində təkcə sonbahar deyil, hər fəsil
özlüyündə sənətdir. Ancaq payızın
"yaradıcı fantaziyası" bir başqadır,
bilirsiniz. Cemal Süreyyanın dediyi kimi, payız bir sənətdirsə,
bu sənətdən doğulanların özləri də,
görün, necə bir sənət əsəridir...
Bahəddin HƏZİ
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.8.