“İki
dost, qardaş xalqa xidmət göstərmək mənim
üçün böyük fəxrdir”
İranın Azərbaycandakı
səfiri Müctəba Dəmirçilu: “Əsas
tapşırıq mümkün dərəcədə iki
ölkənin əlaqələrinin daha da dərinləşməsinə
çalışmaqdır”
İran
İslam Respublikasının (İİR) Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba
Dəmirçilunun “525-ci qəzet”ə müsahibəsi
- Cənab
səfir, ilk növbədə sizə müsahibə
üçün vaxt ayırdığınıza görə
təşəkkür edirəm, diplomatik fəaliyyətinizdə
uğurlar arzulayıram. Bu, sizin Azərbaycanda ikinci diplomatik xidmətinizdir.
Həmin müddətdən ötən vaxt ərzində Azərbaycanda,
regionda, əlaqələrimizdə çox şey dəyişib.
İstərdim söhbətimizə bu dəyişiklik fonunda
sizin təəssüratlarınızla başlayaq...
- Təşəkkür
edirəm, söylədiyiniz kimi, mən daha əvvəl
1996-2000-ci illərdə Bakıda
çalışmışam. Amma bu o demək deyil ki, həmin
vaxtdan sonra Azərbaycanla əlaqəm olmayıb. Dəfələrlə
Bakıda və digər şəhərlərdə
olmuşam, rəsmi görüşlərdə iştirak
etmişəm. Bunlar qısa müddəti əhatə edib, rəsmi
nümayəndə heyətlərinin tərkibində
olmuşam və Azərbaycanı daha dərindən görmək
imkanım olmayıb. İki aydır ki, mən yeni missiyada səfir
kimi Bakıya qayıtmışam. Mənim üçün
çox böyük fəxrdir ki, bu şərəfli vəzifədə
iki dost, qardaş, yaxın qonşu olan xalqlarımıza xidmət
göstərim. Düzdür, bu iki ay ərzində
bütün məsələlərlə tanış ola bilməmişəm,
amma bir sıra dəyişiklikləri qeyd etmək istəyirəm.
Həm
Bakıda, həm ümumiyyətlə, Azərbaycanda çox
dəyişiklik baş verib. Paytaxt genişlənib, yeni tikililər,
avtomobillərin sayının artdığı ilk
baxışdan görünür. Eyni zamanda, quruculuq işləri
həm Bakıda, həm azad olunmuş ərazilərdə
aparılır.
Ən
böyük dəyişiklik odur ki, Azərbaycan
işğaldakı torpaqlarını azad edib, suverenliyini və
ərazi bütövlüyünü bərpa edib. Bunun təsiri
özünü əlbəttə ki, bir sıra sahələrdə
göstərir, bəzi sahələrdə isə gələcəkdə
göstərəcək. Bundan əlavə, diplomatiya ailəsi
böyüyüb. Daha əvvəl Azərbaycanda 30-35 diplomatik
korpus fəaliyyət göstərirdi, indi onların sayı
iki dəfə artıb. Yəni dəyişikliklər
çoxdur, bütün bunlar ilk baxışda nəzərə
çarpır. Buna görə istəyirəm həm Azərbaycan
xalqını, həm hökumətini təbrik edim.
- Azərbaycan-İran
münasibətlərində zaman-zaman müəyyən
çətinliklər, problemlər yaşanır. Hazırda
münasibətlərimiz nə yerdədir? Tərəflər
həmin mərhələni tam keçə biliblər?
-
İran-Azərbaycan əlaqələri xüsusi xarakterə
malikdir. Bu o deməkdir ki, bizim əlaqələrimiz
müştərək və köklü məsələlərə
əsaslanır. Mən münasibətlərimizi qənaətbəxş
hesab etmirəm, çünki gözləntilərim daha
böyükdür. Bir-birinə müxtəlif cəhətlərdən
bu dərəcədə yaxın olan iki ölkə tapa bilməzsiniz.
O qədər müştərək bağlantılar, dərin
köklərimiz var ki, buna görə də gözləntilərimiz
də çox üstündür. Amma fakt budur ki, əlaqələrimiz
istədiyimiz səviyyəyə çatmayıb. Əlaqələrimizdə
bəzi çətinliklər olub, hesab edirəm ki, hələ
də var. Həmçinin iki xalq arasında gediş-gəliş
məsələsini vurğulamaq istəyirəm.
Düzdür, indi birbaşa uçuşlar var, sayları da
artıb. Bakıdan İranla sərhədə quru yolla 3 saat,
təyyarə ilə paytaxtlar, böyük şəhərlər
- Təbriz, Məşhəd və s. arasında 1 saat yol var.
Bu onu göstərir ki, insanlar rahat gedib-gələ bilərlər.
Amma görürük ki, belə deyil, bəzi çətinliklər
var. Bu səbəbdən deyirəm ki, əlaqələrimiz qənaətbəxş
deyil. Yaxud mədəniyyət sahəsində əlaqələrimizin
səviyyəsi çox aşağıdır. Əvvəllər
qarşılıqlı olaraq müxtəlif tədbirlər, mədəniyyət
günləri, şeir gecələri, festivallar keçirirdik,
jurnalistərin qarşılıqlı səfərləri təşkil
edilirdi. Çalışmalıyıq ki, qeyd etdiyim
müştərək məsələlər əsasında əlaqələrimizi
yüksəldək. Ona görə düşünürəm
ki, mənim öhdəmdə böyük bir məsuliyyət
var və daha çox çalışmalıyam.
-
Növbəti sualım elə bununla bağlıdır. Səfir
olaraq qarşınızda hansı vəzifələr,
prioritetlər dayanır?
-
Xoşbəxtlikdən bizim ölkələrimizin prezidentləri
arasında çox səmimi və yaxın əlaqələr
mövcuddur. Bu, bizim üçün çox yaxşı
fürsət və imkandır. Əlbəttə ki, əlaqələrimizin
inkişafında bu çox mühüm rol oynayır. Dövlət
başçıları arasındakı xüsusi münasibətlər
səfirlərdə və məsul şəxslərdə əlavə
məsuliyyət yaradır. Bizim qarşımızdakı əsas
tapşırıq bütün imkanlardan istifadə edərək
mümkün dərəcədə iki ölkənin əlaqələrinin
daha da inkişafına və dərinləşməsinə
çalışmaqdır. Bu sırada müxtəlif sahələri
qeyd edə bilərik: iqtisadi, elmi, mədəni, hətta hərbi,
təhlükəsizlik sahələri. Nəqliyyat sahəsində
görəcəyimiz xeyli iş var, ticarət, mədəniyyət
sahəsində də həmçinin. Bütün bunlara biz
diqqət yetirməliyik. Çalışacam ki, bu məqsədlə
missiyam müddətində bütün imkanlardan istifadə
edim.
- Hərbi
sahəni vurğuladınız. Bu sahədə əməkdaşlığı
necə görürsünüz?
- Bu
sahədə keçmişdən əlaqələrimiz olub.
Azərbaycan müstəqillik qazananda bir sıra sahələrdə,
o cümlədən müdafiə sahəsində əməkdaşlığa
başladıq. Səbəb də bu idi ki, Azərbaycan təcavüzə
məruz qalmışdı və ölkə üçün
çox çətin dövr idi. Biz təlimlərdən
başlayaraq, hərbi-sursat daxil olmaqla əməkdaşlıq
edirdik. Hər iki tərəfin bu sahədə təcrübəsi
var və mübadilələr həyata keçirilə bilər.
Hərbi təlimlər də bunun bir nümunəsi hesab
olunur. Təlimlərin gələcəkdə də davam etməsi
planlaşdırılır. Məqsəd iki ölkənin
gücünü artırmaq, müştərək təhdidlərlə
mübarizə aparmaqdır. Bu, iki ölkə
üçün müştərək maraq hesab olunur. Həmçinin
region üçün də önəmli məsələ
hesab olunduğunu deyə bilərik.
-
İki ölkənin ticari-iqtisadi imkanları olduqca
genişdir. Sizcə, bu imkanlardan tam istifadə etmək
üçün hansı addımlar atılmalıdır?
-
Birincisi, iki ölkə arasında hökumətlərarası
bəzi müqavilələr var ki, onlar tam şəkildə
icra olunmur. Həmin sənədlərə baxmalıyıq.
Eyni zamanda, özəl sektorun roluna daha çox diqqət verməliyik.
Qarşılıqlı olaraq iki ölkədə fəaliyyət
göstərən şirkətlərin sayı o qədər
də çox deyil. Azərbaycan və İran böyük
bazarlara malikdir, həm də o imkan var ki, iki ölkə vasitəsilə
üçüncü bazarlara, ölkələrə,
regionlara çıxılsın. İkinci məsələ
özəl sektora xüsusi diqqətdir. Nəqliyyat, bank sahəsində
də əməkdaşlıq imkanları genişdir.
- Cənab
səfir, təəssüf ki, İranda Azərbaycanla
münasibətlərin yaxşı olmasını istəməyən
qüvvələr var. Biz müşavirlər, parlamentarilər
və digər səviyyələrdə verilən
açıqlamalarda bunu görürük. Maraqlıdır,
onların məqsədi nədir?
- Mən
tamamilə razıyam ki, biz eyni zamanda dostluq əlaqələrimizə
mənfi təsir göstərən qüvvələrin
qarşısını almaq üçün səy göstərməliyik.
Həmin qüvvələr həm daxildə, həm xaricdə
var. Amma biz bunu əsas götürməməliyik.
Çünki bu yaxınlarda İran İsrailin hərbi təcavüzünə
məruz qaldı. Çox ölkələr dərhal bununla
bağlı öz mövqelərini bildirdilər, bunu pislədilər.
Azərbaycan da baş verənləri tənqid etdi və biz
bunu əsas götürürük. Ən yüksək səviyyədə
bəyan edildi ki, heç bir qüvvəyə Azərbaycan ərazisindən
İrana qarşı istifadəyə imkan verilməyib, gələcəkdə
də bu imkan verilməyəcək. Bu mövqe bizim
üçün çox önəmli və dəyərlidir.
Bu mənada
verilən siz qeyd etdiyiniz açıqlamalar rəsmi mövqe
sayılmamalıdır. Hesab edirəm ki, bu cür fikirlər
nə qədər azalsa, onun mənfi təsiri də az ola bilər.
Bunu da idarə etmək lazımdır. Onu da bilirsiniz ki,
medianın özünün fikri, sözü var, həmin
fikirləri biz hökumətin rəsmi mövqeyi hesab etməməliyik
və çalışmalıyıq ki, rəsmi mövqeyi əsas
götürüb onun üzərində işlərimizi
aparaq.
-
İranın nüvə proqramını zənginləşdirməsi
nə yerdədir? 12 günlük ABŞ-İran müharibəsinin
nüvə obyektlərinə zərərləri
araşdırılırdı. Bu barədə hansı nəticələr
var və İsraillə yeni qarşıdurma riski mövcuddur?
- Mən
qarşıdurma sözü ilə razı deyiləm. Bu,
açıq şəkildə İran əleyhinə təcavüz
idi və İran da özünü müdafiə etdi. Bizim tərəfdən
bu, müdafiədir, eyni zamanda biz təcavüzə məruz
qaldıq. Bu zaman təbii ki, özümüzü müdafiə
etməliydik. Əgər müdafiə imkanı olmasaydı, təcavüz
davam edəcəkdi. Fələstində vəziyyətə
baxın, 80 ildir işğala məruz qalıb. Qarşı tərəf
hiss etsə ki, İran zəifləyib, müdafiə
gücü yoxdur, təcavüzü yenidən təkrar edəcək.
Ona görə biz hər zaman hazır vəziyyətdəyik.
Dəyən zərərə gəlincə, burda bir neçə
məsələyə diqqət çəkmək istəyirəm.
Birincisi, insan itkiləri barədə, onların içində
hərbi komandanlar da var idi. Amma onlar müharibə
meydanında, hərbi geyimdə deyildilər, öz evlərində
idilər. Beynəlxalq hüquq əsasında onlara hücum
etmək düzgün sayılmırdı. Eyni zamanda, təkcə
nüvə deyil, digər sahələrdə alimlərimiz,
aralarında qadınlar da olmaqla çox sayda həkimlərimiz
qətlə yetirildi. Deməli, zərərdən
danışanda ilk növbədə insan itkilərinə
vurğu edilməlidir. Min nəfərdən çox şəhidimiz
oldu, əksəriyyəti mülki şəxslərdir.
Mülki və hərbi bazalar hücuma məruz qaldı.
İndi bərpa işləri aparılır, amma hərbi
obyektlərlə bağlı məlumatlar
açıqlanmır.
Nüvə
məsələsinə gəlincə, biz əvvəldən
demişik ki, bu, sülhməramlı proqramdır. Bunu beynəlxalq
təşkilatlar da, MAQATE də dəfələrlə nəzarət
işləri aparıb və təsdiq ediblər. Onun sülhməramlı
olduğunu ötən hadisələr də göstərdi.
Çoxları gözləyirdi ki, nüvə obyekti təcavüzə
məruz qalanda İran bəyan edəcək ki, sülhməramlı
proqramı dəyişib başqa formaya keçir. Amma İran
göstərdi ki, yox, belə deyil. Çünki sülhməramlı
proqramdan imtina edib, başqa yol seçmək heç vaxt
İranın məqsədi olmayıb. Biz bu sahədə
öz sülhməramlı fəaliyyətimizi davam etdirəcəyik,
bu, beynəlxalq hüquq əsasında bizim haqqımız
sayılır.
-
İrana qarşı Avropanın “snapback” mexanizminin bərpası
gündəmdədir. Bərpa oldunduğu halda, bu, ölkəniz
üçün nə demək olacaq?
- Təbii
ki, biz sanksiyaları xoşlamırıq. Heç kəs deyə
bilməz ki, sanksiyaların mənfi təsiri yoxdur. Biz bunun mənfi
təsirinin qarşısını almağa
çalışırıq. Eyni zamanda, nəzərə
almalıyıq ki, illərdir İran müxtəlif sanksiyalara
məruz qalıb, baxmayaraq ki, öz öhdəliklərini
yerinə yetirib, amma qarşı tərəf bunu etməyib.
Bilirsiniz ki, ABŞ müqavilədən çıxdı,
lakin İran sülhməramlı proqramını davam etdi,
öhdəliklərini yerinə yetirdi. Avropa ölkələrinin
bu yanaşması göstərir ki, sözdə ədalətdən
və ya insan hüquqlarından danışırlar, amma əməldə
ikilistandartlardan çıxış edirlər. Məgər Fələstində
insan hüquqları pozulmur, orda il ərzində 60 mindən
artıq mülki insan öz həyatlarını itirib.
İran
illərdir ki, çoxsayda sanksiyalara məruz qalıb və
çıxış yolunu da tapa bilib. İrana gedəndə
hiss olunmur ki, sanksiyalara məruz qalmış bir ölkədir.
Yüksək səviyyəli texnologiya istifadə edilməklə
əldə olunan məhsullar ölkənin elmi cəhətdən
malik olduğu yüksək bacarığını göstərir.
Sanksiyaların çətinlikləri təbii ki, var, biz istəmirik
ki, sanksiyaların sayı və mənfi təsiri artsın. Nə
qədər imkanımız var bu təsiri azaltmağa
çalışırıq. Avropanın addımında məqsəd
budur ki, təzyiqləri artırsın. Qısa müddətə
bunun mənfi təsirləri olur, amma uzun müddət
üçün mümkün deyil. Çünki bərpa etmək
istədikləri sanksiyalar faktiki olaraq indi var, İran
sanksiyalar altında davam etməyə öyrənib.
Üç ölkənin -
Fransa, Almaniya, Britaniya,
addımını pisləyirik, düzgün
saymırıq. Amma bu o demək deyil ki, bu addım İrana təzyiqləri
artıracaq.
- Bu
gün nəqliyyat dəhlizlərinin şaxələndirilməsi,
logistik imkanların genişləndirilməsi mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan Zəngəzur dəhlizi ilə
bağlı İranın baxışını sizdən
eşitmək istəyirdim...
-
Regionda son illər bir sıra hadisələr baş verib, o
cümlədən Azərbaycan öz torpaqlarını azad
edib. Azərbaycanla Ermənistan arasında sülh sazişi
üzrə danışıqlar gedir və hətta onun çərçivəsi
razılaşdırılıb. İranda elə bir şəxs
tapa bilməzsiniz ki, regiondakı sülh və sabitlik prosesləri
ilə razılaşmasın. İkincisi, regionda nəqliyyat dəhlizlərinin
açılması və kommunikasiyaların inkişafı məsələsi
də ölkələrin və regionun iqtisadi inkişafı
üçün önəm daşıyır. Bu baxımdan
biz bunu çox müsbət qiymətləndiririk.
Kommunikasiyaların bərpası o
deməkdir ki, bütün ölkələr, o cümlədən
İran da bu imkanlardan bəhrələnəcək, öz
maraqlarını izləyəcək. Yaxşı bilirsiniz ki,
sovet dövründən bizim Naxçıvandan dəmir yolu
vasitəsilə keçmiş sovet məkanına
çıxışımız var idi, 100 min tonlarla yük
daşınırdı. Amma Qarabağ münaqişəsindən
sonra bu bağlantı kəsildi. 35 ildir belə əlaqə
yoxdur. İndi biz yeni kommunikasiyalardan danışırıq,
hansı bağlantı ilə və harda İranı Azərbaycana
birləşdirək. Bu baxımdan yanaşanda İran da
maraqlıdır ki, regionda nəqliyyat dəhlizləri
inkişaf etsin, həm region bəhrələnsin, həm də
İran. Eyni zamanda, Qarabağ müharibəsindən sonra bir məsələ
ortaya çıxdı, o da beynəlxalq sərhədlər və
üçüncü qüvvələrin regiona müdaxiləsi
ilə bağlı idi. Bu iki məsələyə İrandan
reaksiyalar oldu. Son hadisələr fonunda Azərbaycanda və Ermənistanda
rəsmi şəxslər öz mövqelərini səsləndirdilər.
Belə olan halda, bu, bizim üçün də qənaətbəxşdir
və biz rəsmi mövqeyə inanırıq. Regiondan kənar
qüvvələrin müdaxilələrinə gəlincə,
təcrübə göstərir ki, nə qədər bu
müdaxilələrin qarşısı alınsa, o qədər
yaxşı olacaq. Elə Qarabağ məsələsini
nümunə götürək, nə qədər ki, regiondankənar
qüvvələr müdaxilə edirdilər, münaqişə
öz həllini tapmırdı. İndi Azərbaycan və Ermənistan
oturub danışıb və xoşbəxtlikdən bu məsələ
öz həllini tapıb. Azərbaycanda rəsmi şəxslər
açıq şəkildə bəyan edirlər ki, regionun
taleyi regionun istəyi əsasında təyin
olunmalıdır. Bu onu göstərir ki, belə müştərək
fikir var ki, region ölkələri öz imkanlarından istifadə
edib, birgə istək əsasında məsələlərini
həll etməlidirlər. Biz sülh, kommunikasiyalar, sərhəd,
regiondan kənar qüvvələrin müdaxiləsi ilə
bağlı məsələlərə düzgün qiymət
verməliyik. Hesab edirəm ki, belə baxanda elə bir problem
yoxdur və olmayacaq.
- Son
olaraq “Araz” dəhlizi ilə bağlı işlər nə
yerdədir?
- Bu
layihə Azərbaycanın Naxçıvana birləşdiriməsi
deməkdir və keçmişdə də olub. Ötən 35
il ərzində İran ərazisindən Azərbaycan istifadə
edib. İşğal olunmuş torpaqları azad edildikdən və
bərpa işlərinə başlandıqdan sonra Azərbaycandan
yeni bir təklif irəli sürüldü ki, İran ərazisindən
keçilən məsafə qısalsın, yeni nöqtədən
Ağbənd tərəfdən Naxçıvana keçid
olsun. Onun əsasında da Araz çayı üzərində
yeni körpünün tikintisinə başlandı. Hazırda
tikinti işləri gedir, mən özüm 10 gün əvvəl
orada oldum, işlər çox yaxşı gedir, bu ilin sonuna qədər
körpünün tikintisinin başa çatacağı
gözlənilir. O, imkan yaradacaq ki, gündə 100-lərlə
yük maşını İran ərazisindən Azərbaycana
daxil olsun. Bu nöqtədən İrana girişdə bir yol
var idi, biz indi onun üzərində işləyirik ki,
keçmişdən mövcud olan bəzi çətinikləri
aradan qaldıraq. Orda bir tərəf Araz çayıdır,
bir tərəf dağdır. Dağ və çay arasında
bir yol var idi ki, bəzi yerlərdə dağa istiqamətlənirdi
və maşınların gediş-gəlişi çətin
idi. İndi orda yeni tunellər tikirik, yolu genişləndiririk.
İşlər yaxşı gedir. Bu yolun bərpasından
sonra gündə 100-lərlə yük maşını yeni
yoldan istifadə edəcəklər. Mən çox nikbinəm
ki, bu tezliklə bitəcək və bizə tranzit və nəqliyyat
sahəsində yeni imkanlar yaradacaq.
Pərvanə Sultanova
525-ci qəzet. - 2025.- 10 sentyabr (¹162).- S.6.